Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Qum şəhərindəki Xatəmül-Ənbiya (s) ilahiyyat mədrəsəsində məsul şəxslər, müəllimlər və tələbələrlə görüşdə bu mərkəzin elmi, tərbiyəvi və mədəni səylərini yüksək qiymətləndirərək, hövzənin geniş perspektivə malik olması, sivilizasiyaya yönəlmiş yanaşma, geniş elmi, əsl mənəviyyat və cihad ruhu ilə zənginləşdirilmiş olmasının zəruriliyini vurğuladı.
Elmi Hövzələrin rektoru hövzəyə yalnız məktəblərin idarə olunması, səviyyələrin tənzimlənməsi və ya inzibati sistem çərçivəsində baxılması ilə bağlı bəzi məhdudlaşdırıcı yanaşmalar barədə narahatlıqlara toxunaraq bildirdi: Bəzən belə bir düşüncə formalaşır ki, hövzə yalnız idarəçilik və inzibati çərçivədə nəzərə alınmalıdır. Lakin bunlar lazım və dəyərlidir və eyni zamanda hövzə bundan qat-qat irəlidədir. Məqsədlərin yüksəkliyi, ideyaların böyüklüyü və müasir dövrün tələbləri o qədər genişdir ki, hər hansı bir addım bu uca zirvələrin yanında az görünür.
O, əlavə etdi: Gələcəyin hövzəsi üçün şərt budur ki, gənc tələbələr ilkin səviyyələrdə belə bu yüksək perspektivləri və geniş baxışları dəyərləndirməyi öyrənsinlər. Əlbəttə, bu yüksək baxışlar elmi inkişaf, praktiki bacarıq, hikmət və Allah yolunda cihad ruhu ilə müşayiət olunmalıdır ki, öz real nəticəsini göstərsin.

Ayətullah Ərafi, Xatəmül-Ənbiya (s) ilahiyyat mədrəsəsinin müəllimlərini, tələbələrini və əməkdaşlarını yüksək qiymətləndirərək, müəllimlərin həyat yoldaşları və ailələrinin də rolunu xüsusi vurğuladı və onların hövzənin elmi və tərbiyə uğurlarındakı payını çox önəmli hesab etdi.
O, “Səbrin rəngi” adlı kitabın, şəhid Ayətullah seyid Məhəmməd Baqir Sədrin həyat yoldaşı ilə aparılmış bir neçə müsahibəni əhatə etdiyini qeyd edərək iclasda iştirak edən qadınlar üçün bu kitabın hazırlanmasını təklif etdi. Kitabın oxunmasının şəhid Sədrin şəxsi xüsusiyyətlərini ailə baxımından tanımaq üçün əhəmiyyətini vurğuladı.
Ölkə üzrə Elmi Hövzələrin rektoru şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədrin elmi, əxlaqi və inqilabi şəxsiyyətinə toxunaraq bildirdi: Şəhid Sədr 47-48 yaşlarında şəhid oldu. Lakin bu gün onun adı Qum, Nəcəf, Məşhəd və digər elmi mərkəzlərdəki bir çox dərslərdə əks olunur. O, yüksək ictihad sahibiydi. Bu yalnız keçmişin ənənəvi ictihadı deyil, müasir fıqh və üsul anlayışlarının mürəkkəb məfhumlarına uyğun bir ictihaddır. Onun haqqında yazılan yazılarda bildirilir ki, o, təxminən 15 yaşında mütləq ictihada çatmış və 30 yaşından qabaq da fəlsəfi və iqtisadi möhtəşəm əsərləri ilə İslam dünyasını silkələmişdir.
O əlavə etdi: Şəhid Sədrin fəlsəfə, iqtisadiyyat və məntiq sahəsindəki əsərləri materializm, liberalizm və sosializm məktəblərinə qarşı böyük bir dalğa yaratdı və Nəcəfdəki hövzədən öncə, universitetləri və dünyadakı elmi mərkəzləri, həmçinin Qum hövzəsini təsir altına aldı. Bu əsərlər hətta onun evlənməsindən əvvəl yazılmış və nəşr olunmuşdur. Onun elmi təvazökarlığı o qədər böyük idi ki, əsərlərini çap edərkən adının göstərilməməsini istəmiş, adı kitabda göründükdə isə işində qeyri-ilahi bir motivin ola biləcəyindən qorxuya düşərək göz yaşı tökmüşdür.
Ayətullah Ərafi şəhid Sədrin xüsusi istedadını və elmi zəhmətini qeyd edərək dedi: İstedad heç vaxt zəhmət və çalışmanın yerini tutmur. Şəhid Sədr elmi zəka ilə mücahidliyi birləşdirən bariz nümunə idi. Onun elmi fəaliyyəti, saatlarla davamlı yazı ilə məşğul olması göstərir ki, elmi böyük uğurlar yalnız gecə-gündüz çalışmaqla əldə edilir.
O, şəhid Sədrin “Hələqat” kitabına toxunaraq bunu hövzənin fundamental mətnlərində transformasiya istiqamətində əhəmiyyətli bir addım hesab edərək əlavə etdi: Biz hövzənin tədris mətn və sistemində transformasiyaların tərəfdarıyıq, lakin bunun elmi cəhətdən zənginliyi azaldılmadan həyata keçirilməsini təmin etməliyik.
Elmi Hövzələrin rektoru şəhid Sədrin İslam İnqilabı ilə münasibətini izah edərək dedi: Şəhid Sədr, ərəb əsilli nadir bir düşüncə sahibi idi. İran və ya Qum hövzəsinə xüsusi bağlılığı yox idi, lakin İmam Xomeyni (r) inqilabının başlanğıcı onun şəxsiyyətində böyük bir dəyişiklik yaratdı. O, İslam İnqilabını düzgün başa düşdü və onu peyğəmbərlər və ilahi övliyaların tarixi ideallarının həyata keçirilməsi hesab etdi. İslam İnqilabına və İmam Xomeyniyə (r) olan sarsılmaz dəstəyi hətta onun həyatı bahasına başa gəldi.
Ayətullah Ərafi əlavə etdi: Şəhid Sədr, Səddamın onu İnqilabın və İmam Xomeyninin (r) dəstəyindən çəkilməsi üçün etdiyi təkliflərə baxmayaraq, İslam İnqilabına və İmam Xomeyniyə (r) dəsdəkdə sadiq qalmasını tərk etmədi və bu möhkəm duruşu onu şəhidlik zirvəsinə ucaltdı. Belə şəxsləri öz təsiri altına alması İslam İnqilabının böyüklüyündən xəbər verir.

Elmi Hövzələrin Ali Şurasının üzvü İslam İnqilabının müasir tarixdə misilsiz olduğunu vurğulayaraq bildirdi: İslam İnqilabı, hövzə və İslam dünyasında sosial-siyasi dəyişikliklərin tarixində bənzərsiz bir dönəm nöqtəsidir. İmam Xomeyni (r) hərtərəfli, strateji və sivilizasiya yönümlü baxışı ilə alimlərin rolunu və güc qüvvəsini köklü şəkildə dəyişdirdi və özünü bu hərəkatın öncüsü kimi təqdim etdi.
Ayətullah Ərafi əlavə etdi: İslama sivilizasiya yönümlü baxışı, dini ictihadi və rasional şəkildə şərh etmək və elm, rasional düşüncə və mənəviyyat ilə birləşdirmək, İmam Xomeyninin (r) və Ali Rəhbərin düşüncəsinin əsas hissəsini təşkil edir. Bu yanaşma insanı həm dini həyatdan kənara çıxarmaz, həm də elmi və düzgün düşüncəni məhdudlaşdırmaz. Əksinə, İslamı insanın ehtiyaclarına cavab verən bütöv bir sistem kimi təqdim edir.
Elmi Hövzələrin rektoru hövzənin tarixi perspektivini, müasir dünya, region, İran, hövzə və İslam İnqilabının dəyişikliklərini anlamağın vacibliyini vurğuladı və tələbələrdən şəxsi təhsil və planlaşdırmaya ciddi diqqət göstərmələrini vurğuladı.
Ayətullah Ərafi müqəddəs Rəcəb ayının əzəmətini qeyd edərək, Rəcəb, Şəban və Ramazan aylarından mənəvi olaraq faydalanmağın əhəmiyyətini bildirərək dedi: Bu ayların həqiqəti yalnız dua, münacat və mənəvi təcrübə ilə duyula bilər. Tələbəlik bu mənəvi biliklərlə bağlı deyilsə, natamamdır.
O, məsul şəxslərə, müəllimlərə, tələbələrə və onların ailələrinə bir daha təşəkkürünü bildirərək ümidvar olduğunu qeyd etdi ki, Xatəmül-Ənbiya (s) ilahiyyat mədrəsəsi gələcək hövzə və inqilab üçün böyük insanları yetişdirən bir nur, rəhbərlik və tərbiyə məkanı olaraq daim parlasın.
Elmi Hövzələrin rektoru həmçinin vurğuladı ki, əgər səylər, planlaşdırma, elm, mənəviyyat və yüksək sivilizasiya baxışı birləşdirilsə bu kiçik tələbə topluluğunda belə, hövzənin və İslam cəmiyyətinin gələcəyini formalaşdıracaq böyük şəxsiyyətlər tapıla bilər.
Xəbərin sonu
Rəyiniz