*Qureyşin işgəncələrindən Siffeyn qılıncına qədər: Əmmar Yasirin cihadla dolu həyatı
Hövzə / Belə bir gündə, 37-ci hicri-qəməri ilində, səfər ayının doqquzunda, Əmirəl-möminin Əlinin (ə) sədaqətli silahdaşı Əmmar Yasir, 94 yaşında Siffeyn döyüşündə şəhid olmuşdur. Əmmar, İslam dininin öncül mücahidlərindən və Həzrət Peyğəmbərin (s) səmimi dostlarından biri olmuşdur. O, haqq yolunun bəsirət və sədaqət rəmzi sayılır.
Hövzə Xəbər Agentliyinin məlumatına görə, 37-ci hicri-qəməri ilində, səfər ayının doqquzunda, Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) sədaqətli silahdaşı Əmmar Yasir, 94 yaşında Siffeyn döyüşündə şəhid olmuşdur. O, zalım Müaviyə ordusunun qılıncı ilə yüksək şəhadət məqamına ucalmışdır.
Əbu Yəqzan Əmmar ibn Yasir Ənsi, Yəmənin Məzhəc tayfasından idi. Bu tayfa həm də Məkkənin məşhur Bəni Məxzum qəbiləsi ilə müttəfiq idi. O, Həzrət Peyğəmbərin (s) hicrətindən təqribən 57 il əvvəl Bəni Məxzum qəbiləsində dünyaya gəlmişdir. Allah Rəsulunun (s) Besətindən (peyğəmbərliyə çatmasından) sonra atası Yasir və anası Süməyyə İslamı ilk qəbul edən şəxslərdən olmuşlar. Onlar Məkkənin o çətin dövrlərində Allaha iman gətirib müsəlmanlığı ilk qəbul edənlərdən olduqları üçün, Qureyş müşrikləri tərəfindən çox dəhşətli işgəncələrə məruz qalmış və sonda, tab gətirə bilməyərək işgəncə altında şəhid olmuşdular.
*Həbəşistana və Mədinəyə hicrət
Əmmar Yasir, müşriklərin işgəncələrindən amanda qalmaq üçün bir qrup müsəlmanla birlikdə Həbəşistana hicrət etdi. Lakin Peyğəmbər (s) Mədinəyə hicrət edərkən, o da onunla birlikdə Mədinəyə gəldi. Mədinədə Quba məscidinin inşasında Həzrət Rəsulullahla (s) birlikdə iştirak etdi. Rəvayətə görə, Peyğəmbərimiz (s) Qubaya daxil olarkən, Əmmar namaz qılmaq üçün orada bir bina tikməyi təklif etdi və bu təklif Peyğəmbərimiz (s) tərəfindən qəbul olundu. Bu məscid İslamda inşa edilən ilk məscid idi və onu Əmmar tikmişdir. O, həmçinin Həzrət Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmişdir.
Peyğəmbər Əkrəmin (s) vəfatından sonra da Əmmar, Salman, Miqdad və Əbuzər kimi səhabələrlə birlikdə, İmam Əlinin (ə) vilayətinə bağlılığını qoruyub saxlayan azsaylı şəxslərdən biri kimi daim İmamla (ə) birgə olmuşdur. Elə buna görə, bəzi rəvayətlərdə bu şəxsləri müstəsna şəxslər kimi qeyd edirlər. Bu, Əmmarın fərqləndirici xüsusiyyətlərindən biridir ki, əksər insanlar vilayətdən üz döndərdiyi halda, o, vilayətə olan bağlılığını itirmədi və ictimai-psixoloji təzyiqlərdən təsirlənmədi. Onun bu xüsusiyyəti, zaman və şəraitdən asılı olmayaraq hamıya örnək ola biləcək bir nümunədir.
Peyğəmbər Əkrəm (s) də onun haqqında “Əmmar haqladır” ifadəsini işlətmişdir. Bu ifadə, “Əli haqladır və haqq da Əli ilədir; Əli hara getsə, həqiqət də onunla birgədir” kəlamına bənzəyir. Əmmar haqqında bu cür ifadənin işlədilməsi onun İmam Əli (ə) ilə birlikdə olması ilə əlaqədardır. Həzrət Peyğəmbər (s) öncədən xəbər vermişdir ki, Əmmar heç vaxt haqdan ayrılmayacaq.
Səqifə hadisəsindən sonra və ikinci xəlifənin dövründə İslam fəthləri başladı. Əmmar və Salman kimi şəxslər, xilafətdə səhv yolun yaranmasına baxmayaraq, müxtəlif bölgələrdə hökümət vəzifələrini qəbul etdilər. Salman Farsi Mədainin hakimi oldu, Əmmar isə hicri-qəməri 21-ci ildə qısa bir müddət üçün Kufənin rəhbərliyini öhdəsinə götürməyi qəbul etdi. Qeyd edək ki, digər məsum İmamların dövründə də buna icazə verilmişdi ki, layiqli şəxslər hökümət vəzifələrində yer tutub zülmün qarşısını alsınlar və şiələr zalım hakimiyyətə müraciət etdikdə, onların haqqını tələb edə bilsinlər.
Hər üç xəlifənin dövründə Əmmarın qeyrət və zülmlə müxaliflik xüsusiyyəti özünü aydın göstərmişdir. Məsələn, ikinci xəlifə ömrünün son anlarında altı nəfərlik bir şura təşkil etdikdə, Əmmar yenə də İmam Əliyə (ə) dəstək vermişdir. O, şura rəhbəri təyin olunmuş Əbdürrəhman ibn Oufa xəbərdarlıq etdi ki, əgər İmam Əli (ə) ilə beyət etsə, xalq arasında ixtilaf baş verməz. Lakin Əbdürrəhman ibn Ouf qəbilə meyllərinə əsaslanaraq, Osmanla beyət etdi.
Xəlifə Osman öldürüldükdən və İmam Əli (ə) xilafətə çatdıqdan sonra, Əmmar vilayətin ən önəmli müdafiəçilərindən biri olmuşdur. O və Qeys ibn Səd, beytül-mal işlərini idarə edən iki etibarlı şəxs idi. Həmçinin, təxminən 90 yaşında olmasına baxmayaraq, İmam Əli (ə) ilə birlikdə bütün döyüşlərdə iştirak edir, onun ordusunda sərkərdə və İmamın (ə) qüdrətli bir yardımçısı kimi çıxış edirdi.
İmam Muhəmməd Baqirdən (ə) belə nəql olunub ki, İmam Əli (ə) “Zu Qar” adlanan məntəqədən Cəməl döyüşü üçün Bəsrəyə tərəf hərəkət etdikdə, onunla birlikdə on iki min nəfər var idi. Həmin orduda Əmmar Yasir min nəfərlik sol qanadın, Malik Əştər isə min nəfərlik sağ qanadın komandanı idi.
Kufə hakimi Əbu Musa Əşəri, Cəməl döyüşündə iştirak etmək üçün əsgər göndərmədikdə, İmam (ə) onu vəzifəsindən azad etdi və oğlu İmam Həsəni (ə) Əmmar ilə birlikdə Kufəyə göndərdi. Onlar xalq qarşısında alovlu çıxışlar edərək təxminən 9600 nəfəri İmam Əlinin (ə) ordusuna cəlb etdilər.
*Əmmar Yasirin bəsirəti
İran İslam inqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Əmmar Yasirin fitnə zamanında xalqın bəsirətini artırmaqda oynadığı rolu belə izah edir:
“Siffeyn döyüşündə Əmmar Yasirin ən mühüm işlərindən biri həqiqəti çatdırmaq idi. Çünki qarşı tərəf, yəni Müaviyənin tərəfdarları müxtəlif təbliğat metodlarından istifadə edirdilər. Bu psixoloji müharibə qarşısında müqavimət göstərməyi özünə vacib bilən şəxs, məhz Əmmar Yasir idi. Belə rəvayət olunur ki, o, Siffeyn döyüşündə, at belində cəbhənin bir tərəfindən o biri tərəfinə, öz ordu sıraları arasında müntəzəm hərəkət edirdi. Bugünkü dillə desək, hər biri bir batalyon ya alay qədər olan qruplara tərəf gedir, onların qarşısında dayanaraq çıxış edir, onlar üçün bir sıra həqiqətləri açıqlayırdı. Hər hansı bir qrupun daxilində ixtilaf ya tərəddüd üzündən çəkişmə yarandıqda, dərhal ora gedib çıxış edir, aydınlaşdırır və tez bir zamanda bütün dolaşıq düyünləri açırdı.”
*Əmmar Yasirin şəhadəti
Rəvayət olunur ki, Siffeyn döyüşündə şəhadətə çatmazdan öncə, Əmmar bərk susamışdı. Su istədikdə, bir nəfər ona dedi: “Burada su yoxdur.” Elə bu vaxt “Raşid” adlı bir oğlan uşağı onun üçün bir qab süddən düzəlmiş şərbət gətirdi. Əmmar ona belə dedi: “Mən dostum Allah Rəsulundan (s) belə eşitmişəm: ‘Bu dünyadan ayrılmaq vaxtın çatanda, son ruzin bir qab süd olacaq.’”
Əmmar südü içdikdən sonra, yenidən düşmənə hücum çəkdi. Bu, onun etdiyi çoxsaylı hücumların ən sonuncusu oldu. Nəhayət, Müaviyənin ordusundan olan Əbul-Adiyə Fəzari və İbn Cun Səkuni adlı iki nəfər ona tərəf hücum çəkdi. Əvvəlki ona möhkəm bir zərbə endirdi və Əmmar yerə yıxıldı, ikincisi isə onun başını bədənindən ayırdı. Maraqlıdır ki, sonradan bu iki şəxs mükafat almaq üstündə bir-birilə mübahisə etməyə başladılar və hər biri iddia edirdi ki, Əmmarı məhz o, öldürüb. Onların sözlərini eşidən Əmru As belə dedi: “Allaha and olsun ki, bu iki nəfər yalnız cəhənnəm odu üstündə bir-birilə mübahisə edir.”
Əmirəl-möminin Əli (ə) şəhidlərin arasında Əmmarın cənazəsini gördükdə, göz yaşları içində belə buyurdu:
“İnnə lillahi və innə iləyhi raciun – Hər kim Əmmarın öldürülməsini böyük saymasa və onun şəhadətinə kədərlənməsə, İslamdan bir payı yoxdur.”
Sonra özü şəxsən onun cənazəsinə namaz qıldı və vəsiyyətinə əsasən, onu döyüş geyimində dəfn etdi.
Əmmarın Siffeyn döyüşündə Müaviyənin qoşunu tərəfindən şəhid edilməsi, tarix boyu həmişə Müaviyənin danlanmasına səbəb olmuş və bu döyüşdə İmam Əlinin (ə) haqlı olmasının sübutlarından biri sayılmışdır. Bu məsələnin əsas səbəbi Həzrət Peyğəmbərdən (s) nəql olunan məşhur bir hədisdir. Həmin hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur ki, Əmmarı qətlə yetirən dəstə - “baği” (yəni adil İmamın itaətindən çıxmış) və azğın bir dəstə olacaq.
Əmmarın məzarı Suriyanın şimalında yerləşən Rəqqə bölgəsindədir. Onun məqbərəsinin yaxınlığında Siffeyn döyüşünün digər şəhidlərindən olan Üveys Qərəni və Ubey ibn Qeys də dəfn olunmuşdur.
Hicri-qəməri tarixilə 1434-cü ilin Ramazan ayının 21-də (miladi təqvimlə: 2013-cü il, iyul ayının 30-da), müqəddəs Qədr gecəsinə təsadüf edən bir zamanda, Suriyada Rəqqə vilayətini ələ keçirən təkfirçi qruplar, Əmmar Yasir və Üveys Qərəninin hərəminə hücum edərək onun həyətini mərmi atəşləri ilə dağıtmış və müntəzəm raket zərbələri ilə türbənin divarlarının bəzi hissələrini uçurmuşlar. Daha sonra hicri-qəməri tarixilə 1435-ci ilin Cəmadiul-ula ayının 24-də (26 mart 2014-cü il), İŞİD türbənin iki minarəsini partladaraq dağıtdı. Nəhayət, həmin ilin Rəcəb ayının 15-də (15 may 2014-cü il), bu ziyarətgahı tamamilə yer üzündən sildilər.
Mənbələr:
- KHAMENEI.IR. İran İslam Respublikasının Ali Rəhbərinin rəsmi veb saytı. https://khamenei.ir
2. “Biharul-Ənvar”, Əllamə Məclisi, Cild 68, səhifə 158.
("بحارالأنوار" علامه مجلسی، ج۶۸، ص۱۵۸)
- “İmam Əli (ə) Ensiklopediyası”, Əli Əkbər Rəşad, Cild 8, səhifə 524.
(دانشنامۀ امام علی علیهالسلام علیاکبر رشاد، ج۸، ص۵۲۴)
- “Xəlifələrin Tarixi (Peyğəmbərin (s) vəfatından Üməviyə dövlətinin süqutuna qədər)”, Rəsul Cəfəriyan, Cild 2, səhifə 263.
(تاریخ خلفاء رسول جعفریان، ج۲، ص۲۶۳)
- “Əxbərut-Tival”, Dinəvəri, səhifə 147.
(اخبار الطوال دینوری، ص۱۴۷)
- “Ğədir”, Əllamə Əmini, Cild 9, səhifə 21.
(الغدیر علامه امینی، ج۹، ص۲۱)
- “Əbədiyyət nuru”, Ayətullah Cəfər Sübhaninin əsəri.
(فروغ ابدیت آیتالله سبحانی)
- İslam Ensiklopediyası – İran İslam Ensiklopediyası Mərkəzi tərəfindən tərtib olunmuş elmi mənbə.
("دانشنامه اسلامی")
Rəyiniz