Hövzə Xəbər Agentliyi | Şiə mənbələrinə görə, şiələrin sonuncu imamı və Həzrət Peyğəmbərin (s) on ikinci canişini hicri-qəməri 255-ci ilin (miladi 868) şaban ayının on beşində, cümə günü sübh vaxt İraq şəhərlərindən biri olan Samirrada dünyaya göz açmışdır.
Onun əziz atası, şiələrin on birinci imamı Həzrət İmam Həsən Əskəri (ə), anası isə "Nərcis" adlı fəzilətli bir xanım idi. Onun mənşəyi barəsində müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə görə, Nərcis xanım Rum imperatorunun oğlu Yəşuənin qızı olmuş və anası isə Həzrət İsanın (ə) həvarisi Şəmunun nəslindən gəlmişdir. Həmin rəvayətə əsasən, Nərcis xanım gördüyü möcüzəvi bir yuxudan sonra İslamı qəbul etmiş, İmam Həsən Əskərinin (ə) ilahi hidayəti ilə müsəlmanlarla döyüşə çıxan Bizans ordusuna qoşulmuş və orada digər əsirlərlə birgə müsəlmanların əlinə düşmüşdür. Daha sonra İmam Hadi (ə) onu satın almaq üçün adam göndərmiş və o, Samirraya gətirilmişdir.
Başqa rəvayətlər də mövcuddur. Lakin diqqətəlayiq məqam budur ki, Nərcis xanım (s.ə.) bir müddət İmam Hadinin (ə) bacısı, əzəmətli Həkimə xatunun himayəsində yaşamış, onun təlim-tərbiyəsi ilə yetişmiş və böyük ehtiram görmüşdür.
Nərcis xanım (s.ə.) elə bir xanımdır ki, illər öncə İslam Peyğəmbəri (s), Həzrət Əli (ə) və İmam Sadiq (ə) tərəfindən mədh edilmiş, ən fəzilətli və ən üstün kənizlərin başçısı kimi yad olunmuşdur.
Qeyd etmək lazımdır ki, İmam Zamanın (ə.f) əziz anası mənbələrdə Süsən, Reyhanə, Məlikə və Siqil (Səqil) kimi digər adlarla da tanınmışdır.
Adı, künyəsi və ləqəbləri
İmam Zamanın (ə) adı və künyəsi, İslam Peyğəmbərinin (s) adı və künyəsi ilə eynidir. Bəzi rəvayətlərdə isə, onun müqəddəs adı zühura qədər gizli saxlanılmalı və çəkilməməlidir.
Həzrətin məşhur ləqəbləri bunlardır: Mehdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Höccət, Xələfi-Saleh, Mənsur, Sahibul-əmr, Sahibəz-Zəman və Vəliyyul-əsr. Bu ləqəblərdən ən məşhuru isə Mehdidir.
Bu adların hər biri, həmin böyük şəxsiyyət barəsində xüsusi bir məna və mesaj ifadə edir:
Ona Mehdi deyilib, çünki özü hidayət olunmuş və insanları haqqa dəvət edən rəhbərdir.
O, “Qaim” adlandırılıb, çünki haqq uğrunda qiyama qalxacaqdır.
Ona “Müntəzər” deyilib, çünki bütün bəşər onun zühurunu gözləməkdədir.
O, “Bəqiyyətullah” adlandırılıb, çünki O, Allahın yer üzündəki sonuncu hüccəti və ilahi ehtiyat xəzinəsidir.
O, “Höccət” – Allahın bəndələrinə dəlil və şahid olması,
“Xələfi-Saleh” – ilahi övliyaların ən layiqli varisi olması,
“Mənsur” – Allah tərəfindən qələbə ilə dəstəklənməsi,
“Sahibul-əmr”, ilahi ədalət hökumətini qurmaq məsuliyyətinin ona həvalə olunması,
“Sahibəz-Zəman” və “Vəliyyul-əsr” isə onun zamanın yeganə hökmdarı və rəhbəri olması mənasındadır.
On İkinci İmamın (ə.f) həyatı üç mühüm mərhələdən ibarətdir:
1. Gizli həyat dövrü – doğumundan atasının, İmam Həsən Əskərinin (ə) şəhadətinə qədər davam edən gizli yaşam dövrü.
2. Qeyb dövrü – İmam Əskərinin (ə) şəhadətindən başlayaraq Allahın iradəsi ilə baş verəcək zühura qədər davam edəcəkdir.
3. Zühur dövrü – qeybət dövrü sona çatdıqdan sonra, uca yaradanın iradəsi ilə İmam Məhdi (ə.f) zühur edəcək, dünyanı xeyir və gözəlliklərlə bəzəyəcəkdir.
Onun zühur vaxtını heç kəs bilmir. İmam Zamanın (ə) özündən belə nəql olunmuşdur ki, zühur üçün müəyyən zaman təyin edən şəxslər yalançıdır.
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz