Höccətül-İslam vəl-müslimin Raci: “İqtisadi cihad – sanksiyalara qarşı əsas strategiyadır.”
Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Fatimeyi-Məsumə (s.ə) hərəminin xətibi Höccətül-İslam vəl-müslimin Seyid Muhəmmədhüseyn Raci, düşmənlərin sanksiyalarını İslamın ilk illərindəki Şe’bi Əbu Talib hadisəsi ilə müqayisə edərək, iqtisadi cihadı düşmənin məğlubiyyəti və milli qüdrətin təmin olunması üçün ən mühüm strategiya adlandırıb.
Hərəmdə keçirilən maarif məclisində çıxış edən Raci bildirib ki, İslam düşmənləri hələ Peyğəmbəri-Əkrəmin (s) besətinin ilk günlərindən etibarən iqtisadi mühasirə və sanksiyalarla tövhid hərəkatına qarşı çıxıblar. Onun sözlərinə görə, Şe’bi Əbu Talib hadisəsində aclıqdan əziyyət çəkən uşaqların fəryad səsləri yüksəlirdi.
Alim qeyd edib ki, bu gün də İmam Zamanın (ə.f) düşmənləri, xüsusilə ABŞ, son 47 ildə İran xalqına qarşı müxtəlif sanksiyalar tətbiq edib:
“Necə ki, İslamın ilk illərində müsəlmanlar sınaqlardan başıuca çıxdılar, bu gün də millətimiz sanksiyalar tufanını geridə qoyub,” – deyə vurğulayıb. Raci ABŞ sanksiyalarının memarı Riçard Nefyunun (Richard Nephew) kitabındakı etirafını xatırladaraq bildirib: “Sanksiyalar artıq İrana təsir etmir və ölkə onları uğurla dəf edib.”
O, iqtisadi cihadı ölkə iqtisadiyyatını asılılıqdan xilas edəcək yol kimi təqdim edərək vurğulayıb: “Biz elə qüdrət səviyyəsinə çatmalıyıq ki, düşməni geri çəkilməyə məcbur edək. Korona virus vaksini, Bəndər Abbasda liman tikintisi, maska istehsalında özünütəmin - bunlar daxili qüdrətin nümunələrindəndir.”
Qacar dövründəki iqtisadi fəaliyyətləri və “Şirkətül-İslamiyyə”nin rolunu xatırladan Raci, milli istehsalı dəstəkləmək və düşmənlərin iqtisadi hegemonluğuna qarşı çıxmağı “şəri və inqilabi vəzifə” adlandırıb. Dövlətdəki bəzi qərbpərəst baxışları tənqid edən alim deyib: “İnqilabçı gənclər mürəkkəb hərbi texnikaları istehsal edə bildikləri kimi, avtomobil sənayesində, dərman istehsalında və digər sahələrdə də uğur qazana bilərlər. Fərq yalnız iradə və daxili potensiala inamdadır.”
O, xalqa və dövlət rəsmilərinə müraciətlə bildirib ki, bu gün yerli məhsulu dəstəkləmək və milli istehsalı gücləndirmək seçim deyil, vacib bir cihaddır:
“Hər ailə yalnız daxili istehsal olan qələm, yaylıq və ya diş fırçası alarsa, ölkədə minlərlə iş yeri yaranar.”
Qurandakı “Allah kafirlərin möminlər üzərində hökmranlığına yol verməz” ayəsini xatırladan Raci vurğulayıb ki, heç bir hökumət kafirlərin möminlər üzərində hökmranlığına şərait yaratmamalıdır. Bu prinsip iqtisadiyyatdan tutmuş beynəlxalq münasibətlərədək bütün siyasətlərdə əsas götürülməlidir.
Sonda o, Kərbəlada Həzrət Əli Əsğərin (ə) məzlumiyyətini Qəzzənin günahsız uşaqları ilə müqayisə edərək vurğulayıb ki, düşmən haqq cəbhəsini zəiflətmək üçün heç bir cinayətdən çəkinmir. Biz yalnız müxtəlif sahələrdə, xüsusilə iqtisadi cihadla bu meydandan qalib çıxa bilərik.
Rəyiniz