bazar 24 avqust 2025 - 19:57
İmam Rzanın (ə) müasir cəmiyyət üçün siyasi və ictimai həyat yolunun dərsləri  / İranda İslam sivilizasiyasının təməl qoyuluşu

Höccətül-İslam vəl-müslimin Əşkuri deyib: Səkkizinci İmamın (ə) həyat yolu onu göstərir ki, o həzrət Abbasilərin siyasəti qarşısında heç vaxt təslim olmamış, əksinə müdrik və uzaqgörənliyi ilə ilahi imaməti açıqlamış, “doğru yol” (siratal müstəqim) anlayışını cəmiyyətdə yaymışdır. Bu isə müasir cəmiyyət üçün mühüm bir dərsdir.

Hövzə Xəbər Agentliyi / İmam Rza (ə) Abbasilərin xilafəti zamanı yaşadığı dönəmdə Məmunun şərt ilə təklif etdiyi vəliəhdlik (canişin) vəzifəsini imam qəbul etmədi. Əksinə, bu fürsətdən istifadə edərək insanlara imamət məsələsini izah etdi. O həzrət, şiələrin həyatını qorumaqla yanaşı, mədəni bir mübarizə başlatdı və İslam dinini Hicazdan qədim sivilizasiya irsinə malik olan İrana gətirdi. Bu hərəkət “İslam mədəniyyəti” axınının başlanğıcı oldu. Sonradan İslam İnqilabı kimi böyük dönüşümlərə zəmin yaratdı.

Hövzə Xəbər Agentliyinin müxbiri, Qum Elmi Hövzəsinin müəllimlərindən olan Höccətül-İslam vəl-müslimin Seyid Əbdülməcid Əşkuri ilə görüşərək, İmam Rzanın (ə) şəxsiyyətinin və həyat yolunun ictimai-siyasi yönlərini araşdırmağa çalışdı.

İmam Rzanın (ə) müasir cəmiyyət üçün siyasi və ictimai həyat yolunun dərsləri  / İranda İslam sivilizasiyasının təməl qoyuluşu

Hövzə - İmam Rzanın (ə) ictimai və siyasi baxımdan şəxsiyyətini necə izah və təhlil edə bilərsiniz?

Biz Həzrət İmam Rzanın (ə) müqəddəs varlığını və şəxsiyyətini dəyərləndirmək üçün əvvəlcə onun yaşadığı dövrün ictimai-siyasi şəraitinə qısaca nəzər salmalıyıq. Bu dövrün mühüm xüsusiyyətlərindən biri bu olub ki, hələ Əmirəl-möminin Əlinin (ə) şəhadətindən və hətta ondan öncə, yəni Osmanın üsyan nəticəsində qətlə yetirildiyi vaxtdan etibarən İslam cəmiyyətində parçalanma və təfriqə baş vermişdir. Tarixi mənbələrdə bu dövr “عام‌التفرقه – münaqişə ili” adlandırılmışdır. O zamandan etibarən İslam ümməti müxtəlif təbəqələrə bölündü, qarşıdurmalar artdı və nəticədə ictimai nizam getdikcə zəifləməyə başladı.

Bu prosesin ən mühüm nəticəsi xilafətin qanuniliyi məsələsində böhranın üzə çıxması idi. Xilafət hansı əsasla haqq və qanuni ola bilər? Bu böhran Abbasilər dövründə daha da geniş yer aldı. Çünki Bəni-Abbas Bəni Üməyyəyə qarşı mübarizə şüarı ilə hakimiyyətə gəlsələr də onların irsi xilafətini devirdikdən sonra eyni üsulu davam etdirdilər. Beləcə öz hakimiyyətlərinə haqq qazandırmaq üçün məcburiyyət qarşısında qalıb müxtəlif nəzəriyyələr irəli sürdülər.

Bu vəziyyət Məmunun zamanında pik nöqtəsinə çatmışdır. Çünki o, xilafəti ələ keçirmək üçün qardaşı Əmini qətlə yetirdi. Əslində hələ Osmanın dövründə başlayan ixtilaf səhabələrin bir-birinə qarşı çıxması, tabiinlərin bir-biri ilə qarşıdurması və nəticədə Əmirəl-mömininin xilafəti, Cəməl və Siffeyn müharibələri kimi hadisələrlə davam edən parçalanma  Abbasilərin dövrünə qədər uzandı. Hətta Harun ər-Rəşidin dövründə Abbasilərin hakimiyyəti möhkəmlənsə də bu ziddiyyətlər aradan qalxmadı və Harundan sonra yenidən Məmunla Əmin arasında şiddətləndi, nəticədə Məmun xilafəti ələ keçirmək üçün qardaşını aradan götürdü.

Belə bir şəraitdə xilafətin qanuniliyi məsələsi daha çox izaha və əsaslandırmaya ehtiyac duyurdu. Məhz bu məqamda İmam Əli ibn Musa ər-Rza (ə) fürsətdən istifadə edərək şiə düşüncəsinin əsasını təşkil edən imamət fikrini, yəni imamətin seçilməsi və təyin olunması məsələsini, yalnız Allah tərəfindən olmasını insanlara çatdırdı. Həzrətin Mədinədən Xorasana hicrəti və Mərvdə məskunlaşması Məmun üçün bir fürsət idi. O, müxtəlif hiylələrlə öz xilafətini Bəni-Haşimin haqqı kimi göstərmək və qanuniləşdirmək istəyirdi. Lakin İmam Rza (ə) həmin şəraitdə isbat etdi ki, onun imamlığı yalnız Allah tərəfindəndir. Kiminsə seçməsi ilə əlaqəsi yoxdur. Bunun ən aydın nümunəsi məşhur “Silsilətüz-Zəhəb” hədisidir. Həzrət başqa fürsətlərdə də bu həqiqəti cəmiyyətə açıqladı ki, imamət Allah tərəfindən müəyyən edilən bir məqamdır.

Diqqət edilməli digər mühüm məqam isə budur: Həzrət Peyğəmbər (s) risalətinin başlanğıcında İslam mesajını sivilizasiya təcrübəsi zəif olan, Hicaz bölgəsində yaşayan insanlara təqdim etmişdi. Bu camaatın tarixində böyük mədəniyyət quruculuğu təcrübəsi yox idi. Halbuki İslam İrana daxil olduqda, “xilafət” anlayışı ilə təqdim edildi “imamətlə” yox. Yəni Ömərin xilafətindən başlayaraq İslam dini İran torpaqlarına xilafət üslubunda gətirildi və iranlılara “İslam budur” deyildi.

İmam Rzanın (əleyhis-salam) mühüm təşəbbüsü, elm baxımından yüksək mövqe sahibi olduqları bir dövrdə doğru İslamı Hicaz mühitindən zəngin sivilizasiya irsinə malik bir diyara  İrana gətirməsi idi. Elə həmin vaxtdan “doğru İslam” və “İslam mədəniyyəti ” axınının əsasları İranda qoyuldu. Çünki qədim sivilizasiya təcrübəsinə malik olan iranlılar İslamın və Həzrət Peyğəmbərin (s) mədəniyyətqurucu mesajını dərindən dərk edə bildilər və onun həyata keçirilməsi istiqamətində addım atdılar.

Bu yol, insan cəmiyyətini xilas etməyə qadir bir sivilizasiyanın formalaşmasına gətirib çıxardı. İmam Rzanın (ə) İranda yaydığı mədəniyyət məhz həmin sivilizasiya qurucu İslam mədəniyyəti idi. Quran bu mədəniyyəti “doğru yol ” (siratal müstəqim) adlandırır:

 «إِنَّ هَذَا صِرَاطِی مُسْتَقِیمًا فَاتَّبِعُوهُ»

Şübhəsiz ki, bu Mənim doğru yolumdur. (Ənam surəsi, 153-cü ayə)
 
Bu mədəniyyət, bəşəriyyəti xilas edə biləcək bir sivilizasiyanı yaratmaq gücünə sahib idi.

İmam Rzanın (ə) fəaliyyəti əslində qədim sivilizasiya təcrübəsi olan bir cəmiyyətdə  yəni İranda  sivilizasiya qurucu mədəniyyətin yayılması idi. Məhz buradan bu hərəkatın təməlləri qoyuldu və sonrakı tarixi dəyişikliklər də həmin istiqamətdə davam etdi. Bu səbəbdən, bu gün biz hamımız İmam Rzanın (ə) bəxş etdiyi nemətlərdən faydalanırıq və İslam İnqilabı da o həzrətin sivilizasiya qurucu hərəkatının bəhrəsidir.

Məmunun vəliəhdliyini (canişin) qəbul etmək, İmam Rzanın (ə) zalım və despot hakimiyyətin siyasət və istəyinə təslim olması deməkdir?

Xeyr, əsla belə deyil. Unutmayaq ki, imam münasib zamanın və məkanın şərtlərinə uyğun olaraq, həqiqi İslamı həyata keçirmək istəyən cəmiyyəti hidayət edirdi. Məmun vəliəhdlik məsələsini ortaya atanda, xüsusi bir şəraitdə idi. O, xilafətin Bəni-Abbasa məxsus olduğunu göstərmək istəyirdi. Abbasilər öz hakimiyyətlərinə haqq qazandırmaq üçün iki əsas dayağa söykənirdilər:

1. Bəni-Üməyyə, Muaviyədən başlayaraq xilafəti öz nəslində irsi etmiş və bu ənənə Bəni-Mərvanadək davam etmişdi.


2. Bəni-Abbas isə bu məntiqə əsaslanaraq öz haqqını sübut etmək üçün cahiliyyət dövrünə aid bir qaydaya istinad edirdilər. Həmin qaydaya görə, bir şəxsin yalnız qız övladı varsa və oğlan övladı yoxdursa, onun vəfatından sonra miras qıza çatmır, sağ qalmış əmiyə verilir. Abbasilər iddia edirdilər ki, Peyğəmbərin (s) oğlu olmadığına və onun əmisi Abbas sağ qaldığına görə xilafət Abbasa və onun nəslinə keçməlidir. Buna görə də onlar imamları “İbn Rəsulullah” deyil, “İbn-Əm” yəni "əmioğlu " çağırırdılar və deyirdilər ki,siz peyğəmbərin deyil, Əlinin övladlarısınız.

İmam Rza (ə), şiələrin həyatını qorumaqla yanaşı, Abbasilərin irəli sürdükləri nəzəriyyəyə qarşı mədəni bir mübarizə başlatdı. Məmun imamı Mərvə dəvət etməklə belə bir təəssürat yaratmaq istəyirdi ki, xilafət Bəni-Abbasa məxsusdur, lakin indi imamın ən elmli şəxs olmasına görə bu xilafəti ona həvalə edir və bununla da öz hakimiyyətinə haqq donu geyindirir. Ancaq İmam Rza (ə) bu siyasətə qarşı çıxdı və buyurdu: “Əgər xilafət sənə məxsusdursa, onu başqasına verə bilməzsən, yox əgər sənə məxsus deyilsə, sənin olmayan bir şeyi necə başqasına bəxş edə bilərsən? Bu səbəbdən xilafəti qəbul etmədi.

Vəliəhdlik məsələsində də Həzrət əvvəlcə rədd cavabı verdi. Lakin Məmun siyasi təzyiq və dolayısı ilə şəhadət hədəsi ilə onu sıxışdıranda, İmam buyurdu: “Vəliəhdliyi qəbul edirəm, ancaq bu şərtlə ki, dövlət işlərinə heç bir müdaxilə etməyəcəm.” Məmun da başqa çıxış yolu olmadığı üçün bu şərtlə razılaşdı və elə bundan istifadə edərək hakimiyyətinə legitimlik qazandırmağa çalışdı.

Bununla belə, İmam Rza (ə) həmin fürsətdən istifadə edərək “Allah tərəfindən seçilmiş imamət” nəzəriyyəsini cəmiyyətə təqdim etdi və imamətin xilafətdən üstün olduğunu izah etdi. Bu maarifləndirici və mədəni fəaliyyət o qədər təsirli oldu ki, sonda Məmun İmam Rzanı (ə) şəhid etməkdən başqa yol görmədi.

 Müasir cəmiyyət İmam Rzanın (ə) siyasi və ictimai həyat yolundan hansı dərsləri götürməlidir?

Ən mühüm dərs budur ki, bizdə “siratal müstəqim mədəniyyəti” adlanan bir mədəniyyət mövcuddur. Bu mədəniyyət insanlığı xilas edə biləcək bir sivilizasiya yaratmaq gücünə sahibdir. Həzrət Əli ibn Musa ər-Rza (ə) cəmiyyətə bu mesajı verir: Qurani-Kərimdə buyurulduğu kimi 
«اسْتَجِیبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاکُمْ لِمَا یُحْیِیکُمْ»

Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! (Ənfal surəsi, 24-cü ayə)

İnsan həqiqi həyat, səadət və bədbəxtlikdən xilas olmaq üçün Allahın və Rəsulunun çağırışına cavab verməlidir.

Siratal müstəqim mədəniyyəti “vilayət” üzərində qurulmuşdur. Yəni Allahın rububiyyəti və ilahi vilayətin qəbul edilməsi. Bu mədəniyyətin prinsipləri və qaydaları vardır ki, cəmiyyət özünü onlara uyğunlaşdırmalıdır. Əgər bir toplum bu mədəniyyətə uyğunlaşarsa, nicat və səadət yolunu tapar.

Digər tərəfdən bu gün Səfər ayının son günləri olduğundan bu hədisin mənası daha dərindir: “Hüseyn (ə) hidayət çırağı və nicat gəmisi­dir.” Hər kəs doğru İslam və siratal müstəqim mədəniyyəti  yəni inamlar, dəyərlər, adət-ənənələr və mənəvi prinsiplər toplusu  ilə birgə olarsa, onun cəmiyyəti sağlam olar, davranışları isə hikmətə əsaslanar.

Cəmiyyət hikmət əsasında davrandıqda, münasibət və əlaqələr də hikmət çərçivəsində tənzimlənir. Belə bir cəmiyyət “hikmətə əsaslanan sivilizasiyaya” doğru hərəkət edir. Bu sivilizasiya isə ictimai sağlamlıq gətirir, insanları bədbəxtlikdən uzaqlaşdırır və səadətə qovuşdurur. Deməli, hər bir cəmiyyət siratal müstəqim mədəniyyəti ilə bağlılıq qurarsa, hidayət və qurtuluş yolunda irəliləyəcəkdir.

Mətnin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha