Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, bu gün Qum şəhərində yerləşən Darüş-Şəfa Ali Mədrəsəsində dini suallar və şübhələrin cavablandırılması sahəsində fəaliyyət göstərən mərkəzlərin iştirakı ilə süni intellekt mövzusu üzrə 19-cu birgə fikir və təcrübə mübadiləsi iclası keçirilib. Tədbirdə Qum Elmi Hövzəsinin Elmi-Tədqiqat üzrə müavini, Höccətül-İslam vəl-müslimin Türkaşvənd geniş təqdimatla çıxış edib.
O, çıxışına belə başlayıb: Bizə nəsib olan görüş zamanı Ali Rəhbər Seyid Ayətullah Xamenei belə buyurdu: 'Virtual məkan eyni zamanda həm təhlükədir, həm də bir fürsət.'
Türkaşvənd bu fikri davam etdirərək bildirib: Virtual aləmlə cəmiyyətin dərin qatlarında ‘şəhərin alt qatlarında’ baş verənləri müşahidə edə bilirik. Süni intellekt də bu baxımdan oxşardır: həm ciddi təhlükədir, həm də əhəmiyyətli imkanlar yaradır. Əgər süni intellektdən ağıllı və məsuliyyətli şəkildə istifadə olunmazsa, acı və arzuolunmaz nəticələr qaçılmaz olar.
O, xüsusilə dini mətnlərlə bağlı süni intellektdə müşahidə olunan problemlərə toxunaraq deyib: Süni intellektlə dini mətnlərin şərhində (təfsirində) baş verən səhvlərin sayı kifayət qədər çoxdur. Bu da, istər qısa müddətdə, istərsə də uzunmüddətli perspektivdə analitik düşüncə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Qum Elmi Hövzəsinin Elmi-Tədqiqat üzrə müavini daha sonra əlavə edib: Süni intellektdən faydalanmaq üçün ciddi və kompleks addımlar atılmalıdır. Tələbələr və tədqiqatçılar üçün təşkil edilən xüsusi təlim kursları bu addımların yalnız kiçik bir hissəsidir. Bu məsələ hövzə elmi mühitində dərinliklə nəzərə alınmalıdır.
O, Quran və Əhli-Beyt (ə) maarifinə əsaslanan mənbələrin təmininin zəruriliyini vurğulayaraq qeyd edib: Quran və Əhli-Beyt (ə) məktəbinə əsaslanan etibarlı məlumatların əldə olunması xüsusi diqqət tələb edən məsələlərdəndir. Bizim sahib olduğumuz bu bənzərsiz ilahi irs, dünyanın başqa heç bir yerində yoxdur. Bu istiqamətdə süni intellektdən səmərəli istifadə üçün bizə kömək edə biləcək əsas qurumlardan biri 'Nur İslam Kompüter Araşdırmaları Mərkəzidir.'
Höccətül-İslam vəl-müslimin Türkaşvənd çıxışının sonunda bildirib: Bu gün süni intellektdən istifadəyə dair narahatlıq və eyni zamanda maraq formalaşıb və artıq bu sahəyə müəyyən qədər daxil olmuşuq. Lakin keçmiş təcrübələrimizdən nəticə çıxarmalı və paralel fəaliyyətlərdən çəkinərək birgə strategiya ilə irəliləməliyik. Hövzə daxilində güclü və əlaqəli bir süni intellekt şəbəkəsi formalaşdırmaq lazımdır. Bu gün əldə olunan imkan çox dəyərli və gələcək üçün ümidvericidir. Onun qədrini bilməliyik.
Xəbərin sonu
Rəyiniz