bazar 28 sentyabr 2025 - 18:26
İmam Mehdinin (ə) qeybətinin fəlsəfəsi

Bəs, nə üçün İmam və Allahın Höccəti qeyb pərdəsi arxasında gizlənmişdir və hansı səbəb insanların Onun zühurunun bərəkətlərindən məhrum qalmasına səbəb olmuşdur?

Hövzə Xəbər Agentliyi | Biz inanırıq ki, Uca Allah nə kiçik, nə də böyük bir işi hikmət və məsləhət əsasında olmadan həyata keçirməz; istər bu məsləhətləri dərk edək, istərsə də etməyək.

Eyni zamanda, aləmdə baş verən bütün böyük və kiçik hadisələr Rəbbin tədbiri və iradəsi ilə gerçəkləşir. Bu hadisələrin ən mühümlərindən biri də İmam Mehdinin (əleyhis-salam) qeybə çəkilməsidir. Deməli, həmin qeyb də hikmət və məsləhət üzərində qurulmuşdur  baxmayaraq ki, biz onun fəlsəfəsini tam anlamaya bilərik.

Bununla belə, hər bir işində Allahın hikmətini görən və Onun iradəsinə təslim olan insan, bəzən bəzi hadisələrin sirrini öyrənmək istəyir ki, həmin bilik sayəsində ruhuna aramlıq və qəlbinə daha çox əminlik qazandırsın. Buna görə də biz İmam Mehdinin (ə) qeybətinin hikmətləri və təsirləri üzərində dayanır, bu barədə nəql olunan rəvayətlərə diqqət yetiririk.

İnsanların ədəbləndirilməsi

 Bir ümmət öz dövrünün peyğəmbərinə və imamına lazımı dəyəri vermədikdə, öz vəzifələrini yerinə yetirmədikdə, hətta onların göstərişlərinə qarşı çıxdıqda, Allah-Təalanın həmin ümmətdən rəhbərini uzaqlaşdırması ədalətlidir. Beləcə, camaat ayılıb özünə gələr, qeyb dövründə Onun varlığının dəyərini və bərəkətini dərk edər. Bu mənada, İmamın qeybəti ümmətin xeyrinədir  hərçənd onlar bunu bilməsinlər və dərk etməsinlər.

İmam Baqir (ə) buyurmuşdur:

«إِنَّ اَللَّهَ إِذَا کَرِهَ لَنَا جِوَارَ قَوْمٍ نَزَعَنَا مِنْ بَیْنِ أَظْهُرِهِمْ.» (علل الشرایع، ج ۱، ص ۲۴۴)

«Allah bir qövmün bizlə birgə olmasını xoşlamadıqda, bizi onların arasından uzaqlaşdırar.»
(İlləlüş-Şərayi, cild 1, səh. 244)

Müstəqillik və başqalarının hökmü altında olmamaq

İslahat və inqilab yaratmaq istəyənlər, hərəkatlarının başlanğıcında zərurətdən bəzi müxalif qüvvələrlə əhd-peyman bağlayırlar ki, məqsədlərinə doğru irəliləyə bilsinlər. Lakin İmam Mehdi (ə)  böyük islahatçıdır ki, bəşəriyyəti ədalət əsasında bir dünya hökumətinə doğru aparacağı inqilabda heç bir zalım qüvvə ilə güzəştə və ya sazişə getməyəcəkdir. Çünki çoxsaylı rəvayətlərə əsasən, O, bütün zalımlarla açıq və qətiyyətli mübarizəyə vəzifələndirilmişdir. Elə bu səbəbdən də inqilab üçün zəruri şərait formalaşana qədər qeybə çəkilmişdir ki, Allahın düşmənləri ilə hər hansı bir əhd-peyman bağlamağa məcbur qalmasın.

İmam Rza (əleyhis-salam) qeybətin səbəbini belə açıqlamışdır:
«لِئَلاَّ یَکُونَ لِأَحَدٍ فِی عُنُقِهِ بَیْعَةٌ إِذَا قَامَ بِالسَّیْفِ.» (کمال الدین، ج ۲، ص ۴۸۰)

«Belə ki, O, qılıncla qiyama qalxdığı zaman, heç kimin boynunda Ona qarşı beyəti olmasın.»
(Kəmalud-din, c. 2, s. 480)


İnsanların imtahanı

İnsanların imtahan edilməsi Allahın dəyişməz sünnətlərindəndir. Uca Allah bəndələrini müxtəlif vasitələrlə sınayır ki, haqq yolunda nə dərəcədə möhkəm olduqları bəlli olsun. Əlbəttə, bu imtahanların nəticəsi Allah üçün əvvəldən məlumdur. Lakin imtahan məqamında bəndələrin həqiqi mahiyyəti üzə çıxır, onlar öz daxili həqiqətlərini dərk edir və şəxsiyyətcə yetkinləşirlər.

İmam Kazim (əleyhis-salam) buyurmuşdur:
«إِذَا فُقِدَ اَلْخَامِسُ مِنْ وُلْدِ اَلسَّابِعِ فَاللَّهَ اَللَّهَ فِی أَدْیَانِکُمْ لاَ یُزِیلُکُمْ عَنْهَا أَحَدٌ یَا بُنَیَّ إِنَّهُ لاَ بُدَّ لِصَاحِبِ هَذَا اَلْأَمْرِ مِنْ غَیْبَةٍ حَتَّی یَرْجِعَ عَنْ هَذَا اَلْأَمْرِ مَنْ کَانَ یَقُولُ بِهِ إِنَّمَا هِیَ مِحْنَةٌ مِنَ اَللَّهِ عَزَّ وَ جَلَّ اِمْتَحَنَ بِهَا خَلْقَهُ.» (کافی، ج ۱، ص ۳۳۶)

«Yeddincinin övladından beşinci qeybə çəkildiyi zaman, Allahdan, Allahdan qorxun, dininizə sahib çıxın! Heç kəs sizi ondan uzaqlaşdırmasın! Ey oğlum, şübhəsiz, bu işin sahibi qeybə çəkiləcəkdir. Elə ki, qeyb baş verər, hətta əvvəllər Onun imamətinə inanmış olanlardan bir qismi də geri dönəcək. Həqiqətən, qeyb Allah-Təalanın bir imtahanıdır ki, onunla öz bəndələrini sınayır.»
(Kafi, c. 1, s. 336)

İmamın həyatının qorunması

Peyğəmbərlərin öz qövmlərindən bir müddət uzaqlaşmasına səbəb olan amillərdən biri də həyatlarını qorumaq olmuşdur. Onlar, risalət vəzifələrini başqa bir zamanda davam etdirə bilmək üçün təhlükə qarşısında gizlənmişlər. Necə ki, İslam Peyğəmbəri (s) Məkkədən çıxaraq mağarada gizləndi. Şübhəsiz ki, bütün bunlar Allahın əmri və iradəsi ilə baş vermişdir.

İmam Mehdinin (ə) qeybəti və onun səbəbləri barədə də çoxsaylı rəvayətlərdə bu mövzuya işarə olunmuşdur.

İmam Sadiq (əleyhis-salam) buyurmuşdur:
«إِنَّ لِلْقَائِمِ غَیْبَةً قَبْلَ ظُهُورِهِ قُلْتُ [وَ] لِمَ قَالَ یَخَافُ اَلْقَتْلَ.» (الغیبة - شیخ طوسی، ج ۱، ص ۳۳۲)

«Qaim, zühur etməzdən öncə bir müddət qeybə çəkiləcəkdir.» Soruşdum: «Niyə?» Buyurdu: «Çünki qətlə yetirilməsindən qorxur.»
(əl-Ğeybə, Şeyx Tusi, c. 1, s. 332)

Hərçənd şəhadət, Allah yolunun yolçuları üçün ən böyük arzu və ülviyyət hesab olunur, lakin məqbul şəhadət yalnız ilahi vəzifənin icrası meydanında və İslam cəmiyyətinin mənafeyinə uyğun olduqda dəyərli sayılır. Əgər bir şəxsin öldürülməsi, hədəflərin puç olması və ilahi məqsədlərin məhv edilməsi ilə nəticələnirsə, o zaman qətlə yetirilməkdən çəkinmək məntiqli və qəbul olunandır.

On ikinci İmamın, (ə) Allahın sonuncu ilahi ehtiyatının həyatına qəsd edilməsi, bütün peyğəmbərlərin və övliyaların arzularının məhv olması, ümidlərin sarsılması və Uca Allahın vəd etdiyi ədalət hökumətinin reallaşmaması demək olardı.

Qeyd etmək lazımdır ki, rəvayətlərdə İmam Mehdinin (ə) qeybətinin səbəbləri barədə başqa mətləblərə də toxunulmuşdur. Lakin yersiz təfsilata varmamaq üçün onların üzərində dayanılmadı. Əsas məsələ budur ki, qeybət ilahi sirlərdən biridir və onun əsas səbəbi yalnız zühurdan sonra aşkar olacaqdır. Burada sadalanan amillər isə qeybətə təsir göstərən bəzi vasitəçi səbəblərdir.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha