Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, bu gün cümə axşamı, 4 dekabrda, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, Qumdakı Hövzə İdarəetmə Ofisində keçirilən görüşdə “Qadın və analar gününün təntənəli qeyd olunması” üzrə Mərkəzi Qərargahın rəhbəri və müşayiət edən heyət ilə görüşü zamanı tarix boyunca, xüsusən də İslam İnqilabından sonrakı dövrdə qadınların roluna toxunaraq dedi: Əgər tarixi müxtəlif dövrlər üzrə, xüsusilə İslam İnqilabından əvvəlki mərhələdə araşdırsaq, qadınların İmam Xomeyninin (r) rəhbərlik etdiyi hərəkatın formalaşmasında mühüm və təsiredici rol oynadığını görərik. Bu rolun zirvə nöqtəsi isə İslam İnqilabının qələbəsi və o dövrün ümumxalq yürüşləridir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru qeyd etdi ki, minillik tarixi olan Qum Hövzəsi son əsrdə yenidən təşkil olunduqdan sonra müxtəlif yenilənmələr və mərhələlərdən keçmişdir. Bu dəyişikliklərin ən mühümlərindən biri İslam İnqilabının, İslam Respublikasının və İmam Xomeyni hərəkatının nəzəri əsaslarının Qum Hövzəsində formalaşdırılmasıdır.
Ayətullah Ərafi əlavə etdi: Bu dəyişiklik və inkişafların ən mühüm istiqamətlərindən biri Hövzədə qadınlar üçün təşkilati və struktur əsaslarının qurulmasıdır. İslam tarixində həmişə seçkin qadın alimlər, müdərrisələr və fıqh biliciləri mövcud olmuşdur və onların zirvəsində həzrət Fatimə (s.ə), Həzrət Xədicə(s.ə) və Həzrət Zeynəb (s.ə) dayanır.
İnqilabdan sonra qadınların elm və texnologiyada tarixi nailiyyətləri
Ali Hövzələr Şurasının üzvü davam edərək bildirdi: Bu gün İslam İnqilabının bərəkəti ilə ölkədə qadın və ailə sahəsində elmi, məlumat yönlü, mədəni, ictimai, siyasi və müasir texnologiyalar sahələrində böyük nailiyyətlər əldə olunub və bunlar tarixin heç bir dövrü ilə müqayisə edilə bilməz.
Bəzi elmi sahələrdə qadınlar kişiləri geridə qoyublar
Elmi Hövzələrin rektoru belə əlavə etdi: Bu gün ölkənin qadın cəmiyyəti bir çox akademik-elmi məclislərdə həm say, həm də keyfiyyət baxımından bəzi sahələrdə kişiləri qabaqlayıb. Bu, İslam sisteminin qadına baxışının və onların cəmiyyətdə tutduğu yüksək məqamın açıq göstəricisidir.
Ayətullah Ərafi həmçinin qeyd etdi ki, ailə ilə bağlı ixtisasların açılması, qadın mövzusuna həsr olunmuş elmi jurnalların nəşri, tələbə və hövzə qadın təşkilatlarının yaradılması bu nailiyyətlərin digər nümunələrindəndir.
Qadınla gününün qeyd olunmasının ilboyu davam etməsinə çağırış
Elmi Hövzələrin rəhbəri çıxışının başqa bir hissəsində İslam Təbliğat Koordinasiya Şurasının təşəbbüsü ilə yaradılan “Qadın və analar gününün qeyd olunma həftəsi” üzrə Mərkəzi Qərargahın fəaliyyətinə toxunaraq dedi: Bu təşəbbüs çox dəyərlidir, lakin fəaliyyət bir həftə ilə məhdudlaşmamalıdır. Elə şərait yaradılmalıdır ki, bu qərargah il boyu qadınlar və qızlarla bağlı tədbir və proqramları öz planına daxil etsin. Təbii ki, bunun üçün aidiyyəti qurumlarla tam koordinasiya qorunmalıdır və bu məsələ Şura tərəfindən izlənə bilər.
Şəhid Mütəhhərinin qadının mövqeyinə baxışının təbliği zəruridir
Ayətullah Ərafi böyük mütəfəkkir şəhid Mürtəza Mütəhhərinin “İslamda qadının hüquq sistemi” adlı dəyərli kitabına işarə edərək bildirib: Şəhid Mütəhhəri bu kitabında qeyd edir ki, qadınlar tarix boyu yalnız kişiləri dünyaya gətirən və onların bədənini böyüdən şəxslər olmamışlar. Onlar həmçinin kişilərə ilham verən, güc və ruh yüksəkliyi bəxş edən, onların kamilliyinə təsir edən amillər olmuşlar. Döyüş meydanlarının arxa cəbhəsində də qadınlar həmişə kişilərə igidlik və mərdlik ruhu aşılamaqla mühüm rol oynamışlar.
Ayətullah Ərafi əlavə edib ki, bu kimi əsərlərin cəmiyyətdə yenidən dirçəldilməsi, təbliği və geniş şəkildə yayılması düşmənin qadınlara qarşı yönəltdiyi ideoloji hücumlara qarşı maarifləndirmə və müdafiə vasitəsi kimi mühüm əhəmiyyət daşıyır.
Görüşün əvvəlində “Qadın və analar gününün qeyd olunma həftəsi” üzrə Mərkəzi Qərargahın rəisi xanım Reyhanə Səlami hesabat təqdim edib.
Xəbərin sonu




Rəyiniz