Fatimə Məddah Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, Əhli-beyt (ə) məktəbində vilayətə itaət Allahın vəlisini həyatın bütün sahələrində tanımaq, qəbul etmək, itaət göstərmək və hərtərəfli müdafiə etmək deməkdir. Bu anlayış yalnız zahiri itaətdən ibarət deyil. İnsanın imamı və öz zamanının vəlisi ilə dərin qəlbi, fikri və əməli bir bağlılığı əks etdirir ki, bu da hidayət və səadətin mənbəyidir.
O, Həzrət Zəhranın (s.ə) həyatında vilayətə itaətin ən mühüm təzahürünü onun həyat yoldaşlığı mərtəbəsindəki itaətdə gördüyünü bildirib və deyib: “O həzrət əvvəlcə Peyğəmbərin (s) evində, sonra isə Əmirəl-mömininin (ə) yanında Allahın vəlisinə itaət və dəstəyin ən kamil nümunəsini göstərmişdi. Onun bütün həyatı imamına qarşı səmimiyyət, həmfikirlik və fədakarlıqla müşayiət olunan bir bağlılığın nümayişi idi.”
Pərənd şəhərində yerləşən Qadınlara aid Elmi Hövzənin müəllimi əlavə edib: “Vilayətə itaətin başqa bir nümunəsi, Həzrət Fatimənin (s.ə) canı bahasına vilayət hüdudunu müdafiə etməsi yəni Fədək xütbəsidir. O zaman ki, Həzrət Əlinin (ə) ilahi xilafəti qəsb olundu, Həzrət Zəhra (s.ə) vilayətin ilk müdafiəçisi kimi Məscidün-Nəbidə məntiqli bir xütbə Fədək xütbəsi ilə vilayət məqamını müdafiə etdi və vilayətə itaətin başqa bir parlaq təzahürünü göstərdi. O həzrət bu xütbəsində açıq şəkildə Həzrət Əlinin (ə) imamət və vəsiyyətinə işarə edərək, cəmiyyətin vilayətdən uzaqlaşmasını ifşa etmişdi.”
Məddah qeyd edib ki, vilayət yolunda fədakarlıq və qurbanlıq göstərməsi də Həzrət Zəhranın (s.ə) vilayətə itaətinin başqa bir sübutudur. O deyib: “Həzrət Fatimə (s.ə) vilayəti müdafiə etmək naminə bütün var-dövlətindən o cümlədən Fədəkdən keçdi və sonda bu yolda öz canını da fəda etdi. Onun şəhadəti birbaşa vilayət hüdudunu müdafiə etməsi və xilafətə beyət etmədiyi üçün evinə edilən hörmətsizlik və zorakılığın nəticəsi idi.”
O, Həzrət Zəhranın (s.ə) övlad tərbiyəsindəki əsas prinsiplərini izah edərkən bildirib: “Həzrət Fatimə (s.ə) qısa, lakin bərəkətli ömrü ərzində tarix yaradan övladlar tərbiyə etməyə nail oldu.”
Mərifət ilə birgə olan məhəbbət və mərhəmət
O deyib: “Həzrət Fatimə (s.ə) övladlarını çox sevirdi, lakin bu sevgi məqsədli idi və dini biliklərin öyrədilməsi ilə müşayiət olunurdu. Peyğəmbər (s) buyurub ki, o həzrət İmam Həsən (ə) və İmam Hüseynə (ə) laylay deyərdi və bu laylaylar vasitəsilə onlara Allahın böyüklüyünü və Peyğəmbərə (s) olan məhəbbəti öyrədərdi."
Dini və bəndəlik tərbiyəsi
Pərənd şəhərində yerləşən Qadınlara aid Elmi Hövzənin müəllimi sözünə belə davam edib: “Uşaqlara kiçik yaşlardan namaz və ibadəti öyrətmək Həzrət Fatimənin (s.ə) əsas prioritetlərindən idi. Rəvayətdə nəql olunur ki, o həzrət övladlarına ‘Namaza qalxın ki, Allah günahlarınızı bağışlasın’ deyə buyurardı. Həmçinin o, övladlarını müəyyən günlərdə oruc tutmağa da təşviq edərdi.”
Ağla və düşüncəyə əsaslanan tərbiyə
O əlavə edib: “Həzrət Fatimə (s.ə) övladları ilə söhbət edər, onların suallarına cavab verərdi. Onun, suallar verən bir qadına cavab olaraq söylədiyi xütbə, dində təfəkkür və dərin anlayışın nə qədər vacib olduğunu göstərir. Bu tərbiyə üsulu uşaqlarda düşünmə və təhlil qabiliyyətini gücləndirirdi.”
İctimai və məsuliyyət yönümlü tərbiyə
Xanım Məddah bildirib: “Həzrət Fatimə (s.ə) övladlarına məsuliyyət hissi aşılayırdı. İmam Həsən (ə) və İmam Hüseyn (ə) hələ uşaqlıq dövrlərində ev işlərində anaya kömək edirdilər. Həmçinin, qonaqpərvərlik və ehtiyacı olanlara yardım etmək də onun tərbiyə prinsiplərindən biri idi.”
Əməldə nümunə olmaq
O davam edib: “Həzrət Fatimə (s.ə) övladları üçün ən gözəl nümunə idi. Onun iman, təqva, sadə həyat tərzi, fədakarlıq və haqqı müdafiə etmək kimi xüsusiyyətləri əməlində öz əksini tapırdı və uşaqlar bu fəzilətləri birbaşa onun davranışlarından öyrənirdilər.”
Böyük məsuliyyətlərə hazırlanma
Pərənd şəhərində yerləşən Qadınlara aid Elmi Hövzənin müəllimi bildirib: “Həzrət Fatimə (s.ə) İmam Hüseyn (ə) və Həzrət Zeynəbi (s.ə) tarixin ən böyük missiyaları Aşura qiyamı və onun mesajının çatdırılması üçün hazırlamışdı. Bu göstərir ki, tərbiyə uzaqgörən olmalı və insanın istedadları ilə fərdi missiyasını nəzərə alaraq qurulmalıdır.”
Xanım Məddahın fikrincə, analar bu nümunədən belə faydalana bilərlər: “Bu gün analar övlad tərbiyəsində şüurlu məhəbbət, şövqlə edilən ibadət, dialoq və suallara cavab vermək, həmçinin uşaqlıqdan müəyyən məsuliyyətlər vermək kimi prinsiplərlə Həzrət Zəhranın (s.ə) tərbiyə üsulundan bəhrələnə bilərlər. Bu məsələdə valideynlərin əməli nümunə olması və praktik davranışları, yalnız şüar verməkdən daha önəmlidir.”
Xəbərin sonu.
Rəyiniz