cümə axşamı 6 noyabr 2025 - 00:47
Ərbəinin bütün dünyada tanıdılması üçün yeni bir layihə və təzə bir yanaşma hazırlamalıyıq

Hövzə / Höccətül-İslam vəl-müslimin Kuhsari, Ərbəinin böyük əzəmətinə toxunaraq bildirib ki, genişmiqyaslı media səylərinə baxmayaraq, ağıllı şəkildə həyata keçirilən qlobal informasiya blokadası bu möhtəşəm hadisənin gerçək şəkildə əks olunmasına mane olmuşdur. Buna görə də Ərbəinin beynəlxalq səviyyədə təqdimatı üçün yeni bir layihə hazırlanmalıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi Hövzələrin beynəlxalq əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari bu gün yəni 6 noyabr 2025-ci il “Ərbəin zamanında” adlı müsabiqənin qaliblərinin təltif mərasimində çıxış edərək, Ərbəin yürüşünün misilsiz mahiyyətinə toxunub və bu möhtəşəm hadisənin beynəlxalq səviyyədə təqdimatı və qlobal əks-sədasının təmin olunması istiqamətində ciddi yenidən baxışa ehtiyac olduğunu vurğulayıb.

Bax:

"Ərbəin vaxtı" kampaniyasının ən yaxşı əsərlərinin mükafatlandırılması mərasiminin fotoları

O qeyd edib: “Ərbəin bənzəri olmayan bir hadisədir. O cümlədən milyonlarla zəvvarın, müxtəlif millət və din mənsublarının bir araya gəldiyi möhtəşəm bir təzahürdür. Necə ki, bu hadisə özlüyündə böyük və çoxşaxəlidir, onunla bağlı imkanlar, təhdidlər və çətinliklər də eyni dərəcədə genişdir. Əsas problemlərdən biri budur ki, biz hələ də Ərbəini lazımi səviyyədə tanıda bilməmişik.”

Kuhsari əlavə edib ki, Ərbəin ölkə daxilində də əsasən müəyyən bir təbəqə arasında daha çox maraq doğurur: “Bu mərasimdə iştirak edənlərin böyük bir hissəsi hər il Ərbəin yürüşünə qatılan insanlardır. Təbii ki, hər il yeni iştirakçılar da bu mənəvi hərəkatın bir hissəsinə çevrilir, lakin gözlənilən odur ki, Ərbəin iştirakçılarının artım tempi daha sürətli və davamlı olsun. Təəssüf ki, hələ bu dinamika müşahidə olunmur.”

O, belə bir sual irəli sürüb: “Ərbəinin bu qədər böyük və beynəlxalq miqyasa malik olmasına baxmayaraq, niyə biz onu dünyaya layiqincə təqdim edə bilmirik?” Sonra isə əlavə edib: “Bu məsələ ciddi şəkildə araşdırılmalı və müzakirə olunmalıdır. İndiyədək Ərbəinin tanıdılması üçün müxtəlif modellər sınaqdan keçirilib o cümlədən beynəlxalq televiziya şəbəkələrinin, media nümayəndələrinin və tanınmış jurnalistlərin mərasimə dəvəti kimi təşəbbüslər həyata keçirilib. Onlar yaxşı reportajlar hazırlasalar da ümumi mənzərə göstərir ki, Ərbəinin qlobal səviyyədə lazımi əks-sədası hələ də yaranmayıb.”

Kuhsari qeyd edib ki, bu vəziyyətin bir tərəfi də düşmən qüvvələr tərəfindən həyata keçirilən “ağıllı media blokadası” ilə bağlıdır: “Əks qüvvələr və beynəlxalq media şəbəkələri planlı şəkildə çalışırlar ki, Ərbəin bir dünya hadisəsi kimi təqdim olunmasın. Təəssüf ki, bu məsələ bizim nəzarətimizdən kənardadır və qlobal media məkanında müxtəlif təsir dairələri buna mane olurlar.”

O, vurğulayıb: “Mövcud təqdimat modelləri artıq kifayət etmir. Əgər bu istiqamətdə eyni kursu davam etdirsək, Ərbəinin beynəlxalq səviyyədə layiqincə əks olunmasına nail ola bilməyəcəyik. Buna görə də Ərbəinin qloballaşması üçün yeni bir layihə və fərqli bir yanaşma işlənib hazırlanmalıdır.”

Höccətül-İslam vəl-müslimin Kuhsari həmçinin Qəzza məsələsinin bütün dünyada tanıdılmasının təcrübəsinə işarə edərək, bunun üzərində düşünməyə dəyər bir model olduğunu qeyd edib: “Baxmaq lazımdır ki, Qəzza məsələsi necə oldu ki, bütün dünya miqyasında tanındı. Halbuki bir çox beynəlxalq media qurumları bu mövzunun gündəmə gəlməsini istəmirdilər. Amma nəticədə Qəzza qlobal səviyyədə tanındı və "müqavimət" anlayışı dünya miqyasında bir ideoloji axına çevrildi. Maraqlıdır ki, bu hərəkatda fəal olan bir çox insanlar müsəlman və ya dindar deyildilər, amma Qəzzanın məzlum xalqını müdafiə etdikləri üçün öz mövqelərini və vəzifələrini belə itirdilər.”

O, çıxışının sonunda vurğulayıb: “İnsanlıq və dini mövzuların beynəlxalq səviyyədə tanıdılması təcrübələrindən ibrət almaq vacibdir. Qəzza nümunəsi göstərir ki, düzgün planlaşdırma və müasir media metodlarından istifadə etməklə Ərbəin də ədalət, insanlıq və mənəviyyat sahəsində qlobal bir diskursa çevrilə bilər.”

Sonda Kuhsari, “Ərbəin Zamanında” kampaniyasının təşkilatçılarına və onun həyata keçirilməsində əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.

Ərbəinin bütün dünyada tanıdılması üçün yeni bir layihə və təzə bir yanaşma hazırlamalıyıq

“Ərbəin Zamanında” kampaniyasının qalibləri

Təltif mərasimində “Ərbəin Zamanında” adlı kampaniyanın qalibləri, cənab Salman Mirzayi, Əbutalib Kosəri Dana, Məhəmmədrza Bəhməni və Səccad Tənha fəxri diplom və pul mükafatı ilə təltif ediliblər. Digər vilayətlərdə və şəhərlərdə yaşayan qaliblərə də müvafiq mükafatlar təqdim olunacaq.

Bundan əlavə, Hövzə Xəbər Agentliyinin Ərbəin yürüşünü 24 saat canlı yayımlayan heyət üzvləri, cənab Hüseyn Həmtinejad, Səid Aqayi, Əli Şəbani və Əli Mirzai də xüsusi olaraq təqdir və təltif ediliblər.

Qeyd edək ki, Hövzə Xəbər Agentliyi İmam Hüseynin (ə) Ərbəin mərasimi və Kərbəla ziyarətinə piyada gedən zəvvarların yürüşü günlərində “Ərbəin Zamanında” adlı kampaniyanı həyata keçirmişdi. Bu kampaniya çərçivəsində İmam Hüseyn zəvvarları Ərbəin yürüşünə dair foto və video materiallarını agentliyə göndərərək iştirak etmişdilər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha