cümə axşamı 10 iyul 2025 - 21:16
Uzaqgörənlik, düşüncə və sirrləri qoruma qələbənin üç əsas dayağıdır

Hövzə / İmam Əli (ə) Nəhcül-Bəlağənin 48-ci hikmətində qələbəni tədbir, uzaqgörənlik və sirr saxlama ilə əlaqələndirir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Əmirəl-möminin İmam Əlinin (ə) Nəhcül-Bəlağədə «uzaqgörənlik, düşüncə və qələbənin yolu» barədə dediyi bəzi kəlamlarını siz dəyərli oxuculara təqdim edirik:

48-ci hikmət:

 ".الظَّفَرُ بِالْحَزْمِ، وَ الْحَزْمُ بِإِجَالَةِ الرَّأْیِ، وَ الرَّأْیُ بِتَحْصِینِ الْأَسْرَارِ"

Tərcümə:
«Qələbə tədbirlədir, tədbir isə  düşüncədir, düşüncə isə sirr saxlamaqla mümkündür.»

Qələbənin yolu:

İmam Əli (ə) bu hikmətli və dərin mənalı kəlamında üç qısa cümlə ilə işlərdə uğurun (qələbənin) sirrini açıqlayır. Əvvəlcə buyurur:

"Qələbə tədbirə bağlıdır" – ("الظَّفَرُ بِالْحَزْمِ")

Həzm "حَزْم" ərəbcə yəni uzaqgörənlik və işlərin nəticələrini əvvəlcədən düşünmək mənasındadır və bu qələbənin ən mühüm amillərindən biridir. Çünki səthi düşünən və gündəlik həyatın qayğılarına qapılan insanlar, gözlənilməz hadisələr qarşısında tez bir zamanda aciz qalır, idarəetməni itirir və məğlub olurlar.

İmam Əli (ə) "Ğurarül-Hikəm" adlı  kitabda buyurur:

«مَنْ أخَذَ بِالْحَزْمِ اسْتَظْهَرَ وَمَنْ أضاعَ الْحَزْمَ تَهَوَّرَ»

Kim tədbirə (həzmə) sarılsa, güclü olar, kim onu tərk etsə, həlaka sürüklənər. (1)


Sonra İmam (ə) ikinci cümlədə buyurur:
"وَ الْحَزْمُ بِإِجَالَةِ الرَّأْیِ"

Tədbir və uzaqgörənlik, düşüncəni işlətməkdən doğur.


Burada icələt (اجالة)  fırlanmaq, hərəkət etmək, rəy (رَأْی) isə fikir, düşüncə mənasındadır. Burada məqsəd odur ki, insan mühüm məsələlərdə düşüncəsini hərtərəfli şəkildə hərəkətə gətirməlidir. Necə ki, döyüşə başlamazdan öncə atlı döyüşçü döyüş meydanını tam gəzərək zəif və güclü nöqtələri araşdırır. İnsan da bu cür şəkildə bir məsələnin bütün yönlərini, yaxşı və pis tərəflərini tərəfsiz şəkildə dəyərləndirməli sonra düzgün qərar qəbul etməlidir.

Bir şəxs Allah Rəsuluna (s) dedi: Ey Allahın Rəsulu mənə nəsihət ver! Peyğəmbər (s) buyurdu: Əgər desəm, qəbul edəcəksən? O kişi dedi: – Bəli! Peyğəmbər (s) bu sualı üç dəfə təkrar etdi və həmin adam hər üçündə "Bəli, qəbul edəcəyəm!" dedi. Sonra Peyğəmbər (s) buyurdu:

 «فَإِنِّی أُوصِیکَ إِذَا أَنْتَ هَمَمْتَ بِأَمْر فَتَدَبَّرْ عَاقِبَتَهُ فَإِنْ یَکُ رُشْداً فَامْضِهِ وَ إِنْ یَکُ غَیّاً فَانْتَهِ عَنْهُ»

Mən sənə tövsiyə edirəm: Əgər bir işi görmək istəsən, əvvəlcə onun sonunu düşün! Əgər xeyirli və düzgün bir işdirsə, davam et, yox əgər ziyanlı və yanlışdırsa ondan uzaq dur. (2)

Şübhəsiz ki, tədbir və uzaqgörənlik bunu tələb edir ki, insan yalnız öz düşüncəsindən deyil, başqalarının fikirlərindən də faydalansın. Elə bu səbəbdəndir ki, İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: Peyğəmbərdən (s) soruşdular: Tədbir və uzaqgörənlik nədir? O həzrət buyurdu: 

Bilən şəxs ilə məşvərət etmək və onun dediklərinə qulaq asmaq. (3)

Bəzən qələbəyə çatmaq üçün mürəkkəb və çoxşaxəli planlardan istifadə etmək lazımdır. Belə hallarda, əgər düşmən bu planlardan xəbər tutarsa, planın ifşası onun puç olmasına səbəb olar. Buna görə də İmam (ə) yuxarıda qeyd edilən hikmətli sözündə üçüncü və sonuncu cümlədə belə buyurur:

«وَ الرَّأْیُ بِتَحْصِینِ الْأَسْرَارِ»

"Sağlam düşüncə, sirrin qorunması ilə mümkündür."


İmam Əli (ə) "Ğurəlul-hikəm kitabında bir hədisdə belə buyurur:

«سِرُّکَ أَسِیرُکَ فَإِنْ أَفْشَیْتَهُ صِرْتَ أَسِیرَهُ»

"Sirr sənə tabedir. Amma əgər onu yayarsansa, sən onun əsiri olarsan." (4)


İmam Cavaddan (ə) isə belə bir hədis nəql olunmuşdur:

«إِظْهَارُ الشَّیْءِ قَبْلَ أَنْ یُسْتَحْکَمَ مَفْسَدَةٌ لَهُ»

"Bir şeyi (yəni sirri) möhkəmləşməmişdən və nəticəyə çatmamışdan əvvəl açıqlamaq, onun pozulmasına səbəb olar." (5)

Bəzi məsumlardan nəql olunan rəvayətlərdə belə nəticə çıxır ki, sirlərinizi hətta dostlarınıza belə danışmayın. Çünki onların düşüncə və münasibətləri dəyişə bilər. İmam Sadiq (ə) buyurur:

«لاَ تُطْلِعْ صَدِیقَکَ مِنْ سِرِّکَ إِلاَّ عَلَی مَا لَوِ اطَّلَعَ عَلَیْهِ عَدُوُّکَ لَمْ یَضُرَّکَ، فَإِنَّ الصَّدِیقَ قَدْ یَکُونُ عَدُوَّکَ یَوْماً مَا»

"Sirrini dostuna yalnız o halda aç ki, əgər düşmənin onu öyrənsə belə sənə zərər vura bilməsin. Çünki dost bir gün sənin düşməninə çevrilə bilər." (6)

Bəzən insan sirrini tam etibar etdiyi bir dostuna açıqlayır, amma fərqində olmur ki, həmin dostun da etibar etdiyi başqa bir dostu var, və o da başqasına danışır.....nəticədə sirr hər yerə yayılır.

Bunu dahi şair Sədi Şirazi belə ifadə etmişdir:

 "Dostun nə qədər əziz olsa da könül sirrini demə ona,
 Çünki dostun da öz dostuna o sirri danışa bilər!" (7)

Mənbələr:

(1). Ğurərul-hikəm, s. 457, hədis 10870.

(2). Kafi, c. 8, s. 149, hədis 130.

(3). Biharul Ənvar, c. 72, s. 100, hədis 16.

(4). Ğurərul hikəm, s. 320, hədis 7415.

(5). Biharul Ənvar, c. 72, s. 71, hədis 13.

(6). Biharul Ənvar, c. 71, s. 177, hədis 15.

(7). Hikmətli sözün sənədi: Nəhayətil Ərəb kitabının müəllifi (Şəhabəddin Nuveyri) bu hikmətamiz kəlamı bəzi fərqlərlə nəql etmiş və belə demişdir: İmam Əli (ə) buyurmuşdur: «Qələbə tədbirlədir, tədbir düzgün rəy ilədir, düzgün rəy isə sirrin qorunması ilədir.»
Bu açıq fərq göstərir ki, o, bu kəlamı Nəhcül-Bəlağədən götürməmiş, başqa bir mənbədən nəql etmişdir. (Məsadir Nəhcül-Bəlağə, c. 4, s. 47).

Təmame Nəhcül-Bəlağə kitabında bu hikmətli cümlə İmam Əli (ə) öz oğlu İmam Həsən Müctəbaya (ə) yazdığı məktubda nəql olunmuşdur. (Təmame Nəhcül-Bəlağə, s. 972).


Mənbə: Peyame İmam Əmirəl-möminin (ə) Nəhcül-Bəlağənin yeni və geniş şərhi kitabı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha