şənbə 24 may 2025 - 11:56
Öz Tanrını yarat! Müasir mənəviyyatda yeni bir azğınlıq

Hövzə\ Ənənəvi dini institutlarla müasir dövrün mənəvi ehtiyacları arasındakı dərin uçurum zəminində formalaşan yeni dini və mənəvi cərəyanlar, hazırda İranda ciddi bir ictimai və mədəni problemə çevrilmişdir. Bu müsahibə, sözügedən cərəyanların təhlükəli aspektlərini əxlaqi sərbəstliyin (ibahiliyin) təşviqindən tutmuş ənənəvi Tanrı anlayışının inkarına qədər sistemli şəkildə təhlil edir və onların rəsmi dinin yerini tutması halında yarana biləcək potensial nəticələri dəyərləndirir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, yeni yaranan dinlər və mənəvi cərəyanların meydana çıxması və genişlənməsi, müasir dövrdə əhəmiyyəti getdikcə artan, mürəkkəb və çoxşaxəli bir fenomendir. Bu cərəyanlar, təkcə müasir cəmiyyətlərdə deyil, həmçinin ənənəvi və inkişaf etməkdə olan toplumlarda da dərin təsir doğurmuşdur.

Bu cərəyanların köklərini, mahiyyətini və mümkün nəticələrini düzgün və hərtərəfli şəkildə dərk etmək, gələcəkdə yaranacaq fürsət və çətinliklərlə sağlam şəkildə üzləşmək baxımından həyati əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə, mənəviyyat və yeni dini cərəyanlar sahəsində mütəxəssis və tədqiqatçı olan cənab Məhəmməd Cavad Nəsiri ilə müsahibə apararaq, təqdim edilən elmi yanaşmalar əsasında mövzunu daha dərindən anlamağa çalışdıq.

Hövzə Xəbər Agentliyi: Bu imkanı bizə yaratdığınız üçün təşəkkür edirik. Zəhmət olmasa buyurun yeni dini cərəyanların yaranma səbəbi nədir?

Yeni dini cərəyanların meydana çıxma səbəbini anlamaq üçün əvvəlcə bu hadisənin arxasında duran fəlsəfi və sosial-intellektual axınları diqqətlə təhlil etmək lazımdır. Bu fenomen din fəlsəfəsində "yeni dinlər", sosial elmlərdə "yarımçıq mənəvi hərəkatlar", liderlik ədəbiyyatında isə "yeni mistik axınlar" kimi tanınır və əsasən Qərb cəmiyyətlərində baş verən dərin dəyişikliklərdən qaynaqlanır.

Xüsusilə katoliklər və Vatikan daxilində dinin qurumsal təbiətində dindarlığın mahiyyətində ciddi bir parçalanma baş verdi. Dini qurumlar ədalət və həqiqəti müdafiə etmək əvəzinə zülmkar hökmdarları və hakimiyyət strukturlarını legitimləşdirməyi seçdilər.

Bu yanaşma isə insanın fitri təbiəti ilə yəni ilahi fitrət anlayışı ilə ziddiyyət təşkil edirdi. Bu fitrət insanın daxili varlığında ədalətə yönəlmək, zülmə qarşı durmaq və yaxşılığa meyl etmək kimi dərin ehtiyacları səsləndirir. İnsanlar öz dini qurumlarının zülmə dəstək verdiyinə şahid olduqda bu onların fitri ehtiyacları ilə açıq-aşkar toqquşma yaratdı.

Öz Tanrını yarat! Müasir mənəviyyatda yeni bir azğınlıq

Tərəqqi dövründə mənəviyyat axtarışı

Eyni zamanda, kilsə sərvət toplamaq ehtirasının girdabında itib-batdı və elmlə qarşı-qarşıya gəldi. Nyuton hadisəsi və kilsənin ona qarşı olan mövqeyi bu qarşıdurmanın bariz nümunəsidir.

Bütün bu dəyişikliklərin fonunda texnoloji tərəqqi dövrü başladı. Yeni ixtiralar daha böyük rifah və rahatlıq vəd edirdi. Lakin bu tərəqqi, şübhə və tərəddüdlər zəminində formalaşdı. Maarifçilik dövrünə yaxın illərdə, Müqəddəs İncilin ilahi mənbə olaraq dəyəri və hətta Hz. İsanın (ə) tarixi varlığı belə sual altına alındı. Bu şübhələr təkcə elita arasında deyil, sadə xalq arasında da kök saldı və nəticədə ümumi bir skeptisizm (şübhəçilik) mühiti yarandı.

Qərbdəki elmi nailiyyətlər və maddi rifah, cəmiyyət arasında “yer üzündə cənnət” anlayışını formalaşdırdı. Lakin bu maddi rifah, nə mənəviyyatın, nə də daxili aramlığın əvəzini verə bildi.

Mənəviyyat boşluğu və kapitalist sistemlərin səbəb olduğu ədalətsizliklər genişmiqyaslı etirazlara nəhayət isə İkinci Dünya müharibəsinin baş verməsinə və Xirosimanın bombalanmasına gətirib çıxardı. Bu faciəvi hadisə, insanlara elmin və texnologiyanın bir cənnət deyil, əslində bir cəhənnəm yarada biləcəyini acı şəkildə göstərdi. Bu səbəbdən, mənəviyyata yönəlmə yenidən gücləndi.

Lakin xristianlığın rədd edilməsi ilə yanaşı, insanlar yeni bir mənəviyyat axtarışına çıxdılar. Kapitalist sistem isə bu mənəvi meyillərlə ziddiyyət təşkil etdiyindən, ideoloji baxımdan özünə uyğun olan bəzi yeni dinləri və məzhəbləri dəstəkləməyə başladı.

Azmış və yeni ortaya çıxan mənəvi cərəyanlar nə vaxtdan etibarən İrana daxil olub və hazırda ölkədə təxminən nə qədər belə cərəyan mövcuddur?

İran müəyyən müddət bu təhlükədən nisbətən uzaq qalmışdı. Lakin media sahəsinin genişlənməsi və xüsusilə cənab Xatəminin prezidentliyi dövründən sonra daha açıq bir ictimai mühitin formalaşması ilə yeni mənəvi cərəyanlar ölkəyə daxil olmağa başladı. Bu cərəyanların sayına dair rəqəmlər fərqlidir: bəzi hesablamalara görə onların sayı bir neçə mindən 200 minə qədər dəyişir. Daxili araşdırmalar isə İranda təxminən 300-ə yaxın azmış mənəvi cərəyanın mövcud olduğunu göstərir.

Bu azmış cərəyanlar və yeni mistik axınlar bizim üçün hansı təhlükələri ehtiva edir?

Yeni tip dindarlıq klassik din modellərindən fərqli olaraq, sosial yönümlü və özünəməxsus bir məkan strukturuna malikdir. Bu cərəyanların yaratdığı təhlükələr çoxşaxəlidir. Onlar arasında ibahilik (əxlaqi sərbəstlik), ateist və epikürçü (lövq və ləzzət mərkəzli) həyat tərzinin təbliği və ifrat maddi düşüncə tərzi əsas yerləri tutur.

Bəzi axınlar mənəviyyatı yalnız qeyri-maddi hər hansı bir anlayışla eyniləşdirir; hətta cinlərlə ünsiyyəti və ya şeytana sitayişi də mənəviyyatın tərkib hissəsi kimi təqdim edirlər.

Bundan əlavə, bəzi hallarda narkotik vasitələrin istifadəsi belə mənəvi təcrübə kimi dəyərləndirilir.

Daha yüksək səviyyədə isə, parapsixologiya mənəviyyatın bir forması kimi təqdim olunur. Bu kimi cərəyanlar ənənəvi dini dəyərləri kölgədə qoyur və “dinsiz mənəviyyat” (Spirituality Without Religion – SWR) istiqamətində inkişaf edir.

Bu şəxslər özlərini “mənəvi” kimi təqdim edirlər, lakin təşkilatlanmış dinə və dini qanunlara (şəriətə) bağlılıq göstərmirlər. Onların əsas göstəricisi isə ya ateizm, ya da aqnostisizmdir.

Yeni mənəvi cərəyanlarda diqqət sosial mənəviyyatdan fərdi (subyektiv, daxili) mənəviyyata yönəlmişdir. Bu mənəviyyat formaları hazırda rəsmi dinin alternativi kimi yayılmaqdadır və tədqiqatlar yaxın gələcəkdə rəsmi dinə marağın azalacağını, əvəzində bu axınlara yönəlişin artacağını göstərir.

Əlbəttə bəzi mütəxəssislər bu cərəyanları mövcud dinin transformasiya və ya yenilənmiş forması kimi dəyərləndirirlər və bu yanaşmalar ayrıca analiz tələb edir. Bununla belə, bu cərəyanların rəsmi dini əvəzləmək təhlükəsi real və ciddi bir məsələ olaraq qalır.

Sonda bizə buyurun ki, bu yeni mistik və mənəvi cərəyanlar insanı Allaha yaxınlaşdıra bilərmi?

Bu cərəyanlar ümumiyyətlə ənənəvi dinlərin təqdim etdiyi Tanrı anlayışını qəbul etmir və ya tamamilə fərqli bir Allah modelini irəli sürürlər.

Məsələn, "Yeni düşüncə" (New Thought) axınında Tanrı, insan zehninin daxili gücü kimi təqdim olunur. Bu düşüncənin banilərindən biri olan Barbara Marşall hesab edir ki, keçmişdə insanlar zehni baxımdan yetkin olmadıqları üçün öz daxili güclərini xarici bir varlığa, Tanrıya nisbət verirdilər. Lakin bu gün zehni yetkinlik səviyyəsinə çatdığımız üçün anlayırıq ki, bu güc əslində bizim öz daxilimizdə mövcuddur və xarici bir tanrıya ehtiyac yoxdur. Bu baxımdan ənənəvi dinlərin Allahı inkar olunur və onun yerinə daxili bir enerji və ya zehni güc kimi “yeni Tanrı” anlayışı təqdim edilir.

Bu cərəyanların təbliğatçıları, məsələn Hüseyn Abbas Məneş kimi şəxslər, fərdi, yəni "şəxsi Tanrının" yaradılmasını təşviq edirlər elə bir Tanrı ki, fərd üçün maksimal funksionallıq və fayda təmin etsin.

Bu "Tanrı", nə vəhy yolu ilə tanınır, nə də klassik mənəvi təcrübələr əsasında formalaşır; o, daha çox instrumental və subyektiv bir konstruksiya kimi ortaya qoyulur.

Eyni yanaşma həyatın mənası mövzusuna da aiddir. Bu cərəyanların bəziləri, həyatın əvvəlcədən müəyyən edilmiş bir mənasının olmadığını iddia edir. Məsələn, Paulo Koelyo kimi müəlliflər “şəxsi əfsanənib” fərdi həyat mənasının yaradılmasına xüsusi önəm verirlər.

Bu dünyagörüşündə nə həyatın, nə də Tanrının əvvəlcədən müəyyən olunmuş bir mənası və forması mövcuddur. Hər bir insan, həm öz həyatının mənasını, həm də öz Tanrısını yaratmaqda vəzifəlidir. Bu modeldə məqsəd Tanrını kəşf etmək deyil, onu yaratmaq və fərdi ehtiyaclara uyğun şəkildə formalaşdırmaqdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha