Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, İsrailin Qəzzadakı törətdiyi soyqırım və bu vəhşi rejimin misilsiz cinayətləri, azadfikirli, humanist və insan ləyaqətini müdafiə edən insanların bütün dünyada ayağa qalxmasına səbəb olub. Bu etirazların ən aydın təzahürlərindən biri, son zamanlarda İspaniya və İtaliyada keçirilən etiraz yürüşləridir.
Kütləvi informasiya vasitələri də bu cinayətlərə qarşı qəzəb içində olan insanların səslərini, etirazlarını geniş şəkildə işıqlandırmaqla məsələyə dəstək göstəriblər. ABŞ-da Fələstin tərəfdarlarının fəaliyyəti, ağır təzyiqlərə, həbslərə və hətta həbs cəzalarına baxmayaraq, azalmayıb. Əksinə günbəgün bu etiraz hərəkatına qoşulanların sayı artmaqdadır.
Soyqırımın ilk aylarında dünyanın müxtəlif ölkələrində minlərlə yəhudi də bu yürüşlərdə iştirak edib, törədilən qətlləri və cinayətləri sionist rejimin əməli kimi qiymətləndiriblər. Onlar yəhudilik dinini bu rejimdən ayıraraq, bu vəhşilikləri kəskin şəkildə pislədiklərini bəyan ediblər.
2024-cü ilin yazında Kolumbiya Universitetinin həyətində İsrailə etiraz edən və insan haqlarını müdafiə edən tələbələr bir çadır şəhərciyi, etiraz düşərgəsi quraraq, onu fəaliyyət mərkəzinə çevirdilər. Bu təşəbbüs digər universitetlərdən olan tələbələrin də həmrəyliyi ilə qarşılandı. Təəssüf ki, Tramp administrasiyası bu fəaliyyəti “antisemitizm” kimi təqdim edərək, tələbələrə qarşı ciddi repressiya tədbirləri həyata keçirdi.
Birləşmiş Krallıqda isə metropoliten polisi bu günədək 1900-dən çox şəxsi Fələstin xalqının hüquqlarını müdafiə etmək və İsrailin cinayətlərinə etiraz məqsədilə keçirilən yürüşlərdə iştirak etdiklərinə görə saxlayıb.
Bənzər, hətta daha ağır vəziyyətlər digər ölkələrdə də yaşanıb. Almaniya, İtaliya, İspaniya, Norveç, İsveç və bir sıra Afrika ölkələrində də Fələstin tərəfdarları bu etiraz aksiyalarında fəal iştirak edərək, ədalət və insanlıq naminə səsini ucaldıblar.
Mənbə: Britaniyanın “The Guardian” qəzeti
Rəyiniz