bazar ertəsi 18 avqust 2025 - 21:57
Məscidin əsas qlobal funksiyaları və Əl-Əqsa məscidinin mədəniyyət diplomatiyasındakı imkanları

Hövzə/ Höccətül-İslam Seyid Nasir Mirməhəmmədiyan bu müsahibədə sionistlərin Əl-Əqsa məscidini mənimsəmək və digər məscidləri dağıtmaq məqsədlərini izah etməklə yanaşı, onun mədəniyyət diplomatiyası sahəsi üzrə olan imkanlarını da təhlil edib.

22 avqust dünyada məscid günü kimi qeyd olunur. Bu günün belə adlandırılmasının səbəbi 1348-ci hicri-şəmsi ilində sionist rejim tərəfindən Əl-Əqsa məscidində qəsdən törədilən yanğın hadisəsi səbəb olmuşdur. 21 avqust 1969-cu ildə İsrail vətəndaşı olan Denis Maykl Vilyam Rohan Əl-Əqsa məscidini yandırmış və nəticədə təxminən 1500 kvadratmetr sahə alovlara məruz qalmışdır. 1382-ci hicri-şəmsi ilindən (2003-cü ildən) etibarən, İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının təklifi və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Tehranda keçirilən iclasında qəbul edilən qərara əsasən, hər il bu tarixdə dünyada Məscid Günü kimi qeyd olunur. İclasda üzv ölkələrdən xahiş edilmişdir ki, məscidlərin rolunu uca tutmaq və onları müqəddəs məkan kimi qorumaq məqsədilə bu günü layiqincə yad etsinlər.

Bu münasibətlə Hövzə Xəbər Agentliyinin müxbiri “Hidayət” Fondunun baş direktoru və məscid məsələləri üzrə mütəxəssis Höccətül-İslam Seyid Nasir Mirməhəmmədiyandan müsahibə almışdır. Müsahibədə sionist rejimin məscidləri dağıtmaq və Əl-Əqsa məscidini mənimsəmək məqsədləri, eləcə də məscidin qlobal funksiyaları və indiyədək diqqətdən kənarda qalan nöqtələri izah edilmişdir.

Sual: Sionist rejimin məscidləri dağıtmaqdan məqsədi nədir və bu addımların arxasında hansı siyasət dayanır?

Cavab: Sionist rejim son 15 ay ərzində Qəzzada 800-dən artıq məscidi dağıtmaqla və 1969-cu ildə Əl-Əqsa məscidini yandırmaqla böyük bir strategiyanı həyata keçirir ki, bu da sadəcə binaların dağıdılması ilə məhdudlaşmır.

Birincisi, məqsəd şəhəri viran etməkdir. Yəni fələstinlilərin əsas mədəniyyətini və bütün zehinlərini sistemli şəkildə məhv etməkdir.Məscidlər Fələstində təkcə ibadət olunan məkan deyil, həmçinin ictimai həyatın mərkəzi, müqavimətin təşkilatlanma bazası, gənc nəslin təlim-tərbiyə məkanı və yardım mərkəzi sayılır.İslam həmçinin fələstinli kimliyinin qorunmasının dayağıdır. Məscid dağıldıqda, əslində həmin məhəllənin sosial şəbəkəsi, dəstək sistemi və müqavimət strukturu dağılır.

İkincisi isə bu işğal olunmuş torpaqlarda “yəhudiləşdirilmə” layihəsinin cızılmasıdır. Məqsəd İslam mədəniyyətinə aid nişanələri silərək tarixi sənədləri dəyişmək və saxta mülkiyyət iddiasını möhkəmləndirməkdir. Məscidlərin dağıdılması demoqrafik və mədəni mühitin dəyişdirilməsinə aparan ilk addımdır.

Üçüncü məqsəd insanların ruhiyyəsini sarsıtmaq və ümidsizlik yaratmaqdır. Məscid fələstinli müsəlman üçün ümidin, mənəvi sığınacağın və güc toplama mənbəyinin simvoludur. Onu dağıtmaqla sionist rejim göstərmək istəyir ki, onların toxunmadığı heç bir müqəddəs dəyər qalmamışdır. Bu isə müqavimət ruhiyyəsini qırmaq üçün psixoloji müharibədir.


Qeyd etmək lazımdır ki, Cenevrə IV Konvensiyası və Haaqa Konvensiyasına əsasən dini məkanların dağıdılması müharibə cinayəti hesab olunur. Lakin Qərb dövlətlərinin himayəsi ilə bu rejim cəzasız qalaraq cinayətlərini davam etdirir.

Sual: Niyə sionist rejim Əl-Əqsa məscidini mənimsəmək niyyətindədir?

Cavab: Əl-Əqsa məscidi bu rejim üçün dini məqsədlərdən daha artıq, strateji bir hədəfdir. Müsəlmanların ilk qibləsi və İslamın üçüncü müqəddəs məkanı olan Əl-Əqsa, Qüdsün mənəvi və siyasi ürəyi hesab olunur.

Birinci səbəb dini və tarixi iddialardır. Ekstremist sionist qruplar iddia edirlər ki, guya Əl-Əqsa Süleyman məbədinin xarabalıqları üzərində tikilmişdir və dağıdılaraq yerində “üçüncü məbəd” inşa olunmalıdır. “Məbəd dağının tərəfdarları” kimi hərəkatlar bu məqsədlə memarlıq planları hazırlayır, dini mərasimlər üçün alətlər düzəldir və kahinləri təlimləndirirlər.

İkinci səbəb siyasi hakimiyyətin möhkəmləndirilməsidir. Əl-Əqsa üzərində nəzarət Qüdsə tam nəzarət deməkdir və bu da bütövlükdə Fələstinin işğalını legitimləşdirmək məqsədi daşıyır.

Üçüncü səbəb İslam ümmətinin iradəsini sındırmaqdır. Əl-Əqsa bütün dünyada 1,8 milyard müsəlmanın birləşdirici məkanıdır. Onun ələ keçirilməsi İslam dünyasına verilən açıq mesajdır ki, hətta onların ən müqəddəs məkanları da təhlükədədir.

Dördüncü səbəb mövcud vəziyyəti dəyişməkdir. Məscidin zaman və məkanca bölünməsi, müsəlmanların girişinə qoyulan məhdudiyyətlər,  orada məskunlaşan yəhudilərin sayının artırılması tədricən tam işğal üçün zəmin yaradır. Bu “yavaş-yavaş işğal” qlobal reaksiyanı zəif saxlamaqla yanaşı, faktiki vəziyyəti dəyişmək üçün planlaşdırılmışdır.


Sual: Məscidin qlobal miqyasda hansı funksiyaları vardır?

Məscidlərin qlobal miqyasda doqquz əsas funksiyası vardır ki, onlar məscidi “tam sosial ekosistemə” çevirir:

1. İbadət və mənəvi funksiyası: İbadət, mənəvi rahatlıq və Allahla rabitə


2. Təhsil və tədqiqat funksiyası: Dini biliklərin, elmlərin və həyat bacarıqlarının öyrədildiyi mərkəz olmaq


3. Sosial və ünsiyyət funksiyası: Həmrəyliyi gücləndirmək, mübahisələrin həllində vasitə olmaq və sosial şəbəkələşməni təmin etmək


4. Hidayət və rəhbərlik funksiyası: Maarifləndirmə, təbliğ və idarəçilik mərkəzi olmaq


5. Xidmət və dəstək funksiyası: Yoxsulluğun azaldılması, səhiyyə xidməti və yerli yardım mərkəzi olmaq


6. İqtisadi funksiyası: Məşğulluq yaratmaq, faizsiz borc fondları və müqavimət iqtisadiyyatını təşviq etmək


7. Siyasi və strateji funksiyası: Milli qüruru gücləndirmək, müqavimət ruhunu diri saxlamaq və sivilizasiya quruculuğunda iştirak etmək


8. Mədəni və bədii funksiyası: İslam incəsənətini dirçəltmək, məzmun istehsal etmək və İslami həyat tərzini yaymaq


9. İdarəetmə və dəstək funksiyası: planlaşdırma, əlaqələndirmə və böhranların idarə olunması

Nümunə olaraq Avropa ölkələrində xüsusilə Almaniyada hər il keçirilən “Açıq Məscidlər Günü (Tag der offenen Moschee)” dərin mədəni təsirlərə malikdir.

