Hövzə Xəbər Agentliyi | Bəlkə də özünüzə bu sualı vermisiniz: Niyə bizim yaşadığımız bu dünyada sevgi və məhəbbətin olması əvəzinə, zülm və sitəmlə doludur? İnsan nə vaxta qədər bu qədər ədalətsizlik və ayrı-seçkiliyin şahidi olmalıdır?
Niyə zülmkarların zülmü ucbatından bəzi insanlar tam yoxsulluq içində yaşamalı, hətta ən sadə həyat ehtiyaclarını belə ödəyə bilməməlidirlər? Niyə bəziləri yalnız dərilərinin rənginə və irqinə görə haqsızlığa məruz qalmalıdır? Niyə aclıq ucbatından sümükləri görünən uşaqlar görməliyik? Nə vaxta qədər günahsız insanların evlərinin hərbi təyyarələrin bombardmanı altında yerlə-yeksan edilməsini görməliyik? Nə vaxta qədər günahsız, qan içində qalmış övladlarını əllərində daşıyan ata və anaların fəryadına şahid olacağıq?
Bu qədər acı və haqsızlıq hansı şəxsə, hansı ümidə söykənərək aradan qalxacaq? Bu qədər cinayət və ədalətsizliyi törədənlərdən, cavabdehliyi kim soruşacaq? Dünyanın hansı məhkəməsindən bu məzlumların haqqı alınacaq? Bu kimi onlarla sual hər bir azad insanın zehnini məşğul edir.
Lakin yalnız dünyəvi məsələlər deyil, insanın zehnini məşğul edə biləcək daha ağır suallar da vardır.
Məsələn, bu həyatın mənası nədir? Bu möhtəşəm və mürəkkəb aləmin ünsürlərini bu qədər mükəmməl qayda ilə bir-birinin yanında yerləşdirən və hər birinə xüsusi vəzifə müəyyən edən Allah ilə mənim yəni insanın ünsiyyəti necədir? Qısacası, insan öz hidayəti və bu ilahi ünsiyyət barəsində laqeyd və diqqətsiz qala bilməz.
Bu suallar elə suallar deyil ki, onlardan asanlıqla yan keçmək mümkün olsun. Çünki biz insanlara ağıl neməti verilmişdir. Ağıl bizi düşünməyə sövq edir. Bu necə də acınacaqlıdır, əgər insanın varlığını yalnız nəfsani və heyvani ləzzətlər bürüsə, və onun daxili aləmi təfəkkür və idrak nurundan məhrum qalsa! Bu necə böyük və qəribə bir ziyan olar!
Məhz bu mövzular və suallar bizi axtarışa sövq edə bilər. Bizi elə bir şey və ya elə bir kəsin ardınca getməyə vadar edə bilər ki, o, suallarımıza cavab və yaralarımıza məlhəm olsun.
Bu isə “ümid” adlandırılan anlayışdır. Hidayətə ümid, nicata ümid, işıqlı bir gələcəyə ümid.
Bu ümid və nicat bir “xilaskar”, bir “hidayətçi və rəhbər” şəklində təcəlli edir. Bir xilaskar və rəhbər ki, bütün dinlər onun gəlişini müjdələyiblər.
Yəhudi, xristian, müsəlman, zərdüşt, hindu, buddist və hətta heç bir dinə mənsub olmayan bir çox insanlar belə, xilaskarın gəlişinə inanmağı öz ayrılmaz əqidələrinin bir hissəsi hesab edirlər. Elə bir inanc ki, çətinliklər və sıxıntılar zamanı onlara aramlıq bəxş edir və dərdlərinə məlhəm olur.
İslamda xilaskarın gəlişi barədə müjdə
İslam dinində və xüsusilə şiə məzhəbində onun gəlişi barədə geniş şəkildə danışılmışdır. O kəs gələcək ki, zülm və haqsızlıqla dolmuş dünyanı ədalət və haqq-ədalətlə dolduracaqdır. O kəs gələcək ki, dünya məzlumlarının ümidinə, zülmkarların və sitəmkarların isə düşməninə çevriləcəkdir. O kəs gələcək ki, Allah onun zühuru ilə öz lütfünü bəndələrinə bəxş edəcəkdir.
Lakin fərq ondadır ki, şiə inancına görə, bəşəriyyətin xilaskarı hal-hazırda insanlar arasında yaşayır, lakin tanınmır. O zamana qədər ki, uca Allah ona özünü tanıtmaq və zühur etmək icazəsini versin. Buna görə də şiə əqidəsinə əsasən, zühur elə xilaskarın tanınması deməkdir.
Bu müzakirələrin davamı var…
Rəyiniz