bazar 14 sentyabr 2025 - 12:08
İmam Mehdinin (ə.f)  zühur əlamətləri

Hövzə / Zühur əlamətləri və nişanələri İmam Mehdinin (ə.f) fərəc müjdəsini verdiyinə görə, onların hər birinin baş verməsi intizarda olanların qəlbində ümid işığını daha da parlaq edəcək və eyni zamanda inadkar və azğınlar üçün də bir xatırlatma və xəbərdarlıq olacaqdır.

Hövzə Xəbər Agentliyi | İmam Mehdinin (ə.f) qiyamı və ümumdünya inqilabının özünəməxsus əlamətləri vardır. Bu əlamətləri bilmək mühüm nəticələr doğurur. Çünki bu nişanələr Həzrət Mehdinin (ə.f) fərəc müjdəsini verdiyi üçün onların hər birinin baş verməsi intizarda olanların qəlbində ümid işığını daha da parlaq edəcək, inadkarlar və azğınlar üçün isə pislik və fəsaddan əl çəkməyə bir xəbərdarlıq və xatırlatma olacaqdır. Həmçinin intizar əhli üçün bu zühuru dərk etmək, layiqli şəkildə hazırlaşmaq və məsumların (ə) hüzurunda və onunla birlikdə olmaq üçün daha çox hazırlıq yaratmaqdadır.

Bundan əlavə, gələcəkdə baş verəcək hadisələr barədə məlumatlı olmaq, onlarla daha münasib şəkildə qarşılaşmaq üçün düzgün proqramlaşdırma aparmağa bizə kömək edə bilər. Necə ki, bu əlamətlər yalançı Mehdilik iddiasını edənləri tanımaq üçün yaxşı bir meyar rolunu oynayır. Beləliklə, əgər kimsə Mehdilik iddiası edərsə, lakin onun qiyamı bu əlamətlərlə müşayiət olunmazsa, onun yalançı olduğu asanlıqla üzə çıxar.

Məsum imamların (ə) rəvayətlərində zühur üçün çoxsaylı əlamətlər qeyd olunmuşdur ki, onlardan bəziləri təbii və adi hadisələr, bəziləri isə qeyri-adi və möcüzəvi mahiyyət daşıyır.

Biz bu əlamətlərdən əvvəlcə etibarlı mənbələrdə daha çox vurğulananlarını bəyan edəcək, sonra isə bir sıra digər nişanələri qısa şəkildə sadalayacağıq.

İmam Sadiq (ə) bir rəvayətdə buyurur:
«خَمْسٌ قَبْلَ قِیَامِ اَلْقَائِمِ عَلَیْهِ السَّلاَمُ اَلْیَمَانِیُّ وَ اَلسُّفْیَانِیُّ وَ اَلْمُنَادِی یُنَادِی مِنَ اَلسَّمَاءِ وَ خَسْفٌ بِالْبَیْدَاءِ وَ قَتْلُ اَلنَّفْسِ اَلزَّکِیَّةِ.» (کمال‌الدین، ج ۲، ص ۶۴۹)

Beş əlamət İmam Mehdinin (ə.f) qiyamından qabaq baş verəcəkdir: Yəməninin çıxışı, Süfyaninin qiyamı, səmadan bir carçının nida etməsi, Beyda çölündə yerin batması və Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.
(Kəmalud-din, c. 2, s. 649)

İndi isə bu rəvayətə əsaslanaraq, müxtəlif mənbələrdə təkrar olunmuş həmin beş əlaməti çox qısa şəkildə izah edəcəyik. Baxmayaraq ki, bu əlamətlərə aid hadisələrin bütün təfərrüatları bizim üçün tam aydın deyildir.

A. Süfyaninin çıxışı

Süfyaninin çıxışı çoxsaylı rəvayətlərdə qeyd olunan əlamətlərdəndir. O, Əbu Süfyan nəslindən olan bir şəxs kimi təsvir edilmişdir ki, zühurdan az əvvəl Şam torpağında qiyam edəcəkdir. O, cinayətkar bir adam olub qətl və qan tökməkdən əsla çəkinməz və düşmənləri ilə olduqca vəhşicəsinə rəftar edər.
Bəzi rəvayətlərə görə, Süfyaninin qiyamından onun öldürülməsinə qədər on beş ay davam edəcəkdir.

B. Beyda çölündə yerin batması

“Xəsf” – yerin batması, “Beyda” isə Məkkə ilə Mədinə arasında yerləşən bir bölgədir.
Beyda çölündə yerin batması ilə nəzərdə tutulan budur ki, Süfyani İmam Mehdiyə (ə.f) qarşı mübarizə aparmaq üçün bir ordu göndərəcəkdir. Onun ordusu Beyda ərazisinə çatdıqda, möcüzəvi şəkildə yerə batacaqdır.

C. Yəmaninin çıxışı

Yəmən torpağından bir sərkərdənin qiyamı da zühurdan az əvvəl baş verəcək əlamətlərdəndir. O, saleh və mömin bir şəxs olub pisliklərə və azğınlıqlara qarşı qiyam edəcək, bütün gücü ilə fəsad və zülmlə mübarizə aparacaqdır. Lakin onun hərəkəti və fəaliyyətinin təfərrüatları bizə tam məlum deyil.

D. Səmavi nida

Zühurdan öncə baş verəcək əlamətlərdən biri də səmavi nidadır. Bəzi rəvayətlərə əsasən bu səs, Cəbrailin (ə) nidasıdır və Ramazan ayında eşidiləcəkdir. İmam Mehdinin (ə.f) qiyamı ümumdünya inqilabı olduğuna və bütün insanlar onun baş verəcəyini gözlədiyinə görə, bu böyük hadisədən insanların xəbərdar olmasının yollarından biri də məhz həmin səmavi nida olacaqdır.
Bu nida möminlər üçün sevinc və müjdə, günahkarlara isə xəbərdarlıq olacaqdır ki, pis əməllərindən əl çəkib dünya islahçısının köməkçiləri sırasına qoşulsunlar.

E. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi

Nəfsi Zəkiyyə – pak, günahsız və heç bir qətl törətməmiş kamil bir insan mənasındadır. Bu əlamətdən məqsəd budur ki, İmam Mehdinin (ə.f) qiyamından biraz qabaq Nəfsi Zəkiyyə  İmam Mehdinin (ə.f) düşmənləri tərəfindən öldürüləcəkdir.
Bəzi rəvayətlərə görə, bu hadisə İmam Mehdinin (ə.f) qiyamından on beş gecə əvvəl baş verəcəkdir.

Digər əlamətlər

Rəvayətlərdə başqa çoxlu əlamətlər də qeyd olunmuşdur. Onlardan bəziləri bunlardır: Dəccalın çıxışı (insanların çoxunu azdıracaq hiyləgər və murdar bir varlıq), Ramazan ayında günəş və ay tutulması, fitnələrin açıq şəkildə yayılması, Xorasanlı bir kişinin qiyamı və s.
Qeyd etmək lazımdır ki, bu əlamətlərin izahı və təhlili geniş şəkildə müfəssəl kitablarlarda bəyan edilmişdir.

Bu mövzunun davamı olacaq...

Mənbə: «Neqine Afərineş» kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha