çərşənbə 6 avqust 2025 - 21:18
Yeniyetmələrdə siyasi bəsirətin formalaşdırılması

Hövzə / Bu günün mürəkkəb dünyasında siyasi və ictimai baxımdan gənclərin yetişdirilməsi təkcə tərbiyəvi bir zərurət deyil, həm də parlaq gələcək üçün bir sərmayədir. Bəs yeniyetmələrin sualla dolu olan zehinlərini necə dərin siyasi təhlil istiqamətində yönləndirmək olar?

Yeniyetmələrdə siyasi bəsirət necə formalaşdırıla bilər?

Hövzə / Bu günün mürəkkəb dünyasında siyasi və ictimai baxımdan gənclərin yetişdirilməsi təkcə tərbiyəvi bir zərurət deyil, həm də parlaq gələcək üçün bir sərmayədir. Bəs yeniyetmələrin sualla dolu olan zehinlərini necə dərin siyasi təhlil istiqamətində yönləndirmək olar?

Hövzə Xəbər Agentliyinin məlumatına görə, siyasət - yalnız siyasi qərarlar qəbul edənlərin və böyük siyasətçilərin sahəsi deyil. O, canlı bir cəryan və hər birimizin həyatına təsir göstərən bir prosesdir. Yeniyetmələr isə öz çılğın enerjiləri və saf fitrətləri ilə bu prosesləri düzgün anlamağa hər zamandan daha çox ehtiyac duyurlar. Belə olarsa, onlar aldadıcı şüarların tələsinə düşməz və təhrif dalğaları qarşısında zərər görməzlər.

Bəs "siyasi bəsirət" nədir? Yeniyetmələrə baş verən hadisələrin zahirindən ötüb daha ətraflı görməyi, hər bir olayın arxasında duran səbəb və nəticə əlaqələrini aşkar etməyi öyrətmək mümkündürmü?

Bu suallara cavab tapmaq üçün biz tarixçi və siyasi analitik Höccətül-İslam vəl-müslimin Muhəmməd Vəhidiyə müraciət etmişik. Ümid edirik ki, təqdim etdiyimiz bu müsahibə bəsirətli və ayıq bir nəslin formalaşmasına doğru atılan kiçik, amma təsirli bir addım olacaq. İlk növbədə rəsmi Hövzə Xəbər Agentliyinə zaman ayırdığınız üçün səmimi təşəkkürümüzü bildiririk. Zəhmət olmasa, söhbətə bu sualla başlayaq:

  • Siyasi bəsirət necə tərif olunur?

  • Siyasi bəsirət, baş verən hadisələrə dərin və analitik yanaşmaq deməkdir. Bu cür baxış siyasi sahədə tətbiq olunduqda, ona “siyasi analiz” və ya “siyasi bəsirət” deyilir. Yəni bir şəxsin siyasi hadisələri və prosesləri sistemli şəkildə analiz edə bilməsi, səbəb-nəticə əlaqələrini görməsi və baş verənləri 3D fəzasında görmək bacarığıdır. Yəni, baş verən hadisələri yalnız indiki zaman hüdudlarında deyil, həm keçmiş kontekstdə, həm də gələcəyə yönəlik analiz çərçivəsində qiymətləndirə bilməsidir.

  • Yeniyetmələrdə siyasi bəsirətin qarşısını kəsən maneələr hansılardır?

  • Baxmayaraq ki, yeniyetmələr siyasi proseslərə qatılmaq üçün böyük enerji və maraq nümayiş etdirirlər, onların bu sahədəki təhlilləri bəzən müəyyən məhdudiyyətlərə malikdir. Bu məhdudiyyətlərdən biri təcrübə çatışmazlığıdır. Gənc yaş və mürəkkəb siyasi məsələlərlə az təmas nəticəsində onların yanaşmaları çox zaman səthi və yüngül ola bilər. Bundan əlavə, baş verən siyasi hadisələri müntəzəm olaraq izləməmələri də mühüm amillərdən biri sayıla bilər. Çünki yeniyetmələrin fikri çox zaman şəxsi, təhsil və sosial problemlərə yönəlir və nəticədə siyasətə yetərincə diqqət ayırmırlar. Digər bir maneə isə emosional mühitin təsiridir. Yeniyetmələr və gənclər bəzən hisslərə qapılaraq, sadəlövh şüarların və emosional çağırışların təsiri altına tez düşür, ətrafda baş verən hadisələrə məntiqli və dərin yanaşmırlar. Buna görə də, hərçənd ki, yeniyetmələrin siyasi arenada iştirakı ümidverici görünür, lakin onlarda analitik düşüncənin formalaşdırılması və daha geniş informasiyaya sahib olmaları bu sahədə zəruri bir məqamdır.

  • Yeniyetmələrin siyasi cəhətdən bəsirətli olmaları hansı üstünlükləri əldə etməyə imkan verir?

  • Siyasi bəsirətin yeniyetmələr arasında formalaşdırılması çox baxımdan müsbət nəticələrə səbəb ola bilər.

Paklıq və ədalətə meyl: Yeniyetmələr məsələlərə çox zaman şəxsi maraq və ambisiyalardan uzaq və daha səmimi niyyətlərlə yanaşırlar. Bu da onların siyasi təhlillərinin mövcud siyasi oyunlardan uzaq və daha obyektiv (şəffaf) olmasına səbəb olur.

Zehni kreativlik: Yeniyetmələrin dünyagörüşü yeni formalaşmağa başladığı üçün, onlar əvvəlcədən formalaşmış qərəzli yanaşmalardan uzaqdırlar. Bu isə onlara hadisələrə yeni və yaradıcı baxış bucağından yanaşmaq imkanı verir.

Öyrənməyə maraq: Əgər bir yeniyetmə siyasətlə maraqlanarsa, bu maraq onu daha böyük enerji və təfəkkürlə mütaliəyə, araşdırmalar aparmağa və təhlil etməyə sövq edir.

Bu baxımdan, siyasi bəsirət yeniyetmələrdə təcrübə baxımından məhdudiyyətlə üzləşsə də, amma əxlaqi saflıq və daxili motivasiya baxımından olduqca dəyərlidir. Təhlil yönümlü mütaliələr, məntiqli müzakirələr və siyasi tarixlə tanışlıq yeniyetmələrin bu sahədə inkişafına ciddi töhfə verə bilər.

  • Siyasi bəsirət necə formalaşır?
  • Siyasi bəsirət – hadisələri bir-birindən ayrı və müstəqil bir proses kimi deyil, qarşılıqlı səbəb və nəticələrin təşkil etdiyi böyük bir proseslər şəbəkəsi kimi görmək və dərk etmək qabiliyyətidir. Hər siyasi hadisəni yalnız öz baş vermə zamanına görə deyil, keçmiş və gələcəklə əlaqələndirərək “3 D” (üç ölçülü) şəkildə geniş analiz etmək lazımdır. Misal üçün, yalnız bir təsbeh dənəsini deyil, bütöv təsbehi görmək və müəyyən bir muncuğun niyə məhz bu ardıcıllıqda qərar tutduğunu anlamaq bacarığıdır. Belə olduqda, müəyyən bir hadisənin niyə baş verdiyini, nə ilə əlaqəli olduğunu və bundan sonra nə baş verəcəyini anlamış oluruq. Məsələn, ölkəmizdə baş verən son prosesləri analiz edərkən gələcəyi proqnozlaşdırıb anlamaq istəyirik ki, görəsən, müharibə yenə olacaq, ya yox?

Əgər İslam İnqilabının Ali Rəhbəri: “Qüdrətli olmaq - müharibənin qarşısını alır,” - deyirsə, bu artıq bir siyasi bəsirətdir. Yəni, əgər bir ölkə düşməninə qarşı zəiflik göstərərsə, düşmən ona hücum etməyə cəsarət tapar. Amma əgər güclü və ayıq olarsa, düşmənin ağlının ucundan belə ona hücum etmək fikri keçməz. Bu məsələ onu göstərir ki, müharibə baş verməmişdən öncə, hərbi güc və ağıllı diplomatiya vasitəsilə onun qarşısını almaq mümkündür. Demək, siyasi bəsirətin iki əsas komponenti var:

  1. Çoxmərhələli təhlil etmək bacarığı: Hadisələri zaman (keçmiş, bugün, gələcək, yəni 3D) və geniş siyasi kontekst daxilində analiz etmək.
  2. Ağıllı hərəkət etmək: Bu təhlillərə əsaslanaraq düzgün mövqe tutmaq və ağıllı addımlar atmaq ki, təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülə bilsin və mövcud imkanlar gücləndirilsin.
  • Övladlarımızda siyasi və ictimai bəsirəti və düşüncəni artırmaq üçün hansı praktik yollar tövsiyə edirsiniz?
  • Siyasi bəsirətə malik övladlar yetişdirmək üçün ilk və əsas addım onlara həyatın müxtəlif hadisələrinə təhlili baxış öyrətməkdir. Bu yanaşma yalnız siyasətə deyil, gündəlik həyatın bütün sahələrinə şamil edilə bilər. Övladlarımızın siyasi və ictimai maarifləndirilməsinə lap kiçik yaşlardan başlamaq lazımdır. Bunun üçün onlara gündəlik hadisələri şərh etməyi, səbəblər və nəticələr arasında əlaqə qurmağı öyrətməliyik. Misal üçün, əgər övladımız imtahanda istədiyi nəticəni əldə etməyibsə, bu hadisəni bir cəza və ya uğursuzluq kimi yox, təhlil üçün bir fürsət kimi qiymətləndirməliyik. Bu zaman onu qınamaq və ya tez tənqid atəşinə tutmaq əvəzinə, onunla birlikdə oturub bu nəticənin səbəblərini araşdırmalıyıq ki, hansı amillər buna bais olub. Dərsə hazırlaşmaq üçün plan qurubmu? Dərslərinə diqqətlə hazırlaşıbmı? Emosional və ya ailəvi çətinliklər onu təsir altına almayıbmı? Məktəbdə tədrisin keyfiyyəti nə qədər effektiv olub? Yaxud məktəbin mühiti bu nəticələrdə nə qədər təsirli olub? Bu cür yanaşma uşağa öyrədir ki, heç bir hadisə təkcə nəticədən ibarət deyil, onun arxasında bir sıra səbəblər də durur. Eyni yanaşma uğurlu nəticələr üçün də tətbiq olunmalıdır. Əgər övladımız hər hansı sahədə uğur qazanıbsa, birlikdə araşdırmalıyıq ki, bu uğurun kökündə nələr dayanırdı: öz əzmkarlığı, ailəsinin dəstəyi, müəllimlərinin düzgün istiqamətləndirməsi, yaxşı mühit və ya əlavə imkanlar və s.

Gündəlik həyatımızda baş verən hadisələri davamlı analiz etmək zamanla övladlarımızın zehnini ictimai-siyasi proseslərin mürəkkəb quruluşunu dərk etmək üçün hazırlayacaq. Onlar şəxsi həyatlarında baş verən hadisələri təhlil etməklə, tədricən ictimai və siyasi hadisələri də şərh etmək məharəti kəsb edəcəklər. Uşağımız öyrənəcək ki, ictimai dəyişikliklər və siyasi proseslər də şəxsi həyatdakı kimi çoxsaylı səbəblərə bağlıdır və onları başa düşmək üçün səthi və emosional yanaşmalardan uzaq durmaq lazımdır. Beləliklə, təkcə hadisənin nəticəsinə fokuslanmayan, səbəbləri və daha geniş mənzərəni görməyi bacaran bir övlad yetişdirə bilərik. Bu isə onu gələcəyin bəsirətli, ayıq və məsuliyyətli bir vətəndaşına çevirəcəkdir.

  • Tarixi rəvayətlər vasitəsilə analitik düşüncə və siyasi bəsirəti olan övladlar yetişdirmək mümkündürmü?
  • Cəmiyyətin gələcəyini formalaşdıran yeni nəslin analitik düşüncəli və siyasi bəsirətli olması, yalnız məktəb illərindən deyil, uşaqlarımızın lap erkən yaşlarından başlayan sistemli tərbiyə ilə mümkündür. Bu məqsədə çatmaq üçün uşaqlara hadisələri sadəcə xatırlatmaq deyil, hadisəni doğuran səbəb və nəticələri dərk etmək bacarığı aşılamaq gərəkdir. Tarixi və dini hekayələr bu tərbiyənin başlanğıcı üçün ideal vasitə ola bilər. Amma bu rəvayətlər təkcə hadisələrin nəqlindən ibarət olmamalı, həm də bu hadisələri doğuran ictimai, siyasi və mənəvi səbəblərin təhlili ilə müşayiət olunmalıdır. Məsələn, Aşura hadisəsini uşağa anlatmaq, sadəcə İmam Hüseynin (ə) şəhid edilməsini izah etməklə yekunlaşmamalıdır. Hadisənin köklərinin Peyğəmbərin (s) dövrünə gedib çıxdığını, münafiqlərin davranışlarının sonrakı fitnələrə zəmin hazırladığını, eləcə də o dövr cəmiyyətindəki dəyərlərin necə dəyişildiyini izah etməklə, uşağın Kərbəla hadisələrinə bəsirətli baxışı inkişaf etdirilə bilər. Bu yanaşma bütün tarixi hadisələrdə tətbiq edilə bilər. İmam Hüseynə (ə) dəvət məktublarının göndərilməsi, sonra isə ona kömək etməməyin səbəblərini övladlarımızla birgə araşdırmaq, onlarda hadisələrin arxa planını anlamaq bacarığını gücləndirəcək. Beləliklə, uşaqlar tədricən çevrələrindəki ictimai və siyasi hadisələrin səbəblərini sorğulamağa başlayacaqlar – bu da siyasi şüurun və bəsirətin ilk təzahürüdür.
  • Təhsil sistemi bu prosesdə necə rol oynaya bilər?
  • Təəssüf ki, mövcud təhsil sistemimiz nəticə yönümlüdür. Şagirdin öyrənmək həvəsi və fərdi səyi yox, yalnız aldığı bal və ortalama qiymət əsas götürülür. Bu isə iki mühüm problem yaradır: birincisi, şagirdlər yalnız nəticəyə fokuslanır, ikincisi isə istənilən nəticəni əldə edə bilməyən şagirdlər dərsə olan həvəslərini və motivasiyalarını itirirlər.

Bu sistemi prosesyönümlü modelə çevirmək üçün şagirdlərin fərdi inkişafına diqqət yetirilməlidir. Əgər bir şagird müəyyən sahədə inkişaf edib, lakin maksimum nəticə əldə etməyibsə, bu səylər mütləq dəyərləndirilməlidir. Onu başqa şagirdlərlə müqayisə etmək səhvdir. Həmçinin uğur və uğursuzluqların səbəbləri analiz edilməlidir. Ailə şəraitinin, müəllimin tədris metodunun və ya məktəbin imkanlarının necə olduğu araşdırılmalıdır. Əgər təhsil sistemi nəticə yerinə tədris prosesini əsas götürsə, bu, fərdi inkişafa və şagirdin güvəninə müsbət təsir edər. Ənənəvi yaddaşa əsaslanan imtahanlardan uzaq durmalı, bunun əvəzində şagirdlərdə təhlil qabiliyyətini inkişaf etdirən analitik layihələr hazırlanmalıdır. Tarix dərslərində hadisənin baş vermə tarixini əzbərlətmək əvəzinə, hadisənin baş vermə səbəbini və nəticələrini təhlil etdirmək bu baxımdan mühümdür. Səhnələşdirmə oyunları da sistemli təfəkkürü inkişaf etdirə bilər. Müəllimlər sadəcə məlumat ötürməklə məşğul olmamalı, analitik düşüncə tərzini formalaşdıran bələdçilər olmalıdırlar. Onlar şagirdlərə hər bir hadisəyə səbəb və nəticə əlaqələri çərçivəsində yanaşmağı öyrətməlidirlər. Bu cür tədris gələcəkdə onlarda siyasi və ictimai məsələləri yalnız zahiri görünüşü ilə dəyərləndirmək əvəzinə, köklü şəkildə və dərindən təhlil etmək bacarığı yaradacaq.

  • Analitik düşüncə və müstəqil qərarvermə bacarığını yeniyetmə və gənclərimizə necə öyrədək? Onlara başqalarının təsiri altına düşməməyi, səhv və düzü ayırmağı öyrətməyi haradan başlamalıyıq?
  • Bu, uzunmüddətli tərbiyə və hövsələ tələb edir. Uşaqlara kiçik yaşlardan öyrədilməlidir ki, “hər gülən – dost deyil”. Məsəslən, klassik nağıllarımızdan biri olan “Şəngülüm, Şüngülüm və Məngülüm”də olduğu kimi hədiyyə gətirən yad adam təhlükəli də ola bilər. Övladlarımızın yaşına uyğun olaraq onlara bəsirət və ayıqlıq öyrətməliyik. Erkən yaşlarda verilən bu dərslər, yeniyetməlik dövründə sosial mediada və informasiya platformalarında davam etdirilməlidir.

  • Sosial media və informasiya platformalarında yayılan məlumatlar yönümündə gənclərə hansı tövsiyələr verilməlidir?

  • “Hər verilən xəbərə inanma, əvvəl mənbəsini yoxla.” Çünki şirin danışan hər kəs səmimi olmaya bilər, necə deyərlər: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.” Övladlarımıza şayiələr, dezinformasiyalar və düşmən təbliğatı haqqında danışmaq və bunları ayırd etməyi öyrətmək vacibdir.

  • Uşaqların siyasi tərbiyəsi prosesində hansı prinsiplərə diqqət olunmalıdır?

  • Gənclərimizin siyasi bəsirəti fikir azadlığı əsasında formalaşmalıdır, hər hansı düşüncə təlqini olunmamalıdır. Uşaqların siyasi tərbiyəsi prosesində vacib bir prinsipə diqqət yetirilməlidir. Bu, insanın təbiətən seçim etmək istəyən varlıq olmasıdır. Bu xüsusiyyət bizə inadkarlıq və tərslik kimi görünə bilər, lakin əslində onların müstəqil düşüncəyə olan fitri ehtiyacının göstəricisidir. Uşaqların və yeniyetmələrin siyasi tərbiyəsi məsələsi, əslində, mənə yenə "Şəngülüm, Şüngülüm və Məngülüm" nağılını xatırladır. Sadəcə bu dəfə daha böyük bir miqyasda. O vaxtlar qurd qapını aldadıcı səslə döyürdüsə, bu gün həmin "qurd" düşmən media və sosial şəbəkələr vasitəsilə evlərimizə yol tapır. Təəssüf ki, biz siyasi tərbiyəni uşaqlıqda başlasaq da, amma onu yaşa uyğun olaraq davam etdirmirik. Halbuki bu, yaş dövrlərinə uyğun şəkildə genişləndirilməlidir.

  • Siyasi bəsirətdə ailənin rolu nə qədərdir?

  • Ailə mühiti və valideyn davranışları uşaqların siyasi düşüncə tərzinin əsasını təşkil edir. Uşaqlarımız nəyi deyil, necə düşünməyi öyrənməlidir. Uşaqlar süngər kimidirlər – valideynlərin hər sözünü və hərəkətini özlərinə çəkirlər. Müasir dövrdə biz daha çox "Alfa nəsli" ilə qarşı-qarşıyayıq. Bu nəsil sosial mediada qərq olan və virtual aləmdə yaşayan, ailə münasibətləri zəifləmiş nəsildir. Bu zaman valideynlərin rolu əmr verən və qadağan edən deyil, daha çox mehriban bələdçi roluna çevrilməlidir. Sual budur: uşağınız yanında kimi daha çox hiss edir? Kiminlə daha çox ünsiyyətdədir? Bu zaman mühitin və dost çevrəsinin təsiri üzə çıxır.

Yeniyetməlik dövründə qruplaşma və dostların düşüncə təsiri artdığı üçün, fərqli inanclara sahib ailənin uşağı da fərqli ideoloji çevrələrin təsiri altına düşə bilər. Bu mərhələdə uşağın əvvəlcədən qazanılmış siyasi bəsirəti və düşünmə qabiliyyəti sınanır. Ağıllı valideynlər övladlarına nə düşünməli olduqlarını deyil, necə düşünməli olduqlarını öyrədir. Onlar bilirlər ki, effektiv siyasi tərbiyə bir toxum əkmək kimidir – tədricən inkişaf edir, heykəl deyil ki, bir günə hazır olsun. Uğurun rəmzi - davamlılıq, səbir və tərbiyədə dolayı təlim metodlarından istifadədədir. Tələsməkdən və öz əqidəmizi güclə təlqin etməkdən çəkinməliyik.

