bazar ertəsi 14 sentyabr 2026 - 20:45
İslam ölkələri fikir ayrılıqlarını bir kənara qoymalıdırlar

Hövzə | Höccətül-İslam vəl-müslimin Qazi Əsgər İslam ölkələri arasında birlik və həmrəyliyin daha da gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: Region ölkələri fikir ayrılıqlarını bir kənara qoymalı, mövcud ümumi imkan və potensiallarına əsaslanmalı, regional məsələləri dialoq, əməkdaşlıq və daxili imkanlardan səmərəli istifadə yolu ilə həll etməlidirlər.

Hövzə Xəbər Agentliyinin paytax Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Pakistanın İranda yeni təyin olunmuş səfiri doktor İmran Əhməd Siddiqi həzrət Əbdüləzimin (ə) müqəddəs hərəmini ziyarət edərək, hərəmin məsul şəxsi Höccətül-İslam vəl-müslimin Seyid Əli Qazi Əsgərlə görüşərək fikir mübadiləsi aparıb.

Görüş zamanı hərəmin məsul şəxsi Pakistan səfirinə xoş gəldiniz deyərək, həzrət Əbdüləzimin (ə) müqəddəs ziyarətgahının mənəvi, elmi və mədəni mövqeyini açıqlayıb. Bu kompleksin ziyarət, elm, təhsil, tədqiqat, mədəniyyət və sosial sahələrdəki imkanlarını diqqətə çatdırıb. Ziyarətgahın Pakistanın elm, mədəniyyət və ziyarət qurumları ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Qazi Əsgər İslam ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: Region ölkələri fikir ayrılıqlarını bir kənara qoymalı, ümumi imkan və potensiallarına əsaslanmalı, regional məsələləri dialoq, əməkdaşlıq və daxili imkanlardan səmərəli istifadə yolu ilə həll etməlidirlər.

O, həmçinin İran və Pakistanın terrorizm sahəsində üzləşdiyi ümumi çağırışa toxunaraq region ölkələrinin bu təhlükə ilə mübarizə aparmaq eləcə də iqtisadi, mədəni, elmi və bilik əsaslı əlaqələri inkişaf etdirmək istiqamətində əməkdaşlığının zəruriliyini vurğulayıb.

Pakistanın səfiri də görüş zamanı həzrət Əbdüləzim (ə) müqəddəs ziyarətgahında olmaqdan məmnunluğunu ifadə edərək Əhli-beyt (ə) və imamzadələrin müxtəlif İslam məzhəblərinin ardıcılları tərəfindən ehtiramla qarşılandığını bildirib. O İslam ölkələri arasında birlik, mötədillik, qarşılıqlı etimad və əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb.

Doktor İmran Əhməd Siddiqi İran və Pakistan arasındakı münasibətləri ənənəvi siyasi əlaqələr çərçivəsindən daha üstün, dərin tarixi, mədəni, sivilizasiya və dini ortaq dəyərlərə əsaslanan münasibətlər kimi xarakterizə edib və Pakistan səfirliyinin ziyarət əlaqələrinin inkişaf etdirilməsi, eləcə də pakistanlı zəvvarlara müqəddəs ziyarətgahda dəstək göstərilməsi sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

O, həmçinin Pakistanın mədəniyyət və incəsənət sahəsindəki imkanlarına toxunaraq, pakistanlı sənətkarların xəttatlıq, rəssamlıq və İslam incəsənəti nümunələrindən ibarət sərginin həzrət Əbdüləzim (ə) müqəddəs ziyarətgahında təşkil olunmasını təklif edib. Bu təklif müqəddəs ziyarətgahın mütəvəllisi tərəfindən də müsbət qarşılanıb.

Görüşün davamında həzrət Əbdüləzim (ə) müqəddəs ziyarətgahının məsul şəxsi görüş zamanı səsləndirilən fikirlərin bir-biri ilə uzlaşdığını vurğulayaraq deyib: Aparılan müzakirələr yalnız fikir mübadiləsi səviyyəsində qalmamalı, müqəddəs ziyarətgah ilə Pakistan İslam Respublikasının səfirliyi arasında konkret proqramlara və praktiki əməkdaşlığa çevrilməlidir.

O, ziyarət, mədəniyyət, elm, tədqiqat, incəsənət və turizm sahələrində əlaqələrin davam etdirilməsinin və əməkdaşlıq imkanlarının izlənilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlığın müqəddəs ziyarətgahın beynəlxalq məsələlər üzrə xüsusi müşaviri cənab doktor Baqirinin koordinasiyası ilə izlənilməsi və praktiki mərhələyə keçirilməsi barədə qərar qəbul edilib.

Görüşün sonunda Pakistanın səfiri və onu müşayiət edən nümayəndə heyəti müqəddəs hərəmdə olaraq, imamzadələrin müqəddəs məzarlarını ziyarət edib və müqəddəs ziyarətgahda dəfn olunmuş şəhidlərə, xüsusilə şəhid Hüseyn Əmir Abdullahiana ehtiramlarını bildiriblər. Onlar, həmçinin müqəddəs ziyarətgahın muzeyinə və burada qorunan tarixi və incəsənət əsərləri xəzinəsinə baxış keçiriblər.

Pakistan səfirinin xəttatlıq və rəssamlığa marağını nəzərə alaraq, bu bölmədə nümayiş etdirilən sənət əsərləri onun xüsusi diqqətini cəlb edib. O, müqəddəs ziyarətgahın məsul şəxsinə hədiyyə etdiyi Ayətül-Kürsi mövzusunda öz əl işi olan tablosunu muzeyin xəttatlıq əsərləri bölməsində məmnunluqla müşahidə edib.

Bu görüş İran və Pakistan arasında əlaqələrin gücləndirilməsi, mədəni və ziyarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, pakistanlı zəvvarlara dəstək göstərilməsi, elm və incəsənət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də İslam dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsi vurğusu ilə başa çatıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha