Hövzə Xəbər Agentliyinin Tehrandakı müxbirinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri çərşənbə günü səhər saatlarında Kənd Təsərrüfatı Nazirliyində keçirilən mərasimdə İmam Xomeyninin vəfatının 36-cı ildönümü və 15 xordad qiyamının anım mərasimində çıxış edərək bildirdi:
İmam Baqir (ə) Kərbəla qiyamından sonrakı mürəkkəb tarixi şəraitdə elm məclisləri və bərəkətli dini dərslərlə İslam maarifinin davamlılığını təmin etmişdir. İmam Xomeyni də, bu böyük məktəbin, İmam Baqir və Əhli-Beytin (ə) layiqli bir davamçısı və seçilmiş bir yetirməsi olaraq, müasir dövrdə İslamın tarixi hərəkatının bayraqdarı olmuşdur.
Cümə imamlarının siyasətini tənzimləyən şuranın sədri sözlərinə davam edərək əlavə etdi: İmam Xomeyni həmişə diqqətimizi Quranla Əhli-Beyt arasında mövcud olan qırılmaz bağa yönəltmiş və bu əlaqəni «Səqəleyn» rəvayəti çərçivəsində bizə xatırlatmışdır. O həzrətin əbədi vəsiyyətində xalqımıza bir çox iftixar məqamlarını göstərir ki, bunlar şəhidlərin müqəddəs qanı sayəsində bizə nəsib olmuşdur. İslam İnqilabının böyük rəhbəri o vəsiyyətində həmçinin yazır ki, İmam Baqir (ə) dünya xalqlarının qürur mənbələrindən biridir. Bu ifadə ilə İmam Xomeyni bizi İmam Baqirin (ə) şəxsiyyətini daha dərindən tanımağa təşviq edir.
İmam Xomeyni dünya xalqlarını Qurani Kərim və Əhli-Beyt (ə) maarifi ilə tanış etmişdir.
O, sözlərinə belə davam edib: İmam Məhəmməd Baqir (ə), İslamın saf mahiyyətini zədələyən və sonradan əlavə olunmuş təhrifləri aradan qaldırmaq kimi olduqca məsuliyyətli bir vəzifəni böyük hikmət və dəqiqliklə yerinə yetirmiş, tağut rejimlərinə qarşı güclü, davamlı və düşünülmüş bir müqavimət hərəkatının əsasını qoymuşdur. Məhz bu tarixi irsə istinad edən İmam Xomeyni XX əsrdə Həzrət İmam Baqirin (ə) yolunu davam etdirərək şiə tarixinin parlaq axarında Qurani Kərim və Əhli-Beyt (ə) maarifini bəşəriyyətə tanıtmışdır.
Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri tarix boyunca irfan əhli və din alimlərinin fədakarlıqlarına toxunaraq bildirib: Tarix boyu çoxsaylı alim və ariflər İslamın izzəti uğrunda çalışmışlar, lakin heç kim elmi dəqiqliyi, mücadilə ruhu, mənəvi dərinliyi, xalqla yaxınlığı və vilayətə sadiqliyi bir araya gətirərək İslam ümmətinin izzətini bu səviyyədə təmin edə bilməmişdi. Bunu gerçəkləşdirən şəxs, bizim əziz İmam Xomeynimiz olmuşdur. İslamın parlaq məktəbi çoxsaylı İlahi şəxsiyyətlər yetirmişdir, lakin İmam Xomeyni bu böyük məktəbin fövqəladə seçilən siması idi. Qədir-Xum məsələsində Peyğəmbəri (s) və onun risalətini dünya miqyasında tanıtmağı bacaran yalnız bir şəxs olmuşdur və o da İmam Xomeyni olmuşdur. Onun şəxsiyyətindəki kamillik nadir nümunədir. Çünki o, fiqh elmində ən yüksək zirvədə dayanırdı, irfanın dərinliklərinə bələd idi, böyük cəsarətə sahib idi və son dərəcə iti bəsirətə malik idi.
O əlavə edib: İmam Xomeyni İslam Respublikası sisteminin əsaslarını qurmaqla tarixi bir dönüş nöqtəsinə imza atmışdır. O həzrət daim vilayətə sadiq xalqın həmrəyliyini və iştirakı məsələsini strateji əhəmiyyətli amil kimi qiymətləndirmişdir. Bu misilsiz uğurun sirri, imamın mənəvi və elmi dərinliyi ilə yanaşı, İran xalqının fədakarlığı, əzmi və şəhidlik ruhunda gizlidir. 15 xordad qiyamının şəhidləri bu fədakarlığın ən parlaq təzahürüdür. Həmin şəhidlər İran xalqının sədaqətinin canlı nümayəndələri idilər.
15 xordad qiyamında baş verən hadisə artıq höccəti tamamladı
Cümə imamlarının siyasətini tənzimləyən Şuranın sədri çıxışının sonunda vurğuladı: 15 xordad qiyamında baş verən tarixi hadisə artıq höccəti tamamladı, yəni haqq və batil arasındakı sərhədlər aydın şəkildə müəyyənləşdi və məlum oldu ki, İslamın tarixi hərəkata çevriləcək o böyük oyanışı başlatmaq üçün zaman yetişmişdir. Artıq yalnız 15 illik bir dövr tələb olunurdu ki, bu müddət ərzində tələbə yetişdirilməsi və təşkilatçı kadrların hazırlanması həyata keçirilsin.
15 Xordad şəhidlərinin həyatlarına nəzər saldıqda insan dərin heyrətə gəlir. Onların iman dolu ömür yolu, şəhidliyə gedən fədakar addımları və yüksək şüuru bizə o günlərin nə qədər mühüm və strateji olduğunu göstərir. İmam Xomeyni isə bu prosesdə təşkilatlanma və kadr formalaşdırılması baxımından misilsiz bir lider idi.
Daha sonra o, müasir dövrdə İslam dünyasında baş verən dəyişikliklərə də toxunaraq deyib: Bu gün müsəlman xalqların müqavimət ruhu gündən-günə güclənir, hegemon və zalım qüvvələr isə zəifləyir. Bütün bu dəyişikliklər İslam İnqilabının müdrik rəhbəri Ayətullah Seyid Əli Xameneinin uzaqgörən və prinsipial rəhbərliyi ilə baş verir.
Ali Rəhbər İmam Xomeyninin başlatdığı tarixi hərəkatı ciddi qərarlılıq, hikmət, izzət və möhkəm iradə ilə davam etdirmişdir. Əziz Rəhbərimiz dini demokratiya formasını gerçəkləşdirmiş və xalqın prinsiplərə sədaqətinə olan iman və "biz bacararıq" şüarına əsaslanan ideyalarla İslam Respublikasının tarixi hərəkatını uğurla sürdürmüşdür.
Rəyiniz