Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun məlumatına görə, “Hindistan–Fələstin Həmrəylik Cəmiyyəti” və “Fələstin Birliyi Qrupu” (Hindistan Milli Xalq Hərəkatları İttifaqına bağlı qurumlar) Maharaştra ştatının jurnalistlər mərkəzində keçirdikləri birgə mətbuat konfransında Qəzzada hökm sürən ağır humanitar vəziyyətə toxunaraq, sionist rejimin repressiv siyasətini və hərtərəfli mühasirəsini qətiyyətlə pisləyiblər.
Tədbir iştirakçıları İsrail rejiminin davam edən cinayətlərinə, o cümlədən sistematik qətliam, məqsədli aclıq siyasəti və əhalinin əsas həyat təminatından məhrum edilməsinə diqqət çəkərək, Hindistan parlamentinin üzvlərini bu cinayətlərin qarşısında susmamağa və hökumətə rəsmi bəyanatla təzyiq göstərməyə çağırıblar. Məqsəd, Hindistanın İsrailin cinayətlərinə qarşı aydın və prinsipial mövqe sərgiləməsini, eyni zamanda Fələstin xalqına dəstəyini açıq şəkildə bəyan etməsidir.
Konfrans iştirakçıları Hindistanın tarixən Fələstin xalqının hüquqlarını müdafiə edən mövqeyini xatırladaraq təəssüf hissi ilə bildiriblər ki, hazırkı hökumətin yanaşması bu köklü və prinsipial siyasətdən uzaqlaşmışdır. Onlar vurğulayıblar ki, Hindistanın mənəvi və diplomatik mövqeyi tələb edir ki, bu ölkə Fələstin xalqına dəstəyini davam etdirsin və Qəzzada baş verən açıq genosidə (soyqırıma) qarşı susmasın.
Toplantının sonunda parlament üzvlərinə təqdim edilən bəyanatda üç əsas tələb irəli sürülüb:
1. İsrail rejiminin cinayətlərinin mülki əhaliyə qarşı törədilən qətliamların, məqsədli aclıq siyasətinin və müdafiəsiz Fələstin xalqının tam mühasirəyə alınmasının qətiyyətlə pislənməsi;
2. Hindistan hökumətinin müharibənin dərhal dayandırılması, humanitar yardımın qarşısının alınmadan çatdırılmasının təmin edilməsi, yardımçı heyətin təhlükəsizliyinin qorunması və mülki əhaliyə əsas xidmətlərin bərpası istiqamətində fəal rol oynaması; həmçinin “Hənzələ” gəmisindən qaçırılan 21 insan haqları fəalının dərhal azad edilməsi üçün çağırış edilməsi;
3. Hindistan hökumətinin Fələstin dövlətinin suverenliyi və müstəqilliyini dəstəkləməsi barədə mövqeyini beynəlxalq qərarlar, ölkənin xarici siyasət prinsipləri və diplomatik ənənələri çərçivəsində bir daha təsdiqləməsi.
Tədbirdə çıxış edən hüquq müdafiəçiləri xəbərdarlıq ediblər ki, Qəzzada baş verən cinayətlərə qarşı davam edən susqunluq və fəaliyyətsizlik nə Hindistanın humanitar dəyərlərinə, nə də onun beynəlxalq nüfuzuna uyğun gəlir. Onlar hökuməti dərhal məsuliyyətli və təsirli tədbirlər görməyə çağırıblar.
Rəyiniz