bazar 30 noyabr 2025 - 16:52
«Hədis» sahəsində süni intellektdən necə istifadə olunur?

Hövzə/ Süni intellekt sadəcə texnoloji bir alət deyil. Bu əvvəlcə öyrənilməsi, daha sonra isə ixtisaslaşmış sahələrdə tətbiq olunması gərəkən bir texnologiyadır.

Quran və Hədis Universitetinin rektoru Höccətül-İslam vəl-müslimin Əbdül Hadi Məsudi Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində Darülhədis kompleksinin süni intellektlə  qarşılaşmada formalaşdırdığı strukturlaşdırılmış yanaşmanı izah edib.

O vurğulayıb ki, süni intellekt təkcə texnoloji bir alət deyil. Bu əvvəlcə öyrənilməsi, daha sonra isə ixtisaslaşmış sahələrdə tətbiq olunması vacib olan bir texnologiyadır. Darülhədisdə bu yanaşma maarifləndirici seminarların təşkili və texniki mütəxəssislərlə davamlı əməkdaşlıq vasitəsilə həyata keçirilir.

Rektor həmçinin bu texnologiyanın mərkəzdəki konkret nəticələrinə toxunaraq bildirib ki, süni intellekt hazırda “Quran və Hədis Ensiklopediyası” layihəsində bir sıra texniki prosesləri, o cümlədən mətnlərin tərcüməsi və ərəb qrammatik işarələrinin qoyulması (erablandırma) qismən öz üzərinə götürüb. Bununla belə, o insan nəzarətinin həlledici rolunu önə çəkərək süni intellekti insanı əvəz edən deyil, “çox güclü bir köməkçi” adlandırıb. Onun sözlərinə görə, təbliğ sahəsində də süni intellekt ictimai ehtiyacların müəyyənləşdirilməsi və müxtəlif sosial qruplara uyğunlaşdırılmış (lokallaşdırılmış) məzmunun hazırlanması ilə mütəxəssislərin effektivliyini nəzərəçarpacaq dərəcədə artıra bilər. Bunun üçün şərt budur ki, hasil olunan məzmun daim təhlil və yoxlamadan keçirilsin.

Aşağıda söhbətin tam mətnini təqdim edirik:

Süni intellekt yeni bir texnologiya olduğuna görə, Darülhədis müəllimlərin, tələbələrin və tədqiqatçıların bu sahə ilə tanışlığı üçün hansı addımları atıb?

Biz hesab edirik ki, hər bir yeni texnologiya əvvəlcə öyrənilməli və onunla yaxından tanış olunmalıdır. Bundan sonra onun faydası və mümkün zərərləri haqqında danışmaq mümkündür. Əlhamdülillah, Darülhədisdə indiyədək süni intellektə dair üç tanışlıq seminarı keçirmişik. Bu seminarlarda hədisşünaslıq və dini tədqiqatlar sahəsində tətbiq oluna bilən süni intellekt modelləri həm müəllimlərə, həm tələbələrə, həm də tədqiqatçılara təqdim olunub və onların imkanları araşdırılıb.

Bundan əlavə, “NUR” mərkəzinin süni intellekt üzrə mütəxəssisləri cənab doktor Minayi və doktor Bəhrami ilə dəfələrlə görüşlər təşkil etmişik ki, onlar öz texniki baxış bucaqlarından  süni intellektin elmi tədqiqatlarda tətbiq imkanlarını daha açıq və konkret şəkildə bizə izah etsinlər.

Şübhəsiz ki, bu maarifləndirici yanaşma bəhrəsini verib. Hazırda Darülhədisdə, xüsusilə “Quran və Hədis Ensiklopediyası” layihəsində süni intellekt hansı gündəlik iş proseslərində istifadə olunur?

Biz artıq süni intellekti real şəkildə işə tətbiq etmişik. Ensiklopediya bölməsində hədislərin toplanmasından sonra iki böyük mərhələ qalır: Erablandırma (ərəb qrammatik işarələrinin qoyulması) və fars dilinə tərcümə. Bu ilin əvvəlindən etibarən hər iki prosesi süni intellekt vasitəsilə həyata keçiririk və bu işləri artıq insan resursuna həvalə etmirik.

Lakin süni intellekt hələ də müəyyən səhvlər edir. Buna görə də ilkin mətn süni intellekt tərəfindən hazırlanandan sonra mütləq bir mütəxəssis tərəfindən yoxlanılır. Hazırda işin təxminən üçdə dördü avtomatik, süni intellektin köməyi ilə yerinə yetirilir.

Bu, müasir texnologiyalardan istifadə baxımından ciddi bir sıçrayışdır. İndi isə təbliğ sahəsinə keçək: Süni intellekt “mesajın qəbulu”, yəni ictimai ehtiyacların dərk edilməsi prosesində mütəxəssislərə necə yardım edə bilər?

Süni intellekt təbliğə həm “mesajın qəbulu”, həm də “mesajın çatdırılması” sahələrində yardım göstərə bilər. Qəbul mərhələsində biz süni intellekt vasitəsilə cəmiyyətdə mövcud olan sualları, şübhələri, elmi və mədəni ehtiyacları müəyyən edə bilərik. Hazırda süni intellekt virtual mühitdə hansı mövzuların daha çox təkrarlandığını, hansı sualların ictimaiyyətdə dövriyyədə olduğunu analiz edə bilir.

Müəyyən sahədə fəaliyyət göstərən hər bir təbliğçi öz qarşılaşdığı sual və problemləri süni intellektin köməyi ilə dəyərləndirə bilər.

Əlbəttə, süni intellektə yüz faiz güvənmək düzgün deyil. Onun mümkün səhvləri mütləq insan tərəfindən yoxlanmalıdır. Süni intellekt güclü, lakin insan nəzarətinə ehtiyac duyan bir köməkçidir.

Sizin fikrinizcə, süni intellekt “mesajın çatdırılması” və məzmunun lokallaşdırılması mərhələsində hansı rolu oynaya bilər?

Təqdimat sahəsində süni intellekt hədəf auditoriyaya uyğun bədii işləmələr, ədəbi dəyər qatları və media üslubları yaradaraq məzmunu həmin qrup üçün əlverişli formaya sala bilər. Süni intellekt eyni mətni gənclər, uşaqlar, tələbələr, qadınlar və kişilər üçün fərqli, uyğun üslubda formalaşdıraraq bizə müxtəlif variantlar təklif edə bilir.

Bununla belə yenidən vurğulayıram ki, süni intellektin təklif etdiyi hər bir variant bizim tərəfimizdən təhlil, tənqid və təkmilləşdirilməlidir; mövcud səhvlər düzəldilməli, sonra təqdim olunmalıdır. Təəssüf ki, bəzən həddən artıq etibar və ya səhlənkarlıq səbəbindən süni intellektin çıxışı olduğu kimi istifadə edilir və təbliğ olunur.

Sizin dəfələrlə qeyd etdiyiniz kimi, insan nəzarəti prinsipial əhəmiyyət daşıyır. Xarici və beynəlxalq təbliğ sahəsində bu vasitələrdən, xüsusilə tərcümələrdə, istifadə olunurmu?

Bəli, biz süni intellektin tərcümə imkanlarından beynəlxalq təbliğ sahəsində çox yaxşı faydalana bilərik. Böyük həcmli mətnlərimizi süni intellekt vasitəsilə ərəb, ingilis və digər məşhur dünya dillərinə çevirə bilərik. Lakin burada da mütləq səriştəli bir tərcüməçinin son tamamlayıcı müdaxiləsinə ehtiyac var ki, mətnin üslubunu azacıq işləmələrlə müasir dilə uyğunlaşdırsın və redaktə etsin.


Son olaraq Hövzə Xəbər Agentliyinə təşəkkürümü bildirirəm ki, xüsusilə yeni texnologiyalar sahəsində və müxtəlif tədbirlərin işıqlandırılmasında öz media vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirir.

Uca Allahdan bu dəyərli media qurumunun hörmətli əməkdaşlarına və dəyərli izləyicilərinizə daim uğur və müvəffəqiyyət diləyirəm.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha