Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,ulduzların taleyə və evliliyə təsirinə olan inam qədim əfsanələrə dayanır. Bunun nə elmi, nə də dini baxımdan əsası yoxdur. İnsan taleyi ulduzların təsirindən deyil, Allahın iradəsi,insanın iradə azadlığdan, bilik və şüurlu seçimindən asılıdır.
Ulduzum onun ulduzu ilə uyğun gəlmir, Taleyimiz bir-birinə uyğun deyil, Gərək baxaq bəxt ulduzlarımız bir-birinə uyğundur ya yox
Uzaq səma cisimləri, doğrudanmı yer üzündə iki insanın xoşbəxtliyi və ya bədbəxtliyi üzərində rol oynayır?
Elm və şəriət bu barədə nə deyir?
Müasir formada qədim bir əfsanə
Ulduzların insan taleyinə təsiri inancı qədim dövrlərə və Babil, Misir kimi sivilizasiyalara gedib çıxır. O zamanlar insanların kainat haqqında biliyi məhdud olduğu üçün səma cisimlərinin nizamlı hərəkətləri gələcəyi proqnozlaşdırmaq və hətta fərdlərin taleyini müəyyən etmək üçün əsas sayılırdı. Bu inanclar tarix boyunca müxtəlif formalarda “falçılıq”, “nücum elminin əhkamı” kimi adlarla yaşayıb və bu gün də gündəlik fal, doğum aylarının uyğunluğu və “ulduzların cütlüyü” kimi anlayışlarla evlilikdə tərəfdarlarını qoruyub saxlayıblar.
Bu inanclara sadiq olan insanlar adətən özlərini “Münəccim” və ya “Falçı” adlandıran şəxslərə müraciət edir və ya xüsusi cədvəllər və hesablamalardan istifadə etməklə, evlənmək istədikləri şəxslə ulduz "uyğunluğunu" və ya "uyğunsuzluğunu" müəyyən etməyə çalışırlar. Bu araşdırmaların nəticəsi bəzən o qədər qəti və taleyüklü sayılır ki, ağıllı bir seçimi gecikdirə və ya uyğun bir münasibəti pozub dağıda bilər.
Elmin baxışı: Ulduzlar susur, danışan bizik
Bugünkü elmin baxışından, insanların doğum zamanı ulduzların və planetlərin mövqeyinin onların şəxsiyyətinə, davranışına, taleyinə, xüsusilə də evlilikdə uğur və ya uğursuzluğuna dair heç bir etibarlı və sübut olunmuş dəlil yoxdur.
Ulduzlar yerə çox uzaq məsafədə olan nəhəng yanan qaz kütlələridir. Onların yer üzərinə məlum fiziki təsirləri (məsələn, işıq və cazibə qüvvəsi) fərdi səviyyədə və insan xarakter xüsusiyyətlərinə təsir baxımından olduqca azdır və əhəmiyyətsiz sayılır. Doğum anında bir həkimin körpəyə göstərdiyi cazibə qüvvəsi, günəş sisteminin ən uzaq planetlərinin cazibə qüvvəsindən qat-qat çoxdur.
Digər tərəfdən, səma cisimlərinin insan şəxsiyyəti və münasibətlərinin mürəkkəbliyinə necə təsir göstərə biləcəyini izah edən heç bir tanınmış elmi mexanizm yoxdur. Buna görə də, ulduzların insan taleyində rolu olduğu iddiası elmsiz və sübutsuz bir fikirdir.
Soruşa bilərsiniz bəs nə üçün falçılıq bu qədər inandırıcı görsənir?
“Barnum effekti” falçılığın inandırıcı olmasının səbəblərindən biridir.
Barnum XIX əsrdə Amerikada karizmatik və ustad bir nümayişçi idi. O, insan psixikasını dərin başa düşmək qabiliyyətinə malik idi və bu bacarığını ifalarında ustalıqla istifadə edirdi. Onun psixoloji bilikləri tətbiq etmə və tamaşaçılar arasında yayılmış tanınma səhvlərindən ağıllı şəkildə faydalanmaq bacarığı ona o qədər şöhrət qazandırdı ki, adı maraqlı bir psixoloji fenomendən “Barnum effekti” ilə əlaqələndirildi.
Barnum effekti, Forer effekti adıyla da tanınır və insanların öz şəxsiyyətləri haqqında ümumi, qeyri-müəyyən, hətta bəzən ziddiyyətli təsvirləri qəbul etməyə meyilli olmalarını ifadə edir. Əslində, bizlərdən bir çoxu doğum ayına əsaslanan məşhur falçılıqdan və ya elmi etibarı olmayan şəxsiyyət testlərində rast gəlinən ümumi ifadələri özümüzə təəccüblü dərəcədə dəqiq və uyğun hesab edirik.
Bu fenomenin səbəbi, əsasən bizim daxili olaraq özümüzü xüsusi və unikal hiss etmək istəyimizdən qaynaqlanır. Elə bil ki, bu ümumi izahlar bizim təkrarolunmaz təcrübə və xüsusiyyətlərimizin aynasıdır. Həqiqət budur ki, falçılıqda yer alan izahların çoxu o qədər ümumi və qeyri-müəyyəndir ki, əksər insanlara aid edilə bilər. İnsanlar bu ümumi ifadələri özlərinə uyğunlaşdırmağa meyillidir və bunu bürc falının doğruluğuna bir sübut kimi qəbul edirlər.
Şəriət nə deyir?
Haqq olan İslam dini baxımından, ulduzların insanın taleyi və xoşbəxtliyinə müstəqil təsir göstərdiyinə inanmaq, təkcə etibarlı əsasdan məhrum deyil, həm də tövhid prinsipləri və ilahi qəzavü qədərə olan imanla ziddiyyət təşkil edir.
İslamın baxışında, aləmdəki bütün təsirlər uca Allahın iradə və icazəsi ilə baş verir. Necə ki, Qurani-Kərim buyurur:
«وَ مَا تَشَاءُونَ إِلَّا أَنْ یَشَاءَ اللَّهُ»
(Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! – İnsan / 30).
Ulduzlar kimi məxluqlara müstəqil təsir qüvvəsi nisbət vermək və onların insan taleyini müəyyən etdiyini düşünmək, bir növ şirk sayılır.
Əlbəttə, diqqət etmək lazımdır ki, “astronomiya” (nücum elmi) səma cisimlərininh hərəkətlərinin tərkibinin və fiziki xüsusiyyətlərinin elmi tədqiqi ilə “falçılıq” (baxıcılıq) ulduzlardan taleyi qabaqcadan təxmin etmə iddiası tamamilə fərqlidir. İslam təkcə astronomiyanı rədd etmir, həm də göylərdə və yerdəki Allah ayələrini öyrənməyə təşviq edir.
Gizli elm (qeyb elmi) yalnız Allaha məxsusdur
Dini tədrislərə görə, gələcəyi qabaqcadan görmək və insanların qəti taleyi haqqında məlumat sahibi olmaq ümumiyyətlə gizli elm mahiyyətcə yalnız Allaha məxsusdur. Lakin Allahın razılığı ilə Peyğəmbərlər (Cin surəsi, 27), müqəddəs rəhbərlər və saleh bəndələr (Kəhf surəsi, 65) də arxada qalan xəbərlər və həqiqətlər barədə məlumat əldə edə bilərlər. Quranda peyğəmbərlərin dilindən gizli bilikdən bəhs edilərkən, nəzərdə tutulan müstəqil və doğma gizli bilik deyil (Əraf surəsi, 188).
Qeyb elminə sahib olmaq mümkündür, lakin bu elm hər kəsə verilmir. Öz nəfsini yüksək səviyyədə tərbiyə etmiş və "Mənaya və Bəlaya" (ölüm və bəla) kimi elmlərə yiyələnmiş şəxslər bu biliklərdən dolanışıq məqsədilə istifadə etmirlər.
Buna görə də, gələcək hadisələri qəti və zəmanətli şəkildə proqnozlaşdırdıqlarını iddia edənlər, şübhəsiz ki, din alverçiləri və fırıldaqçılardır. Onlar ya səthi biliklərə ya da cin və şeytanları ram etməyə əsaslanaraq insanları daha da çaşqınlığa salırlar.
İnsanın ixtiyarı və məsuliyyəti
İslam insanın qərar verməkdə və gələcəyini qurmaqda azadlığını və məsuliyyətini vurğulayır. Evlilik şüurlu və məsuliyyətli bir seçim olmalıdır ki, bu da tanıma, araşdırma, elmli və mömin insanlarla məsləhətləşmə, sonunda isə Allaha təvəkkül edib Ondan xeyir diləməklə (istixarə) həyata keçirilməlidir. Əsassız astronomik hesablamalara əsaslanmamalıdır.
Heç bir dini rəvayətdə «ulduzların uyğunluğu» və ya doğum aylarının uyğunluğu evlilik üçün etibarlı meyarlar kimi ən kiçik bir işarə belə yoxdur. Əksinə, bu cür yanaşmalar qəti şəkildə qadağan edilmişdir.
Nəticə olaraq, evlilikdə ulduzların təsirinə inanmaq elmi əsası olmayan və şəri baxımdan da etibarlı olmayan bir inancdır. Bu cür xurafatlara bel bağlamaq münasib evlilik fürsətlərini itirməyə, lazımsız narahatlıq və həddindən artıq düşüncəyə səbəb ola bilər.Həmçinin şüurlu seçim etmək məsuliyyətindən də azad ola bilər. Uğurlu evlilik göylərdə və ulduzların düzülüşündə deyil, yerdə düzgün seçim qarşılıqlı anlaşma, hörmət, məsuliyyətlilik və ən önəmlisi Allaha təvəkkül və onun köməyi ilə qurulur. Canlı olmayan ulduzlarda xoşbəxtlik axtarmaq yerinə, məntiqli, insanlıq və dini meyarlara fokuslanmaq, həyat yoldaşımızın ulduzunu öz əllərimiz və Allahın yardımı ilə işıqlandırmaq daha doğrudur.
İstinad: Tebyan
Xəbərin sonu.
Rəyiniz