bazar 7 sentyabr 2025 - 16:00
İslam birliyi və həmrəyliyinin zərurətləri böyük inqilab qurucusunun baxışında

Mədəniyyət və dini məsələlər üzrə alim və ekspert, böyük inqilab qurucusunun baxışında İslam birliyi və həmrəyliyinin zərurət və əsaslarına işarə edərək, belə bir birliyin qorunub möhkəmləndirilməsini ortaq düşmənin fitnə və təxribatlarını zərərsizləşdirməyin vacib şərti kimi dəyərləndirmişlər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, müsəlmanların birliyi və həmrəyliyi İmam Xomeyninin (r) ən mühüm qayğılarından biri olmuşdur. Hətta İslam İnqilabının qələbəsindən əvvəlki dövrdə də bu məsələ onun diqqət mərkəzində idi. Lakin İslam İnqilabının bərəkəti və böyük inqilab qurucusunun tövsiyələri sayəsində bu mühüm məsələnin zəruriliyi İslam dünyası miqyasında hər kəs üçün daha aydın şəkildə üzə çıxmışdır. Həqiqətən də bu gün biz İmamların, xüsusilə də İmam Xomeyninin (r) bu mövzuda irəli sürdüyü tövsiyələrdən faydalanmağa son dərəcə ehtiyac duyuruq.

Universitet müəllimi və humanitar elmlər üzrə tədqiqatçı doktor Məhəmməd Əli Fuladi bildirib ki, “milli həmrəylik və birlik” həmçinin “İslam dünyasının birliyi ” sosial və sosioloji araşdırmalarda əsas və aparıcı anlayışlardan hesab olunur. Onun sözlərinə görə, İmam Xomeyninin (r) İslam dünyasının birliyinin həyata keçirilməsi üçün strateji planını bir siyasi nəzəriyyə çərçivəsində təqdim edərək, birliyi strateji və həlledici məsələ kimi dəyərləndirmişdir. Bu proses dörd mərhələdən ibarət olmaqla belə təsvir olunmuşdur: Birliyin gerçəkləşməsi üçün münasib şərait və zəminin yaradılması, birliyin həyata keçirilməsində siyasi və dini elitanın fəallaşması, müsəlmanların siyasi birliyi istiqamətində hərəkət üçün zəruri vasitələrin istifadəsi və nəhayət böyük İslam Dövlətinin formalaşdırılmasıdır.

🌹İmam Xomeyninin (r) bölgədəki İslami hərəkatlara təsiri olduqca dərin və əhatəli olmuşdur

O, həmçinin əlavə etmişdir ki, mərhum İmam Xomeyninin (r) İslam birliyi və həmrəyliyi məsələsinə səmimi sədaqəti, onu yalnız İslam dünyasının ən görkəmli inqilabi şəxsiyyətinə çevirməklə kifayətlənməmiş, bundan da irəli gedərək İmam Xomeyninin (r) müxtəlif İslami cərəyanlar və məzhəblər arasında da mühüm və böyük mövqe qazanmışdır. Demək olar ki, İslam dünyasındakı bir çox müqavimət hərəkatları və azadlıqsevər qruplar böyük İslam İnqilabının ideyalarından ilhamlanmış və təsirlənmişdir və bu təsir və ilhamvericilik bu gün də davam etməkdədir.

Fuladi qeyd etmişdir: Hər şeydən əvvəl bu sual ortaya çıxır ki, “İslam ümmətinin birliyində” məqsəd nədir? Cavab olaraq vurğulamaq lazımdır ki, belə bir birlik bütövlükdə İslam ümməti daxilində İslam birliyinin reallaşması deməkdir və nəticə etibarilə vahid İslam ümmətinin formalaşması müjdəsini verir. Bu mühüm məsələ Qurani-Kərimin “Möminun” surəsinin 52-ci ayəsindən çıxarılmışdır. Eyni zamanda Qurani-Kərim ayələrinin baxış bucağından İslam cəmiyyətinin ehtiyac duyduğu birlik dini və İslami xüsusiyyətlərə əsaslanır və dini məqsəd və hədəflərin reallaşdırılmasının vasitəsi kimi qəbul olunur. Məhz buna görə də Qurani-Kərim təlimlərinə əsasən, Allahın möhkəm ipinə sarılmaq cəmiyyəti məhv olmaqdan xilas edən və səadətə doğru hərəkətin başlanğıcı kimi qiymətləndirilir.

Şiə və sünni arasında olan ortaq məxrəclərə diqqətin zərurəti

O,  İmam Xomeyninin (r) İslam ümmətinin birliyi istiqamətində müsəlmanların ortaq cəhətlərinə xüsusi önəm verdiyini vurğulayaraq demişdir: Əsl həqiqət budur ki, biraz fikirləşməklə şiə və sünni arasında mövcud ortaq dəyərlərə diqqət yetirildikdə, İslam birliyinin reallaşması heç də çətin görünmür. Çünki hər halda, şiələr və əhli-sünnə arasında çoxsaylı ortaq cəhətlər mövcuddur. Onların və bizim həm Allahımız birdir həm Peyğəmbərimiz, həmçinin qibləmiz birdir, Ramazan ayında hamımız oruc tuturuq, kitabımız birdir, hər birimiz namaz qılır və zəkat veririk. Əsas etiqadi prinsiplərdə böyük fərqləri yoxdur. Bundan başqa, mədəniyyət baxımından da bütün müsəlmanlar ortaq mədəniyyətə, tarixə və sivilizasiyaya malikdirlər. Müxtəlif fərqliliklər isə yalnız bəzi fiqhi məsələlərdədir.

İmam Xomeyninin (r) İslam dünyasının probleminin həlli üçün planı

Qadınlara məxsus elmi hövzənin tədqiqatçısı Nərgiz Şəkərzadə də çıxış edərək bildirmişdir ki, bu gün İslam dünyasının ən böyük bəlası ixtilaf, parçalanma və təfriqədir. Onun sözlərinə görə, İmam Xomeyninin (r) öz tövsiyələrində vurğulayırdı ki, birlik müsəlmanların güc mənbəyidir, parçalanma isə dinin dayaqlarını zəiflədən və süstləşdirən amildir. Buna görə də o, qeyd edib: Müsəlman ölkələri arasında mövcud olan parçalanma ya İslam ölkələri rəhbərlərinin xəyanətindən, yaxud onların nadanlıq və məlumatsızlığından qaynaqlanır. İmam  Xomeyni (r) başqa bir yerdə isə belə buyurub: İslamda sünni və şiə məsələsi yoxdur. İslamda kürd və fars məsələsi yoxdur. İslamda hamımız qardaşıq... Müsəlmanların bir qismi şiədir, bir qismi sünni, bir qismi hənəfi, bir qismi hənbəli, bir qismi isə əxbaridir. Lakin hamısı İslama xidmət etmək istəyən bir cəmiyyətin üzvləridir. Belə olduğu halda bu məsələlər qabardılmamalıdır. Biz hamımız qardaşıq, bir yerdəyik və bu fərqliliklər ixtilaf üçün əsas ola bilməz. Bizim aramızda nə düşmənçilik, nə də ziddiyyət olmamalıdır.

İslam İnqilabının böyük banisi həmçinin açıq şəkildə bildirirdi: “Şiə və sünni qardaşlarımız hər cür ixtilafdan çəkinməlidirlər. Bu gün aramızdakı parçalanma yalnız o kəslərin xeyrinədir ki, nə şiə məzhəbinə inanırlar, nə hənəfi məzhəbinə, nə də digər firqələrə. Onların məqsədi budur ki, bizim aramızda ixtilaf yaratsınlar. Biz anlamalıyıq ki, hamımız müsəlmanıq, hamımız Qurana və tövhidə mənsubuq və Quran və tövhid naminə çalışmalı, xidmət göstərməliyik.

Ortaq çətinlik və imkanların dərk olunmasının zəruriliyi

Şəkərzadə çıxışının digər hissəsində mühüm bir məqama toxunaraq bildirmişdir: Hər şeydən öncə İslamın bütün məzhəbləri İslam dünyasının üzləşdiyi problemləri o cümlədən ifratçılıq, xarici təfriqəsalıcı fəaliyyətlər, yoxsulluq, elmi gerilik və s  barədə ortaq anlayışa sahib olmalıdırlar. Bununla yanaşı, mövcud imkanlar o cümlədən istedadlı və qayğıkeş gənc nəsil, zəngin təbii sərvətlər, parlaq tarix və mədəni irs və s barədə də lazımi bilik və dərkə malik olmalıdırlar.

O əlavə etmişdir: Əslində, İmam Xomeyninin (r) və Ayətullah Xameneinin tövsiyələrinə əsasən, xırda ixtilaflara deyil, dinin ortaq və fundamental prinsiplərinə diqqət yetirmək vacibdir. Biz həmçinin hesab edirik ki, bir-birinin inanclarına hörmətlə yanaşmaq və bu müxtəlifliyi mədəni zənginlik kimi qəbul etmək son dərəcə vacib və lazımlı məsələdir. Onun əhəmiyyəti və zəruriliyi əsla unudulmamalıdır.

Qadınlara məxsus elmi hövzənin tədqiqatçısı əlavə etmişdir ki, digər tərəfdən, İslam dünyasında alimlər və dini mütəfəkkirlər rasional və məntiqi diskursu yaymalı, emosiyalar və təəssübkeşliyin müzakirə və dialoq mühitini zəhərləməsinə imkan verməməlidirlər. Bu məsələnin İmam Xomeyninin (r) kəlam və həyat tərzində aydın şəkildə görünməsi də diqqətəlayiqdir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha