Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Paraçinar bölgəsinin bir neçə aylıq mühasirəsinin davamı ilə əlaqədar olaraq, İslamabadda bir sıra alimlərin, siyasi xadimlərin və jurnalistlərin iştirakı ilə mühüm bir iclas keçirilib.
İclasda iştirak edənlər Kurram bölgəsi xalqının acınacaqlı vəziyyətindən narahatlıq ifadə edərək, mühasirənin dərhal sona çatdırılmasını və bölgəyə təhlükəsizlik və sakitçiliyin qayıtmasını tələb ediblər.
Hüseyniyyə Cəmiyyətinin üzvü, Höccətül-İslam Seyid Təcəmmül Hüseyn Fəxri, iclasın əvvəlində çıxış edərək Paraçinar xalqının durumunu dövlətin səriştəsizliyi və məsuliyyətsizliyinin nəticəsi adlandırdı və dedi: Son aylar ərzində Paraçinarın ləyaqətli insanları ağır və dözülməz şəraitdə yaşayıblar; mühasirə və təhlükəsizliksizlik onların gündəlik həyatını iflic edib.
Bu gün Paraçinar Qəzza kimi zülm altında əzilir və ölkənin təhlükəsizlik qurumları öz vəzifələrini yerinə yetirməkdə ya acizlik, ya da laqeydlik göstərirlər.
İclasın davamında Əhli Hərəm Cəmiyyətinin rəhbəri Müfti Gülzar Nəimi, dövlətin laqeydliyini sərt şəkildə tənqid edərək bildirdi: Bu böhranın davam etməsi Pakistan millətinin bədənində dərin bir yara kimi iz buraxır və dövlət buna cavab verməyə borcludur.
Höccətül-İslam Seyid Həsən Zəfər Nəqəvi, müsəlmanların vəhdət məclisinin ali şurasının üzvü bildirib: Artıq yeddi aydır ki, müdafiəsiz Kurram xalqı mühasirədədir və hər gün uşaqlarımızın, qadınlarımızın və əzizlərimizin şəhid olduğu xəbərləri gəlir. Biz ədalət bərpa olunana və bölgə tam azad olana qədər müqavimət göstərəcəyik.
Pakistan Senatının sabiq sədri və Xalq Partiyasının liderlərindən biri olan Nəyyir Buxari çıxışında vurğulayıb:
Qarşılıqlı dialoq və real barışıq olmadan davamlı sülhün təmin edilməsi mümkün deyil. Bu gün birliyə hər zamankindən daha çox ehtiyacımız var.
Bu iclasda , müsəlmanların vəhdət məclisinin parlament nümayəndəsi Həmid Hüseyn Turi xəbərdarlıq edərək bildirdi: Əgər dövlət öz qanuni vəzifələrini yerinə yetirə bilməzsə, bu məsələ beynəlxalq qurumlara təqdim olunacaq. Kurram xalqına dəyən maddi və insani itkilərə dərhal cavab verilməlidir.
Əyalət məclisinin üzvü Əli Hadi həmçinin Xeybər Paxtunxva hökumətini sərt şəkildə tənqid edərək dedi: Əli Əmin Qəndapurun yanlış siyasətləri Kurram xalqının sakitliyini əlindən alıb və bölgənin infrastrukturunu dağıdıb.
Höccətül-İslam Seyid Əhməd İqbal Rəzəvi, müsəlmanların vəhdət məclisinin sədr müavini, əsas yolların bağlı olması və yüzlərlə insanın şəhid olması ilə bağlı bildirib: Bu faciələr ölkənin hökumət və təhlükəsizlik qurumlarının uğursuzluğunun bariz sübutudur və bu məsuliyyətə görə cavab verilməlidir.
İclasın davamında tanınmış jurnalist Hərmit Sinq Paraçinar xalqının mühasirədə saxlanılmasını insani prinsiplərə və puştunvali (puştun adət-ənənələri) dəyərlərinə zidd adlandırdı.
Bölgənin görkəmli ağsaqqallarından olan Hüseyn Əli Hüseyni isə vurğuladı:
“Dövlətin bu böhrana laqeyd münasibəti Kurram xalqının iztirablarının davam etməsinə səbəb olub.
Toplantının sonunda iştirakçılar rəsmi şəkildə öz tələblərini bəyan etdilər:
1. Paraçinarın zalımcasına mühasirəsinin dərhal dayandırılması;
2. Tel–Paraçinar yolunun tam və qeyd-şərtsiz açılması;
3. Terrorçu qrupların tamamilə məhv edilməsi və bölgədə davamlı təhlükəsizliyin təmin olunması;
4. Kurram əhalisinə dəyən zərərin hüquqi və məhkəmə qaydasında araşdırılması və ödənilməsi.
Xəbərin sonu.
Rəyiniz