Birincisi, islamofobiyanı azaldır. Bu tədbir müsəlman olmayanlara İslamı yaxından tanımaq imkanı yaradır. Statistika göstərir ki, ziyarətçilərin 70 faizi İslam haqqında daha pozitiv təsəvvür əldə edir.

İkincisi, dinc birgəyaşayışı gücləndirir. Müsəlmanlarla qeyri-müsəlmanlar arasında birbaşa dialoq yanlış anlaşmaları aradan qaldırır. 2023-cü ildə Almaniyada 100 mindən artıq insan məscidləri ziyarət etmişdir.

Üçüncüsü isə ikinci nəsil miqrantların kimliyini qoruyur. Müsəlman miqrant övladları üçün məscid valideynlərin dini kimliyi ilə qəbul edildikləri cəmiyyət arasında körpü rolunu oynayır və kimlik böhranının qarşısını alır.

Bundan əlavə, məscidlər Avropada məsləhət, dil təhsili, hüquqi yardım və qaçqınlara dəstək mərkəzinə çevrilmişdir.

Əl-Əqsa məscidinin mədəniyyət diplomatiyası sahəsində olan imkanlarını necə görürsünüz?

1. İslam dünyasında qlobal həmrəylik yaratmaq: Əl-Əqsa elə bir mövzudur ki, Siyasi və məzhəbi fərqlərə baxmayaraq, İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsinin hamısı onun əhəmiyyəti barəsində həmfikirdir. Bu imkan praktik ittifaqların qurulması üçün istifadə olunmalıdır. Məsələn, “Beynəlxalq Əl-Əqsa Günü” elan edilərək bütün İslam ölkələrində eyni vaxtda tədbirlər təşkil oluna bilər.


2. Dinlərarası dialoq: Əl-Əqsa xristianlar üçün də müqəddəsdir. Bu, kilsələrlə işğala qarşı birgə ittifaq yaratmaq üçün fürsətdir. Əl-Əqsanın qorunması mövzusunda İslam və xristian konfranslarının keçirilməsi təsirli ola bilər.


3. Rəqəmsal diplomatiya: “Mən Əl-Əqsanın qoruyucusuyam” adlı sosial şəbəkə kampaniyasının məşhur simaların iştirakı ilə başlanması, virtual reallıq vasitəsilə insanları Əl-Əqsaya aparan kontent hazırlanması, uşaqlar üçün bu məkanın tarixi və əhəmiyyətini öyrədən maarifləndirici oyunların yaradılması.


4. Məscidlər arası əlaqə: Əl-Əqsa ilə dünyanın mühüm məscidləri arasında bağlılıq əlaqələrinin yaradılması. Hər bir məscid ayda bir dəfə Əl-Əqsa ilə bağlı təqdimat proqramı keçirməyi öhdəsinə götürə bilər.


5. Cinayətlərin sənədləşdirilməsi: Əl-Əqsaya qarşı bütün təcavüzlərin rəqəmsal arxivinin yaradılması və beynəlxalq məhkəmələrdə istifadəsi. Bu materialların müxtəlif dillərə tərcümə edilərək geniş ictimaiyyətə təqdim olunması vacibdir.


6. Mədəni festivallar: Müxtəlif ölkələrdə “Qüds  Fələstinin əbədi paytaxtı” adlı illik festivalın keçirilməsi və burada Əl-Əqsanın incəsənət, memarlıq və İslam mədəniyyəti ilə bağlı təqdim olunması.


Sual: Məscidlərin ictimai fəsadların azaldılmasında rolu necə qiymətləndirilə bilər?

Təəssüf ki, cəmiyyətimizdə məscidlərin bir çox potensial imkanları diqqətdən kənarda qalıb. Halbuki məscidlər ictimai xidmətlərin hərtərəfli mərkəzinə çevrilə bilərlər. İstifadə olunmamış bəzi funksiyalar bunlardır:

1. Məsləhət və psixoloji sağlamlıq mərkəzi: Məscidlər ixtisaslı məsləhətçiləri işə götürməklə ailə, nikah, uşaq tərbiyəsi və psixoloji böhranlar üzrə ödənişsiz məsləhət xidmətləri göstərə bilərlər. Bəzi bölgələrdə tətbiq olunan “Məscid sosial klinikaları” təcrübəsi göstərir ki, ailə münaqişələrinin 80 faizi vasitəçilik yolu ilə həll edilir.


2. Məhəllə sahibkarlıq bazası: Məscidlərdə gənclərin startaplarını dəstəkləmək üçün “sosial innovasiya mərkəzləri” yaradıla bilər. Peşə bacarıqlarının tədrisi, yerli yarmarkalar və sahibkarlıq üçün faizsiz borc fondlarının təşkili ilə məscidlər bəzi yerlərdə məhəllə gənclərinin 30 faizini işlə təmin edə bilmişlər.


3. Yaşayış məntəqəsində mübahisələrinin həll mərkəzi: Ağsaqqalların iştirakı ilə “Məhəllə Hakimiyyət Şurasının yaradılması sayəsində mübahisələr məhkəməyə getmədən həll olunur. Bu, həm məhkəmə xərclərini azaldır, həm də ictimai münasibətləri qoruyur.


4. Məhəllənin mərkəzi mətbəxi: Günlük isti yeməklərin ehtiyaclılara, tənha ahıllara və himayəsiz ailələrə çatdırılması. Bəzi məscidlər bu təşəbbüslə məhəllələrində ərzaq çatışmazlığını 70 faiz azaltmağa nail ola biliblər.


5. Məhəllə universiteti: Pulsuz hazırlıq dərsləri, dil təhsili, rəqəmsal bacarıqlar və maliyyə savadlılığı üzrə kursların təşkili. Bu proqramlar təhsil səviyyəsinin yüksəlməsinə və universitetlərə qəbul göstəricilərinin artmasına kömək edir.


Məscidlərin ictimai fəsadların azaldılmasında rolu da böyükdür:

Narkomaniyanın qarşısının alınması: Gənclər üçün cəlbedici proqramların təşkili, məhəllə idmanları, istirahət düşərgələri və profilaktik məsləhətlər. Aktiv məscidlər bəzi məhəllələrdə narkomaniya hallarını 40 faiz azaltmışdır.

Boşanmaların azaldılması: Nikah öncəsi kurslar, ailəvi pulsuz məsləhətlər və münaqişələrdə vasitəçilik. Statistik göstəricilərə görə, bu proqramların tətbiq olunduğu məhəllələrdə boşanma halları 35 faiz azalmışdır.

Depressiyaya qarşı mübarizə: Dəstək qruplarının təşkili, dini və ictimai proqramlar, həmçinin vaxtında mütəxəssisə yönləndirmə. Məscid icmalarında iştirak təkliyə qapılma hissini 60 faiz azaldır.

Yaşlılara dəstək: “Səyyar həkim” proqramı çərçivəsində yaşlıların evlərinə baş çəkmək, alış-veriş və gündəlik işlərində yardım göstərmək, həmçinin məscidlərdə “ahıllar klubu” yaratmaq.

Qadınların peşəkarlığı: Peşə kurslarının təşkili, ev bizneslərinin qurulması və məhəllə analarının qarşılıqlı dəstək şəbəkəsinin yaradılması.


Beləliklə, məscidlər bu funksiyaları aktivləşdirməklə ictimai dayanıqlılıq mərkəzlərinə çevrilə bilər ki, bu da cəmiyyəti ictimai fəsadlardan qoruya bilər. Uğurun açarı, məscidin təkcə ibadətgah olmaqdan çıxarmaqla “canlı və dinamik ictimai mərkəzə” çevrilməsidir. Təcrübə göstərir ki, məscidlərin bu rolu oynadığı məhəllələrdə insan inkişafı göstəriciləri 45 faiz yaxşılaşmışdır.

Müsahibəni aparan: Rəhim Kərimi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha