Hövzə Xəbər Agentliyinin məlumatına görə, müasir medianın, xüsusilə də rəqəmsal platformalar üzərindən fəaliyyət göstərən media vasitələrinin funksiyalarından bəhs edərkən, ən mühüm və geniş istifadə olunan istiqamətlərdən biri məhz əyləncə yönümlü məzmunların təqdim olunmasıdır. Elə müasir dövr mediasının əsas funksiyalarından biri də bu sahəyə diqqət yetirməkdir.
Lakin qeyd edilməlidir ki, rəqəmsal məkanda əyləncə yaratmaq dedikdə, əsasən onlayn platformalarda istifadəçilərə təqdim olunan maraqlı və əyləncəli məzmunlar və fəaliyyətlər nəzərdə tutulur. Bu kateqoriyaya onlayn oyunlar, videolar və vizual məzmun o cümlədən yumoristik kliplər, tədris videoları, filmlər və seriallar eləcə də sosial şəbəkə fəaliyyətləri daxildir. Sosial şəbəkələrin özü də foto və video paylaşımı, yazışma imkanı və digər şəxsləri izləmək kimi funksiyalarla əyləncə vasitəsi kimi çıxış edir.
Bundan əlavə, podkastlar və audio məzmunlar, interaktiv materiallar, onlayn alış-veriş platformaları və həmçinin əyləncəli öyrədici məzmunlar da bu sahəyə daxildir. Xüsusilə də müasir dövrdə video dərslər, oyunlar və interaktiv tətbiqlər vasitəsilə öyrənmə geniş şəkildə istifadə olunmaqda və cəmiyyətin müxtəlif təbəqələri arasında yayılmaqdadır.
Faydalı və zərərli əyləncələrin təhlili
Media və kommunikasiya sahəsində tədqiqatçı Məhəmməd Rza Salmani qeyd edir ki, virtual məkan hər nə qədər qarşılıqlı ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda ailə üzvlərinin bir-birindən uzaqlaşmasına da səbəb olmuşdur. Onun sözlərinə görə, əgər rəqəmsal məkandakı əyləncə fəaliyyətləri fərdin və ailənin mədəni inkişafına xidmət edirsə, bu, dəyərli və qənaətbəxş hesab oluna bilər. Lakin həmin fəaliyyətlər yalnız vaxt itkisinə səbəb olur və şəxsi inkişafı təşviq etmirsə, onları faydalı vasitə kimi qiymətləndirmək olmaz. Bu səbəbdən də bu sahənin mümkün zərərləri yaxşı tanınmalı və onlardan uzaq durulmalıdır.
O əlavə edib ki, bu gün insanların əksəriyyəti virtual məkanda aktiv şəkildə iştirak edir və bu mühit onların gündəlik həyatında mühüm rol oynayır. Nəticədə insanlar bu məkanla o qədər məşğul olurlar ki, ailəyə yönəlik diqqət və münasibətlər zəifləyir. Beləliklə, ailə daxilində ünsiyyət və dialoq kimi əsas sosial əlaqələr aradan qalxır, övladlar ailədən və xüsusilə də valideynlərindən uzaqlaşaraq tamamilə bu virtual məkana qapılırlar. Bu proses isə labüd olaraq sosial və psixoloji zərərlərin artmasına səbəb olur.
Cənab Salmani əlavə edir ki, hazırkı həssas dövrdə virtual məkan, xüsusilə də gənc nəslin davranış və düşüncə tərzinə ciddi təsir göstərir və cəmiyyəti getdikcə daha çox fərdiyyətçiliyə doğru aparır. Halbuki, düzgün baxış və məqsədyönlü istifadə ilə bu texnologiya və media vasitələri həm cəmiyyətin, həm də ailənin daxilində sosial həmrəyliyi gücləndirə biləcək imkanlara malikdir.
Rəqəmsal asılılığın nəticələrinə diqqətli yanaşmalıyıq
Təhsil Nazirliyinin tərbiyə işləri üzrə baş direktoru Əmir Təcəlliniya virtual məkanın uşaqlar üçün doğurduğu təhlükələr və mümkün zərərlər barədə verdiyi açıqlamada bildirib: Hazırda şagirdləri ən çox təhdid edən məsələ onların virtual məkanda sərhədsiz və nəzarətsiz zaman keçirməsidir. Bu vəziyyət həm biz təhsil məsuliyyətliləri, həm də valideynlər üçün ciddi narahatlıq doğurur. Bu narahatlıq bəlkə də bir cümlə ilə belə ifadə oluna bilər: rəqəmsal asılılıq.
O, şagirdlərin virtual məkanda orta hesabla neçə saat keçirdiklərinə dair statistik məlumatın olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: Hazırda konkret bir statistika mövcud deyil, lakin bilirik ki, davamlı istifadə bir çox mənfi nəticələrə yol açır. Məsələn, bunlardan ən önəmlisi vaxt itkisi məsələsidir. Şagirdlər dəyərli vaxtlarını saatlarla virtual məkanda keçirməklə israf edirlər. Valideynlər haqlı olaraq bu vaxtın daha faydalı və məhsuldar işlərə sərf olunmasını istəyirlər. Bundan əlavə, yalnız vaxt itkisi deyil, həddindən artıq istifadə bədən sağlamlığı baxımından da zərərlidir. Az hərəkətlilik və piylənmə minimal təsirlərdirsə, onurğa disklərində ciddi problemlər və görmə qabiliyyətinin zəifləməsi kimi fəsadlar da mümkündür.
Əmir Təcəlliniya həmçinin vurğulayıb ki, valideynləri narahat edən başqa bir mühüm məsələ də budur: şagirdlər virtual məkanda nə ilə qarşılaşırlar və nə izləyirlər? Bu, dünya ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə də gündəmdə olan bir məsələdir. Bir sıra mexanizmlər hazırlanıb ki, bu vasitə ilə şagirdlərin sosial təhlükələrlə qarşılaşmasının qarşısı alınsın və onların istifadəsi müəyyən məhdudiyyətlərlə tənzimlənsin.
Zərərlərdən qorunmaq üçün yanaşmalar
Cənab Təcəlliniya əlavə edib: Əgər biz uşaqların və yeniyetmələrin gündəlik proqramlarında sevinc, hərəkətlilik, fiziki aktivlik və ailə ilə vaxt keçirməyə üstünlük verə bilsək, bu, onların virtual məkanda həddən artıq və nəzarətsiz şəkildə iştirak etməsinin qarşısını almağa yardımçı olar. Məntiqli yanaşma odur ki, mobil telefon və internetdən istifadəni tamamilə qadağan etməyək, əksinə, uşaqlar üçün konkret qaydalar və protokollar müəyyən edək.
O nümunə olaraq belə suallar irəli sürür: “Şagird günün istənilən saatında müəlliminə mesaj göndərə bilərmi? Virtual məkanda hər kəs sizinlə əlaqə yaratmağa çalışdıqda, siz onlara avtomatik cavab verməlisinizmi? Qarşı tərəfin gerçək kimliyi sizə məlumdurmu?” Bu kimi məsələlər şagirdlərə öyrədilməli və onlara virtual aləmdə necə davranmalı olduqları izah edilməlidir.
Rəyiniz