Hövzə Xəbər Agentliyinin məlumatına görə, İran Elmi Hövzələrinin Tərbiyə və Təhzib üzrə müavini Höccətül-İslam vəl-müslimin Muhəmməd Aləmzadə Nuri, Kərbəlada Elmi Hövzələrin Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən keçirilən beynəlxalq elmi seminarlar silsiləsində, “Ərbəin və Hüseyni (ə) Sivilizasiya” mövzusunda çıxış edib.
O, Ərbəin ziyarətini “İslam ümmətinin və İmam Hüseyn (ə) aşiqlərinin bənzərsiz və möcüzəvi hərəkəti” adlandıraraq bildirib ki, bu yürüş “yeni bir sivilizasiyanın” və “fərqli bir həyat modelinin” müjdəçisidir.
Aləmzadə Nuri, Hafiz Şirazinin qəzəlindəki misraya: “İnsan bu dünyadan gəlmir, onu başqa bir aləm yaradır və yenidən insan edir” (yəni, yeni bir aləm qurulmalı, insan orada ‘yenidən insan’ kimi yaradılmalıdır.) fikrinə istinad edərək deyib:
“Ərbəin yürüşü ‘başqa bir aləmin’ necə qurulacağına dair təsəvvürü müəyyən qədər bizə göstərmiş, bəşəriyyətə yeni prinsiplər və münasibət mexanizmi təqdim etmişdir.”
İslam İnqilabının hədəfi yeni mədəni sivilizasiya qurmaqdır
Cənab Nuri qeyd edib ki, İslam İnqilabının son məqsədi, möhtərəm İnqilab Rəhbərimizin təqdim etdiyi ardıcıl mərhələlər üzrə gedişatdır, yəni İslam İnqilabı, İslam sistemi, İslam dövləti, İslam cəmiyyəti və nəhayət, İslam sivilizasiyasının qurulması. O, İslam sivilizasiyası quruculuğu ilə bağlı mövcud diskursa toxunaraq əlavə edib ki, İslam İnqilabı bu əsrdə yeni İslam sivilizasiyasının yaradılmasını mübarək Məhdəvi dövlətinin qurulmasına zəmin kimi özünün son məqsədi müəyyənləşdirib.
O, sözlərinə davam etdirərək bildirib: “Əgər məqsəd yeni bir sivilizasiyaya doğru irəliləməkdirsə, onun aydın və fərqli bir təsvirini yaratmalıyıq. Bəzi çevrələrdə yanlış təsəvvür formalaşıb ki, guya İslam sivilizasiyası, Qərb sivilizasiyasının dini əlavələrlə zənginləşdirilmiş yeni versiyasıdır.”
O bildirib ki, Qərb sivilizasiyası vəhy öyüdlərini kənara qoyaraq formalaşmışdır. Müasir alətlər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatının bütün sahələrində, yəni fərdi və ictimai, iqtisadi, siyasi, mədəni, hərbi, təhlükəsizlik, hüquq və cinayət kimi prinsipləri dəyişdirmişdir.
O əlavə edib: “Bu səthi baxışda, İslam sivilizasiyası yalnız Qərb inkişaf modelinə məscid, mehrab, namaz, oruc, həcc, xums, zəkat, hövzə və dini qurumlar kimi əlavələr etməklə formalaşır. Sanki ‘İslami Yaponiya’ yaratmaq arzusundayıq. Halbuki, bu iki sivilizasiya arasındakı əsaslı fərqləri anlamaq lazımdır. Gerçəkdə biz hələ də vəhyə əsaslanan ideal İslam cəmiyyətinin və ondan doğan mədəniyət və sivilizasiyanın aydın və fərqli təsvirini ortaya qoya bilməmişik,” – deyə o vurğulayıb.
Ərbəin - fərqin canlı nümayişidir
Höccətül-İslam Aləmzadə Nuri Ərbəini bu problemin həll açarı hesab edərək bildirib: “Ərbəin fenomeni bu fərqlərin bəzi aspektlərini açıq şəkildə nümayiş etdirib. Qərb sivilizasiyası fərdiyyətçi, mənfəətpərəst, rahatlıq axtaran və dünyamehvərli bir sistemdir. İnsan həyatını yalnız “beşiklə qəbr arasında” (≈80 yaş) məhdudlaşdırır, axirəti nəzərə almır. İnsanların həqiqi başlanğıcına və sonuna laqeyd yanaşır. Bu sivilizasiyada yetişmiş insan daim şəxsi ləzzət və mənfəət axtarışındadır və dünyaya bağlılığı gündən-günə artır. Onun münasibətləri maddi qazanc üzərində qurulur və humanizm burada fərdiyyətçilik və mənfəətçiliklə bərabər tutulur.”
Ərbəin Qərb prinsiplərinin tam şəkildə pozulmasıdır
O, Ərbəinin bu nümunə ilə ziddiyyətini vurğulayaraq bildirib ki, Ərbəin bütün bu prinsipləri alt-üst edir. Bu əfsanəvi hadisədə yalnız iki əsas rol mövcuddur: zəvvar və Ərbəin xidmətçisi (bəzən bu iki rol bir şəxsdə birləşə bilər). Bu rollardan heç biri dünyapərəst və mənfəət yönümlü Qərb sivilizasiyasının düşüncəsinə uyğun deyil.
Ərbəin - heç bir dünya turizm modelinə sığmayan fenomen
O, Ərbəin ziyarətçisini təsvir edərək bildirib: “Ərbəin zəvvarı min kilometrlərlə yolu qət edərək, susuzluq, istinin şiddəti, toz, ayaq ağrısı, göz yaşı və mərsiyələrlə dolu ağır bir yürüşə qatılır – bu, heç bir turizm modelinə sığmayan bir səyahətdir. Bu səyahət aşiq olmayanlara dəlilik kimi görünür. Daha təəccüblüsü isə Ərbəin xidmətçisidir: o, çətinliklə qazandığı illik qazancını heç bir qarşılıq ummadan 10-20 gün ərzində zəvvarlar üçün sərf edir, evini, yeməyini, imkanlarını israrla yalvararaq onlara təqdim edir. O, fiziki gücünü yemək bişirmək, təmizlik işləri görmək, yorğun ayaqları masaj etmək, ayaqqabıları cilalamaq, ziyarətçiləri yelpikləmək və hətta onların üçün kölgəlik olmaq kimi işlərə sərf edir. Ərbəin xidmətçisi üçün ən böyük şərəf İmam Hüseynin (ə) zəvvarının ayaqlarını yumaq və öpmək, yaxud bütün varlığını onun xidmətinə həsr etməkdir.
Bəli, Ərbəin bəşəriyyətə başqa bir sivilizasiyanın canlı təsvirini təqdim edir: sevgi, fədakarlıq və ixlas əsasında qurulan bir həyat modelini.”
Xəbər sonu
Rəyiniz