Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumatına görə, Ayətullah Əlirza Ərafi 2025-ci il sentyabr ayının 12-də Qüds məscidində qılınan cümə namazı xütbələrində çıxış edərək, yeni tədris ilinin ümumtəhsil məktəblərində, universitetlərdə və dini elmi hövzələrdə başlanmasına toxunaraq bildirdi:
Bu üç qurum parlaq bir üçbucağın tərəflərini təşkil edir və cəmiyyətin səadəti onların inkişafı və dinamikliyindən asılıdır. Təhsil sistemi, dini hövzə və universitet uğurlu olan bir cəmiyyətin gələcəyi də nurlu olacaqdır.
Elmi Hövzələrin rektoru bəyan etdi: Bu üç elmi və mədəni qurumun vəzifəsi olduqca ağırdır. Təhsil sistemi düşüncənin, mədəniyyətin və gələcəyin təməl daşıdır. Aidiyyatı məsul şəxslərdən gözlənilir ki, təhsil sahəsində beş əsas istiqaməti o cümlədən şagirdlərin elmi və intellektual inkişafını təmin edən elmi tərbiyəni, mənəvi və əxlaqi tərbiyəni, həyatın səmərəliliyi üçün zəruri peşə və texniki bacarıqların formalaşdırılmasını, faydalı və aktiv vətəndaşların yetişməsi üçün sosial tərbiyəni, eləcə də İran və İslamın gələcəyi üçün siyasi, inqilabi və mədəni tərbiyəni əsas prinsip kimi nəzərə alsınlar.
Qumun cümə imamı əlavə etdi: Ali Mədəni İnqilab Şurası, Ali Təhsil Şurası, Təhsil Nazirliyi, bütün idarələr, təhsil müəssisələri və məktəblər bu beş əsas prinsipin həyata keçirilməsi üçün səylərini ortaya qoymalı və onları icra etməlidirlər.
O, daha sonra vurğuladı: Universitetlər də bunlarla yanaşı cəmiyyətin səadəti üçün böyük məsuliyyət daşıyırlar. Elmi Hövzələrin üzərinə də ağır bir yük düşür, çünki tarix boyu onlar cəmiyyətin inkişaf və tərəqqisinin dayağı olublar. Ali Rəhbərin hövzələrə verdiyi öncül və nümunəvi tövsiyəsi də bizə böyük bir məsuliyyət vermişdir. Bu üç qurum yeni tədris ilinə elmi və mənəvi cihad ruhu ilə daxil olmalı, onların arxasında dayanan əsas sütun isə ailələrdir. Ailə, gənc nəslin sağlamlığının təminatçısı, bu elmi qurumların inkişafının dayağı və cəmiyyətin əsasıdır.
Qumun cümə imamı çıxışının davamında Vəqf həftəsinə işarə edərək dedi: Vəqf böyük bir sosial, iqtisadi, mədəni və elmi qurumdur. Onun güclənməsi cəmiyyətin uca hədəflərinin reallaşmasına kömək edir, həmçinin yoxsulların və ehtiyac sahiblərinin yardımına çatır. Cəmiyyət vəqfi uca tutmalı, onu dirçəltməli və inkişaf etdirməlidir. Məsul qurumlar isə xalqla güclü əməkdaşlıq içində olmalıdır.
Hansı sənət daha faydalıdır?
O, Kino günü, həmçinin fars ədəbiyyatı və poeziyası gününə toxunaraq bildirdi: Sənət yüksək mövqeyə malikdir. Sənət ucalıq gətirir, insan yetişdirir və cəmiyyəti irəli aparır. Amma əgər sənət Hollivud təfəkkürünə xidmət edib fəsad və əxlaqsızlıq vasitəsinə çevrilsə, cəmiyyətin dayaqlarını dağıdar. Sənət müqəddəs hədəflərə yönəldikdə isə faydalı bir işə çevrilir.
Qumun cümə imamı əlavə etdi: Məsul qurumlar və sənətkarlar gərək faydalı sənət yaratsınlar, ictimai dəyər daşıyan, dini qaydalara riayət edən, həqiqi sevinc bəxş edən və ilahi ideallara xidmət edən sənət nümunələri ortaya qoysunlar. Bu İslamın istədiyi sənətdir. Əgər sənəti nəfsani arzulara və şeytani məqsədlərə təslim etsək, bu faydasız olması ilə yanaşı cəmiyyətin süqutuna da səbəb olacaqdır.
Elmi Hövzələrin rektoru əlavə etdi: Qərb öz sənəti ilə dünyanı nəfsaniyyət yoluna sürüklədi. Biz isə yeni bir sənət modeli qurmalıyıq. İslam İnqilabı sənətdə də bir inqilab yaratdı, lakin bu yol tam düzgün davam etdirilmədi. Bu sahədə çalışmaq, fəsadın qarşısını almaq zəruridir.
Dövlətə tövsiyələr
O, çıxışının davamında dövlətə təşəkkürünü bildirərək və Ali Rəhbərin bəyanatlarına işarə edərək qeyd etdi:
Bir çox işlər görülüb, lakin daha çox çalışmağa və islahata ehtiyac var. İlk məsələ su, elektrik və qazdır ki, bu istiqamətdə inqilabi addımlar atılmalıdır. Çünki həm sənaye, həm də xalq bu sahədə əziyyət çəkir.
Qumun cümə imamı rabitə sahəsində yerli infrastrukturun əhəmiyyətini vurğulayaraq dedi: Daxili internet və milli rabitə üçün texniki infrastruktur təmin olunmalıdır. Müharibə göstərdi ki, bu sahədə biz zərbəalma ehtimalına açığıq.
Elmi Hövzələrin rektoru əlavə etdi: Süni intellekt də xüsusi diqqət tələb edir. Ali Rəhbər də bu məsələnin üzərində dayanmışdır. On iki günlük müharibədə bizim zəif nöqtələrimizdən biri süni intellekt və idrak texnologiyalarından geri qalmağımız idi. Böyük sərvətlərimiz var və bunlar gücləndirilməlidir. Bizim düşünən gənclərimiz inqilab yaratmalıdırlar. Əgər bu işdə geri qalsaq zərbə alacağıq.
O, çıxışını belə davam etdirdi: Faktiki müdafiə sahəsində mövcud zəifliklər aradan qaldırılmalıdır. Qeyri-faktiki müdafiə (mülki müdafiə) də diqqət mərkəzində saxlanılmalıdır. Yüksək qiymətlər və inflyasiya cəmiyyətin orta və zəif təbəqələrini zərbə altında qoymuşdur. Bu istiqamətdə daha çox iş görməyə və çalışmağa ehtiyac vardır.
Ölkə üzrə Elmi Hövzələrin rektoru mədəni məsələlərə və hicab mövzusuna da toxunaraq dedi: Hər bir kəs məsuliyyət hiss etməlidir. Məsul qurumlar daha çox səy göstərməlidirlər. Atılan hər yanlış addım sürətlə böyüyür. Hamımız sərhədləri qorumalıyıq. Xətalar var və onlar islah olunmalıdır.
O, danışıqlara toxunaraq bildirdi: Bizim öz düzgün yolumuz var, biz təcavüzkar deyilik. Böyük, mədəni və danışıq əhli bir millətik. Lakin danışıqlar göstərdi ki, yad qüvvələr əhdini pozan və zalımdırlar. Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqda mövcud təcrübə nəzərə alınmalı və düşmənlərə, əhd pozanlara qarşı müdrik və doğru mövqe tutulmalıdır. Müdrik və düzgün addım atdıqda millət də yanınızda olacaqdır. Düşmənlər bilməlidirlər ki, biz çətinliklərə dözürük, lakin küfr və istibdad qarşısında zilləti qəbul etməyəcəyik.
Bu günlərdə Qərbin batinindən üzə çıxan həqiqətlər
Qumun cümə imamı sionist rejimin Qətərə hücumuna toxunaraq dedi: Qətər ABŞ ilə müttəfiq olan və onda böyük Amerika bazasının yerləşdiyi bir dövlətdir. Bu hücum son iki ildə baş verən hadisələrin ardınca, diktator Qərbin və sionist rejimin həqiqətlərini daha da aşkara çıxardı.
O, sözlərinə belə davam etdi: Həmişə təhsil sistemi, universitet və dini hövzələrə Qərbi tanımağın bizim vəzifəmiz olduğunu vurğulayıram. Qərbdə müəyyən nailiyyətlər var ki, biz onları qəbul edirik, lakin Qərbin batini xəbisdir.
Elmi Hövzələrin rektoru davam edərək bildirdi: Aydın oldu ki, İsrail rejimi Nil çayından Fərata qədər uzanan hədəfi güdür. Keçmişdə bir çoxları buna inanmırdı, lakin bu gün özləri etiraf edirlər. Aydın oldu ki, sionist rejim yanlış dini fanatizm ideyasını təqib edir və liberal deyil. Məlum oldu ki, onlar danışıqlar zamanı belə zərbə endirirlər və rəsmi dövlət terroru onların şüarıdır.
Qumun cümə imamı: İslam dövlətləri, ayıq olun! Əgər mövqeyinizi qorumasanız, müqavimət göstərməsəniz və müqaviməti silahsızlaşdırsanız, siz də zərər görəcəksiniz. Onlar düşüncələri ayırmırlar. Bizdən ya təslimiyyət və zillət ya da məhv olmamızı istəyirlər. Danışıqları rədd etmək, müqavimətin silahsızlaşdırılması və iki dövlətli şüarın rədd olunması bu gün xalqların gözü qarşısında açıq-aydın həqiqətlərdir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru vurğuladı: İran, dünya şeytanlarına və sionist rejimə qarşı müqavimət və möhkəm müdafiə xəttində, keçmişdə olduğu kimi bu gün də qətiyyətlə dayanır.
Nəhcül-Bəlağədə cahil cəmiyyətin izahı
Ayətullah Ərafi cümə xütbəsinin birinci hissəsində İslam Peyğəmbərinin (s) 1500 illik mövluduna işarə edərək bildirdi:
Peyğəmbər Əkrəm (s) 40 yaşında peyğəmbərliyə seçildi, Məkkədə 13 il qaldı və 53 yaşında hicrət etdi.
O, sözünə davam edərək qeyd etdi: İmam Əli (ə) Nəhcül-Bəlağədə 40-dan artıq yerdə Peyğəmbərdən (s) danışmış, təxminən 10 xütbədə isə cahiliyyət dövrü, besət zamanı və həmin dövrün ictimai mühiti barədə tövsiyələr vermişdir.Bu tövsiyələr həm əhatəli həm də ibrətamizdir.
Qumun cümə imamı vurğuladı: Besətdən əvvəlki dövr cahiliyyət adlanır. Bu dövrün ünsürlərini və xüsusiyyətlərini tanımaq bu günümüz üçün də yolgöstərici ola bilər. Həzrət Əlinin (ə) cahiliyyət dövrü və besət əsrindəki dünya barədə tövsiyələrini iki hissəyə ayırmaq olar. Birinci hissə Məkkə, Mədinə və bütövlükdə Ərəbistan yarımadasının sosial mənzərəsidir ki, nisbətən daha az yer tutur.
O qeyd etdi: Ərəbistan yarımadası qədim və şanlı keçmişə malik idi. Peyğəmbərlərin göndərildiyi diyar və İbrahim Xəlilullahın xatirələrini daşıyan məkan idi. Bu sivilizasiya və mənəvi keçmiş dəyərli olsa da besət dövründə həmin cəmiyyət ən ağır tənəzzül şəraitində idi. Orada nə inkişaf etmiş bir mədəniyyət, nə dövlət və hökumət, nə də ictimai nizam mövcud idi. Elə dərəcədə əxlaqsızlıq və dəyərsizlik hökm sürürdü ki, bütpərəstlik Kəbənin əsas ünsürünə çevrilmiş, qəbiləçilik bütün cəmiyyətə hakim olmuşdu və tövhid məkanı olan Kəbədə nə əxlaqdan, nə də mənəviyyatdan əsər-əlamət qalmamışdı.
İslamın ilk möcüzəsi
Qumun cümə imamı bildirdi: Maddi baxımdan nə güclü iqtisadiyyat, nə mötəbər dövlət, nə də əhəmiyyətli sosial-siyasi qüvvə mövcud deyildi. İslam Peyğəmbəri (s) cəmi dörddə bir əsrdən az bir müddətdə həmin mühiti qabaqcıl bir cəmiyyətə, nümunəvi dövlətə və böyük bir sivilizasiya gücünə çevirdi. Onun məktəbinin əhatəsi Avropa və Afrikanın sərhədlərinə qədər uzandı. Aşağı səviyyəli bir mühitin bütün maddi və mənəvi göstəricilərdə üstün olan bir mühitə çevrilməsi Qurani-Kərimin və İslamın möcüzələrindən biridir.
O əlavə etdi: İmam Əlinin (ə) tövsiyələrinin ikinci hissəsi yalnız Ərəbistana aid deyil həmçinin bütövlükdə besət dövrünün dünyasını əhatə edir. Cahiliyyət yalnız Ərəbistanla məhdudlaşmırdı, bütün bəşəriyyəti əhatə etmişdi. Dünya xalqları uca dəyərlərdən uzaq düşmüşdülər. O dövrün böyük gücləri o cümlədən Roma və İran, həmçinin Hindistan, Çin, Misir və Həbəşə kimi dövlətlər də bu tənəzzül girdabında idilər.
Qumun cümə imamı xatırlatdı: İmam Əli (ə) Nəhcül-Bəlağədə buyurur:
«أهلُ الأرضِ (الأرَضینَ) یَومئذٍ مِلَلٌ مُتَفَرِّقَةٌ، و أهواءٌ مُنتَشِرَةٌ، و طَرائقُ (طَوائفُ) مُتَشَتِّتَةً
«O gün yerdə yaşayan insanlar müxtəlif dinlərə parçalanmış, müxtəlif istəklərin və mənafelərin ardınca gedir, ayrı-ayrı yolları izləyirdilər.»
Digər bir xütbədə isə buyurur:
«بَعَثَهُ وَ النَّاسُ ضُلَّالٌ فِی حَیْرَةٍ، وَ حَاطِبُونَ فِی فِتْنَةٍ، قَدِ اسْتَهْوَتْهُمُ الْأَهْوَاءُ، وَ اسْتَزَلَّتْهُمُ الْکِبْرِیَاءُ، وَ اسْتَخَفَّتْهُمُ الْجَاهِلِیَّةُ الْجَهْلاَءُ
«Allah Peyğəmbəri göndərdi, halbuki insanlar azğınlıq içində çaşqın idilər, fitnə atəşini alışdırırdılar, nəfsani istəklər ağıllarını əlindən almış, təkəbbür və qürur onları yoldan çıxarmış, cahiliyyətin qaranlıqları isə onları yüngül və dəyərsiz etmişdi.»
O əlavə etdi: Bu xütbələr yalnız Ərəbistana aid deyil, bütün dünyaya işarə edir. Belə cahiliyyət bu gün də mövcuddur. Biz bu gün müasir cahiliyyəti dünyanın istibdadçı güclərində müşahidə edirik. Qəzza faciəsi, müharibələr və xalqlara edilən zülm onların tənəzzülünün nümunələridir.
Qumun cümə imamı belə dedi: Həzrət Əli (ə) cahiliyyət dövrünün xüsusiyyətlərini belə izah edir: bütün dünya yuxuya getmişdi, hətta böyük güclər də şirk və əxlaqi tənəzzül içində idi. Dinlər təhrif olunmuş, nurani və ilahi mədəniyyət mövcud deyildi. Cəhalət, zülmət, müharibə, əsassız fanatizmlər, zülm və ayrı-seçkilik hökm sürürdü. Gözlər yuxuda, qəlblər bağlı idi.
İslamın ikinci möcüzəsi
Ölkə üzrə Elmi Hövzələrin rektoru qeyd etdi: Peyğəmbər (s) yuxuya getmiş cəmiyyəti oyatdı, bağlı gözləri Tövhid və qeyb aləminə açdı. Peyğəmbərin ikinci möcüzəsi budur ki, bütpərəstliyə və şeytana bənd olan bütün dünyanı oyadaraq, bəşəriyyətə yeni bir həyat bəxş etdi.
Qumun cümə imamı bəyan etdi: Peyğəmbər (s) həm maddi yüksəliş və tərəqqiyə, həm də qeyb aləminə yeni üfüqlər açan bir sivilizasiyanın əsasını qoydu. Əgər besət və Peyğəmbərin mövludu olmasaydı, dünya bu çaşqınlıqda davam edəcəkdi. Peyğəmbərin (s) bütün bəşəriyyət üzərində haqqı vardır.
Ayətullah Ərafi çıxışının sonunda dedi: Peyğəmbərin (s) min beş yüz illik mövludu münasibətilə biz beyətimizi yeniləməliyik. İslam ümməti Peyğəmbərə (s) qayıtmalıdır. Peyğəmbərin (s) ata kimi şəfqəti qəlblərimizi nurlandırsın, qəlblərimizi bir-birinə yaxınlaşdırsın, İslam ümmətini bir birinə birləşdirsin və tövhid cəbhəsini gücləndirsin.
Xəbərin sonu
Rəyiniz