Ayətullah Ərafi beynəlxalq “Qəzza və ümmət alimləri” vebinarında demişdir: Sionist rejimin işğalçı və dağıdıcı planları iflasa uğrayacaq və o, geri çəkiləcək.
Hövzə Xəbər Agentliyinin məlumatına görə, ölkə üzrə Elmi Hövzələrin rəisi Ayətullah Ərafi bildirib ki, sionist rejimin işğalçı və dağıdıcı planları, İslam ümmətinin ayıqlığı, müstəqil dövlətlərin addımları və dünyanın hər yerində olan azadlıqsevər insanların səyləri sayəsində uğursuzluğa düçar olacaq və o, geri çəkiləcək.
O, bu fikirləri “Qəzzada aclıq və qıtlıq yaratmaqla əhalini məcburi köçürmək qəsdi ilə həyata keçirilən hərbi cinayətlərin pislənməsi” mövzusunda, ərəb dilində keçirilən vebinarda səsləndirib. Vebinarda İslam dünyasının müxtəlif ölkələrindən alim və siyasi xadimlər iştirak ediblər.
Ayətullah Ərafi öz çıxışını belə başlayıb:
“Bismillahir Rəhmanir Rəhim. Uca Allaha həmd və səna olsun. Həmçinin, Peyğəmbərimizi (s) və onun pak Əhli-beytini (ə) salam və salavatla yad edirik. Qurani-Kərimin Nisa surəsinin 57-ci ayəsi bütün müsəlmanları zalımların zülmünə məruz qalmış məzlumları müdafiə etməyə çağırır. Bu gün Qəzza xalqı həmin “müstəzəflər”in ən bariz nümunəsidir və onların müdafiəsi hər bir müsəlmanın üzərinə düşən dini və İlahi bir vəzifədir.”
O əlavə edib ki, sionist rejim cinayətkar ABŞ dövləti başda olmaqla, hegemon qüvvələrin birbaşa dəstəyi ilə İslam ümmətinin bir parçası olan Fələstin torpaqlarını işğalda saxlamaqla kifayətlənməyib həm də Qəzzanı qeyri-insani mühasirəyə alaraq, əhalini aclığa, məcburi köçməyə və tədrici ölümə məhkum etmişdir. Bugün biz müasir tarixdə bəşəriyyətə qarşı törədilməkdə olan ən dəhşətli və iyrənc cinayətlərdən birinin şahidiyik. Bu, insan haqlarının, bütün dini-əxlaqi dəyərlərin açıq şəkildə pozulması deməkdir. Bugün Fələstin xalqının ən sadə hüquqları belə işğalçı sionistlər tərəfindən əlindən alınmışdır. Buna görə, ona yardım etmək hər bir müsəlmanın üzərinə düşən şəri və İlahi bir vəzifədir. Həzrət Muhəmməd Peyğəmbərin (s.ə.s) buyurduğu kimi: “Kim bir şəxsin ‘Ey müsəlmanlar, köməyə gəlin!’ çağırışını eşidib ona cavab verməzsə, o, müsəlman deyil.”
Bütün beynəlxalq nizamnamə və sazişlər, məzlumların çağırışına cavab verməyin və təcavüzkarlara qarşı qətiyyətlə mübarizə aparmağın zəruriliyini vurğulayır. Həmçinin soyqırımı, aclığa məhkumetmə, məcburi köçürmə və dinc əhalinin qətli kimi cinayətləri açıq və qəti şəkildə pisləyir.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin (Roma Statutu) 7-ci maddəsi, “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsi, Cenevrə Konvensiyasına əlavə olan I Protokolun 54-cü maddəsi və digər bir çox beynəlxalq sənəd və qanunlara əsasən, sionist rejimin törətdiyi vəhşi əməllər açıq şəkildə hərbi cinayət, genosid və bəşəriyyətə qarşı cinayətdir.
Təcavüzkar sionistlər Qəzza zolağını zalım, vəhşi və iyrənc şəkildə mühasirədə saxlayaraq, uşaqları, qadınları və yaşlıları sudan və qidadan məhrum etməklə, həmçinin xəstəxanaları və məktəbləri amansız bombardmana məruz qoymaqla, Qurani-Kərimdə təsvir olunan “yer üzündə fitnə-fəsad törədən”lərin ən bariz nümunəsidir:
“Allah və Onun Rəsulu ilə müharibə aparan və yer üzündə fəsad törətməyə çalışanların cəzası ancaq…” (Maidə/33), həmçinin: “O, hakimiyyətə sahib olduqda yer üzündə fəsad törətməyə, əkinləri və nəsli məhv etməyə çalışar. Allah fəsadı sevməz.” (Bəqərə/ 205).
Digər tərəfdən, möminlərin əmiri İmam Əli (ə) bütün insanlara xitabən buyurub: “Kim zəifin haqqını tanımazsa, Allah onu şiddətli əzabla cəzalandırar.”
İşğalçı sionist rejim, yaranışının qara başlanğıcından bəri, dünya imperializminin əlində İslam ümmətinin daxilinə fitnə və müharibə odunu salan bir alət kimi istifadə olunmuşdur. O, regionumuza və dünyaya qətl, dağıntı və terrorçuluqdan başqa heç bir “töhfə” verməmişdir. Öz qaranlıq tarixi boyunca böyük beynəlxalq güclərin himayəsi altında olan bu rejim, region ölkələrinə və xalqlarına qarşı saysız-hesabsız cinayətlər törətmişdir.
Lakin bütün bunlara baxmayaraq, sionist rejim İran İslam Respublikasına qarşı etdiyi son 12 günlük təcavüzündən sonra ölkəmizin sərhədlərini pozduğuna görə, İranın sərt silləsi ilə üzləşdi. Bu zərbə onu alçaldıb çaşqın vəziyyətə saldı. Bu mühüm hadisə, İslam ümmətinin izzət və qüdrət dövrünə qayıtmasının, həmçinin bu rejimin mənfur ömrünün sona yaxınlaşmasının müjdəçisidir.
Ey qardaşlarım, bacılarım və dünyanın azad insanları!
Ey İslam ümmətinin övladları, xüsusilə alimlər, ziyalılar və böyüklər!
Biz bugün, Qurani-Kərimin aydın yolgöstərən hidayətindən, Həzrət Muhəmməd Peyğəmbərin (s) və onun pak Əhli-beytinin (ə) həyat və sünnəsindən ilhamlanaraq, aşağıdakıları bəyan edirik:
- Bu işğalçı rejimlə istənilən siyasi, iqtisadi və mədəni əlaqə, Allah-Təalanın qadağan etdiyi günah, təcavüz və zülmdə şərik olmaq deməkdir: “Günah və düşmənçilikdə bir-birinizə kömək etməyin.” (Maidə, 2)
- Fələstin xalqına, xüsusilə aclığa və zülmə məruz qalmış Qəzza əhalisinə yardım göstərmək, onlara qida və dərman göndərməklə yanaşı, siyasi, hüquqi, diplomatik və maliyyə dəstəyi vermək - şəri, insani və əxlaqi vəzifəmizdir. Çünki Allahın Rəsulu (s) buyurub: “Kim bir acı doyurarsa, Allah-Təala da Qiyamət günü onu doyurar.”
- Bu həssas mərhələdə ən mühüm məsələ isə, İslam ümmətinə və bütün azad insanlara sionist rejimin həyata keçirdiyi soyqırımı, məcburi köçürmə və bu torpaqlar üzərində tam nəzarət etmə kimi cinayətlərin təhlükəsini çatdırmaq və maarifləndirmə işini gücləndirməkdir.
Biz əminik ki, İslam ümmətinin ayıqlığı, müstəqil dövlətlərin addımları və dünyanın hər yerindəki azad insanların səyləri sayəsində, bu rejimin işğalçı və dağıdıcı planları uğursuzluğa düçar olacaq və o, geri çəkiləcək.
Salam olsun hidayət və haqq yolunu tutanlara! Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!
Xəbərin sonu
Rəyiniz