Hövzə Xəbər Agentliyinin İsfahan müxbirinin verdiyi məlumata görə, Dünya Əhli-beyt (ə) cəmiyyətinin baş katibi ustad Rza Ramazani çərşənbə günü axşamı “Nəhcül-Bəlağə və Ələvi idarəçilik” mövzusunda keçirilən “Qurtuluş Yolu” adlı IV Beynəlxalq konqresin bağlanış mərasimində çıxış edərək vurğulayıb: Nəhcül-Bəlağə müasir cəmiyyət üçün həyatverici bir mənbədir. Elə bir mənbə ki, insanı müasir dünyanın mədəni, əxlaqi, siyasi və iqtisadi çətinliklərindən xilas edə bilər.
O, bu günün dünyasında Ələvi düşüncəsinin və idarəçilik modelinin gərəkli olduğunu qeyd edərək deyib: Biz gərək İmam Əlinin (ə) düşüncə tərzi və həyat yolu ilə yaxından tanış olaq, onunla ünsiyyət quraq və bu istiqamətdə addım ataq. İmam Əlidən (ə) danışmaq çətindir, lakin onun yolunda yaşamaq daha da çətindir. Biz İslam Respublikasında böyük bir səyi bu məqsədlə başladıq ki, Ələvi idarəçiliyi mədəni, siyasi və iqtisadi sahələrdə həyata keçirək.
Ustad Ramazani qlobal böhranlara toxunaraq bildirib: Bugünkü cəmiyyət insan ləyaqəti, iqtisadi ədalət və mədəni kimlik sahələrində dərin böhranlarla üzləşib. Liberal sistemlərdə sülh, ədalətli barış deyil, güc sahiblərinin sözünə tabe olmaq mənasındadır. Qlobal sərvət bölgüsü də ədalətsiz şəkildə formalaşıb dünyanın sərvətinin 90 faizi cəmi 10 faiz əhalinin əlində toplanıb. Bu sistemlər insanı daxildən boşaldıb, yeni bir düşüncə əsarəti yaratmışdır.
O, Qərb sivilizasiyasında “əxlaq” və “şərafət” kimi anlayışlardan sui-istifadə olunduğunu vurğulayaraq əlavə edib: Bu gün ‘azadlıq’ və ‘şərafət’ kimi anlayışlar əksər hallarda keçmişdəki cinayətlərə qarşı reaksiya kimi işlədilir, insanın ucaldılması üçün səmimi bir yanaşma kimi yox. Halbuki İslam və Ələvi idarəçiliyin məktəbində insanın ləyaqəti fitri və ilahi bir dəyərdir və bu dəyər ictimai davranışda və sosial sistemdə əməli şəkildə təcəlli etməlidir.
Dünya Əhli-beyt (ə) cəmiyyətinin baş katibi qeyd edib ki, Ələvi sistemin əsası fəzilətin inkişafına dayanır: İmam Əlinin (ə) idarəçiliyində məqsəd gücün artırılması deyil, fəzilətin, elmin, ağıl və insaniyyətin inkişafıdır. İmam Əli (ə) haqq və ədalətin meyarıdır. Ziyarətnamələrdə də ondan ‘əməl tərəzisi’ kimi bəhs olunur. Bu isə göstərir ki, Ələvi sistemdə ədalət və ləyaqət hökumətin dəyərləndirilməsində əsas meyardır.
O əlavə edib: Bu gün hər zamankından artıq dini rasionalizmə və fərdi-sosial səviyyədə əxlaqi tərbiyənin bərpasına ehtiyac duyulur. Mərhum Kuleyni ‘Üsuli-Kafinin müqəddiməsində qeyd edir ki, insan cəmiyyətinin kamillik meyarı ağıl üzərində qurulmalıdır. Çünki məhz ağıl, insan ləyaqətinin və kamalının təməlidir.
Ustad Ramazani çıxışının davamında deyib: Əlavi baxışda dövlətin məqsədi yalnız maddi rifahı təmin etmək deyil, insanı ruhi və mənəvi aramlığa çatdırmaqdır. Bu aramlıq yalnız ilahi qanunun kölgəsində əldə oluna bilər. İlahi qanunla bəşəri qanun arasındakı fərq də bundadır ki, ilahi qanun insanı əbədiyyətə və kamala yönəldir.
O, həmçinin vurğulayıb: Məhəbbət və vilayət, İslam idarəçiliyinin mahiyyətini təşkil edir. Heç bir sekulyar və ya liberal sistemdə hakimlə xalq arasında məhəbbətə əsaslanan bir münasibət mövcud deyil. Halbuki Ələvi sistemdə siyasət əxlaq, sevgi və imanla vəhdət təşkil edir.
Sonda Dünya Əhli-beyt (ə) cəmiyyətinin baş katibi qeyd edib: İslam Respublikası, islamilik, cümhurilik və rəhbərlik adlı üç dayağa söykənərək, Nəhcül-Bəlağəni öz idarəçilik modelinin ali sənədi kimi qəbul etməlidir. Çünki İmam Əli (ə) tarixdə hökumət ilə ədaləti birləşdirə bilən yeganə hökmdardır. Bu nümunə bu gün, bəşəriyyətin qurtuluşu üçün hər zamankından daha zəruridir.
Rəyiniz