Hövzə Xəbər Agentliyinin | İmamın olmasının zərurəti
İmamın olmasına dair çoxsaylı dəlillər bəyan olunmuşdur. Lakin biz burada sadə bir izahla kifayətlənirik:
O dəlil ki, peyğəmbərin zərurətini əsaslandırır, həmin dəlil insanların “imama” da ehtiyacını göstərir. Çünki İslam dini Allahın sonuncu dini, Həzrət Məhəmməd Peyğəmbər (s) isə Allahın sonuncu peyğəmbəridir. Buna görə də, İslam qiyamətədək bütün bəşəriyyətin ehtiyaclarına cavab verməlidir.
Digər tərəfdən, Qurani-Kərim yalnız ilahi hökmlərin əsaslarını və ümumi prinsiplərini bəyan etmişdir, onların izah və təfsiri isə Peyğəmbərə (s) həvalə olunmuşdur.
Lakin məlumdur ki, Peyğəmbər (s) müsəlmanların rəhbəri kimi öz dövründəki cəmiyyətin ehtiyac və imkanlarına uyğun şəkildə ilahi ayələri açıqlamışdır. Buna görə də onun kimi Allahın sonsuz elm dəryasına bağlı ləyaqətli xələflərin mövcud olması zəruridir ki, Peyğəmbərin (s) bəyan etmədiyi məsələləri açıqlasınlar və müsəlman ümmətinin hər zaman ehtiyaclarına cavab versinlər.
Şiə və sünni mənbələrində İslam Peyğəmbərindən (s) belə bir hədis nəql olunmuşdur:
«اِنّی تارِکٌ فیکُمُ الثَّقَلَینِ کِتابَ اللّهِ وَ عِتْرَتی؛ ما اِنْ تَمَسَّکْتُمْ بِهِما لَنْ تَضِلّوُا بَعْدی اَبَداً»
Şübhəsiz mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın Kitabını (Quranı) və Əhli-beytimi. Onlar ilə birgə olduğunuz müddətcə məndən sonra əsla azmayacaqsınız. [2]
Bu hədisə görə, Qurani-Kərimlə yanaşı Peyğəmbərin Əhli-beytinin də olması zəruridir.
Eyni zamanda, İmamlar (ə) Peyğəmbərin (s) qoyub getdiyi irsin qoruyucuları, həmçinin Qurani-Kərimin düzgün şəkildə izah edənləri və təfsirçiləridir. Bu isə İslam dinini, düşmənlərin və məqsədli təhrifçilərin təsirindən qorumaq üçündür ki, bu haqq yol qiyamətədək pak və təmiz qalsın.
Bundan əlavə, İmam kamil insan olaraq bütün insanlığın kamil və əhatəli bir nümunəsidir. İnsan isə belə bir örnəyə ciddi ehtiyac duyur ki, onun rəhbərliyi və hidayəti ilə insani kamilliyinə uyğun şəkildə tərbiyə olunsun, bu ilahi müəllimin göstərişləri sayəsində nəfsin azğın tələlərindən və şeytani fitnələrdən qorunsun.
İmam Sadiq (ə) bu barədə buyurur:
«إِنَّ اَلْأَرْضَ لاَ تَخْلُو إِلاَّ وَ فِیهَا إِمَامٌ کَیْمَا إِنْ زَادَ اَلْمُؤْمِنُونَ شَیْئاً رَدَّهُمْ وَ إِنْ نَقَصُوا شَیْئاً أَتَمَّهُ لَهُمْ»
Yer üzü heç vaxt İmamsız qalmaz. Çünki möminlər dinə nəsə əlavə etsələr, İmam ona yol verməz, əgər nəyisə əskildərlərsə o, onlar üçün tamamlayar.[3]
Yuxarıdakı izahlardan aydın olur ki, insanların İmama ehtiyacı həyati bir ehtiyacdır. İmamın bəzi vəzifələri isə bunlardır:
Cəmiyyətin rəhbərliyi və idarə olunması (hökumət qurmaq)
Dinin və peyğəmbərin gətirdiyi şəriətin təhrifdən qorunması və Qurani-Kərimin düzgün izahı
İnsanların mənəvi tərbiyəsi və hidayəti
Qeyd:
1. Qurani-Kərimdə Peyğəmbər (s) haqqında deyilir:
Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər. (Nəhl surəsi, 44-cü ayə)
2. Biharul-Ənvar, cild 2, səh. 100
3. Əl-Kafi, cild 1, səh. 178
4. Qeyd etmək lazımdır ki, imamın dövlət qurması onun üçün mövcud şərait və zəminə bağlıdır. Lakin digər vəzifələri o cümlədən qeyb dövründə də yerinə yetirilir. Təbii ki, imamın zühuru və aşkar şəkildə insanların arasında olması zamanı bu vəzifələr daha açıq və hiss olunan şəkildə icra olunacaq. Başqa bir məsələ də odur ki, burada insanların imama olan ehtiyacı mənəvi həyat baxımından izah edildi. Aləmin ümumi varlıq sistemi üçün “imamın olması” mövzusu isə “Qeybdə olan imamın faydaları” adlı müzakirədə açıqlanacaqdır, inşallah.
Mənbə: "Neqine afərineş" kitabı, bəzi dəyişikliklərlə
Rəyiniz