Hövzə Xəbər Agentliyinin məlumatına görə, sionist rejim hər zaman hiyləgər siyasət və hərbi güc vasitəsilə işğalını davam etdirməyə çalışıb. Fələstinin tanınması isə ciddi addımlar olmadan, sadəcə Qərb və İsrailin ictimai rəyi aldatmaq üçün istifadə etdiyi bir oyundur.
Hövzə \ Bəzi Qərb və ərəb ölkələrinin Fələstin dövlətini tanıması, ekspertlərin fikrincə, real dəstəkdən daha çox siyasi nümayiş xarakteri daşıyır. Bu addım, ictimai təzyiqi azaltmaq və İsrailin işğal siyasətini legitimləşdirmək məqsədilə atılır. Mütəxəssislər bildirirlər ki, əgər İsrailə qarşı ciddi siyasi və iqtisadi təzyiq göstərilməsə, bu tanınma prosesi yalnız müqaviməti zəiflətməyə və mövcud vəziyyəti qoruyub saxlamağa xidmət edəcək.
Giriş:
“Rəsmi tanınma (de fakto), əslində, işğalçı rejimin davamlı zorakılığını və Fələstin xalqının hüquqlarının pozulmasını ört-basdır edən yeni bir vasitəyə çevrilir”, – deyə analitiklər qeyd edirlər.
Qərb ölkələrinin Fələstin dövlətini tanıması, həqiqi dəstəyin yox, yeni formada öz hökmranlığını tətbiq etmə vasitəsi kimi qiymətləndirilir. Tarixi təcrübələr və müstəmləkəçi güclərin siyasəti göstərir ki, bu addım təhlükəsiz, müqavimətsiz və nəticədə sionist rejimin möhkəmlənməsinə xidmət edən bir “Fələstin modeli” qurmaq cəhdidir.
Belə qərarlar Fələstin xalqı ilə həmrəylikdən daha çox siyasi və media meydanını taktiki fəndlərlə idarə etmək məqsədi daşıyır. Halbuki, hazırda Qəzza ağır bombardman və blokada altındadır, humanitar böhran ən yüksək həddə çatıb və Fələstin müqaviməti dünya ictimaiyyətində misilsiz legitimlik qazanıb. Eyni zamanda, sionist rejim hətta bir çox Qərb mediasında belə soyqırımda ittiham olunur və dünyada ona qarşı geniş qəzəb və həmrəylik dalğası yaranıb.
Bu şəraitdə “sülh”, “iki dövlət” və “Qəzzanın bərpası” kimi ifadələr əslində İsrailin cinayətlərindən diqqəti yayındırmaq və ictimai təzyiqi azaltmaq üçün alətə çevrilib.
Fələstinin tanınması, ictimai rəyi sakitləşdirmək üçün bir nümayişdir
Son günlər bəzi Qərb və ərəb ölkələri Fələstin dövlətini tanıdıqlarını elan ediblər. Lakin bu addım gerçək dəstək yox, ictimai rəyi aldatmaq üçün siyasi nümayiş xarakteri daşıyır. Bu ölkələr öz xalqlarına “hərəkət etdiklərini” göstərmək və bununla kütləvi etirazların qarşısını almaq istəyirlər. Əslində isə Fələstində vəziyyət dəyişmir, işğal və zülm davam etməkdədir.
Belə tanınma Fələstinin zəif, asılı bir obrazını yaradır ki, nə öz torpaqlarına tam nəzarəti, nə müstəqil ordusu, nə də xalqının hüquqlarını qoruma gücü var. Qərbin və bəzi ərəb ölkələrinin “tanıdığı” Fələstin kağız üzərində olan bir dövlətdir ki, reallıqda onların maraqlarına tabe olur və bu xalqın qanuni müqavimət hərəkatını rəsmi bir subyekt kimi qəbul etmir.
Bu, siyasi bir ssenari və tələdir. Çünki sərhədlər və resurslar İsrailin əlində qalır, Fələstin kiçik, parçalanmış və blokada altında olan bir neçə bölgəyə sıxışdırılır. Xalqın müqavimət hərəkatı isə razılaşmalara əsasən “cinayət” və “terrorizm” elan edilir. Beləliklə, dünya ictimaiyyətində “Fələstin məsələsi həll olunub” görüntüsü yaradılır və İsrailə təzyiq azaldılır.
Keçmişin acı təcrübəsi, eyni ssenarinin təkrarı
1993-cü ildə, Yasir Ərəfat və İshaq Rabin tərəfindən imzalanmış Oslo razılaşması bu birtərəfli siyasətin ən bariz nümunəsidir və göstərdi ki, oxşar proseslər yalnız fələstinlilərin müqavimətinin zəifləməsinə və işğalın davam etməsinə səbəb olmuşdur. Görünüşdə bu sənəd Fələstin dövlətinin qurulmasına yol açmalı idi, lakin nəticədə İsrailin işğalı “qanuni” şəkil aldı. Qanunsuz şəhərsalma dayandırılmadı, əksinə sürətləndi; Fələstin Muxtariyyəti isə İsrailin təhlükəsizlik aparatının bir qoluna çevrildi.
Oslo prosesi İsrailə həm müqaviməti zəiflətmək, həm də beynəlxalq legitimlik qazanaraq işğalı dərinləşdirmək üçün vaxt verdi. Fələstinlilər nominal olaraq səlahiyyət qazandılar, amma real nəzarət İsrailin əlində qaldı.
Bu gün də oxşar ssenari təkrar olunmaqdadır. Fələstinlilərə nominal dövlət vəd edilir, lakin işğal davam edir və heç vaxt sona çatmır, xalqın əsas hüquqları təmin olunmur. Sağlam düşüncəyə sahibi olan heç kim dəfələrlə hücum etmiş qurda etibar etməz. Qərb və ərəb ölkələri də bu oyunu yaxşı bilirlər, məqsəd ədalət yox, daxildəki etirazları sakitləşdirmək və ictimai təzyiqi azaltmaqdır.
ABŞ və İsrail niyə “zahiri etiraz” edirlər?
ABŞ və sionist rejim Fələstinin tanınmasına qarşı çıxaraq əslində iki məqsəd güdür. Onlar bu prosesi guya bir “imtiyaz” kimi təqdim edərək, onun yalnız danışıqlar yolu ilə və İsrailin şərtləri altında fələstinlilərə verilə biləcəyi görüntüsü yaradırlar.
- Müqavimət nümayişi: Bu zahiri etiraz vasitəsilə ictimai rəyə, xüsusən də İsrail və ABŞ daxilindəki cəmiyyətə, “beynəlxalq təzyiqlər qarşısında geri çəkilmirik” mesajını ötürərək daxili siyasi mövqelərini qorumağa çalışırlar.
- Şərtli imtiyaza çevirmək:
ABŞ və İsrail bu yanaşma ilə belə bir ideyanı yayırlar ki, Fələstin dövləti yalnız İsrailin qoyduğu aşağıdakı şərtlərlə formalaşa bilər:
- Müqavimət qruplarının tam silahsızlaşdırılması,
- Həmas və İslami Cihadın siyasətdən uzaqlaşdırılması,
- İsrailin “yəhudi dövləti” kimi rəsmi tanınması,
- Sərhədlərin, hava məkanının və resursların idarəçiliyinin İsrailə verilməsi.
Beləliklə, əgər gələcəkdə rəsmi “dövlət” yaradılsa, dünya ictimaiyyətinə “baxın, hətta İsrail də qəbul etdi” deyiləcək. Halbuki bu, əvvəldən ABŞ və İsrailin dizayn etdiyi asılı bir struktur olacaq.
Nəticə: Fələstinin gerçək məhvi
Fələstinin tanınması adı altında irəli sürülən bu plan, real vəziyyəti dəyişmir; sadəcə qəzəb və etirazları müvəqqəti yatırtmaq məqsədi daşıyır. Əgər Qərb doğrudan Fələstinə dəstək vermək istəsəydi, İsrailə qarşı ciddi siyasi və iqtisadi təzyiq göstərərdi. Ona qarşı sanksiyalar tətbiq edər, diplomatik təhdidlər edərdi. Amma bunun əksinə, İsraillə hərbi və iqtisadi əməkdaşlıq davam edir.
Buna görə də beynəlxalq təşkilatlarda tanınacaq “Fələstin dövləti”, əsl Fələstin deyil; Qərbin və İsrailin maraqlarına xidmət edən, müqaviməti boğmaq üçün hazırlanmış süni bir qurumdur.
Bir cümlə ilə: Bu “tanınma” Fələstinin azadlığı üçün atılmış addım deyil, əksinə onu İsrailin düzəltdiyi, açarı isə Vaşinqtonun əlində olan diplomatik qəfəsə salmaq planıdır.
Bəzi ekspertlərin Fələstinin de fakto tanınmasına dair mövqeləri
- İlan Pappe - israilli anti-sionist tarixçi və yazıçı (“Fələstinin etnik təmizlənməsi” – “The Ethnic Cleansing of Palestine” kitabının müəllifi), öz əsərlərində ətraflı şəkildə göstərmişdir ki, zahiri müqavilə və razılaşmalar sadəcə işğalın davamı üçün bir örtük olmuşdur. Onun fikrincə, Fələstinin dövlət kimi tanınması real təzyiq olmadan faydasızdır və işğalı davam etdirmək üçün sadəcə bir örtük rolunu oynayır.
- Yusif Munir - fələstinli-amerikalı analitik. O, “Middle East Eye” və digər saytlarda nəşrə gedən yazılarında vurğulayır ki, bir çox ölkələr yalnız ictimai təzyiq səbəbilə simvolik olaraq Fələstini tanıyır, lakin İsrailə qarşı heç bir praktiki addım atmır.
- Əbdülbari Ətvan - məşhur ərəb analitik. Onun sözlərinə görə, bəzi ölkələrin Fələstini tanıması sadəcə İsrailin mənfi imicini düzəltmək və ictimai nifrətdən xilas etmək üçün qurulmuş oyundur.
- Höccətül-İslam Seyid Cavad Nəqəvi – Livanın tanınmış alimlərindən biri kimi bildirir ki, Fələstinin dövlət kimi tanınması əslində fələstinlilərə dəstək deyil, İsrailin legitimliyini möhkəmlətmək üçün qurulan bir hiylədir.
- Əzmi Bəşarə - fələstinli mütəfəkkir və Ərəb Siyasi Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, bu tanınma “Fələstinin bir siyasi reallıq kimi yox, yalnız simvol kimi qəbul edilməsi”dir. O, qeyd edir ki, bu proses geri dönüş haqqı, işğalın sonu və müqavimət olmadan, sadəcə xəyali bir dövlət yaradır.
- Devid Miller - siyasi sosiologiya üzrə professor və sionist lobbinin tənqidçisi. O hesab edir ki, bu proses daha böyük bir planın hissəsidir və məqsədi müqaviməti tam nəzarət altına almaq, həmçinin İsrailin bölgədə nüfuzunu artırmaqdır.
- Ramzi Barud - fələstinli jurnalist və yazıçı. Onun fikrincə, İsrailə qarşı real təzyiq olmadan Fələstinin tanınması yalnız məsələnin “qablaşdırılmasını dəyişdirməkdir” və işğala son qoymur.
Nəqi Amini
Rəyiniz