Sari şəhərindəki Əz-Zəhra (s.ə) adına ixtisaslaşmış Elmi Hövzənin dini mütəxəssisi Qəzalə Qolşahi Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, dini tərbiyənin əsası sevgi və örnək göstərməkdir. O qeyd edib ki, uşağın qəlbi iman toxumunu qəbul etmək üçün təmiz və hazır bir zəminə malikdir və bu toxum, xüsusilə həyatın ilk illərində, valideynlərin səmimi məhəbbəti və gözəl rəftarları ilə suvarılır. Uşaq danışıqdan çox, valideynlərin davranış və əxlaqından örnək götürür. Valideynlərin dini hökmlərə və əxlaqına əməli şəkildə bağlılığı onun üçün ən təsirli dini dərsdir.
O əlavə edib: Tərbiyə mərhələli şəkildə və uşağın yaşı ilə zəkasına uyğun aparılmalıdır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurub: “Övladınızla birinci yeddi ildə rəhbər, ikinci yeddi ildə vəzir, üçüncü yeddi ildə isə dost olun.”
Sari şəhərində Əz-Zəhra (s.ə) adına ixtisaslaşmış Elmi Hövzənin dini mütəxəssisi belə qeyd edib:
Birinci mərhələdə (7 yaşına qədər) uşağa təhlükəsiz və məhəbbət dolu bir mühit yaradılmalıdır.
İkinci mərhələdə (7-dən 14 yaşa qədər) – bu, “itaət” və təlim dövrüdür – dini hökmlər və biliklər tədricən, xoş sözlə öyrədilməli və onların yerinə yetirilməsinə təkid edilməlidir.
Üçüncü mərhələdə (14 yaşdan sonra) isə gənc ağıl və düşüncə baxımından yetkinləşdiyi üçün onunla dost kimi davranmaq, əsas inanclarını məntiqli dəlillərlə və söhbətlə möhkəmləndirmək lazımdır.
Qolşahi vurğulayıb ki, maraq və şövq yaratmaq, dini dəyərlərin qəbulunun açarıdır. Tövsiyə olunur ki, dini anlayışlar uşaqlara peyğəmbərlərin (s) və imamların (ə) həyatından hekayələr danışmaq, oyunlar, şeirlər və dini mərasimlərdə iştirak kimi cəlbedici üsullarla öyrədilsin. Həmçinin məcburiyyət, zorakılıq və həddindən artıq sərtlikdən ciddi şəkildə çəkinmək lazımdır, çünki bu hallar uşaqlarda dindən nifrət və uzaqlaşma hissi yaradır. Uca Allah Qurani-Kərimdə buyurur:
“لَا إِكْرَاهَ فِي الدِّينِ”
“Dində məcburiyyət yoxdur.”
O, vurğulayıb ki, dua və Allahla mənəvi əlaqə tərbiyənin əsas dayağıdır. Valideynlər hər mərhələdə dua və Əhli-beytə (ə) təvəssül vasitəsilə Allahdan özləri və övladlarının müvəffəqiyyəti və hidayətini istəməlidirlər. Çünki həqiqi hidayət yalnız Allahın mübarək zatından gəlir və bizə düşən yalnız vəzifəmizi yerinə yetirmək və səy göstərməkdir.
Xəbərin sonu 313/48
Rəyiniz