*Bilmək lazımdır ki, valideyn rəhbərliyini və müdrikliyini heç nə ilə əvəz etmək olmaz. Gənclərin tərbiyəsi fitri paklıq üzərində inşa edilməlidir. Sosial media nə qədər güclü olsa da, valideynlər övladlarının tərbiyəsində əvəzolunmaz rola malikdirlər. Bu məsuliyyəti, texnologiyanın üstünlüyü bəhanəsi ilə görməzlikdən gəlmək böyük strateji səhvdir. İranda on iki günlük Müdafiə Müharibəsi dövrü göstərdi ki, pak fitrətə sahib yeniyetmələr haqlı ilə haqsızı ayırd edə və taleyüklü qərarlar qəbul edə bilirlər.

  • Yeniyetməlik dövrü siyasi və sosial ayıqlıq öyrətmək üçün qızıl fürsət sayılırmı?
  • Yeniyetməlik dövrü paklıq, dürüstlük, cəsarət və şəxsi maraqlardan uzaq durmaq kimi üstünlüklərlə seçildiyindən, bu dövr siyasi və ictimai ayıqlığın inkişafı üçün ən əlverişli vaxt sayılır. Bu yaşda gənclər ədalətli düşüncələri və qərəzsiz mühakimə qabiliyyətləri ilə seçilirlər. Bunu İslam İnqilabı və İran-İraq Müharibəsi dövründə, xüsusilə şəhid Hüseyn Fəhmidə kimi yeniyetmələrin timsalında açıq şəkildə görmüşük.
  • Siyasi təfəkkürün inkişafı üçün nə etmək lazımdır?
  • Yeniyetməklik dövrünün bu nadir potensialından faydalanmaq üçün həm tədris, həm praktik yönü olan geniş və məqsədyönlü metodlardan istifadə olunmalıdır.

*Uşaqlıqda maraqlı nağıllar və sadə hekayələrlə başlanılan siyasi maarifləndirmə, yeniyetməlikdə real qəhrəmanlıq dastanları və gənc şəhidlərimizin obrazlarıyla davam etdirilməli və gücləndirilməlidir. Səkkiz illik İran-İraq müharibəsi dövrünün gənc şəhidlərinin həyat hekayələri və tarixi faktlar və xatirələr vasitəsilə gənclərə haqq və batili ayırmaq bacarığı aşılanmalıdır.

*Sonrakı addım, yeniyetmələrin analitik bacarıqlarını inkişaf etdirməkdir. Onlara, müxtəlif siyasi cəryanları tanımaq, fərqli siyasi və ideoloji qrupların fəaliyyətlərini analiz etmək yolları öyrədilməlidir. Sosial mediada yayılan məlumatların təhlili və tənqidi qiymətləndirilməsi də mütləqdir. Gənclər üçün azad və təhlükəsiz müzakirə mühiti yaradılmalıdır ki, sərbəst şəkildə sual versinlər və fikirlərini ifadə etsinlər, bununla da özgüvənlərini artırsınlar.

*Effektiv tərbiyənin bir yolu da real nümunələr göstərməkdir. Müasir tarixdə uğur qazanmış yeniyetmələri tanıtmaq, onların uğur hekayələrini paylaşmaq motivasiyaedici ola bilər. Eyni zamanda, öyrədilən anlayışların gündəlik hadisələrlə əlaqələndirilməsi onların ictimai prosesləri daha yaxşı anlamasına yardım edər.

Bu mərhələdə ailənin, tərbiyəçilərin və müəllimlərin rolu həyati əhəmiyyət daşıyır. Güclü emosional bağ, açıq ünsiyyət, azad dialoq mühiti yaratmaqla yeniyetmələrdə tənqidi düşüncə və öz fikrini formalaşdırmaq bacarığını inkişaf etdirmək olar.

Sonda, bunu xüsusi qeyd etmək istəyirəm ki, bəsirətli və məlumatlı bir nəslin yetişdirilməsi səbir, planlaşdırma və kreativ metodlar tələb edir. Əgər bu prinsiplərə riayət olunarsa, bu günün yeniyetmələri sabahın ayıq, cəsur və məsuliyyətli vətəndaşlarına çevrilə bilərlər. Necə ki, bir vaxtlar bunu səkkiz illik Müqəddəs Müdafiə müharibəsinin gənc qəhrəmanları sübut edərək tarix yazdılar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha