bazar ertəsi 8 sentyabr 2025 - 22:47
Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Elmi Hövzələrin rektoru vurğuladı: Ali Rəhbərin dini hövzələrə ünvanladığı əhəmiyyətli, yolgöstərən və strateji məzmunlu müraciət bu günümüzün və gələcəyimizin hərəkət istiqaməti üçün əsas bələdçidir. Bu müraciət, hövzə tarixində dönüş və inkişaf mərhələsinin mühüm məqamı kimi dəyərləndirilir.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi 7 sentyabr 2025-ci il tarixində Qum şəhərində yerləşən Feyziyyə  elmi hövzəsində keçirilən 2025 və 2026 tədris ilinin açılış mərasimində çıxış edib. O, bu münasibətlə mübarək günləri yad edərək, alimlərin və şəhidlərin xatirəsini ehtiramla anıb və çıxışında İmam Əlinin (ə) kəlamlarında Peyğəmbər-Əkrəmin (s) xüsusiyyətlərinə toxunub.

Ayətullah Ərafi bildirib ki, İmam Əli (ə) Nəhcül-Bəlağə kitabında qırxdan çox yerdə Həzrət Peyğəmbərdən (s) bəhs etmişdir. Bu qırx nurani kəlamın hər biri Peyğəmbər-Əkrəmi (s) geniş bir şəkildə izah edib. Elə bir peyğəmbərin surəti ki, onun nuru ilə yeni bir hərəkat və böyük bir inqilab bəşəriyyətin tarixində başlandı. Onun zühuru ilə dünya işıqlanaraq bəşəriyyətin önünə yeni üfüqlər açıldı. Saf və pak maarif insanlara təqdim olundu, bəşəriyyətə yeni xəbərlər və müjdələr gəldi. Həzrət Peyğəmbərin (s) zühuru, tövhid və risalət yolunda yeni bir sivilizasiyanın başlanğıcı, böyük bir sıçrayış və möhtəşəm bir tarixi dönüş idi.

Elmi Hövzələrin rektoru sözlərinə davam edərək qeyd edib: Həzrət Əli (ə) Nəhcül-Bəlağədə 95-ci xütbəsində buyurur: 
بَعَثَهُ وَ النَّاسُ ضُلَّالٌ فِی حَیْرَةٍ وَ حَاطِبُونَ فِی فِتْنَةٍ»
Allah-Taala Peyğəmbəri göndərdi, halbuki insanlar azğınlıqda və çaşqınlıqda idilər, fitnələrin qaranlığında yollardan çıxmışdılar. Yəni Peyğəmbərin (s) gəlişi, qeybin və müqəddəs aləmin pəncərələrinin maddi dünyaya açıldığı bir vaxtda, çox qaranlıq bir dövrə təsadüf etdi. İnsanların hamısı azğınlıq yolunda idi, cəhalətin qara buludları aləmi bürümüşdü. 
 «قَدِ اسْتَهْوَتْهُمُ الْأَهْوَاءُ وَ اسْتَزَلَّتْهُمُ الْکِبْرِیَاءُ»
Şəhvət onları özünə cəlb etmiş, təkəbbür isə onları azdırırdı. Dünyəvi sərxoşluq və şeytani istəklər bütün dünyanı əhatə etmişdi. 

Cəhalət bəşəriyyəti dərin bir böhrana salmışdı. İmam Əli (ə) buyurur: Cahiliyyət onların ağlını əlindən almış, insanlar qaranlıq cəhalət tufanında sərgərdan qalmışdılar.

Ayətullah Ərafi qeyd edib ki, Peyğəmbər (s) bəşəriyyətin ən qaranlıq dövründə o cümlədən tarixin ən ağır və çətin şəraitində göndərildi. Bu risalətin təəccüblü və möcüzəli cəhəti ondadır ki, ən pak və ən üstün şəxsiyyət, bəşəriyyət tarixinin ən zülmətli çağında parladı və dünyanı dəyişdirdi. 
Necə dəyişdirdi? İmam Əlinin (ə) kəlamı ilə desək Peyğəmbər (s) nəsihət və öyüd vermək yolunda çox çalışdı, düz yolda qətiyyətlə irəlilədi, insanları hikmətə və gözəl öyüd-nəsihətə dəvət edirdi.

Əgər bir şəxs hövzəyə gələ və özünü risalət, imamət və Allah yolunda cihadın mənəvi sistemində hiss edərsə, o həqiqi hövzə tələbəsidir.

Ayətullah Ərafi, Peyğəmbər-Əkrəmin (s) bəşəriyyəti dəyişdirmə metodunu izah edərək deyib:
Peyğəmbərin (s) xeyirxahlığı, elmi və mənəvi cihadı, möhkəmliyi və müqaviməti tarixin istiqamətini dəyişdirdi. Geri qalmış Ərəbistan yarımadası elmin, bilik və maarifin mərkəzinə, bəşər sivilizasiyasının yeni bir mərhələsinə çevrildi. Allah Rəsulu (s) bu əzəmətli ilahi bayrağı qaldırdı.

O, əlavə edərək dedi: Həzrət Əli (ə) Nəhcül-Bəlağənin 108-ci xütbəsində buyurur: 
«وَ مِنْهَا فِی ذِکْرِ النَّبِیِّ (صلی الله علیه وآله): اخْتَارَهُ مِنْ شَجَرَةِ الْأَنْبِیَاءِ وَ مِشْکَاةِ الضِّیَاءِ وَ ذُؤَابَةِ الْعَلْیَاءِ وَ سُرَّةِ الْبَطْحَاءِ وَ مَصَابِیحِ الظُّلْمَةِ وَ یَنَابِیعِ الْحِکْمَةِ.»


Allah Peyğəmbəri (s) peyğəmbərlərin nəsilindən, nurun çırağından, ucalığın zirvəsindən, Bətha yurdunun mənbəyindən, qaranlıqları işıqlandıran çıraqlardan və hikmət çeşmələrindən seçdi.

Bu mübarək və müqəddəs varlıq, risalətin möhkəm və sarsılmaz kökündən boy atmışdır. Peyğəmbərlərin xətti tarix boyu pak, müqəddəs və günahdan uzaq olaraq davam etmişdir. Peyğəmbər (s) zaman baxımından bu xəttin sonunda yer alsa da mahiyyətcə onun zirvəsində dayanır. O, risalət və nübüvvət ağacının kökü və əsasıdır. Allah onu ən nəcib soyların içindən, ən pak nəsillərdən seçmiş və bəşəriyyətə hədiyyə etmişdir. Allahın ən böyük neməti Peyğəmbərin (s) varlığıdır.
 «الْخَاتِمِ لِمَا سَبَقَ وَ الْفَاتِحِ لِمَا انْغَلَقَ»

O, əvvəlkiləri tamamlayan və bəşəriyyət üçün qapalı olanları açandır. Peyğəmbər (s) insanların üzünə qapanmış üfüqləri və yolları açdı. Allah-Taala Quranda buyurur: «لَقَدْ مَنَّ اللَّهُ عَلَی الْمُؤْمِنِینَ»  Həqiqətən, Allah möminlərə lütf etdi. Ali İmran surəsi, 164-cü ayə

Bu mütləq nemət, Peyğəmbərin (s) bəşəriyyətə bəxş edilməsi və onun pak Əhli-beytinin bütün əsrlər və nəsillər boyu insanlara miras qalmasıdır.
«طَبِیبٌ دَوَّارٌ بِطِبِّهِ قَدْ أَحْکَمَ مَرَاهِمَهُ وَ أَحْمَی مَوَاسِمَهُ یَضَعُ ذَلِکَ حَیْثُ الْحَاجَةُ إِلَیْهِ مِنْ قُلُوبٍ عُمْیٍ وَ آذَانٍ صُمٍّ وَ أَلْسِنَةٍ بُکْمٍ مُتَتَبِّعٌ بِدَوَائِهِ مَوَاضِعَ الْغَفْلَةِ وَ مَوَاطِنَ الْحَیْرَةِ.»

O, daim çalışan bir həkim idi. Məlhəmlərini mükəmməl hazırlamış, dəmirləri qızdırmış, onları ehtiyac olan yerlərdə — kor qəlblərdə, kar qulaqlarda və lal dillərdə tətbiq etmiş, dərmanları ilə qafil və çaşqın könülləri müalicə etmişdir.

Beləliklə, Peyğəmbər (s) həm ilahi açıq qapıların müjdəçisi, həm də insanları günah və xətadan çəkindirmək üçün xəbərdar edən bir peyğəmbər idi.

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Elmi Hövzələrin rektoru gənc tələbələrə müraciətlə bəyan etdi: Bizim mahiyyətimiz və missiyamız bu qədim irs və risalət ilə nübüvvət ənənəsinə söykənir. Əgər bir şəxs hövzəyə gələ və özünü risalət, imamət və Allah yolunda cihadın mənəvi mühitində hiss edərsə, o, həqiqi hövzə tələbəsidir. Hövzə və ruhaniliyin meyarı və dayaq nöqtəsi bu pak ənənəyə, böyük və nurani maarifə, göylərə açılan bu yolun irsinə bağlı olmaqdan ibarətdir.

Hövzələrin Ali Şurasının üzvü əlavə etdi: Əgər biz böyüklərimizdən öyrənmiş, onların yolunda hərəkət etmiş, mənəviyyat, əxlaq və ruhun paklığı yolunu dərk etmişiksə, həqiqətən hövzə tələbəsiyik. Əgər bu ilahi əhdə sadiq qalsaq və risalət ilə imamət əhdinə möhkəm bağlı olsaq, biz hövzə tələbəsiyik. İslam elmlərinin tədrisi, müxtəlif mövzular və İslam maarifinin mürəkkəb sahələri ilə tanışlıq böyük və qiymətli bir işdir. Lakin bütün bunlar mənəviyyatın və ruh paklığının dərinliyindən qaynaqlanmalıdır.

Ayətullah Ərafi yeni tədris ilinin başlanmasını təbrik edərək həmçinin tələbələrə tövsiyələrini çatdıraraq vurğuladı:
Bu başlanğıcın Peyğəmbər-Əkrəmin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu günləri ilə üst-üstə düşməsi, həmçinin Feyziyyə mədrəsəsində keçirilməsi olduqca sevindiricidir. Feyziyyə, Qum hövzəsinin və ümumilikdə dini elmi hövzələrin çağdaş tarixində böyük ad qazanan bir məkandır. Bu müqəddəs məkan şiə və İslam dünyasının böyük alimlərinin, mərcələrinin və mütəfəkkirlərinin yetişdiyi mərkəz olmuş və olmaqdadır. Feyziyyə ilahi maarifin isti ocağı, böyüklərin və din təbliğatçılarının pak tərbiyə məkanıdır. Bu mədrəsə İslam İnqilabının fəal mərkəzi olmuş və 62 il öncə İmam Xomeyni (r) məhz bu kürsüdən bəşəriyyətə yeni bir mesaj təqdim edərək dünyanı yeni bir çağırışa dəvət etmişdir. Bu başlanğıc, bu zaman və bu məkan biz hamımızdan daha böyük həvəs və yorulmaz səy tələb edir.

Elmi hövzələrin rektoru “öncül və nümunəvi hövzə” məramına işarə edərək vurğuladı: Qədim Qum hövzəsinin dirçəldilməsinin və bərpasının yüzilliyi münasibətilə təşkil edilən mərasimdə həm Qum, həm də Nəcəf mərcəyi-təqlidlərinin ünvanladıqları mesaj, eləcə də Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı mühüm, yolgöstərən və strateji məzmunlu müraciət, bu günümüzün və gələcəyimizin hərəkət xətti üçün bələdçidir. Bu müraciət hövzə tarixində dönüş və inkişafın mühüm məqamı hesab olunur. Böyüklərimizin həmin tarixi tədbirdə verdikləri tövsiyələr və irşadlar bizim və müəllimlərimizin yol göstəricisidir.

Elmi hövzələrin rektoru, Ali Rəhbərin “öncül və nümunəvi hövzə” şüarı ilə bağlı mesajının əsas məqamlarına toxunaraq qeyd etdi:
Ali Rəhbər bu müraciətdə çalışdı ki, tələbələrimizə və müəllimlərimizə kimlik bəxş etsin, əsas istiqamətləri müəyyən etsin, yol göstərsin və ruhaniliyin, eləcə də hövzənin kimliyini möhkəmləndirsin.

Tələbə ilə müəllim arasındakı əlaqə, müzakirə (mübahisə dərsləri), davamiyyətin həqiqi şəkildə izlənilməsi və dərslərin əyani formada keçirilməsi hövzədə daha da gücləndirilməlidir. Eyni zamanda, dərs mətnlərinin tamamlanması və dərinləşdirilməsi, təfsir və əqidə kimi fənlərə daha çox önəm verilməsi, ərəb dilində təqrir yazılması, mətnlərin tam şəkildə mütaliəsi və tələbələrlə güclü qarşılıqlı əlaqənin qurulması zəruri hesab olunur.

Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətin 15 əsas məqamı

Ayətullah Ərafi açıqladı: Ali Rəhbərin vurğuladığı ilk məsələ «sivilizasiya yönümlü baxışdır.» Hövzə və ruhanilik doğru İslam sivilizasiyasının kimliyi və mahiyyətinə sahibdir. Hövzələrimiz və böyük alimlərimiz həmişə İslam sivilizasiyasına dair hərtərəfli düşüncə xəttini izləyiblər. Bu baxışda din insan həyatına əlavə olunmuş qeyri-sistemli qaydalar toplusu və pərakəndə maarif deyil. Əksinə o insan həyatının bütün sahələrinə nüfuz edən, geniş, nizamlı və böyük dəyişikliklər yaradan bir sistem kimi şərh olunur. Bu, məhz «sivilizasiya yönümlü baxışdır.» Sizin və bizim missiyamız budur ki, İslam İnqilabının önə çəkdiyi və imamın təfsir etdiyi bu böyük baxışı davam etdirək.

Ayətullah Ərafi əlavə edərək vurğuladı: Ali Rəhbərin ikinci tövsiyəsi «hövzənin tarixi kimliyinə diqqətdir.» Əziz gənc tələbələr bilməlidirlər ki, qədəm qoyduqları bu sistemin dərin tarixi kökləri var. Hövzənin fəaliyyət tarixi min ildən artıq bir irsə malikdir. Hövzə nə göydəndüşmə, nə də yeni yaranmış qurumdur. Min ildən də çox davam edən bir ənənənin daşıyıcısıdır. Hövzələrimiz böyük bir tarixə və bəşəriyyət üçün möhtəşəm nailiyyətlərə sahibdir. Diqqətçəkicidir ki, Ali Rəhbərin mesajının hər bir bölməsində tarixi xatırladan mühüm məqamlar yer alır.

Elmi hövzələrin rektoru davam edərək dedi: Ali Rəhbərin diqqət çəkdiyi mühüm məqamlardan biri də çağdaş dövrdə Qum hövzəsinin zühurudur. O dövrdə yəni yüz il əvvəl, hicri-şəmsi ilə on dördüncü əsrin əvvəlində dünya, region, İran və İslam elmləri ilə hövzələrin bütün sahələri zülmətə bürünmüşdü. Bəşər sivilizasiyasının maddi fəlsəfəsi dünyaya hakim idi, Allah və mənəvi dəyərlər inkar edilir, dini və mənəvi prinsiplər ölü hesab olunurdu. Azğınlıq dalğaları bütün dünyanı, İslam aləmini və Şərqi bürümüşdü. Məhz bu şəraitdə Ayətullah Şeyx Əbdülkərim Hairi (r) və böyük alimlər meydana gəldi və yeni bir fəsil açdılar. Qum hövzəsi yenidən təsis olundu və onun dördüncü onilliyində böyük İran xalqının müşayiəti ilə möhtəşəm bir inqilab meydana gəldi. Bu tarixi kimliyi tanımaq və dərk etmək zəruridir.

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Ayətullah Ərafi bəyan etdi: Bu il hövzəyə qədəm qoyan tələbələri xüsusi olaraq salamlayıram və onlara, həmçinin bütün gənc tələbələrə tövsiyə edirəm ki, hövzənin tarixini mütaliə etsinlər. Çünki bu möhtəşəm tarixi irs ilə yaxından tanış olmaq, dərin dini və tarixi kimliyi kəşf etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Elmi hövzələrin rektoru “Tələbələrin Elmi İdarəetmə Layihəsinə” diqqət yetirdikdən sonra elan etdi ki, ilk mərhələdə “müstəqil tədqiqatçılar üçün məqsədyönlü dəstək proqramlarının mərhələli şəkildə tətbiqi” və “təqrir sisteminin” icrasına başlanıb. Həmçinin “ixtisaslaşmış mərkəzlərin və institutların reytinq sisteminin" tətbiqinə start verilib. O əlavə etdi: Ali Rəhbərin strateji mesajında vurğulanan məsələlərdən biri də beynəlxalq yönümlülüyün gücləndirilməsidir. Bu məsələ proqramlarda, dərslərdə, müqayisəli və qarşılıqlı müzakirələrdə əsaslı şəkildə nəzərə alınmalıdır. Ümid edirik ki, bu istiqamətdə ciddi addımlar ata biləcəyik.

O, Ali Rəhbərin digər tövsiyəsinə toxunaraq dedi: Sistemin tələbatlarına diqqət etmək mühüm bir məqamdır. Hazırda sistemin ehtiyaclarını qarşılayan tədqiqat layihələrinə dəstək katibliyində tələbələrin cəlb olunması və qəbul faizi yetərli səviyyədə deyil. Bu istiqamətdə qəbul və iştirak göstəricilərini artırmaq üçün tələbələrin köməyinə böyük ehtiyac var. Cari ildəki göstəricilər kifayət etmir və bu sahədə bütün hövzə ictimaiyyətinin əməkdaşlığı vacibdir.

Ayətullah Ərafi hövzə müəllimlərinin fəaliyyətinə görə təşəkkür edərək, onların gələcək hövzənin qurucuları və yeni nəsillərin tərbiyəçiləri olduğunu vurğuladı. O əlavə etdi: Tələbə ilə müəllim arasındakı əlaqə, elmi mübahisələr, davamiyyətin ciddi şəkildə izlənməsi və dərslərin mütləq əyani formada keçirilməsi hövzədə möhkəmləndirilməlidir. Eyni zamanda, dərs mətnlərinin tamamlanması və dərinləşdirilməsi, təfsir və əqidə fənlərinə xüsusi diqqət, ərəb dilində təqrir yazılması, mətnlərin tam şəkildə oxunması və tələbələrlə güclü qarşılıqlı əlaqə zəruridir.

Hövzələrin Ali Şurasının üzvü əlavə etdi: Yuxarı dərəcəli elm mərhələlərinin və tədris ixtisaslarının genişləndirilməsi və onların bölgələrə ötürülməsi ilə yanaşı, keyfiyyət və elmi dərinlik də daim diqqət mərkəzində saxlanmalıdır.

Ayətullah Ərafi əhəmiyyətli təbliğat layihələrini də vurğulayaraq qeyd etdi: Hövzənin təbliğat qurumları genişləndirilməlidir. Bu qurumların üzərində çoxsaylı vəzifələr mövcuddur və hazırda onlarla bağlı ondan artıq mühüm layihə həyata keçirilir. Hövzə rəhbərliyi təbliğat məsələlərinə, xüsusilə bu sahədəki xərclərə daha çox diqqət yetirməlidir.

Nəhcül-Bəlağə ilə ünsiyyət və bağlılıq hövzənin müxtəlif sahələrində formalaşmalıdır. Bununla yanaşı, Nəhcül-Bəlağə ilə bağlı ixtisas sahələrinə ciddi diqqət yetirilməli, tədqiqat və elmi araşdırmalar geniş və dərindən aparılmalıdır.

Hövzələrin rektoru, Ali Rəhbərin göstəriş və tövsiyələrinin icrası istiqamətində atılan addımları kifayət qədər yetərli hesab etmədiyini bildirərək dedi: Ali Rəhbər tövsiyə etdi ki, hazırkı uğurlu hövzə eyni zamanda geniş üfüqlərə malik olsa da bir sıra çatışmazlıqlardan da ibarətdir. Hamımız çalışmalıyıq ki, cümə imamı və xətiblərin yetişdirilməsi sahəsində daha çox səy göstərək. Həzrət Ayətullah Sübhani bu məsələyə dəfələrlə xüsusi vurğu etmişdir. Bu istiqamətdə müəyyən addımlar atılmış və suallara cavab vermə, strateji araşdırmalar, eləcə də müəllim, təbliğçi o cümlədən müəllimlərin yetişdirilməsi istiqamətində faydalı fəaliyyətlər davam etdirilməkdədir.

O, əxlaq dərslərinin keçirilməsinin zəruriliyini vurğulayaraq əlavə etdi:
Mən Ayətullah Sübhaniyə təşəkkür edirəm ki, ötən il əxlaq dərslərinə başladı. Həmçinin, Ayətullah Cavadi Amuli də hər çərşənbə günü çox faydalı müzakirələr aparır. Bununla belə, müəllimlərdən istəyirəm ki, həftəlik "əxlaq dərslərinə", öz dərslərində daha ciddi yanaşsınlar və bu dərslərin mədrəsə və mərkəzlərdə keçirilməsinə xüsusi diqqət yetirsinlər.

Elmi Hövzələrin rektoru, Ali Rəhbərin tövsiyəsində vurğulanan digər mühüm məqamı “hövzənin elmi və mərifəti kimliyi” adlandıraraq bildirdi: Hövzə bürhan, dəlil və elmin öncülüdür. Bizim təbliğat və risalətimiz də dərin və həqiqi mərifət əsasları üzərində qurulmuşdur. Hövzənin mahiyyəti elm və bilikdir. Bir zamanlar bütün elmlər hövzənin daxilində idi. Bu gün də insanlığın ən mühüm elmi sahələri və yolgöstərən mənbələri o cümlədən əqli mərifətlərdən tutmuş kitab və sünnənin irsiyyətlərinə qədər burada cəmlənmişdir. Biz əminliklə deyirik ki, hövzə elmin coşqun dəryası və bilik və mərifət okeanıdır.

O, sözünə davam edərək dedi: Digər mühüm məqam hövzənin mənəvi-əxlaqi kimliyidir. Biz və siz elə bir mərkəzdəyik ki, burada əxlaq və mənəviyyatın təməli gündən-günə daha da möhkəmlənməlidir. Növbəti məqam cihad və inqilab ruhu, təhlükə sərhədlərindən keçmək və dalanları qırmaqdır ki, bu hövzənin zatında həmişə mövcud olmuşdur.

Ayətullah Ərəfi, Ali Rəhbərin mesajındakı səkkizinci məqamı “hövzənin ictimai və xalqla bağlı olması” kimi qeyd edərək bildirdi:
Bizim xalqla ünsiyyət və xalqa xidmət etməkdən başqa yolumuz yoxdur. İnqilabı yaradan xalq olmuşdur. İran xalqının dini-mənəvi potensialı hər zaman hövzələrin dayağı olmuşdur. Biz bu bağlılığı qoruyaraq bu yolu davam etdirməliyik.

O əlavə etdi: Doqquzuncu və onuncu nöqtə odur ki, hövzə siyasi və fəaliyyətçi eyni zamanda cavabdeh, tələbkar və təsirli rol oynayandır. Hövzənin mahiyyəti siyasi xarakter daşıyır. Lakin bu siyasətpərəstlik və ya yanlış siyasi meyllər deyil. Düzgün İslam siyasəti hövzə risalətinin mahiyyətini təşkil edir. On birinci nöqtə odur ki, hövzə hərəkat yaradan və sistem qurandır. On ikinci nöqtə hövzənin açıq və bəyanedici təbliğ mərkəzi və ilahi düşüncənin yayılma ocağı olmasıdır. On üçüncü nöqtə isə hövzənin beynəlxalq mahiyyət və qlobal baxışa malik olmasıdır.

Ali Hövzə Şurasının üzvü əlavə edərək bildirdi: Universitetlə qarşılıqlı əməkdaşlıq və sinerji habelə institutlar fövqündə olmaq, Ali Rəhbərin hövzələrə ünvanladığı strateji mesajın on dördüncü və on beşinci nöqtələrini təşkil edir.

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Hövzələrin rektoru, Peyğəmbər Əkrəmin (s) mübarək varlığını yeni tədris ilinin proqramlarında diqqət mərkəzində saxlamağın mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Ali Rəhbərin xüsusi önəm verdiyi mədəni şüarlara işarə etdi və xatırlatdı:
Nəhcül-Bəlağə ilə ünsiyyət və bağlılıq hövzənin müxtəlif sahələrində genişləndirilməlidir. Bununla yanaşı, Nəhcül-Bəlağə ilə əlaqəli ixtisas sahələri diqqət mərkəzində saxlanmalı, bu istiqamətdə ciddi tədqiqat və araşdırmalar aparılmalıdır. Eyni zamanda, bu nurani kitabla tanışlıq dalğasının genişlənməsi də proqramlarımızın əsas hədəflərindən olmalıdır.

O, sözünə davam edərək bildirdi: Öncül və nümunəvi hövzə konsepsiyası, eləcə də Qum Hövzəsinin yenidən təsisinin yüzilliyi münasibətilə böyüklərimizin verdiyi dəyərli tövsiyələr bizlər, sizlər və hər kəs tərəfindən diqqətlə nəzərə alınmalı və davam etdirilməlidir.

Ayətullah Ərəfi, yüksək səviyyəli tədris proqramlarının və hövzənin əlavə və yeni dərs mətnlərinin islah edilməsi zərurətinə xüsusi vurğu edərək qeyd etdi: Ali Şura ötən il qəbul etdiyi qərarla bu sahəyə xüsusi diqqət yetirdi və hal-hazırda həmin proqramın icrası davam etdirilir. Mən bu işdə əməkdaşlıq edən bütün müəllimlərə və mütəxəssislərə təşəkkürümü bildirirəm. Çünki bu layihənin tamamlanması və kamilləşdirilməsi üçün sizin tənqid və təkliflərinizə ehtiyacımız var. Müəllimlər isə bu prosesdə xüsusi fəallıqla iştirak etməlidirlər.

Hövzənin mahiyyəti siyasi mahiyyət daşıyır. Lakin bu siyasətpərəstlik və ya yanlış siyasi yönümlərə meyil demək deyildir. Doğru İslam siyasəti, hövzə risalətinin əsas mahiyyətini təşkil edir.

O əlavə etdi: Müasir fiqh dərsləri və mətnləri bundan sonra daha böyük diqqət mərkəzində olmalıdır. Müasir Fiqh ofisi artıq 40–50 əsər nəşr etmişdir və əlavə olaraq 20–30 əsər də hazırlanma mərhələsindədir. Yüksək elmi dərəcəli ustadlar yeni məsələlərə toxunmuş, müasir fiqh üzrə hazırlıq dərslərini də izləyərək bu sahənin inkişaf etdirilməsinə xidmət etmişlər. Təbii ki, yeni yaranan məsələlər üzrə iddiamız yoxdur ki, yalnız bizim ixtiyarımızdadır. Bu sahəyə bir çox dostlarımız da diqqət yetirirlər. Əsas odur ki, bu fəaliyyət Cəvahiri Fiqh metodologiyasına əsaslansın. Biz də bunu alqışlayır və dəstəkləyirik.

Ayətullah Ərafi, Ərəb ədəbiyyatı üzrə komitənin yaradıldığını elan edərək vurğuladı: Ali Şuranın hörmətli üzvlərinin tövsiyəsinə uyğun olaraq, Ərəb ədəbiyyatı komitəsi ciddi şəkildə gücləndirilməli və ardıcıl fəaliyyət göstərməlidir. Çünki hövzə ilahi mərifətə çıxışın birinci qapısı olaraq Ərəb ədəbiyyatının mərkəzi olmalıdır.

O, həmçinin yüksək səviyyəli elmlərin (dərsi xaric) yeni proqramının hazırlanmasına diqqət çəkdi: İctihad mərhələsini davam etdirmək istəyənlər üçün, dörd illik hazırlıq kursundan sonra yeni bir proqram hazırlanmışdır. Rəsmi təsdiqindən sonra bu kurs "Nicat" sistemi üzərindən qeydiyyata alınacaq.

Hövzələrin rektoru “ixtisaslaşmış sahələr üçün xüsusi səviyyələrin” hazırlanmasından da bəhs etdi:
Fiqh və əsaslar xaricindəki yaxşı dərslər, hansı ki, hövzənin tədris sistemində qeyd edilməyib, lakin onun tarixi irsinə daxildir, tezliklə rəsmi olaraq təsdiqlənəcək və müvafiq qaydalara əsasən təşviq olunacaq. Fiqh və əsaslar xaricindəki elmi tədqiqat dərsləri isə hövzənin bu gün və gələcək ehtiyacları üçün vacibdir.

O, hövzə elmi mərkəzlərinə diqqət yetirilməsinin zəruriliyinə toxunaraq bildirdi: Feyziyyə, Həzrət Məsumənin (s) müqəddəs hərəmi, Ayətullah Gülpayqani mədrəsəsi və digər mərkəzlərə fokus yaratmaq vacibdir. Pandemiyadan qabaq yüksək səviyyəli mədrəsələrin sayı 100-dən çox olduğu dövrdə, son bir ildə bu sayı azaldılıb. Dostlarımızın səyi ilə bu rəqəm yarıya endirilib ki, bu elmi və dini mərkəzlərdə dərs və müzakirələrin canlılığı və möhtəşəmliyini görə bilək.

Xəbərin sonu

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Ruhaniliyin əsası nübüvvət və imamətə dayanır / Ali Rəhbərin dini elmi hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam

Rəyiniz

You are replying to: .
captcha