çərşənbə 18 iyun 2025 - 12:56
Ali Rəhbər: İran xalqı təslim olan xalq deyil. Əgər ABŞ hərbi müdaxilə etsə bu onlar üçün çox ağır olacaqdır. Sionist düşmən hal hazırda öz cəzasını alır

Hövzə: İslam İnqilabının Ali Rəhbəri vurğuladı: Əgər ABŞ hərbi müdaxilə etsə bu onlar üçün çox ağır olacaqdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə bu gün günorta saatlarında İslam İnqilabının Ali Rəhbəri televiziya vasitəsilə etdiyi müraciətində İran xalqının son günlərdə sionist düşmənin axmaq və xəbis hücumuna qarşı göstərdiyi təmkinli, şücaətli və layiqli davranışını alqışlayaraq bunu xalqın uzaqgörənliyinin və müdrikliyinin göstəricisi adlandırıb. O vurğulayıb:

İran xalqı necə bu müharibəyə möhkəm dayandığı kimi, məcburi sülhə qarşı da eyni möhkəmliklə dayanacaqdır. Bu xalq heç bir məcburiyyət qarşısında heç kimə təslim olmayacaq.

Həzrət Ayətullah Xamenei, ABŞ prezidentinin təhqiramiz və hədələyici çıxışlarına toxunaraq bildirib:

İranı, xalqını və onun tarixini tanıyan ağıllı insanlar bilirlər ki, bu xalqla heç kim təhdid ilə danışa bilməz. Çünki İran xalqı təslim olan xalq deyil. Amerikalılar bilməlidirlər ki, əgər ABŞ hər hansı bir hərbi müdaxilə etsə bu onlar üçün çox ağır olacaqdır.

Rəhbər çıxışının əvvəlində Qədir-Xum günü tədbirində və xüsusilə cümə namazından sonra keçirilən son mitinqlərdə İran xalqının möhtəşəm iştirakını tərifləyib. O, həmçinin düşmənin hücumu qarşısında televiziya aparıcısı olan xanımın şücaətli və gözəl davranışına işarə edərək deyib:

Təkbir söyləməklə xalqının gücünü bütün dünyaya göstərmək tarixi və çox dəyərli bir hadisə idi.

Həzrət Ayətullah Xamenei sionist rejimin axmaq və xəbis hücumunun baş verdiyi zamanın xüsusiyyətlərinə də toxunaraq əlavə edib:

Bu hadisə o vaxt baş verdi ki, bizim məsul şəxslər ABŞ ilə dolayı danışıqlarla məşğul idilər və İran tərəfindən isə onlara qarşı heç bir hərbi əməliyyat həyata keçirilməmişdir.

O, vurğuladı: Əvvəldən bu çirkin işdə ABŞ-ın sionist rejimlə əlbir olması ehtimal edilirdi. Son günlərdəki amerikalı rəsmilərin açıqlamaları bunu açıq şəkildə göstərdi.

İnqilab Rəhbəri qeyd etdi: İran xalqı məcburi müharibəyə, məcburi sülhə və ümumiyyətlə hər cür məcburiyyətə qarşı möhkəm dayanır. Mən fikir, söz və qələm sahiblərindən, xüsusilə də dünya ictimai rəyinə təsir edənlərdən gözləyirəm ki, bu anlayışları izah etsinlər və düşmənin aldadıcı təbliğatı ilə həqiqətin təhrif olunmasına imkan verməsinlər.

Həzrət Ayətullah Xamenei vurğuladı: Düşmən böyük bir səhv və cinayət etdi. O, mütləq cəzalandırılmalıdır və hal hazırda da cəzalandırılmaqdadır. İran xalqı və silahlı qüvvələrin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və gələcək üçün də planlaşdırdığı cəza ağırdır və düşməni tamamilə zəiflətmişdir.

O əlavə etdi: Sionist rejimin yaxın dostu olan ABŞ- ın səhnəyə daxil olması, sionist rejimin zəifliyinin və acizliyinin göstəricisidir.

İnqilab Rəhbəri, ABŞ prezidentinin təhqiramiz və hədələyici açıqlamalarına toxunaraq dedi: ABŞ prezidenti açıq şəkildə İran xalqından təslim olmağı tələb edir. Amma biz onlara deyirik: Birincisi təhdid yalnız o kəsləri qorxuda bilər ki, onlar təhdiddən qorxurlar. Halbuki İran xalqı Quranın bu mübarək ayəsinə inanır: 
Ruhdan düşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz!
Təhdid İran xalqının davranışına və düşüncəsinə heç vaxt təsir etməyəcək.

Həzrət Ayətullah Xamenei əlavə etdi: İkincisi, İran xalqına "gəlin təslim olun" demək ağıllı bir söz deyil. İran xalqını və onun tarixini tanıyan ağıllı insanlar belə bir ifadəni heç vaxt dilə gətirməzlər. Çünki İran xalqı təslim olan xalq deyil və heç bir təcavüzə təslim olmayacaq.

O, qeyd etdi: Amerikalılar və bu bölgənin siyasətləri ilə tanış olanlar bilirlər ki, ABŞ-ın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq və zərbə alacaq. Bu zərbənin onlara vuracağı ziyan, İrana dəyəcək ziyandan qat-qat artıq olacaq.

İnqilabın Ali Rəhbəri vurğuladı: Əgər ABŞ hərbi müdaxilə etsə bu onlar üçün çox ağır olacaqdır.

Həzrət Ayətullah Xamenei İran xalqına Qurani-Kərimin bu ayəsini yadda saxlamağı tövsiyə edərək dedi:  
«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ»
Ruhdan düşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.) 
(Ali İmran surəsi, 139-cu ayə)

O əlavə etdi: Həyatınızı qorxmadan ürəklə davam etdirin. Xüsusilə xidmət sahəsində çalışanlar və xalqla birbaşa təmasda olanlar eləcə də təbliğat ilə məşğul olanlar öz işlərini ürəklə davam etdirsinlər və uca Allaha təvəkkül etsinlər. Çünki Allah Qurani-Kərimdə buyurur:  
«وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ»

Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.


O, sonda vurğuladı: Uca Allah İran xalqını və haqq olanları mütləq şəkildə qalib edəcəkdir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha