Hövzə Xəbər Agentliyinin məlumatına görə, Höccətül-İslam vəl-müslimin Seyid Əlirza Təraşiyun “ vəsvəsənin aradan qaldırılması üçün təsirli yollar” mövzusunda bir sual-cavab yazısı təqdim etmişdir.
Sual:
Təxminən yeddi-səkkiz aydır ki, on dörd yaşlı oğlum vəsvəsədən əziyyət çəkir. O, təkcə yuyunma və təmizlik məsələlərində deyil, hətta dərs proqramını planlaşdırmaqda da həddindən artıq vəsvəsəlidir. Planlarını çox dəqiqliklə tərtib edir, sonra onları yenidən dəyişir və sənədlərini bir-bir səliqə ilə kitab rəfinə qoyur.
Bəzən davranışlarında bir qədər qəribə hallar müşahidə olunur: Məsələn, yeriyərkən qəfil dayanır və bəzən də dərin düşüncəyə dalır. Onunla danışır, “belə etmə” deyirəm, lakin heç bir nəticə əldə etmirəm.
Bilmək istərdim, onunla necə davranmalıyam?
Cavab:
Belə bir vəziyyəti təkcə danışmaqla müalicə etmək mümkün deyil. Məsələn, siz hərarəti olan bir uşağı qarşınıza alıb durmadan desəniz ki, “balam, qızdırma yaxşı deyil, qızdırman olmamalıdır”, uşaq başa düşər ki, qızdırma zərərlidir, amma təkcə sözlə onun qızdırması keçməz.
Uşaqlarla bağlı problemlərin həllində əsas prinsip budur ki, təkcə nəsihət və tövsiyə ilə məsələni yoluna qoymaq mümkün deyil.
Sizin övladınızda müşahidə etdiyiniz bu hallar iki əsas səbəbdən qaynaqlana bilər, daha dəqiq desək, iki kökdən:
Birinci səbəb narahatlıq (anksiyete).
Əksər hallarda vəsvəsə məhz narahatlıqdan yaranır. İnsan gərgin və narahat olduqda, bu vəziyyət özünü vəsvəsə kimi davranışlarda göstərir.
Lakin uşağın doğrudan da vəsvəsədən əziyyət çəkib-çəkmədiyini müəyyən etmək üçün mütləq psixoloq və ya məsləhətçi mütəxəssisə müraciət edilməlidir. Bu düzgün diaqnoz üçün vacibdir.
İkinci səbəb fəaliyyətsizlik (boşluq).
Bu narahatlığın tamamlayıcı amilidir. Narahatlıqla yanaşı, boş vaxtın çoxluğu və fəaliyyət azlığı vəsvəsəni daha da gücləndirir. Buna görə də uşağın həyatında stress yaradan amilləri minimuma endirmək lazımdır.
Bəzən valideynlər fərqinə varmadan uşaqlarına narahatlıq ötürürlər. Məsələn, “imtahanlar yaxındır, dərs oxumalısan, gecikirik, hələ çox dərsin qalıb!” kimi ifadələr uşağın daxili gərginliyini artırır.
Digər mühüm məsələ boşluqdur. Bəzi uşaqlar çox diqqətcil və həssas olurlar. Əgər məşğuliyyətləri yoxdursa, bu həssaslıq və təfərrüata həddindən artıq fikir vermə meyli güclənir. Buna görə də onların daha aktiv və məşğul olmaları çox faydalıdır.
Məsələn, ananın dediyi kimi, “bəzən yarım saat tualetdə oturur” – bu davranış bəlkə də məktəbdə müşahidə olunmur. Deməli, onun fiziki və zehni enerjisini yönəldəcək fəaliyyətlər təşkil etmək lazımdır ki, həm bədəni, həm də düşüncəsi məşğul qalsın.
Sonuncu məqam:
Uşağın vəziyyətinin daha da pisləşməməsi üçün təkrar-təkrar xəbərdarlıq etməyi azaltmaq lazımdır. Çox vaxt analar deyir: “Ona izah edirəm, başa düşür, amma dəyişmir.” Əslində, bu çoxsaylı xəbərdarlıqlar uşağın diqqətini həmin məsələyə daha çox yönəldir, nəticədə həssaslıq və vəsvəsə dərinləşir və davranış psixoloji olaraq möhkəmlənir.
Rəyiniz