cümə 19 sentyabr 2025 - 18:40
İmamın xüsusiyyətləri: İsmət (xətası olmayan)

Əgər imam xətadan qorunmamış olsa, o zaman insanlara həqiqi yol göstərmək üçün başqa bir imama müraciət etmək zərurəti ortaya çıxacaq. Lakin əgər həmin imam da xəta və yanlışlıqlardan məsum olmazsa, yenə başqa bir imama ehtiyac yaranar. Bu proses beləliklə sonsuzluğa qədər davam edəcək. Bu da ağıl baxımından batil və əsassızdır.

Hövzə Xəbər Agentliyi | İmamın əsas sifətlərindən biri də ismətdir

İmamın ən mühüm xüsusiyyətlərindən və əsas şərtlərindən biri “ismət”  yəni günah və xətadan qorumaqdır.

İsmət elə bir mənəvi məqamdır ki, həqiqətləri dərk edən elm və güclü iradə nəticəsində yaranır. İmam bu iki lütfün sahibi olduğu üçün hər cür günah və xətadan çəkinir.

O, dini maarifin tanınması və açıqlanmasında, onların əməl müstəvisinə keçirilməsində, həmçinin İslam cəmiyyətinin məsləhət və fəsadların düzgün müəyyənləşdirilməsində heç bir xəta və büdrəmədən uzaqdır.

İmamın ismətinə dair həm əqli, həm də nəqli (Quran və rəvayətlərdən gələn) dəlillər mövcuddur. Ən mühüm əqli dəlillər bunlardır:

a) Din və dini həyat tərzinin qorunması İmamın ismətindən asılıdır. Çünki dinin təhrifdən qorunması və insanların dini yöndə hidayəti məhz imama həvalə edilmişdir. Onun təkcə sözləri deyil, həm də əməlləri, təsdiq və ya inkarları cəmiyyətin davranışlarına təsir göstərir. Buna görə də imam dinin dərkində və ona əməl etməkdə hər cür xəta və büdrəmədən qorunmuş olmalıdır ki, ardıcıllarını düzgün şəkildə hidayət edə bilsin.

b) Cəmiyyətin imama ehtiyacının əsas səbəblərindən biri odur ki, insanlar dinin dərkində və tətbiqində xətadan uzaq deyillər. Əgər cəmiyyətin rəhbəri də belə olarsa, necə tam etimad obyekti ola bilər?! Başqa sözlə desək,  imam əgər məsum olmasa, insanlar onun göstərişlərinə tam itaətdə tərəddüd edərlər.

Üstəlik, əgər imam xətadan qorunmamış olsa, o zaman insanların problemlərinin həll olunması üçün başqa bir imama ehtiyac olacaq. Əgər o da məsum olmasa, yenidən başqa bir imama ehtiyac doğar və bu proses sonsuzadək davam edər. Halbuki bu ağıl baxımından əsassız və batildir.

Qurani-Kərimdə imamın ismətini isbat edən ayələr

İmamın ismətini zəruri edən ayələrdən biri Bəqərə surəsinin 124-cü ayəsidir. Bu mübarək ayədə belə buyurulur ki, uca Allah peyğəmbərlik məqamından sonra həzrət İbrahima (ə) yüksək bir məqam olan imaməti də bəxş etmişdir. Həzrət İbrahim (ə) isə Allahdan bu məqamı öz nəslində də qərar verməsini istəmişdir.

Allah-Təala cavabında buyurmuşdur:  لَا یَنَالُ عَهْدِی الظَّالِمِینَ – Mənim əhdim (imamət) zalımlara yetişməz.

Yəni, imamət məqamı yalnız o nəslin nümayəndələrinə məxsusdur ki, zalım olmasınlar.

Qurani-Kərim isə açıq şəkildə bildirir ki, Allaha şərik qoşmaq ən böyük günahdır. Eyni zamanda, hər bir günah və ilahi əmrə itaətsizlik də insanın öz nəfsinə etdiyi zülm sayılır. Deməli, ömrünün hər hansı bir dövründə günaha mürtəkib olan kəs “zalım” adlanır və imamət məqamına layiq ola bilməz.

Başqa sözlə, şübhəsiz ki, həzrət İbrahim (ə) “imaməti” nə bütün ömrünü günah içində keçirənlər, nə də əvvəlcə saleh olub, sonradan günaha batan övladları üçün istəmişdir. Beləliklə, iki dəstə qalır:

1. Əvvəl günah etmiş, lakin sonra tövbə edərək saleh olanlar.


2. Ömürlərinin heç bir dövründə günaha mürtəkib olmayanlar.

Allah-Təalanın kəlamından aydın olur ki, birinci dəstə istisna edilmişdir. Nəticə etibarilə imamət məqamı yalnız ikinci dəstəyə yəni ömrü boyu heç bir günah etməyənlərə məxsusdur.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha