İnqilab Rəhbəri ölkə prezidentinə və hökumət rəsmilərinə xüsusi təşəkkür etmiş və vurğulamışdır:
“Xalqın dolanışığı ən mühüm məsələdir \ Bazarda nizam-intizam yaratmaq üçün tədbirlər görülməlidir”
Hövzə Xəbər Agentliyinin Tehrandan verdiyi informasiyaya əsasən, İnqilab Rəhbəri bu gün ölkə prezidenti və Nazirlər Kabineti ilə görüşündə milli güc və izzətin möhkəmləndirilməsinin vacibliyinə toxunaraq, “xalqın dolanışığı”nı ölkənin ən mühüm məsələlərindən biri adlandırmışdır. O, bazarda nizam-intizamın yaradılması, qiymətlərin nəzarətsiz artımının qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsini vacib saymışdır. Həzrət ayətullah Xamenei, həmçinin, “nə müharibə, nə də sülh” şəraitinə qarşı “iş, fəaliyyət və ümid” mühitinin hakim olmasının zəruriliyini qeyd etmişdir. Bununla yanaşı, o, istehsalın gücləndirilməsi, qəbul edilən qərarların nəticə əldə olunana qədər izlənilməsi, mühüm işlər üçün mövcud ictimai razılaşma imkanının dəyərləndirilməsi, mənzil probleminin həlli, xüsusilə dövlət qurumlarında israfçılıqdan çəkinmək, eləcə də məsul şəxslər və qələm sahiblərinin ölkənin həqiqi və ümidverici üstünlüklərini izah etməsinə diqqət çəkmişdir.
İnqilab Rəhbəri sionist rejimin Qəzzada törətdiyi heyrətləndirici cinayət və faciələrə də işarə edərək, vəziyyətə qarşı təsirli və yeganə yolun xüsusilə İslam ölkələri tərəfindən bu rejimlə ticarət və siyasi əlaqələrin kəsilməsi olduğunu vurğulamışdır.
Həzrət ayətullah Xamenei, həmçinin ölkə prezidenti, hökumət rəsmiləri və fəal dövlət işçilərinə, xüsusilə 12 günlük müharibə sınağında fədakarlıq göstərən qurumlara təşəkkür edib. O, ölkə prezidentinin “motivasiya, ruh yüksəkliyi və gərgin fəaliyyəti”ni yüksək qiymətləndirərək bildirmişdir ki, prezident Məsud Pezeşkiyanın Çinə səfəri çox mühüm iqtisadi-siyasi imkanlar yaratmışdır və əldə edilən nəticələr mütləq davam etdirilməlidir.
İnqilab Rəhbəri dövlət rəsmilərinə, eləcə də qələm və söz sahiblərinə ölkənin gücünü, imkanlarını vurğulamaq, zəiflik və acizlik təsvirlərindən uzaq durmaq barədə öz tövsiyələrini vermişdir. O əlavə etmişdir ki, bu istiqamətdə yalnız rəsmilər və ziyalılar deyil, həm də mətbuat və dövlət televiziyası (IRIB) üzərinə mühüm vəzifələr düşür.
İnqilab Rəhbəri: “Motivasiya və ümid hədəflərə çatmağın əsas şərtidir”
İnqilab Rəhbəri ölkə prezidentinin bu görüşdəki çıxışını “qüdrət, ümid və bacarıq hekayəsinin nümunəsi” adlandırmışdır. O bildirmişdir ki, güclü motivasiya, iradə və ruh yüksəkliyi məqsədlərin reallaşması üçün əsas bünövrəni yaradır.
Həzrət ayətullah Xamenei, hər anı xalqın xidmətinə sərf etməyin vacibliyinə toxunaraq demişdir: “Əgər fürsətləri dəyərləndirsək, tənbəllik və paralel işlərdən uzaq dursaq, ikinci dərəcəli məsələlərlə məşğul olmasaq, problemlər uzun müddətdə yox, orta müddətdə mütləq həll ediləcək.”
O, iqtisadi sahədə və xalqın dolanışığında daha ciddi addımlar atmağın zəruriliyini vurğulamışdır: “Problemlərin həlli üçün xarici dəyişiklikləri gözləmək olmaz. Hər kəs öz vəzifəsini icra etməlidir, lakin motivasiya, iradə, ümid və iş ruhu ilə düşmənin ölkəyə sırımaq istədiyi ‘nə müharibə, nə də sülh’ vəziyyətinə qalib gəlmək lazımdır. Çünki bu vəziyyət ölkə üçün təhlükəlidir.”
İnqilab Rəhbəri milli güc və izzətin gücləndirilməsini dövlətlərin əsas vəzifəsi adlandıraraq əlavə etmişdir: “Bu amillərin ən önəmlisi xalqın ruh yüksəkliyi, motivasiyası, birliyi və ümidvar olmasıdır. Bunları həm söz, həm də əməl ilə gücləndirmək, zəifləməsinin qarşısını almaq vacibdir.”
Həzrət ayətullah Xamenei, işlərin düzgün prioritetləşdirilməsini də vacib məqam kimi qeyd etmişdir: “Prioritetlərin müəyyən olunması idarəçiliyin əsas xəttlərindəndir. Burada iki amilə, yəni ‘təxirəsalınmazlığa’ və ‘infrastruktur xarakterli’ olmasına diqqət edilməlidir.”
O, həmçinin prezidentin birinci müavini cənab Arifə fəallığı, səyləri və qərarların icrasını izləmək üçün iclaslar keçirdiyinə görə təşəkkürünü bildirmişdir: “hər bir dövlət xalqın ümumi və ortaq ehtiyaclarını təmin etməyə məsuldur; bu sahələrə dolanışıq, təhlükəsizlik, səhiyyə, mədəniyyət və həyat tərzi daxildir. Bu istiqamətlərdə əsas prioritetlər və başlıqlar dəqiq müəyyən olunmalıdır.”
İnqilab Rəhbəri daha sonra vurğulamışdır ki, İslam maarifinin və şəriətinin həyata keçirilməsi bizim dövlətin qurulmasının əsas səbəbidir: “İmam ilk gündən bu prinsipləri ortaya qoymuşdur və əgər kimsə bunun əksini deyərsə, səhvə yol vermiş olar.”
İnqilab Rəhbəri: “Bazar nizam-intizamlı olmalı, xalq isə əsas ərzaqları narahatlıq olmadan əldə etməlidir”
İnqilab Rəhbəri qəbul olunmuş qərarların nəticə əldə olunana qədər izlənilməsini ən mühüm vəzifələrdən biri adlandırmışdır. O bildirmişdir ki, ölkə prezidentinin vilayətlərə səfərləri, nazirliklərdə iştirakı və xalqla, eləcə də müdirlərlə yaxın təması bu istiqamətdə mühüm addımdır. Lakin bu əhval-ruhiyyənin yalnız rəhbərlik səviyyəsində deyil, orta səviyyəli müdirlərdə də formalaşması vacibdir ki, qərarlar icra mərhələsində zəifləməsin.
Həzrət ayətullah Xamenei, ölkədə konsensus yaratmaq və ümumi razılığa gəlmək imkanını sevindirici hal kimi qiymətləndirərək vurğulamışdır: üç hakimiyyət qolu rəhbərlərinin həmrəylik və əməkdaşlığı təqdirəlayiqdir, lakin qərarverici və qərarhazırlayıcı qurumlar da bu prosesdə aktiv iştirak etməlidirlər. O əlavə etmişdir ki, müxtəlif baxışlara baxmayaraq, hazırkı şəraitdə konsensus imkanları əvvəlkindən daha çoxdur və bundan dövlət aparatının sadələşdirilməsi, lüzumsuz qurumların ixtisarı kimi mühüm işlər üçün istifadə olunmalıdır.
Həmçinin İnqilab Rəhbəri iqtisadiyyata aid bir sıra tövsiyələr vermişdir. Onun ilk tövsiyəsi istehsala diqqət və istehsal müəssisələrinin bərpası ilə bağlı olmuşdur. Ayətullah Xamenei bildirmişdir: “İqtisadiyyatı real şəkildə dərk edən hər kəs etiraf edir ki, istehsal İranın iqtisadi inkişafının açarıdır. Buna görə də istehsala xüsusi diqqət göstərilməlidir və föqəladə hallar istisna olmaqla, bu müəssisələrin elektrik enerjisi kəsilməməlidir.”
Rəhbərin digər tövsiyəsi “əsas ərzaq məhsullarının vaxtında və tam şəkildə təmin olunması” ilə bağlı olmuşdur. O, demişdir: “Ərzaq ehtiyatları tam etibarlı səviyyədə təmin olunmalıdır. Bu, həm mənfəətpərəstlərin qazanc əldə etmək üçün süni qiymət artımlarını aradan qaldıraraq insanların süfrəsinə birbaşa təsir göstərir, həm də ərzaq qıtlığı təhlükəsini aradan qaldırır.”
Həzrət ayətullah Xamenei bəzi əsas malların idxalında inhisarçılığa da etiraz edərək bildirmişdir: “İdxal rəqabətli olmalı və müxtəlif mənbələrdən təmin edilməlidir. Mütəxəssislərin sözlərinə görə, bu, həm xaricdən alınan malların valyuta dəyərinin, həm də daxili bazardakı qiymətlərin azalmasına səbəb olur.”
İnqilab Rəhbəri bir daha xalqın dolanışığı məsələsinə qayıdaraq vurğulamışdır: “Elə tədbirlər görün ki, xalq ən azı on adda əsas ərzaq məhsulunu qiymət artımı qorxusu olmadan əldə edə bilsin. Yoxsa qiymətlər bu gün başqa, sabah isə ikiqat baha olarsa, bu, xalq üçün böyük narahatlıq yaradır.”
O, iqtisadçı mütəxəssislərə istinadən, “əsas ərzaqlara çıxışı asanlaşdırmaq yollarından biri kimi ərzaq kuponlarını qeyd etmişdir. Ayətullah Xamenei, həmçinin bazar nizam-intizamına diqqət çəkərək bildirmişdir: “Bazar elə idarə olunmalıdır ki, xalq bazarın başlı-başına buraxıldığı, qiymətlərin ‘bu gün başqa, sabah başqa’, ‘bir yerdə başqa, digər yerdə fərqli’ olduğunu müşahidə etməsin. Çünki bu hiss xalqın ruhiyyəsinə zərbə vurur.”
İnqilab Rəhbəri: “Qışda qaz ehtiyatları təmin edilməli, mənzil problemi isə nəticə əldə olunana qədər davam etdirilməlidir”
İnqilab Rəhbəri qış mövsümündə lazım olan qaz ehtiyatlarının təmin olunması və mümkün çatışmazlıqların idxal vasitəsilə aradan qaldırılması zərurətini vurğulamışdır. O, həmçinin mənzil probleminin həllinə xüsusi diqqət çəkərək bildirmişdir: “Bu istiqamətdə nisbi həll yolları mövcuddur və məsul şəxslər bunları nəticə əldə olunana qədər izləməlidirlər.”
Ayətullah Xamenei neft hasilatında azalmaya səbəb olan köhnə üsul və avadanlıqlara toxunaraq qeyd etmişdir: “Gənc mütəxəssislərin biliklərindən istifadə olunmalı, hasilat və istehsalda dönüş yaradılmalıdır.” O əlavə etmişdir ki, neft ixracında daha fəal siyasət yürüdülməli və müştərilər müxtəlif və çoxsaylı olmalıdırlar.
İnqilab Rəhbəri “istehlakın idarə olunması və israfdan çəkinməyi” zəruri adlandıraraq, dövlət sektorunda ölkə resurslarından ciddi israfçılıq olduğunu demişdir: “Su, elektrik, qaz və dövlət binalarından istifadədə, eləcə də lazımsız səfərlərdə, həddindən artıq müşayiətçilərlə gediş-gəlişlərdə və bahalı otellərdə qalmaqda israf müşahidə olunmaqdadır. Bütün bunların qarşısı alınmalıdır.”
Söhbətinin son hissəsində həzrət ayətullah Xamenei, “lənətlənmiş sionist rejimin açıq-aşkar elan edərək Qəzzada həyasızcasına həyata keçirdiyi cinayətlər və faciələr”ə diqqət çəkərək bildirmişdir: “Bu cinayətlər Amerika kimi bir qüdrətin dəstəyi ilə törədilsə də, bu vəziyyətlə mübarizə yolu bağlı deyil. Etiraz edən ölkələr, xüsusən də İslam ölkələri bu rejimlə ticarət və siyasi əlaqələrini tamamilə kəsməli və onu təcrid etməlidirlər.”
İnqilab Rəhbəri sionist rejimi “dünyanın ən təcrid olunmuş və ən mənfur rejimi” adlandıraraq vurğulamışdır: “Bizim diplomatiyamızın əsas xətlərindən biri də dövlətləri bu cinayətkar rejimlə ticarət və siyasi əlaqələri kəsməyə təşviq etməkdən ibarət olmalıdır.”
Rəyiniz