Ağıl təkbaşına bizi İlahi əxlaqa çatdıra bilərmi?
Hövzə / Həqiqi ağıl, İslam Peyğəmbərinin (s) müqəddəs varlığı hesab olunur. O, İlahi və nurani əxlaqi sifətlərin mənbəyidir. İnsan yalnız ona bağlanmaqla gözəl əxlaqa – “əxlaq-i kərimə”yə çata bilər. Deməli, ağıl təkbaşına kifayət etmir. İlahi əxlaq yalnız Peyğəmbərimizə (s) tabe olmaqla və onun müqəddəs varlığı ilə bağlılığı gücləndirməklə əldə oluna bilər.
Hövzə Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının Xubriqan Məclisinin üzvü, Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Mirbaqiri, bir çıxışında “Əxlaq elminin ağıl və cəhalətlə münasibəti” mövzusunda söhbət edib. Həmin söhbəti sizə təqdim edirik:
Bağışlayan və Mehriban Allahın adı ilə.
Tarix boyu hətta dünyəvi və qeyri-İlahi yanaşmaya malik filosoflar da əxlaq haqqında fikirlər irəli sürüblər. Onlar, “yaxşı” və “pis” əxlaq anlayışlarını izah edərək, fəzilətlərə çatmaq və rəzil sifətlərdən qurtulmaq yollarını göstəriblər.
Məsələn, qədim yunan filosofları peyğəmbərlərin hidayət sistemi ilə fərqli olan, lakin ateist də sayılmayan düşüncələrə və müəyyən bir əxlaq məktəbinə sahib idilər. Onlar insanları əxlaqi fəzilətlərə dəvət edir, “yaxşı” və “pis” əxlaqın nə olduğunu izah edirdilər. Bu tarixi proses, sonradan İslam dünyasında və yeni formalaşan müxtəlif əxlaq məktəblərində də davam etdirilmişdir.
*İlahi əxlaq, yəni bəndəliyə dəlalət edən sifətlər – yalnız nurani ağlın ardınca getməklə formalaşa bilər.
Bu söhbətin məqsədi Uca Allaha iman və Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinin (ə) vilayətinə etiqad əsasında gözəl əxlaqın mahiyyətini anlamaq və ona çatmaq yolunu aydınlaşdırmaqdır. Əsasən, bu kontekstdə “Ağıl və cəhalət (nadanlıq) hədisi” gözəl və rəzil əxlaqi xüsusiyyətləri izah edən əsas mənbələrdən hesab olunur. Bu hədis, yaxşı və pis sifətləri Uca Allah tərəfindən yaradılmış məxluqlar kimi təqdim edir və izah edir ki, bu sifətlər nə üçün yaradılmışdır və biz bu sifətlərə necə çata bilərik.
Beləliklə, bu hədisdə əsas söhbət “yaxşı” və “pis” əxlaqi sifətlərin nəzəri bir anlayış olmasından əlavə, onların bir məxluq obrazında canlanmasından gedir – bu proses “təxəllüq” (yəni bu sifətləri əxz edib öz nəfsində yaşatmaq) adlanır. Belə ki, insan bu məxluqları özündə yaradaraq onları canlandırır və öz daxilində daşımağa başlayır. Onun daxilində tam fərqli və bir-birinə zidd olan varlıqlar yaşayır: ya Allah-Təalanın sevdiyi və övliyaları vasitəsilə tövsiyə edilən, yaxud da nəfsani meyllərinə uyub şeytanı təqlid edən.
Bu hədisdə deyilir ki, Allah-Təala ilk olaraq ağıl və cəhaləti fərqli və müxalif keyfiyyətlərə malik olan iki varlıq kimi yaratmışdır.
Ağıl, İlahi Ərşın sağ tərəfindən, nur və işıq formasında yaradıldı. Cəhalət isə acı və şor bir dəryadan, zülmət və qaranlıq olaraq yaradıldı. Hər ikisinin fitrətində həm itaət, həm də üsyan imkanı vardı. Allah onlara iki əmr verdi: “İqbal” və “idbar”, yəni “Ona yönəlmək” və ya “Ondan üz çevirmək”. Ağıl bütün varlığı ilə Allaha itaət etdi – fərqi yox idi, yönəlmək və ya dönmək əmri olsun, əsas olan “Allaha tam itaət” idi. Cəhalət isə yalnız üz çevirmə əmrinə (“idbar”) əməl etdi, Allaha yönəlməyi qəbul etmədi.
Böyük alimlərin şərhinə görə, peyğəmbərlər Allah-Təalaya “qürbət” (Ona yaxınlıq) və “vüsal” (Ona qovuşma) mərtəbəsinə çatdıqda, çətin olsa da, xalqa tərəf qayıdıb onları hidayət etmə missiyasını yerinə yetirirlər. Çünki bu, onlara verilən İlahi “idbar” əmridir.
*Peyğəmbərlər daima Allahın itaətindədirlər, nəfslərinin deyil
Bütün peyğəmbərlər öz vəzifələrinə məsuliyyətlə yanaşmış və heç bir peyğəmbər risalətə (peyğəmbərlik vəzifəsinə) seçildikdən sonra, bu ağır və məsuliyyətli missiyadan yayınmamışdır. Onlar xalqa doğru qayıdıb onları düzgün yola çağırmaqdan heç zaman boyun qaçırmamışlar.
Misal üçün, Musa peyğəmbəri (ə) göstərək. Həzrət Musa (ə) illərlə səy və axtarışdan sonra Tur dağında öz məqsədinə çatdı. Rəvayətdə deyilir: “Orada ki, ümid yoxdur, həqiqi ümid elə oradadır.” (“کلّ ما ترجو لا یرجع”)
Həzrət Musa (ə) od gətirmək üçün dağa getdi, amma nəticədə peyğəmbər oldu. O, Allahla danışmaq istəyi ilə yaşayırdı, buna görə də “kəlimullah” (Allah-Təala ilə danışan) məqamına yüksəldi. Bununla yanaşı, xalqa doğru qayıdıb onları haqqa dəvət etməklə (risalətlə) vəzifələndirildi.
Musa (ə) bu missiya ilə xalqa tərəf dönərkən yenə narahat idi ki, bəlkə məxluqlarla başı qarışdığından batini və qəlbi Allahdan uzaqlaşar. Yəni xalqa yönəldikdə belə, daim diqqəti Allahda qalmalı və dünyaya bağlanmamalı idi. İnsanın bu məqamda özündə heç bir böyüklük, dəyər, izzət görməməsi vacibdir. Bütün vücudu ilə Allaha səcdə etməli və yalnız Onu görməlidir.
Nə üçün bəzən məkruh (bəyənilməyən) əməlləri etmək də təhlükəli sayılır?
Məkruh əməl haram olmasa da, onu yerinə yetirmək özünü böyük görmək, Allahın əmri qarşısında “mən də varam” deməkdir. Məsələn:
- Bir yemək məkruhdursa, yenə də yeyirsənsə – Allahın xoşuna gəlmədiyi şeyi seçdiyin üçün özünü Allahın əmrinə qarşı üstün tutursan.
- Yaxud müəyyən saatda yatmaq məkruhdursa, yenə də yatırsansa – “mən daha yaxşı bilirəm” düşüncəsi ilə Allahın əmrini ikinci plana atırsan.
Bu, nəfsin gizli “böyüklük” ardınca gəzməsidir və əxlaqi cəhətdən təhlükəli sayılır.
*Ağıl kimdir, cəhalət kimdir?
Ağıl – əziz İslam Peyğəmbərinin (s) şəxsiyyətidir.
Cəhalət – İblis ya şeytandır. İki növ ola bilər: insan və cin.
Allah bu iki varlığı yaratdıqdan sonra onlara lazımi “qüvvələri” və öz ordularını verdi:
- Ağıla bəndəlik üçün lazımi mənəvi qüvvələr.
- Cəhalətə isə şeytani qüvvələr.
- Hər birinə 75 ordu.
Cəhalət gerçək bir varlıqdır və daim ağılla mübarizədədir. Cəhalət özünü ağılla eyni səviyyədə görür. Dünya bu iki qüvvənin – ağıl və cəhalətin – toqquşması üzərində qurulmuşdur.
* İlahi əxlaqa sahib olmaq - yalnız Həzrət Peyğəmbərə (s) tabe olmaqla mümkündür
Əslində, ruhi qüvvələr cismani qüvvələrdən qat-qat mühüm və təsirlidir. Əgər insan ruhi qüvvələrdən məhrum olsa, onun bədən qüvvələri də fəaliyyətsiz qalacaqdır. Təsəvvür edin ki, bir insanda nə sevgi, nə qorxu, nə də ümid olmasın, bu halda onun bütün zahiri əməlləri də iflic olar. Beləliklə, ruhi və batini qüvvələr əsas və təməl rol daşıyır.
Biz var gücümüzlə özümüzü ağla yaxınlaşdırmağa, cəhalətdən uzaqlaşdırmağa çalışmalıyıq. Amma bu “ağıl” sadəcə bizim şəxsimiz deyil – Peyğəmbərimizin (s) müqəddəs zatıdır. Onun müqabilində isə cəhalət, yəni İblis durmuşdur.
Bu iki qüvvə daim qarşıdurmadadır:
- Ağıl – itaət, ibadət və əxlaqı yaymaq istəyir.
- Cəhalət – itaətdən uzaqlaşdırmaq, fəsadı yaymaq istəyir.
Əgər bir insan Peyğəmbərimizlə (s) əlaqəsi olmadan öz gücü ilə gözəl əxlaqa sahib olmaq istəyirsə, aldanma ehtimalı çox yüksəkdir.
Məsələn:
- “Mən təkbaşına nəfsimi tərbiyə edib həsədi aradan qaldıracağam və dünyaya olan məhəbbətimi kəsəcəyəm” – deyən insan, əgər bunu Peyğəmbərə (s) bağlı olmadan edirsə, şeytan onu aldada bilər.
Zöhd (dünyadan uzaq durmaq) də dünyada mövcud olan ləzzətlərdən imtina etməklə əldə olunmur. Bir çox insanlar daha böyük ləzzətə çatmaq üçün müvəqqəti ləzzətdən keçirlər – bu, zöhd yox, dünyanın bəzi məqamlarını əldə etmək üçün, bir başqa məqamlarından imtina etməkdir və bir növ yenə dünya ticarətidir. Bunun timsalını hind murtazlarında (asketlərdə) görə bilərik. Onlar dünvəyi ləzzətlərdən xüsusi qüvvə və nüfuz əldə etmək üçün imtina edirlər. Buna görə səbir fərqli tərif oluna bilər: itaətdə səbir və dünyəvi ləzzətlərə sərhəd qoymaqda səbir.
Bu səbəblə, əxlaq yolunun əsas məhvəri tövhid olmalıdır. Gözəl əxlaq əslində, insan ruhunda Allah qarşısında bəndəliyin təcəllisidir. Lakin bu sifətlər müstəqil şəkildə yaradılmamışdır. Uca Allah bütün bu sifətləri Həzrət Peyğəmbərin (s) şəxsiyyətində qərar vermişdir. Bunun müqabilində, cəhalətə aid sifətlər şeytanın qüvvələrindəndir və Həzrət Peyğəmbərlə (s) qarşıdurma içindədir. Əgər Aşura hadisəsinin zahirinə baxsanız, qılınclar və nizələr görərsiniz. Lakin bir az düşünməklə anlayarsınız ki, əslində qarşıdurma sifətlərin savaşıdır. Qəzəb və şəhvət kimi rəzil sifətlər, Rəhmani sifətlərlə mübarizədədir. Ühüd döyüşünün də batinində, əsl savaş İblisin və onun sifətlərinin İlahi sifətlərlə mübarizəsidir.
Həqiqi zöhd və səbir nədir?
-
- Həqiqi səbir, İlahi itaəti həyatı boyunca tərk etməməkdir.
- Allah-Təalanın yolunda müqavimətlə dayanmaq və Onun sevgi dairəsindən heç zaman xaric olmamaqdır. Digər cazibələrin onu bu İlahi mədardan çıxarmasına icazə verməməkdir.
Bu səbir, İslam Peyğəmbərinin (s) müqəddəs vücudunda yerləşmişdir və bizi əxlaqın zirvəsinə doğru aparır.
*İnsanın daxilindəki mübarizə – İlahi sifətlərlə şeytanın vəsvəsələri arasında insanın vücudunu ələ keçirmək uğrunda savaşdır
Həzrət Peyğəmbər (s) bu savaşda iştirak edir. O istəyir ki, öz sifətlərini bizə bəxş etsin ki, biz o sifətlərin daşıyıcısı olaq. Beləliklə, bu sifətlər vasitəsilə Allahı tanıyaq və Ona məhəbbət duyaq. Bu sifətlərin nuru ilə bəndəliyin müxtəlif ləzzətlərini dadaq: səbirin ləzzəti, təvəkkülün ləzzəti, yəqinin ləzzəti – yəni bəndəliyin bütün gözəlliklərini.
Bunun qarşısında isə şeytan çalışır ki, bizi bütün varlığımızla azğınlığa yönəltsin. Təkcə həsəd və xəsisliklə yox, bir çox rəzil sifətlərlə, bizi geniş şəkildə günaha çəkmək məqsədi güdür. O istəyir ki, insanın bütün vücuduna sahib çıxsın. Bəzən insan Allahın ona verdiyi güc və imkanları şeytana təslim edir. Şeytan vəsvəsə edir və insan da bu vəsvəsəyə boyun əyir. Belə olduqda, insanın varlığı şeytan tərəfindən fəth olunmuş olur.
Bu, məhz Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-Bəlağə”kitabında buyurduğu kimidir: “Elə insanlar var ki, şeytan onların qəlbində yumurta qoyur, canlarında övladlarını böyüdür və onların qüvvələri üzərində hökmranlıq edir”.
Bir rəvayətdə deyilir ki, şeytan hər bir mömin üçün Rəbiə və Müzər qəbilələri böyüklüyündə bir orduya malikdir. Bir mömin dünyasını dəyişəndə, o ordu azad olur və başqalarını ovlamağa yönəlir. Bu, sanki böyük casus təşkilatlarının bir şəxsin düşüncə və iradəsinə nəzarət etmək üçün qurduğu şəbəkələrə bənzəyir.
Bu cür mübarizə güc, iman və möhkəmlik tələb edir. Əgər insan bu mübarizədə tamamilə tək olsaydı, mütləq şəkildə şeytana məğlub olardı. Lakin Allah bizi tək qoymayıb. Necə ki, Adəm peyğəmbərə (ə) buyurmuşdur: “Mən sizi tək buraxmaram”.
Batini aləmimizdə hidayət axını daim yanımızdadır. Əmirəlmöminin (ə) batində Həzrət Peyğəmbərlədir (s). Peyğəmbərimiz (s) isə bütün peyğəmbərlərlə birlikdədir. Əgər bu belə olmasaydı, heç kim şeytanın şərindən salamat qala bilməzdi. Şeytan Allah-Təala qarşısında təkəbbür göstərmişdir. Bu bir xəstəlikdir və yoluxucudur; onu bizə də sirayət etdirmək istəyir. Əgər biz daxili aləmimizdə zəiflik göstərsək, cəhalət və şeytani sifətlər bizə hakim olur: vəsvəsə və boş vədləri gözəl göstərməklə.
Şeytan. qəlbimizdə həsəd, tamah və kin yaradaraq, bizim daxili qüvvələrimizdən istifadə edir. Beləliklə, gözümüz, qulağımız, dilimiz onun ixtiyarına keçir. Belə bir vəziyyətdə – rəvayətdə deyildiyi kimi – şeytanın ordusu bizim qüvvələrimizdə yer alır. Yəni, o bizim gözümüzlə baxır, bizim dilimizlə danışır. İnsan şeytanın danışan dilinə çevrilir. Əgər kimsə bu danışan “şeytanın” sözlərinə diqqətlə qulaq assa, o zaman həmin danışana ibadət etmiş olur. Əgər bu danışan şeytan tərəfindən yönləndirilirsə, qulaq asan insan şeytana ibadət etmiş olacaq. Yox, əgər danışan həqiqəti danışırsa, deməli, o insan, Allaha ibadət etmiş olacaq.
*Yalnız Peyğəmbərimizlə (s) əlaqə qurmaqla gözəl əxlaqa yiyələnmək olar
Əgər varlığımız Peyğəmbəri Əkrəmin (s) nurunun yayılma məkanına çevrilsə, onun bəndəlik nurunun təzahürləri bizim daxilimizdə zühur edər. Tədricən, daxilimizdə gözəl sifətlər yaranar. İnsan təvəkkül və yəqin əhli olar. Bütün gözəl əxlaqi sifətlər – o cümlədən səbir və razılıq – Allah-Təalaya olan məhəbbətimiz mehvərində təşəkkül tapır. Rəsul Əkrəm (s) yeganə varlıqdır ki, İlahi sifətlər ona kamil şəkildə bəxş olunub və bu sifətləri bəndələrə ötürmək istəyən yeganə şəxsiyyətdir. Necə ki, İblis çalışır insanları öz ixtiyarına alsın, Rəsul Əkrəm (s) də insanları özünə cəlb etməyə və onlarla birlikdə Allah qarşısında səcdəyə düşməyə məmur edilmişdir.
Bütün peyğəmbərlərin əxlaqı, Rəsul Əkrəmin (s) əxlaqının aşağı mərtəbələrinin təzahürüdür. O müqəddəs zat, İlahi əxlaqın tam təcəllisidir. Necə ki, günəş sistemində yalnız bir günəş vardır və bütün evlərə o işıq saçır, Rəsul Əkrəmin (s) əxlaq sifətləri də belədir. Yalnız pəncərəni günəşə doğru açmaq kifayətdir.
Əgər kimsə varlığının binasını Rəsulallahın (s) əxlaqı əsasında qurarsa, onun əxlaqı həmin insanda zühur edər. Əgər insan onunla bağ qurmayaraq riyazətə çalışsa, bu, yeri qazıb günəş işığına çatmağa çalışmaq kimi mənasızdır. Yol - pəncərəni nura açmaqdır.
Deməli, bu düşüncə yanlışdır ki, güya Rəsul Əkrəm (s) olmadan da gözəl əxlaqa nail olmaq olar. Əgər o zat olmasaydı, heç kəs bu sifətlərə yetişə bilməzdi. Çünki bu, qaranlıq gecədə nur axtarmağa bənzəyir.
Bəli, bu izahlarla aydın olur ki, Peyğəmbəri Əkrəmin (s) nuru varlığımıza daxil olduqda, cəhl və şeytan ordusu ilə qarşıdurma baş verir, lakin bununla yanaşı, heyrətamiz və nurani təcəllilər də yaşanır.
*Əsas məsələ budur: Biz nə etməliyik? Əxlaqi sülukda Peyğəmbəri Əkrəm (s) mehvərli yol necədir?
Əllamə Təbatəbainin izahına görə, Qurani-Kərim bizi tövhidi əxlaqa dəvət edir; yəni Allah-Təalaya olan eşq vasitəsilə rəzil sifətlər aradan gedir və gözəl sifətlər yaranır. Bu, tövhidi əxlaqın əldə olunması üçün qısa bir yoldur.
Əlbəttə, gözəl sifətləri bizə Peyğəmbəri Əkrəm (s) şəxsən ərməğan gətirirsə də, amma bu, bizim bu işdə rolumuzun olmaması anlamına gəlmir. Yəni, bizim bu işdə payımız sıfır deyil. Tövhid yolunda insan o mərhələyə yetişməlidir ki, artıq cənnət və cəhənnəmə olan meyl və qorxusunun fövqünə keçib, yalnız Allahı istəsin.
Deməli, birincisi, başa düşmək lazımdır ki, əxlaqın mərkəzi Peyğəmbəri Əkrəmin (s) səcdəsidir. İkincisi, belə düşünmək olmaz ki, o müqəddəs zat bizi şeytanla savaş meydanında tək qoymuşdur. Əgər belə olsaydı, heç kəs şeytanın tələsindən qurtula bilməzdi. Peyğəmbəri Əkrəm (s) özü də bu savaşın içindədir. Necə ki, Əmirəl-möminin Əli (ə) Qasiə xütbəsində buyurur: Peyğəmbəri Əkrəmə (s), Hira mağarasında vəhy nazil olanda, şeytanın fəryadını eşitdim. Şeytan, Peyğəmbəri Əkrəmin (s) besəti zamanı ümidsiz oldu. Bildi ki, artıq insanları bəndəlikdən yayındıra bilməyəcək.
Şeytana qalib gəlmək bizim döyüşümüzlə deyil, Peyğəmbəri Əkrəmin (s) döyüşü ilə baş tutur. O zat, bəlaların müqabilində səbir edərək, dünyanı gözəl əxlaqa doğru yönəltmişdir. Bütün peyğəmbərlər də tövhidi sülukun ali mərhələlərində Peyğəmbəri Əkrəmin (s) bəla vadisinə daxil olmalıdırlar. İstər İmam Hüseyn (ə) olsun, istər İbrahim (ə), Musa (ə) və ya Nuh (ə) peyğəmbərlər, hamısı Kərbəla vadisində Allah-Təalanın dərgahına yaxınlıq məqamlarına yetişmişlər.
*Peyğəmbərimizə (s) məhəbbət bəsləmək və düşmənlərindən uzaqlaşmaq – əxlaqın əsasını təşkil edir
Əgər biz desək ki, əxlaq, ya şeytanın insan üzərində hökmranlığının genişlənməsidir, ya da Peyğəmbəri Əkrəmin (s) nurunun insan vücudunda yayılmasıdır - bu ifadə çox aydın məna kəsb edər. Yəni, ya Rəsulullahın (ə) nurani sifətləri insanın qəlbinə daxil olur, ya da şeytanın qaranlıq sifətləri onu öz təsiri altına alır.
Məhz buna görə də, əxlaqi inkişaf yolunun əsas sütunlarından biri “təvəlla” (Peyğəmbərimizə (s) və onun pak Əhli-beytinə (ə) məhəbbətimizi bəyan etmək) və “təbərra” (onların düşmənlərindən uzaq durmaq və onlara nifrət etmək) anlayışlarıdır. Bu o deməkdir ki, insan, Rəsulullaha (s) və İlahi övliyaların vilayətinə nə qədər çox məhəbbət bəsləsə və onlara bağlı olsa, eyni səviyyədə şeytandan, cəhalətdən və Peyğəmbərimizin (s) düşmənlərindən də bir o qədər uzaq durmalı və onlara nifrət bəsləməlidir. Bu təbərra və uzaqlaşma, nəfsin pis sifətlərdən təmizlənməsi üçün zəruri bir müqəddimədir. Peyğəmbəri Əkrəm (s) və Əhli-Beyt (ə) irfanında, onların düşmənlərindən təbərra etməyə bu qədər çox təkid olunmasının səbəbi də elə budur.
Qurani-Kərim də bu məsələyə ciddi şəkildə yer ayırmışdır. Müxtəlif ayələrdə xəbərdarlıq edilir ki, möminlərin sifətləri, kafirlərin və Peyğəmbərin (s) düşmənlərinin sifətləri ilə qarışmamalıdır. Qurani-Kərim xəbərdarlıq edir ki, onlara gizli şəkildə meyil göstərməyin və qəlbinizi onlara bağlamayın. Buna “fəttanə”, yəni gizli dostluq deyilir.
Çünki, əgər təbərra natamam olarsa, bu natamamlıq insanın qəlbinə düşmən sifətlərinin nüfuz etməsinə yol açar. Hətta Qurani-Kərimin bəzi ayələrində Allah-Təala və İlahi övliyaların düşmənlərinə lənət oxumağa dəvət olunur. Bu lənət, şəxsi kin və qəzəbdən deyil, qəlbin təmizliyini qorumaq və onların batini sifətləri ilə qarışmamaq üçündür. Əks halda, əxlaqi inkişaf yolu natamam qalar və insan öz son məqsədinə çata bilməz.
Beləliklə, bu hissədə vurğulanan əsas məqam budur ki, təvəlla və təbərra, İslam əxlaq sisteminin iki əsas sütunudur. Bu iki əsas, digər əxlaq məktəblərində gözə dəymir. Əgər müxtəlif fəlsəfi-əxlaqi məktəblərin kitablarına nəzər salsaq, görərik ki, bu iki prinsip onların əsaslarında mövcud deyil.
Halbuki İslam əxlaqında, Peyğəmbəri Əkrəmə (s) məhəbbət (yəni, təvəlla) – İlahi əxlaq dünyasına daxil olmaq üçün zəmin yaradır, təbərra isə şeytani sifətlərin vücudumuza daxil olmasının qarşısını alır. İnsan, Rəsulullahın (s) düşmənlərindən təbərra etdikdə, əslində onların sifətlərinin öz qəlbinə yol tapmasına mane olur və bu yolu düşmənlərin üzünə bağlayır.
Necə ki, “Ağıl və cəhalət” hədisində İmam (ə) buyurur: “Ağıl və cəhaləti və onların qoşunlarını tanıyın.” Yəni, insan, ağıl və cəhalətin bu dünyadakı təzahürlərini tanımalı və onlara qarşı əxlaqi mövqe tutmalıdır. Bu tanıma olmadan nəfsin islahı və paklanması yoluna qədəm qoymaq çox çətin olacaqdır.
Rəyiniz