Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, yaxınlarda kütləvi informasiya vasitələrində dərc olunan elmi bir araşdırmanın nəticələri göstərir ki, iki yaşına qədər televiziya izləmək uşaqların düzgün danışa bilməməsinə səbəb olur və bu baxımdan onların ətrafdakı insanlarla lazımi və istənilən ünsiyyəti qurmasına maneə yaradır.
Uşaqların sinir və psixoloji sisteminə mənfi təsir
Qum Elmi Hövzəsinin İslami təlim və tərbiyə cəmiyyətinin üzvü Höccətül-İslam vəl-müslimin Əli Hemmət Bənari deyib: Əgər uşaqlar və körpələr həddindən artıq televiziya izləməyə adət etsələr, yeddi yaşına çatıb məktəbə getmə vaxtı yetişəndə onların diqqət və tədris mövzularını dərk etmə qabiliyyəti xeyli dərəcədə azalacaqdır.
O, eyni zamanda əlavə edib: Əlbəttə, bu danılmaz bir prinsipdir ki, hər bir şeydə ifrat zərərli ola bilər, xüsusilə də körpələrin televiziya proqramlarına baxması.Əgər düzgün idarə olunmasa və minimum səviyyədə saxlanmasa, mənfi nəticələrə səbəb olacaqdır.
Elmi Hövzə psixoloqu həmçinin bildirib: Uşaqların sağlamlığı üçün ciddi zərər və fəsadlardan biri onların sinir və psixoloji sisteminə aiddir ki, bu məsələ uşaqlarda aqressivliyin və uyğunsuzluq ruhiyyəsinin artmasına səbəb olur, digər tərəfdən isə zamanla təcridçilik meylinin inkişafına zəmin yarada bilər. Həmçinin unutmaq olmaz ki, bir çox uşaqlar televiziya filmlərindəki davaları və aqressiv davranışları həqiqi qəbul edir və bəzən bunu öz gündəlik həyatlarında tətbiq edirlər ki, bu da həqiqətən, təhlükəlidir.
O, xatırladıb: Digər mühüm məqam isə odur ki, uyğun olmayan və aqressiv məzmunlu filmlərə və cizgi filmlərinə baxmaq, uşaqların zehni inkişaf sürətini azaltmaqla yanaşı, gələcəkdə onların aqressiv valideynlərə çevrilməsinə zəmin yaradır.
Karikaturavari həyat; Bir nəsilin tərbiyə yolunda təhlükə
Qadınlar Hövzəsinin tədqiqatçısı Nərgiz Şükürzadə fikrini belə ifadə edib: Təhsil sahəsində əsas prinsiplərdən biri uşaqlarımızı tədricən real həyat və onun tələbləri ilə tanış etməkdir. Lakin həddindən artıq televiziya izləmək uşaqların real həyatla tanış olmaq əvəzinə, karikaturavari və fantaziya dolu bir həyatla tanış olmalarına səbəb olur. Bu isə o halda baş verir ki, uşaqlar həyatın həqiqətləri ilə bacarıq sistemi əsasında tanış olmalıdırlar və televiziya kimi mediaya həddindən artıq diqqət bu məsələnin həyata keçməsinin qarşısını alır.
O, əlavə edib: Uşaqlar üçün həddindən artıq televiziya izləməyin digər zərərlərindən biri onların düzgün yuxu sistemini pozmasıdır. Belə vəziyyətdə uşaq kifayət qədər yuxu ala bilmir. Bu mövzuda bir çox uşaq psixoloqları ailələri lazımi şəkildə xəbərdar edir və etməyə davam edirlər, lakin təəssüf ki, bəzi valideynlər bu kimi qayğıkeş xəbərdarlıqlara praktikada çox diqqət yetirmirlər və bəlkə də bu məsələlərin zəruriliyini tam başa düşmürlər.
Digər tərbiyə vasitələrinə laqeyd yanaşmaq zərərlidir
O, həmçinin vurğulayıb: Digər mühüm məsələ odur ki, yeni nəsilin tərbiyəsi baxımından ən vacib və təsirli sahələrdən biri media vasitəsidir və bu sahə öz layiq olduğu payı almalıdır. Əgər media istifadəsi, xüsusilə də televiziya kimi bir media, lazım olan hədddən artıq olarsa, digər tərbiyə vasitələrinin payı qaçınılmaz olaraq azalır. Bu vasitələrə ailənin rolu, yaşıdları ilə fiziki oyunlar, dini məkanlarda məscid, imamzadə və müqəddəs ziyarətgahlar iştirak, uşaqların inkişaf mərkəzləri, məscidlərin mədəni və incəsənət mərkəzləri və s. daxildir ki, hər biri öz yerində böyük əhəmiyyət kəsb edir.
O, həmçinin bildirib: Digər tərəfdən bilinməlidir ki, həddindən artıq televiziya izləmək uşaqlarda oxumağa və kitabla məşğul olmağa marağı azaldır, halbuki uşaqlar müxtəlif yaşlarda özlərinə uyğun kitablara ehtiyac duyurlar və hər şey televiziya ilə məhdudlaşmamalıdır. Buna görə də hörmətli valideynlərdən xahiş edirik ki, uşaqlarının televiziya izləmə miqdarına və hansı film və cizgi filmlərinə baxdıqlarına daha diqqətli və nəzarətli yanaşsınlar ki, təsadüfən uşaqlarına ciddi zərər dəyməsin.
Sağlamlıq sahəsinin mütəxəssislərinin xəbərdarlıqlarını ciddi qəbul edək
Sağlamlıq sahəsinin bir çox mütəxəssislərinin fikrincə, uzun müddətli televiziya izləmək bir sıra problemlər yaradır ki, bunlardan biri də ürək və damar xəstəliklərinin artmasıdır. Belə ki, həddindən artıq televiziya izləmək ürək və damar xəstəliklərinə tutulma riskini təxminən iyirmi faiz artırır.
Şükürzadə əlavə edib: Həmçinin unutmaq olmaz ki, piylənmə və şəkərli diabet bu günün dünyasında geniş yayılmış problemlərdən hesab olunur. Eyni zamanda piylənmə özü xərçəng və ürək xəstəliklərinin meydana çıxmasına zəmin yaradır. Bundan əlavə, uzun müddət televiziya izləmək və uzun müddət oturmaq hərəkət qabiliyyətinin zəifləməsi riskini artırır.
O, vurğulayıb: Digər tərəfdən, həddindən artıq televiziya izləmək uşağın beyin strukturuna daimi zərər verə bilər. Elmi tədqiqatlara əsasən, televiziya uşağın beyninə daimi zərər verə bilir və hətta danışıq problemlərinin yaranmasına da səbəb ola bilər.
Xəbərin sonu.
Rəyiniz