Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şiə tarixi sübut etmişdir ki, dərin fədakarlıq və şəhadət mədəniyyətinə inam bir cəmiyyəti passivlikdən çıxararaq ona kimlik qazandıran bir hərəkət vasitəsilə tarixi və sivilizasiya yaradan bir dönüşə çatdıra bilər. Bu isə insanın fədakarlığının ən ali təcəssümü olan şəhadətin böyük möcüzəsinin yalnız kiçik bir hissəsidir. Xüsusilə də şəhid alimlər və şəhid Ayətullah Seyid Əli Xamenei kimi həm elm və təqva sahəsində, həm də cihad və düşmənə qarşı mübarizə meydanında seçilən, ömür boyu ixlasla apardıqları mübarizənin mükafatını şəhadət neməti və ilahi feyzlə alan şəxsiyyətlər barədə bu həqiqət daha aydın görünür.
Məhz buna görə də biz qəti şəkildə inanırıq ki, şəhadət bir insanın həyatının sonu deyil, onun cəmiyyətə istiqamət verən və ilham qaynağına çevrilən sonsuz yolunun başlanğıcıdır. Çünki şəhid öz fədakarlığı ilə cəmiyyətdə dəyər meyarlarını dəyişdirir və bununla da haqq ilə batilin mübarizəsi tamamilə yeni məna və məzmun qazanır. Söhbət şəhid Ayətullah Seyid Əli Xameneidən və onun həm İran cəmiyyətinə, həm də beynəlxalq müstəvidə göstərdiyi böyük təsirlərdən gedir.
Gələcək nəsillər şəhid Ayətullah Seyid Əli Xamenei haqqında daha çox eşidəcəklər
Universitet müəllimi və müasir tarix üzrə tədqiqatçı doktor Musa Həqqani bildirib ki, gələcək nəsillər bu günlə müqayisədə şəhid Ayətullah Seyid Əli Xameneinin qalıcı xidmətləri haqqında daha çox məlumat əldə edəcək, onun fəaliyyətinin əhəmiyyətini daha dərindən dərk edəcəklər.
O deyib: Həqiqətən də, İranın müasir tarixində şəhid Ayətullah Seyid Əli Xamenei ilə müqayisə oluna biləcək bir şəxsiyyət axtarmaq olduqca çətindir. Mən müasir İran tarixində bu qədər müxtəlif xüsusiyyətləri özündə birləşdirən başqa bir nümunə tanımıram.
Musa Həqqani vurğulayıb ki, Şəhid Ayətullah Seyid Əli Xamenei məzlum xalqlar üçün ümid rəmzinə, dünya təkəbbür sahibləri üçün isə göz dağına çevrilmiş bir İran formalaşdırıb.
O əlavə edib: Bu böyük şəxsiyyəti fərqləndirən əsas cəhət müxtəlif xüsusiyyətlərin bir insanda cəmləşməsidir. Şəhid Ayətullah Seyid Əli Xamenei yalnız siyasətçi deyildi. O, eyni zamanda mədəniyyət xadimi, tarixçi düşüncəyə malik strateq idi. Həm siyasətlə məşğul olur, həm mədəniyyət sahəsində fəaliyyət göstərir, tarixi dərindən bilirdi, gələcəyə yönəlik baxışa sahib idi və eyni zamanda güclü, müstəqil və inkişaf etmiş İran naminə daim narahatlıq keçirirdi. Belə xüsusiyyətlərin bir şəxsiyyətdə toplanması olduqca nadir haldır.
Xalqımızda ümid hissini dirçəldən rəhbər
Musa Həqqani, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin ölkənin vəziyyətinə dair yanaşmasına toxunaraq bildirib: Onun İran barədə təqdim etdiyi təsvir nə qara təbliğata əsaslanırdı, nə də reallıqdan uzaq nikbinlik üzərində qurulmuşdu. O, həm mövcud çatışmazlıqları göstərir, həm də ölkənin imkan və potensiallarını ön plana çəkirdi. Onun çıxışlarında ümidverici realizm açıq şəkildə hiss olunurdu. Mübaliğəsiz demək olar ki, İmam Xomeynidən (r) sonra xalqımızda, xüsusilə də gənc nəsildə ümid hissini dirçəldən və milli özünəinamı yenidən cəmiyyətə qaytaran şəxs məhz o olmuşdur.
O qeyd edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin baxışında mühüm xüsusiyyətlərdən biri siyasi qruplaşmalardan uzaq dayanması idi. O, dəfələrlə Allahdan hər hansı siyasi cinaha bağlılıqdan uzaq olmağı dilədiyini bildirmişdi. Bu xüsusiyyət onun əməli fəaliyyətində də açıq şəkildə özünü göstərirdi. O, gündəlik siyasi çəkişmələrin fövqündə dayanmağa çalışırdı. Onun üçün əsas olan İnqilabın, İslam Respublikasının mənafeyi və həmçinin ölkənin inkişaf və tərəqqi yolunda irəliləməsi idi.
Müasir dövrdə düşməni tanımağın zəruriliyinə xüsusi diqqət
Musa Həqqani, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin düşməni tanımaq məsələsinə xüsusi önəm verdiyini vurğulayaraq bildirib: O, qəti şəkildə inanırdı ki, düşmənin əsas məqsədi İranın müstəqil gücə çevrilməsinin qarşısını almaqdır. Şəhid Ayətullah Seyid Əli Xameneinin baxışına görə, bu siyasət bir neçə konkret istiqamət üzrə həyata keçirilirdi. Bunlara İranın elmi və sənaye inkişafının qarşısının alınması, etnik və regional ziddiyyətlərin qızışdırılması, qərarvermə strukturlarına nüfuz edilməsi, milli gücün əsaslarının zəiflədilməsi, eləcə də ölkənin iqtisadi və texnoloji asılılığının qorunub saxlanılması daxildir.
O əlavə edib: Bu gün bizim üçün ən mühüm məsələ şəhid Ayətullah Seyid Əli Xameneinin yolu və davranış nümunəsini əsas tutaraq düşməni tanımaq məsələsindən qafil olmamaqdır. Çünki bu sahədə səhlənkarlıq ağır, bəzən isə bərpası mümkün olmayan itkilərə səbəb ola bilər.
Azad ruhlu rəhbərimizin hidayəti sayəsində "Biz bacardıq"
Universitet müəllimi ölkənin milli potensialının yenidən dirçəldilməsində rəhbərliyin roluna toxunaraq deyib: Müdrik və azad ruhlu rəhbərimizin ən mühüm xidmətlərindən biri ölkənin müdafiə və elmi potensialını yenidən qurması olmuşdur. Xüsusilə də bir çoxlarının İranın bu sahələrdə ciddi irəliləyiş əldə edə bilməyəcəyini düşündüyü dövrdə o, elmin və daxili imkanların inkişafına təkid edirdi. Bunun böyük nəticələrini isə son iki məcburi müharibə zamanı aydın şəkildə müşahidə etdik.
O əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin baxışına görə, bugünkü İran öz tarixinin ən mühüm dönüş nöqtələrindən birindədir. Belə mürəkkəb mərhələləri geridə qoymaq isə ictimai həmrəylik, milli özünəinam və uzunmüddətli strateji baxış tələb edir. Bu gün cəmiyyətimizin milli birlik və həmrəylik sayəsində mövcud problemləri aradan qaldırması, düşmənlərin müxtəlif və mürəkkəb fitnələrini zərərsizləşdirməsi hər zamankından daha böyük əhəmiyyət daşıyır.
Yeni İslam sivilizasiyası yolunda güclü İran
Tehran Universitetinin müəllimi Məhəmmədrza Əxzəryan Kaşani bildirib ki, şəhid Ayətullah Seyid Əli Xamenei rəhbərliyi dövründə İran kimliyi, İslam dəyərləri və inqilabı bir-birini tamamlayan yeni bir model şəklində formalaşdırmağa böyük səy göstərmişdir. Bu yanaşma “güclü İran”, “milli istiqlaliyyət”, “milli izzət”, “İran-İslam tərəqqisi” və “yeni İslam sivilizasiyası” kimi anlayışlarda öz əksini tapmışdır. Bu layihənin əsas əhəmiyyəti ondan ibarət idi ki, İslam Respublikasını nə təkcə dini hakimiyyət, nə də yalnız milli dövlət kimi deyil, hər iki xüsusiyyəti özündə birləşdirən bir model kimi təqdim etməyə çalışırdı. Qloballaşma dövründə bu müstəqil kimliyin qorunub saxlanılması onun rəhbərlik dövrünün ən mühüm mədəni və intellektual nailiyyətlərindən hesab olunur.
O, həmçinin qeyd edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi dövrünün ən aydın görünən cəhətlərindən biri xarici siyasət və milli təhlükəsizlik sahəsində müşahidə olunur. İran İraq müharibəsinin sonunda İran səkkiz illik dağıdıcı müharibədən çıxmış, regional və beynəlxalq səviyyədə çoxsaylı məhdudiyyətlərlə üz-üzə qalmışdı. Lakin sonrakı üç onillik ərzində İranın bölgədəki mövqeyi əsaslı şəkildə dəyişdi. Hizbullah ilə strateji münasibətlərin genişlənməsi, Səddam Hüseyn devrildikdən sonra İranın İraqdakı nüfuzunun artması, regional proseslərdə təsirli rol oynaması və Fələstin məsələsinə davamlı dəstəyi bu dəyişikliklərin mühüm nümunələridir. Beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından İran məhdud regional aktordan Qərbi Asiyanın təhlükəsizlik tənliklərinə təsir göstərmək gücünə malik mühüm regional qüvvəyə çevrilmişdir. Bu proses İslam Respublikasının şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi dövründə əldə etdiyi ən mühüm strateji uğurlardan biri hesab oluna bilər.
Müqavimət və özünəinam mədəniyyətinin formalaşdırılması
Əxzəryan bildirib: Siyasi və təhlükəsizlik sahəsində baş verən dəyişikliklərlə yanaşı, şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi dövrünün ən mühüm nailiyyətlərindən biri siyasi mədəniyyət sahəsində baş vermişdir. Demək olar ki, onun ən böyük mədəni irsi hansısa ayrıca bir qurum deyil, müqavimət və özünəinam mədəniyyətinin formalaşdırılması olmuşdur. Müqavimət, istiqlaliyyət, özünəinam, ümid, tərəqqi və cihad kimi anlayışlar üç onillik ərzində ardıcıl şəkildə İslam Respublikasının rəsmi diskursunda yenidən inkişaf etmişdir.
O əlavə edib: Lakin nəzərə almaq lazımdır ki, bu anlayışlar sadəcə siyasi şüarlar deyildi. Onlar tədricən cəmiyyətin ümumi mədəniyyətinin və elmi-siyasi elitanın düşüncə tərzinin ayrılmaz hissəsinə çevrildi. Bu mədəniyyət ölkənin xarici təzyiqlər, sanksiyalar, təhlükəsizlik təhdidləri və həmçinin müxtəlif böhranlarla üzləşdiyi dövrlərdə mühüm rol oynadı. Sosiologiya baxımından bu prosesi müqavimət mədəni kapitalının formalaşdırılması kimi xarakterizə etmək olar. Məhz belə bir kapital cəmiyyətlərin ən çətin şəraitdə belə mövcudluğunu və davamlılığını təmin edir.
Reportaj: Seyid Məhəmmədhadi Musəvi
Rəyiniz