Hövzə Xəbər Agentliyi | Əvvəlki mövzularda (öncəki bölmələrdə) qeyd olunduğu kimi, İmam Mehdinin (ə.f) qeybəti zəruri və qaçılmaz bir məsələ idi. Lakin imamlarımızın bütün fəaliyyət və addımları insanların iman və etiqad əsaslarını möhkəmləndirməyə yönəlmiş olduğundan, sonuncu İlahi Höccətin qeybətə çəkilməsi İslam dininə ciddi və bərpaolunmaz zərər vura bilərdi. Buna görə də qeybət dövrü planlı və dəqiq şəkildə başlanmış və davam etdirilmişdir.
İmamın (ə) dünyaya gəlməsindən illər öncə onun qeybəti və bu qeybətin zəruriliyi barədə sözlər dolaşır, məsum İmamların (ə) və səhabələrinin söhbətlərində müzakirə olunurdu. Eləcə də İmam Hadinin (əleyhis-salam) və İmam Həsən Əskərinin (əleyhis-salam) şiələrlə ünsiyyət tərzi yeni bir forma və daha məhdud çərçivədə həyata keçirilirdi. Bu prosesdə Əhli-beyt (ə) davamçılarının ardıcıl şəkildə öyrəndikləri o oldu ki, bir çox dini və dünyəvi məsələlər üçün mütləq şəkildə imamın hüzuruna getmələri zəruri deyildir. Onlar imamlar tərəfindən etibarlı vəkil və nümayəndə kimi təqdim edilmiş şəxslərə müraciət etməklə də öz dini vəzifələrini yerinə yetirə bilirdilər.
İmam Həsən Əskərinin (əleyhis-salam) şəhadəti və Həzrət Höccət ibn Həsənin (əleyhis-salam) qeybət dövrünün başlanması ilə də imamla ümmətin əlaqəsi tamamilə kəsilmədi. İnsanlar xüsusi naiblər vasitəsilə öz mövla və rəhbərləri ilə rabitədə idilər. Məhz bu dövrdə şiələr dini alimlərlə daha geniş ünsiyyət və əlaqəyə alışdılar və anladılar ki, İmam qeybətdə olsa belə, dini vəzifələri tanımaq və onları icra etmək üçün yol bağlı deyil. Elə bu münasib zəmin üzərində Həzrət Bəqiyyətullahın (əleyhis-salam) uzunmüddətli qeybəti (Qeybəti Kubra) baş verdi və imamla şiələr arasında əvvəllər mövcud olmuş birbaşa rabitə tamamilə kəsildi.
Qısa müddətli qeybət (Qeybəti suğra)
İmam Həsən Əskərinin (əleyhis-salam) 260-cı hicri-qəməri ilində şəhadətindən sonra On ikinci İmamın (əleyhis-salam) imaməti başladı. Həmin vaxtdan etibarən Onun qısa müddətli qeybəti (Qeybəti suğra) adlanan dövr başlandı və 329-cu hicri-qəməri ilinə qədər təxminən 70 il davam etdi.
Bu dövrün əsas xüsusiyyəti ondan ibarət idi ki, insanlar xüsusi naiblər vasitəsilə İmam Mehdi (ə.f) ilə rabitədə idilər. Onların vasitəsilə imamın məktubları və göstərişləri insanlara çatır, suallarına cavab verilirdi. Bəzən də şiələr xüsusi naiblərin vasitəsilə İmamın hüzuruna qovuşmaq şərəfinə nail olurdular.
İmam Mehdinin (ə.f) xüsusi naibləri o cümlədən hamısı şiə alimlərindən, böyüklərindən və imamın seçdiyi şəxslərdən ibarət olan dörd şəxs olmuşdur. Onlar zaman sırasına görə belədir:
1. Osman ibn Səid Əmri — Qeybətin başlanğıcında İmamın naibliyini öhdəsinə götürdü. O, eyni zamanda İmam Hadi (ə) və İmam Əskərinin (ə) vəkili olmuşdur. 267-ci hicri-qəməri ilində vəfat etmişdir.
2. Məhəmməd ibn Osman Əmri — birinci naibin oğlu olub, atasının vəfatından sonra naiblik məqamına çatmış, 305-ci hicri-qəməri ilində dünyasını dəyişmişdir.
3. Hüseyn ibn Ruh Nobəxti — 21 il naiblik etmiş, 326-cı hicri-qəməri ilində vəfat etmişdir.
4. Əli ibn Məhəmməd Səmuri — 329-cu hicri-qəməri ilində vəfat etmiş və bununla da kiçik qeybət sona çatmışdır.
Xüsusi naiblərin hamısı İmam Əskəri (əleyhis-salam) və İmam Mehdi (ə.f) tərəfindən seçilmiş və xalqa təqdim olunmuşdular. Kiçik qeybət boyunca hər bir naib öz ölümündən öncə imam tərəfindən təyin edilmiş növbəti naibi camaata tanıdırdı.
Dörd naiblə əlaqələr və bəzi şiələrin kiçik qeybət dövründə imamlarının hüzuruna çatmaları, on ikinci imamın mövludunu və Allah-Taalanın sonuncu höccətinin varlığını isbat etməkdə mühüm rol oynamışdır. Bu hadisə məhz elə bir zamanda baş verdi ki, düşmənlər İmam Həsən Əskərinin (əleyhis-salam) övladının doğulması barəsində şiələr arasında şübhə və tərəddüd yaratmağa çalışırdılar. Bundan əlavə, bu dövr böyük qeybətin başlanması üçün münasib zəmin hazırlamışdı.
Uzun müddətli qeybət (Qeybəti kubra)
Dördüncü naibin ömrünün son günlərində İmam Mehdidən (ə.f) ona ünvanlanmış məktubda belə buyurulmuşdur:
«بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ یَا عَلِیَّ بْنَ مُحَمَّدٍ السَّمُرِیَّ أَعْظَمَ اللَّهُ أَجْرَ إِخْوَانِکَ فِیکَ فَإِنَّکَ مَیِّتٌ مَا بَیْنَکَ وَ بَیْنَ سِتَّةِ أَیَّامٍ فَاجْمَعْ أَمْرَکَ وَ لَا تُوصِ إِلَی أَحَدٍ فَیَقُومَ مَقَامَکَ بَعْدَ وَفَاتِکَ فَقَدْ وَقَعَتِ الْغَیْبَةُ التَّامَّةُ فَلَا ظُهُورَ إِلَّا بَعْدَ إِذْنِ اللَّهِ تَعَالَی ذِکْرُهُ وَ ذَلِکَ بَعْدَ طُولِ الْأَمَدِ وَ قَسْوَةِ الْقُلُوبِ وَ امْتِلَاءِ الْأَرْضِ جَوْراً... .» (الغیبه، شیخ طوسی، ج ۱، ص ۳۹۵)
Bağışlayan və mehriban Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri! Allah, sənin vəfatın müsibətində sənin din qardaşlarına böyük mükafat əta etsin. Bil ki, altı gün içində bu dünyadan köçəcəksən. İşlərini qaydaya sal və özündən sonra kimsəyə vəsiyyət etmə ki, sənin yerinə keçsin. Çünki artıq tam və uzunmüddətli qeybət başlamışdır. Bundan sonra Mənim zühurum yalnız uca Allahın izni ilə olacaqdır. Bu isə uzun bir müddətdən sonra, qəlblərin sərtləşdiyi, yer üzünün zülm və haqsızlıqla dolduğu bir vaxtda gerçəkləşəcəkdir...
(Əl-Ğeybə, Şeyx Tusi, c. 1, s. 395)
Beləliklə, on ikinci İmamın (əleyhis-salam) sonuncu xüsusi naibi Əli ibn Məhəmməd Səmurinin hicri-qəməri 329-cu ildə vəfatı ilə uzunmüddətli qeybət yəni Qeybəti Kubra başlamış oldu. Bu dövr isə hələ də davam etməkdədir və Allah-Taalanın izni ilə bir gün qeybət pərdəsi aradan qalxacaq, aləm parlaq vilayət günəşinin birbaşa nurundan bəhrələnəcəkdir inşallah.
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz