cümə axşamı 15 may 2025 - 15:21
İslam İnqilabının Ali Rəhbəri: Zalımlara qarşı göstərilən müqavimət bizimlə düşmənçiliyin əsas səbəbidir.

Hövzə/ İslam İnqilabının Ali Rəhbəri buyurub: Qərbin zorakı güclərinin əsas problemi İslam Respublikasının onların batil sivilizasiyasını rədd etməsidir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Seyid Əli Xamenei ilə Məmilli təcili yardım şəhidləri konqresinin təşkilat komitəsi üzvlərinin iki gün əvvəl, yəni 1404-cü il Ordibeheşt ayının 22-də (2025-ci il, 13 may) baş tutmuş görüşündəki çıxışları bu gün, konqresin keçirildiyi məkanda yayımlanıb.

Ayətullah Xamenei bu görüşdə təcili yardım işçilərini insanlıq və insansevərlik xüsusiyyətlərinin təcəssümü adlandıraraq, İran xalqında fədakarlıq və insansevərlik ruhunun davamlılığının vacibliyinə toxunub və bunun mədəni maarifləndirmə yolu ilə qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. O deyib: Bu ruhun tam əksi, Qəzzada sionist rejimin törətdiyi cinayətlər və vəhşiliklər, həmçinin Qərbin onlara verdiyi dəstəkdir. Bu vəhşiliklərə və batil cəbhəyə qarşı durmaq isə hər kəsin vəzifəsidir.

Ali Rəhbər konqres təşkilat komitəsinin şəhid təcili yardımçıları ilə bağlı kitablar, filmlər və kompüter oyunları hazırlamaq kimi yaradıcı təşəbbüslərindən bəhs edərək bildirib: Sadəcə bu cür dəyərli və ruhlandırıcı əsərlərin hazırlanması kifayət deyil, həm də elə bir iş görülməlidir ki, bu məhsullar azı 20 milyon nəfərlik auditoriyaya çatsın.

Ayətullah Xamenei vurğulayıb ki, bugünkü irəliləyişlərin əsasında sənaye, siyasət, inşaat, ədəbiyyat və incəsənət sahələrinə daxil olan təşəbbüskar və yaradıcı gənclərin fəaliyyəti dayanır. O əlavə edib: İradəli və motivasiyalı gənclər olduğu müddətdə bu ölkədə həyata keçməyəcək heç bir iş yoxdur.

Ayətullah Xamenei buyurub: Təcili yardımçılar güllə yağışı altında belə özlərini yox, başqalarını xilas etməyi düşünürdülər. Onlardakı heyrətamiz fədakarlıq ruhu o dərəcədə güclü idi ki, bəzən yaralı düşmən əsirlərə belə yardım edirdilər. Bu cür davranışlar isə insanlıqdan uzaq düşmüş dünya düzəninin tam əksidir.

Ali Rəhbər Ayətullah Xamenei qeyd edib ki, müdafiə dövründə cəbhə xətlərinə yaxın sahə xəstəxanalarında çalışan həkim və tibb bacılarının fədakar fəaliyyəti yalnız sənət dili ilə təsvir edilə bilər. O, İran xalqının böyük işlərinin dünyaya layiqincə tanıdılmamasını tənqid edərək əlavə edib: Halbuki bəzi tarixsiz və qəhrəmansız ölkələr uydurma qəhrəmanlarını güclü təbliğatla təqdim edirlər, biz isə öz əsl qəhrəmanlarımızı tanıtmalı və onları ümumi mədəniyyətə çevirməliyik ki, məlum olsun. Yardım və kömək İslam və insanlıq vəzifəsidir və bu ruh hər nəslə ötürülməli, daimi şəkildə yaşamalıdır.

Ali Rəhbər fədakarlıq və yardımsevərlik ruhunun əksi kimi sionist cinayətkarların vəhşi davranışlarını təcili yardım maşınlarına hücum, xəstəxanaların bombalanması, xəstə və müdafiəsiz uşaqların qətliamını qeyd edərək  deyib: Bu gün dünya insan cildinə bürünmüş vəhşilərin əlində idarə olunur və İslam Respublikası öz vəzifəsi hesab edir ki, bu vəhşiliklərə və qan tökmələrə qarşı müqavimət göstərsin.

Ayətullah Xamenei vurğulayıb ki, mülki insanlara qarşı törədilən cinayətlərə etiraz ümumi bir vəzifədir və bu etiraz hissi qəlblərdə ümid işığını alovlandıran əsas amildir. Lakin bu hiss Qərb kimi düşmənlərin İslam Respublikasına qarşı çıxmasına səbəb olur. Çünki biz onların vəhşiliklərinə göz yumsaydıq və sussaydıq, onlar bizimlə düşmən olmazdılar.

O əlavə edib: Qərbin zorakı güclərinin əsas problemi budur ki, İslam Respublikası onların batil sivilizasiyasını rədd edir. Halbuki batil sonda məhvə məhkumdur. Amma bu həqiqətin gerçəkləşməsi üçün əməl etmək, müqavimət göstərmək və susqunluqdan, qaçışdan, batilin alqışlanmasından çəkinmək lazımdır. Çünki bunlar onun irəliləməsinə zəmin yaradır.

Xəbərin sonu.  

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha