Hövzə Xəbər Agentliyinin “Arabi21” xəbər portalına istinadla verdiyi məlumata əsasən, 432 hollandiyalı vəkil məktublarında yazıblar: “Hüququn aliliyinin pozulmasına qarşı müxtəlif ölkələrdə mövqe bildirən Vəkillər Kollegiyasının, İsrailin Qəzzada törətdiyi soyqırımı qarşısında susması ağrılı və üzücüdür.”
Onlar əlavə ediblər: Biz dünyada hüququn aliliyinin pozulmasına qarşı ittifaqımızın mövqeyini alqışlayırıq, lakin İsrail tərəfindən həyata keçirilən soyqırımı və etnik təmizləmə qarşısında nümayiş etdirilən susqunluq, bu sükutu daha da ağrılı edir.
Məktubu imzalayanlar bildiriblər ki, İsrailin 19 aydır davam edən fasiləsiz hücumları nəticəsində ən azı 50 min nəfər, o cümlədən 15 mindən çox uşaq şəhid olub, təxminən 120 min nəfər isə yaralanıb. Onlar həmçinin qeyd ediblər ki, təxminən 92 faiz yaşayış evləri dağıdılıb, yüzlərlə jurnalist, həkim və yardım işçisi öldürülüb, 1,9 milyon mülki şəxs isə didərgin salınıb.
Məktubun davamında qeyd olunur ki, 2 mart 2025-ci ildən etibarən Qəzzaya heç bir humanitar yardım göndərilməyib.
Vəkillər həmçinin xəbərdarlıq ediblər ki, yüz minlərlə mülki şəxs qəsdən tətbiq olunan mühasirə nəticəsində aclıq təhlükəsi ilə üz-üzədir.
Məktubda həmçinin Qəzzadakı vəkillərin vəziyyətinə toxunulub və qeyd olunub ki, bütün hüquqi infrastruktur o cümlədən məhkəmələr, tarixi sənədləri əhatə edən arxivlər və Fələstin Vəkillər Kollegiyasının ofisi məhv edilib və bu da vəkillik fəaliyyətini faktiki olaraq mümkünsüz edib.
Bu vəkillər məktublarında sual veriblər: Nə qədər fələstinli öldürülməlidir və İsrail neçə hüquqi öhdəliyi pozmalıdır ki, siz Fələstinin işğal olunmuş torpaqlarında baş verən təhlükəli hadisələrə dair narahatlığınızı ifadə edəsiniz?
Məktubda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına, Beynəlxalq Əfv Təşkilatı, İnsan Haqları Təşkilatının hesabatlarına və BMT-nin xüsusi məruzəçisinin sənədlərinə istinad edilib və Qəzzada baş verənlərin soyqırımı kimi təsvir olunduğu vurğulanıb.
Vəkillər vurğulayıblar ki, İsrailin mövqeyi tamamilə aydındır. Beynəlxalq humanitar və etik qanunlarla ziddiyyət təşkil edir. Digər hüquqi institutlar isə bu vəziyyət qarşısında susa bilməzlər.
Hüquqşünas İbrahim Yıldırım və məktubu imzalayanlardan biri bildirib ki, dünyanın müxtəlif yerlərində bir çox vəkillər kollegiyaları törədilən cinayətlərə qarşı hüquqi tədbirlər görmüş və Beynəlxalq Cinayət Məhkəməsində iş qaldırıblar.
O əlavə edib: Hollandiya vəkillər kollegiyasının bu cinayətlərə laqeyd yanaşması, hüququn beşiyi kimi tanınan ölkədə vəkillər kollegiyalarının əsas prinsipləri və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
Yıldırım əlavə edib: “Bu gün Qəzzanın yanında çıxış etməyən vəkillər kollegiyası gələcəkdə hüquq pozuntularına qarşı daha çox susmağa məcbur olacaq. Hüquqşünaslıq peşəsi yalnız fərdi müdafiə ilə məhdudlaşmır həm də hüququn aliliyinin və insan ləyaqətinin müdafiəsini əhatə edir.
1952-ci ildə təsis edilən və 18,513 vəkili təmsil edən Hollandiya Vəkillər Kollegiyası ölkənin aparıcı müstəqil peşə təşkilatlarından biridir və Beynəlxalq Vəkillər Kollegiyası, Avropa Vəkillər Kollegiyaları Şurası və Hüquq Cəmiyyətləri Şurasının fəal üzvüdür.
Xəbərin sonu.
Rəyiniz