çərşənbə axşamı 6 may 2025 - 19:04
Son yüz ildə dini mədrəsələrin müqavimət əfsanələri / Mirzə Kiçik Xan Cəngəli ədalət axtarışının dərsini mədrəsədən öyrənmişdi.

Hövzə/Mirzə Kiçik Xan Cəngəli ilahiyyat mədrəsələrinin yetirməsi və İranda əsl müqavimət hərəkatının öncülərindən biri olmuşdur.O, İran xalqının inqilabi düşüncəsinin formalaşması və əsaslı dəyişikliklər prosesində mühüm rol oynamışdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, dini mədrəsələr son yüz il ərzində elmi və mədəni sahələrdə misilsiz irs qoymuşdur. Təsdiq olunmuş bir həqiqətdir ki, bu sahələrin ən mühümlərindən biri mübarizə ruhunun və mədəniyyətinin formalaşdırılması, eləcə də İslam ölkələrinin sərhədlərinin və milli dəyərlərinin qorunması olmuşdur.

İranda torpağa təcavüz edənlərə və qarətçilərə qarşı tez-tez baş verən qiyamlar əsasən ilahiyyatçılar tərəfindən və ya dini alimlərin yanaşmaları ilə həyata keçirilmişdir. Bu qiyamlardan ən önəmlilərindən biri, Meşə hərəkatının lideri Mirzə Kiçik Xan Cəngəlinin qiyamıdır.

Höccətül-İslam vəl-müslimin Sərvəri Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə dedi: "Mirzə Kiçik, milli qəhrəman kimi ölkədə xarici müstəmləkəçilərin əlini kəsmək, təhlükəsizlik yaratmaq və güc istehsalı ilə yanaşı, İran-İslam kimliyini formalaşdırmağa çalışırdı. Mirzə bütün varlığı ilə mübarizə və şəhidlik dərsini mədrəsədə öyrənmiş və mübarizə meydanında fəal və məqsədli şəkildə iştirak etmişdi. Bu da əslində kimlik quruculuğudur.

O əlavə etdi: “Ali Rəhbər çox gözəl bir ifadə buyurublar və belə qeyd ediblər: ‘Rəhmətlik Mirzə Kiçik Cəngəlin məsələsi xüsusi bir məsələdir, baxmayaraq ki, o dövrdə  yəni Məşrutə inqilabı ilə Rza xanın hakimiyyətə gəlməsi arasındakı dövrdə  ölkədə müxtəlif hadisələr baş verdi və Meşə hərəkatı ilə eyni zamanda ölkənin digər bölgələrində o cümlədən Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabaninin hərəkatı, Məşhəddə isə Məhəmməd Təqi Xan Pesyanının hərəkatı baş vermişdir. Bunların hamısı təxminən eyni dövrə aiddir. Lakin Meşə hərəkatı xüsusi bir məsələdir. Ali Rəhbər sözünə belə davam edir: Mirzə Kiçik o dövrün iki böyük gücünə – yəni ruslara və ingilislərə – böyük bir "yox" dedi. Nə ruslarla razılaşdı, nə də ingilislərlə...

O dedi: “Əgər Mirzə yadellilərin qarşısında sədd çəkməsəydi şübhəsiz ki, İranın şimalı ruslar tərəfindən daimiliklə işğal olunardı. Mirzənin mədrəsədən aldığı böyük dərs isə xalq yönümlü ədalət axtarışı, azadlıqsevərlik və milli maraqları müdafiə etmək idi ki, bu dəyərlər onun ruhu və düşüncəsi ilə sıx bağlı idi.

Mirzə Kiçik Xan Cəngəlinin "Əxlaqi və tərbiyəvi davranış" kitabının müəllifi bildirib: Mirzə Kiçik, ölkənin müstəqilliyi ilə yanaşı, ədaləti də izləyir və buna xüsusi önəm verirdi. O, bir bəyanatında yazır: ‘Hər cür əziyyətləri aclıqları və didərginlikləri yaşamışıq, ümidimiz budur ki, bir gün bacarıb İranı xainlərdən təmizləyək, xarici qüvvələri ölkədən çıxaraq və ədalətin təməlini möhkəmləndirək.

O dedi: Bu yorulmaz mücahidin yüz il əvvəlki narahatlığı bu gün də aktualdır və əsla köhnəlmir. O deyir: Ayıq olun, aldanmayın və birlik və həmrəylik adı altında hər şeyinizi qoruyun.

"Biz insanlığa düşmən olanların təcavüzü qarşısında laqeyd qala bilmərik və məzlumları, əzab çəkən, insanları zalımların və zülmkarların təzyiqi altında tək buraxa bilmərik. Biz şərəflə yaşamışıq, inqilabi mərhələləri şərəflə keçmişik və şərəflə də öləcəyik."
O, İmam Hüseynin (ə) Aşura mədəniyyətinin əlifbasından özünəqürur və insan ləyaqətini öyrənmiş və bu məktəbin yetirməsidir.

مَوتٌ فی عِزٍّ خَیرٌ مِن حَیاةٍ فی ذُلٍّ؛مرگ با عزّت
"İzzətli ölüm, zillət içində yaşamaqdan yaxşıdır."

O dedi: “Ali Rəhbərin bu cümləsi bu gün dini mədrəsələr üçün nə qədər mənalı və önəmlidir: Mirzə Kiçik Cəngəli cəsur bir əfsanəvi  şəxsiyyətdir. Bu əfsanə müqavimət və yorulmaz cihad səngərində dayanmışdı. O, İslam İnqilabının və hökumətinin təməllərini qurmuşdu və Ali Rəhbərin ifadəsi ilə desək: Rəhmətlik Mirzə Kiçik Cəngəli özünün xüsusi coğrafi çərçivəsində Rəşt və Gilan bölgəsində İslam hökumətinin və İslam Respublikasının miniatura şəklində bir modelini yaratmışdı.

Höccətül-İslam vəl-müslimin Sərvəri bildirib: “Bu mücahid kişinin mədəni və ictimai xidmətləri də çox dəyərli və önəmlidir. Məsələn, yüz il əvvəl belə böyük bir media vasitəsi  ‘Cəngəl’ qəzetinə sahib olmaq çox mühüm məsələ idi.Cəngəl hərəkatının mədəni sahəsində tədris və təlim üçün təxminən 26 fədakar müəllimin işə cəlb olunması və gecə gündüz fəaliyyət göstərən məktəbin yaradılması bu mübariz insanın dəyərli xidmətlərindəndir.


O əlavə etdi: Son yüz ildə dini mədrəsələr tarixində böyük ilahi şəxslərə şahid olmuşdur ki, onlar həqiqətən kamillik, şərəf və insanlıq zirvələrinə çatmışlar. O dövrün bu dəyərli şəxsiyyətləri öz istedad və zamanlarının tələblərinə uyğun olaraq məsuliyyətlərini tanımış və həmin məsuliyyətləri zamanında və bütün varlıqları ilə yerinə yetirərək öz missiyalarını ən gözəl şəkildə icra etmişdilər.

Hövzə tədqiqatçısı vurğuladı: Deyə bilərik ki, onlar varlıq səhnəsində özlərindən parlaq bir iz buraxmış və haqqın, ədalətin, fəzilətin, kişiliyin, şücaətin, hikmətin və iffətin unudulmaz bir səhifəsini dövr edən tarixə həkk etmişlər. Bəli, kainatın yaradılışının son məqsədi elə insanlar yetişdirməkdir ki, çətinliklər fırtınası, rəzilliklər, alçaqlıqlar, zülm və dünyəvi bağlılıqlar qarşısında sarsılmasınlar. Onların sirri isə bu müqəddəs yolçuluqda yalnız pak və mübarək qanlarının bədəlilə açılır.

O əlavə etdi: Son yüz ilin dəyərli səhifələrinə nəzər saldıqda dini mədrəsələrin ən önəmli səhifələrinin birində, Meşə hərəkatının və  Gilan şəhərinin qəhrəmanlarından olan  fəzilətli və cəsur, yorulmaz mücahid Mirzə Yunus Ustad Sarayi məşhur adı  «Mirzə Kiçik Cəngəli»  kimi şəxsiyyətlərə rast gəlirik. O, həqiqətən də 42 illik nur dolu həyatında böyük bir dəyər, parlaq bir şəxsiyyət olmuş və öz izini tarixə buraxmışdır.

Sərvəri dedi: Birinci dünya müharibəsinin başlanması ilə (1914-cü ilin avqust ayından 1918-ci ilin noyabr ayına qədər) 1293-cü il hicri-şəmsi tarixində İran öz neytrallığını elan etdi, amma buna baxmayaraq, şimal və cənubdan rus və ingilis qoşunları tərəfindən işğal olundu. Ölkə çətin  və zəif bir vəziyyətə düşmüşdü. Əslində Əhməd Şah Qacarın rəhbərlik etdiyi mərkəzi hökumətin quruluşu ən zəif dövrünü yaşamaqla dağılmağa başladı. Bu zaman, tarixindəki çətin və dalğalı dövrlərdə, dini və milli bir məzmunla, yeddi illik qısa ömrünə baxmayaraq, ölkə tarixində bir çox siyasi və sosial dəyişikliklərə səbəb olmuş bir hərəkat formalaşdı. O hərəkat Meşə Hərəkatı, şimalda İranın işğalçı güclərindən və istismarçılarından qurtulmaq, xalqın azadlığını təmin etmək, İranın müstəqilliyini bərpa etmək məqsədini güdən, İslam yanaşması ilə tarixə qədəm qoymuş müdrik, şüurlu və cəsur bir ruhani olan Mirzə Kiçik Cəngəlinin (Mirzə Yunus Ustad Sərayi) rəhbərliyi və idarəçiliyi altında olmuşdur.

O dedi: "Mirzə Kiçik zamanına hakim olan bir müdrik, dini, siyasi və mədəni bir şəxsiyyət idi. O, öz həyatı boyunca İranın işğalçı qüvvələrə qarşı mübarizədə çox çətinliklərə və əzablara qatlanaraq, ölkəsinin oyanışı və hürriyyətinə can vermiş, müxtəlif dövrlərin hökumətləri, xüsusilə Rusiya və İngiltərəyə qarşı silahlanmış və mübarizəyə qalxmışdır. Heç bir əzab və çətinlikdən qaçmamış, yorulmadan və mübarizəsindən geri çəkilməyərək, bu yolda öz fəaliyyətini davam etdirmişdir. Bu günə qədər həm dostların, həm də düşmənlərin gözündə hörmətlə qarşılanmış və son yüz ilin ən böyük şəxsiyyətlərindən biri olaraq tarixdə qalıcı bir iz qoymuşdur.

Hövzə müəllimi bildirdi: Mirzə Kiçik az sayda görkəmli şəxsiyyətlərdən biridir ki, cəmiyyətin oyanışı üçün haranı münasib bilirdisə ora üz tuturdu. O, İranın və onun xalqının izzəti və ucalığı naminə fədakarlıq və şücaət göstərirdi. Nəhayət, az sayda silahdaşları ilə birlikdə yola çıxaraq meşənin dərinliklərinə çəkildi və yavaş-yavaş xarici müdaxilədən tamamilə uzaq, möhkəm və müstəqil bir İslam hökumətinin təməlini qoymağa başladı.

O xatırlatdı: Tarixi baxımdan müasir İran tarixinin xüsusi bir dövründə  azadlıq, bərabərlik, milli maraqlara sadiqlik və təmiz İslam prinsiplərinin tətbiqinə xüsusi parıltı gətirən ən mühüm təsirli və xalq tərəfindən dəstəklənən üsyanlardan biri Meşə Hərəkatıdır. Bu xalq hərəkatı öz dövrünün digər mübarizələri ilə müqayisədə (Şeyx Məhəmməd Xiyabani və Rəisəli Delvarinin hərəkatı və s.) həm müddət həm zaman həm məkan, həm də cihadi vəziyyət baxımından çox böyük əhəmiyyətə və həssaslığa malikdir.

O dedi: "Meşə Hərəkatı Mirzə Kiçik Cəngəlinin rəhbərliyi altında müəyyən bir tarixi dövrdə yadellilərə qarşı mübarizə edən bu torpağın insanlarının mübarizəsinin bir nümunəsi olaraq, İrançılığı və İslamçılığı özündə cəmləşdirərək  təcəssüm etdirdi və göstərdi.

İslam tarixi və müasir tarix tədqiqatçısı bildirdi: "Bu əsasla, Mirzə Kiçik Cəngəlinin bir inqilabi lider olaraq yüksək mövqeyi, imanlı, vətənpərvər, mübariz və dərdli bir insan olaraq, həmçinin onun yüksək düşüncələri, diqqətli və praktik bir yanaşma ilə qiymətləndirilməli və bu böyük  şəxsiyyətin fikirlərini və baxışlarının xüsusilə gənc nəsil üçün müasir dövrün xüsusi bir məsələ və tarixi bir dönəmi olaraq izah edilməsi lazımdır. Çünki bu hərəkatın gizli və açıq tərəfləri var və bu tərəflərin tanıdılması bu torpağın insanlarının inqilabi və İslami ruhunu müxtəlif sahələrdə gücləndirə bilər.

Sonda o vurğuladı: Meşə hərəkatının məzlum və azad qəhrəmanı olan Mirzə Kiçik öz dövrünün siyasi, iqtisadi və ictimai sahələrində dərin təsirə malik idi. İman, ədalətə bağlılıq, əxlaqi möhkəmlik, dözüm, uzaqgörənlik, məsuliyyət hissi, maarifləndirmə, düşmənlə mübarizə və düşməni tanıma eləcə də vətənpərvərlik  bu görkəmli din xadimi Mirzə Kiçik Cəngəlinin əsas xüsusiyyətlərindən idi.


Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha