Hövzə Xəbər Agentliyi / Onun adı Rəsulullah (s) tərəfindən seçilmişdi. Bəzi rəvayətlərdə bildirilir ki, bu ad Uca Allahın əmri ilə Cəbrayıl (ə) vasitəsilə Peyğəmbərə (s) çatdırılmışdır. “Zeynəb” adının mənası da “atanın zinəti” deməkdir.
Bəli, biz elə bir xanımdan Zeynəb (s.ə) haqqında danışırıq ki, o, gənclik çağında Kufə şəhərində qadınlara Qurani-Kərimin təfsirini öyrədirdi. O, aləmlərin ən fəzilətli şəxsləri olan Əmirəl-möminin Əli (ə) və Həzrət Zəhranın (s.ə) qızı idi.
Həzrət Zeynəb (s.ə) elmdə o qədər üstün idi ki, İmam Səccad (ə) onun barəsində belə buyurmuşdur: «عَالِمَةٌ غَیْرُ مُعَلَّمَةٍ فَهِمَةٌ غَیْرُ مُفَهَّمَة».
O, müəllim görmədən alim, öyrədilmədən dərin anlayış sahibi idi.
Peyğəmbər Əhli-beytinin mədhində qələm çəkən bütün alimlər istər şiə, istər sünni, istər iranlı, ərəb, asiyalı, ya da avropalı olsun hər biri öz dərəcəsində Həzrət Zeynəbin (s.ə) fəzilətlərindən bəhs etmiş, onu tərifləmişlər.
Şamda onunla qarşılaşan və ya Kərbəla hadisəsindən sonra söylədiyi məşhur xütbələrini eşidən ərəb ədibləri, onu “nitqdə fəsahət və bəlağətin zirvəsi olan qadın” kimi tanımışlar.
Qərb müəllifləri də, onun qarşılaşdığı saysız-hesabsız müsibətlərin ruhuna heç bir təsir göstərməməsinə heyran qalmışlar. Onların bir çoxu bu heyranlıqlarını Zeynəb (s.ə) şəxsiyyətinə həsr edilmiş əsərlərində dəfələrlə ifadə etmişlər.
İslamın bu böyük şəxsiyyətli xanımı elə yüksək və mühüm xüsusiyyətlərə sahib idi ki, onların bəziləri bu gün insanlığın itirdiyi mənəvi sərvətlər kimidir. Lakin qısa şəkildə dörd əsas cəhətinə toxunmaqla bu gerçəklikləri yada salmaq istəyirəm:
1. İxlaslı ibadət
Həzrət Zeynəbin (s.ə) ilk və ən önəmli xüsusiyyəti ibadətdəki səmimiyyəti və Allaha bağlılığıdır.
Bu gün dünyanın şərqində və qərbində bir çox insanlar həyatın mənasızlığı içində itib-batır, hər cür xəyali “mənəviyyatı” ümid kimi qəbul edir, illərlə yanlış yolda gedib, sonunda boşluqla üzləşirlər. Halbuki həqiqi mənəviyyatın nümunəsi tarix boyu göz önündədir o da Həzrət Zeynəb (s.ə) kimi bir şəxsiyyətdir.
2. İffət və ismət
İkinci xüsusiyyəti onun təmizliyidir, iffətidir.
Bəziləri üçün bu xüsusiyyət, xüsusilə dindar təbəqə arasında, bəlkə də aydın və təbiidir. Amma məhz bu “aydın həqiqətlərin” unudulması, cəmiyyətin Əli (ə) məktəbinə doğru hərəkətinin zəifləməsinə səbəb olmuşdur.
Bu gün xüsusilə böyük şəhərlərdə cəmiyyətin qarşısında duran ən böyük bəlalardan biri iffətsizlik və mənəvi pozğunluqdur. Həzrət Zeynəbin (s.ə) həyatına diqqətlə baxmaq, bu kimi problemlərin həlli üçün ən mühüm yol göstəricilərdən biridir.
3. Elm və bilik
Üçüncü xüsusiyyət onun elmi və dərin biliyidir.
Əvvəlcə qısaca qeyd etdiyimiz kimi, Əmirəl-möminin Əli (ə) məktəbi və İslamın saf, Məhəmməd peyğəmbərin (s) yolunun təlimi, elə insanları yetişdirir ki, onların simasında elm, ibadət və iffət birləşir. Həzrət Zeynəb (s.ə) də bu məktəbin parlaq nümunəsidir. Onun elmi sadəcə bilik deyil, ilahi dərinlik və anlayış idi. Belə fəzilətlərə diqqət, insanı ilahi kamilliyə doğru çəkir.
4. Şücaət və cəsarət
Dördüncü xüsusiyyət şücaəti və qəhrəmanlığıdır.
İslam məktəbinin baxışında qadın nə evin küncündə unudulmuş bir varlıqdır, nə də bazarlarda alınıb-satılan bir “mədiyyə”.
Allah qadına bütün insani vəzifə və hüquqları, onun təbiətinə və ilahi fitrətinə uyğun şəkildə bəxş etmişdir.
Kimsə bu anlayışı “xam xülya” hesab edirsə, gərək Həzrət Zeynəb Kübra (s.ə) və anası Həzrət Fatimə Zəhra (s.ə) barəsində daha dərindən düşünsün. O zaman İslam qadını ilə digər məktəblərin qadın anlayışı arasındakı fərqi aydın şəkildə görəcəkdir.
Əlirza Cani
Rəyiniz