Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsəsən, Höccətül-İslam vəl-müslim Rza Yusifzadə “bu gün gənc anaların dərs oxumağa, yoxsa işləməyə üstünlük verməsi ilə bağlı narahatlıqları” mövzusunda sual-cavab şəklində danışıb. Bu cavablar siz dəyərli oxuculara təqdim olunur.
Sual:
Sizin fikrinizcə 5 yaşında qızı olan 24 yaşlı bir ana üçün dərs oxumaq daha yaxşıdır, yoxsa iş bazarına daxil olmaq?
Cavab:
Bu suala cavab olaraq onu demək olar ki, əsasən həyat şəraitinə, düşüncə tərzinə və insanın baxış bucağına bağlıdır. Lakin vacib məqam budur ki, “evdə qalmaq” heç də evdən kənardakı fəaliyyətlərdən bir pillə aşağı hesab edilməməlidir. Bəzən demək olar ki, ev daxilində görülən işlərin rolu və təsiri daha böyük və dərin olur.
Əsas olan “fəal olmaqdır." Sizin bu məsələ barədə narahatlıq keçirməyiniz və bu sualı verməyiniz, əslində sizin dinamik və şüurlu bir düşüncəyə sahib olduğunuzu göstərir bu isə çox dəyərlidir. Təəssüf ki, bu gün cəmiyyətimizdə bir çox xanımlar arasında müəyyən bir “hərəkətsizlik və fəaliyyətsizlik yoxsulluğu” müşahidə olunur. Mobil telefondan və sosial şəbəkələrdən istifadə səviyyəsinin artması nəticəsində ev daxilində hərəkət və fəallıq çox azalıb.
Mənim fikrimcə, bir xanım evdə fəal olmalıdır. Yəni yaşadığı mühitə diqqət yetirməli, evi təmiz və səliqəli saxlamalı, ara-sıra evin dekorasiyasında dəyişikliklər etməlidir. Mənim məqsədim gözəgörünməz rəqabət və ya dəbdəbə deyil; sadəcə bu cür kiçik dəyişikliklər məsələn, mebellərin yerini dəyişmək, əşyaları fərqli şəkildə düzmək və ya evin bir hissəsində balaca yeniliklər yaratmaq ev mühitinə təravət və canlılıq gətirə bilər.
Evdar xanım öz yaradıcılığı ilə evin abu-havasını dəyişə bilər. Məsələn, yeni və müxtəlif yeməklər bişirmək, şirniyyat və ya tort hazırlamaq, fərqli içkilər hazırlayıb ailə üçün təqdim etmək kimi işlər uşaqları və həyat yoldaşını sevindirər, evə enerji və şənlik gətirər. Ən əsas məqam isə “fəal olmaqdır".
Əgər şəraitiniz imkan verirsə və həyat yoldaşınız da bu məsələdə sizinlə həmfikirdirsə, evdən kənarda fəaliyyət göstərməyi də düşünə bilərsiniz. Kiçik uşağı olan bir qadın üçün işləmək, şübhəsiz ki, həyat yoldaşının dəstəyini və əməkdaşlığını tələb edir. Çünki ev işləri, övladın tərbiyəsi və xarici iş arasında tarazlıq yaratmaq asan deyil.
Amma sizin əsas sualınız budur: “Dərs oxuyum, yoxsa işləyim?”
Hər iki seçim həm üstünlüklərə, həm də müəyyən çətinliklərə malikdir. İşləmək təbii olaraq sizə maliyyə baxımından müstəqillik qazandırır və ailə büdcəsinə dəstək ola bilər. Lakin dərs oxumağın da çox önəmli bir üstünlüyü var.Bu halda siz övladınız üçün müsbət və nümunəvi bir modelə çevrilirsiniz.
Uşaqlar valideynlərinin həyatının ilk və ən mühüm izləyiciləridir. Onlar bizim davranışımızı, səylərimizi, dözümlülüyümüzü və həyata baxış tərzimizi diqqətlə müşahidə edir və ondan nümunə götürürlər. Əgər siz elmi və şəxsi inkişafın ardınca gedirsinizsə, övladınız da gələcəkdə eyni ruhda böyüyəcək və zəhmətin, öyrənməyin dəyərini yaxşı anlayacaq.
Xəbərin sonu.
Rəyiniz