bazar 17 avqust 2025 - 06:32
Dünya və axirətin islahı üç mühüm açarla mümkündür

Hövzə / İmam Əli (ə) Nəhcül-Bəlağənin 89-cu hikmətində dünya və axirətin islahı üçün üç əsas yol göstərir: Allahla olan münasibətin islahı, axirət işlərinin islahı, daxili nəsihətçi (vicdan) sahibi olmaq.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Əmirəl-möminin İmam Əli (ə) Nəhcül-Bəlağədə «dünya işlərinin islah olunması yolu» barədə bir sıra tövsiyələr buyurmuşdur ki, onları siz hörmətli oxuculara təqdim edirik:

Hikmət 89:

« مَنْ أَصْلَحَ مَا بَیْنَهُ وَ بَیْنَ اللَّهِ، أَصْلَحَ اللَّهُ مَا بَیْنَهُ وَ بَیْنَ النَّاسِ؛ وَ مَنْ أَصْلَحَ أَمْرَ آخِرَتِهِ، أَصْلَحَ اللَّهُ لَهُ أَمْرَ دُنْیَاهُ؛ وَ مَنْ کَانَ لَهُ مِنْ نَفْسِهِ وَاعِظٌ، کَانَ عَلَیْهِ مِنَ اللَّهِ حَافِظٌ.»

Tərcümə:

Kim özü ilə Allah arasını düzəldərsə,Allah da onun insanlar ilə arasını düzəldər. Kim axirət işini qaydaya salarsa, Allah da onun dünya işini qaydaya salar. Kimin daxilində bir nəsihətçi (öyüdverən vicdan) varsa, Allah onun üçün bir qoruyucu (mühafizəçi) təyin edər.

Şərh:

İşlərin islahı və nizama düşməsinin yolu

İmam Əli (ə) bu üç nurani kəlamlarında üç mühüm məsələyə işarə edir və buyurur: Kim özü ilə Allah arasını düzəldərsə, Allah da onun insanlar ilə arasını düzəldər. Kim axirət işini qaydaya salarsa, Allah da onun dünya işini qaydaya salar. Kimin daxilində bir nəsihətçi (öyüdverən vicdan) varsa, Allah onun üçün bir qoruyucu (mühafizəçi) təyin edər.

(«مَنْ أَصْلَحَ مَا بَیْنَهُ وَبَیْنَ اللَّهِ أَصْلَحَ اللَّهُ مَا بَیْنَهُ وَبَیْنَ النَّاسِ، وَمَنْ أَصْلَحَ أَمْرَ آخِرَتِهِ أَصْلَحَ اللَّهُ لَهُ أَمْرَ دُنْیَاهُ، وَمَنْ کَانَ لَهُ مِنْ نَفْسِهِ وَاعِظٌ کَانَ عَلَیْهِ مِنَ اللَّهِ حَافِظٌ»).

Bəzi rəvayətlərdən aydın olur ki, qədim alimlər bir-birlərinə məktub yazdıqları zaman çox vaxt bu üç hikmətli cümlədən istifadə edirdilər.Həqiqətən də bu kəlam elə dəyərlidir ki, qızıl suyu ilə yazılmağa layiqdir və hər gün insan ona nəzər salmalıdır.

Bu hikmətli sözlərdə qeyd olunan üç nəticə ilə onların müqəddimələri arasındakı rabitə barəsində Nəhcül-Bəlağəni şərh edənlər müxtəlif yollar seçmişlər. Bəziləri bunu mənəvi və insan ruhiyyəsi ilə bağlı, bəziləri isə məntiqi və təbii bağlılıq kimi dəyərləndirmişlər. Əslində isə bu əlaqə həm İlahi mənəviyyata həm də real məntiqə uyğun xarakter daşıyır.

Çünki kim Allahla münasibətini düzəldərsə o şəxs hər bir işdə əvvəlcə Allahın razılığı nədədirsə onu axtarıb onu seçəcək. Əlbəttə belə şəxsə İlahi inayətlər nail olar və Allah onun insanlarla münasibətlərini də qaydaya salar. Bundan əlavə, Allahla münasibəti islah etmək düzgünlük, əmanətə sadiqlik və dürüstlük tələb edir. Kim bu sifətləri özündə daşıyarsa, insanlar da ona sevgi bəsləyər, ona etibar edər və onunla heç bir problemi olmaz.

Eyni şəkildə, kim axirət işlərini islah edərsə yəni Allahın əmrini yerinə yetirib qadağalarından çəkinərsə o şəxs İlahi lütfə nail olar, Allah onun dünya işlərini də nizama salar. Bundan əlavə, axirəti islah etmək təqva və pəhrizkarlıqdır. Şübhəsiz ki, təqvalı insanlar dünya həyatlarında da uğurlu olarlar. Çünki onlar günah və haqsızlığa əl atmazlar, zülm etməzlər, hamı onlarla mehriban olar və onlar da hər kəsə qarşı mehriban olarlar.

Həmçinin kim daxili nəsihətçiyə yəni vicdan və daxili təqvaya sahib olarsa, belə ki, günah qarşısında ona xəbərdarlıq edər, Allahın lütfü onun üzərinə kölgə salar və onu bəlalardan qoruyar. Bundan əlavə, daxili nəsihətçi olan şəxs təhlükəli işlərdən çəkinər və bu səbəbdən də müsibətlərdən amanda qalar. Beləliklə, bu üç əsas mühüm göstəriş ilə onların nəticələri arasındakı rabitə həm mənəvi, həm də məntiq və reallığa uyğun olacaqdır.

Bu sözü İmam Baqirdən (ə) rəvayət olunan bir hədislə tamamlayırıq. Bu hədisi mərhum Kuleyni Kafi kitabında nəql etmişdir. İmam Baqir (ə) buyurur ki, Allah-Taala belə buyurmuşdur:

 وَعِزَّتِی وَجَلاَلِی وَعَظَمَتِی وَعُلُوِّی وَارْتِفَاعِ مَکَانِی لاَ یُؤْثِرُ عَبْدٌ هَوَایَ عَلَی هَوَی نَفْسِهِ إِلاَّ کَفَفْتُ عَلَیْهِ ضَیْعَتَهُ وَضَمَّنْتُ السَّمَاوَاتِ وَالاَْرْضَ رِزْقَهُ وَکُنْتُ لَهُ مِنْ وَرَاءِ تِجَارَةِ کُلِّ تَاجِر.

«İzzətimə, cəlalıma, böyüklüyümə, ucalığıma və öz dərgahıma and olsun ki,  bəndəm mənim istəyimi öz istəyindən üstün tutarsa, mən onun dünya işlərini öz öhdəmə götürərəm. Mən onun ruzisini göylər və yerdən təmin edərəm və onun üçün hər bir tacirin ticarətindən üstün olaram.» (1). (2)

 Haşiyələr:

1. Kafi, c. 2, s. 137, hədis 1.

2. Bu hikmətli kəlam mərhum Seyid Rəzidən əvvəl də bir sıra alimlər tərəfindən nəql olunmuşdur: Şeyx Səduq “Xisal” və “Əmali kitabında sənədlə rəvayət etmişdir. Mərhum Kuleyni “Ravzatul-Kafi”də eyni mətni gətirmiş, hərçənd rəvayət forması bir qədər fərqlidir. Mərhum Bərqi də “Məhassin” kitabında onun başlanğıc hissəsini nəql etmişdir. Sünni alimlərdən İbn Cövzi “Təzkirə” kitabında fərqli ifadə ilə bu kəlamı qeyd etmişdir. (Məsadirun Nəhcül-Bəlağə c.4, s.85 və 86)
Həmçinin “Təmamun Nəhcül-Bəlağə” kitabında bu hikmətli söz “Cəfəriyyat” kitabından əvvəl yəni Seyid Rəzidən qabaq yazılmış və nəql olunmuşdur.
(Təmamun Nəhcül-Bəlağə s. 600)

Mənbə: “Peyame Əmirəl-möminin (ə) kitabı", Nəhcül-Bəlağənin yeni və izahlı şərhi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha