bazar ertəsi 17 noyabr 2025 - 16:46
Hövzə müəlliminin baxış bucağından iqtisadiyyatın üçtərəfli tarixi təhlili

Höbzə/ Qum Elmi Hövzəsinin müəllimi Höccətül-İslam Möhsün Qənbəriyan iqtisadiyyat institutunun tarixi transformasiyasına dair üçtərəfli rəvayət-təhlil təqdim edərək bildirib ki, müasir dövrdə bazar siyasəti, mədəniyyəti və həyatın bütün sahələrini udan bir mexanizmə çevrilmiş, cəmiyyəti isə “ümumi bazar” səviyyəsinə endirmişdir.

Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, Şeyx Ənsari fondu və “Noavəri negah” (Yeni baxış tərzi) İnnovasiya məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “İran iqtisadiyyatının yaşayış dünyası” adlı tədris tədbirinin açılış mərasimində Höccətül-İslam Möhsün Qənbəriyan iqtisadiyyat institutunun tarixi inkişaf trayektoriyasına dair tarixi bir təhlil təqdim edərək iqtisadiyyat tarixində üç əsas mərhələni şərh edib.

Birinci dövr: Ev təsərrüfatı iqtisadiyyatı iqtisadiyyatın təməl hüceyrəsi

Hövzə alimi birinci dövrü “ev təsərrüfatı iqtisadiyyatı” adlandıraraq onun tarixi köklərinə toxunub və bildirib: Bu dövrün kökləri yunan fəlsəfəsinə və islam hikmətinə gedib çıxır. İqtisadiyyat institutu ailə daxilində, iqtisadiyyatın əsas hüceyrəsi kimi formalaşırdı. İqtisadi qərarların son məqamı ailənin öz daxilində həll olunurdu və iqtisadiyyat praktik hikmət çərçivəsində, “ailə iqtisadiyyatının təşkili” başlığı altında müzakirə edilirdi.

O, bu dövrün xüsusiyyətlərini şərh edərək əlavə edib: Bu mərhələdə iqtisadiyyat əxlaqi dəyərlərin çərçivəsində idi və məqsəd ailənin fəzilət və səadəti idi. Həlledici institut ailə idi, bazar isə yalnız mübadilə yeri funksiyasını daşıyırdı. Mal və ticarət fəaliyyəti övlad tərbiyəsi və ailədaxili məsuliyyətlərlə əlaqə içində mənalandırılırdı.

İkinci dövr: Siyasət səmasında iqtisadiyyat

Höccətül-İslam vəl-müslimin Qənbəriyan ikinci dövrü iqtisadiyyatın ailədən siyasət institutuna keçidi kimi təsvir edərək deyib: Bu mərhələdə iqtisadiyyat ailəvi çərçivədən çıxdı, ictimai müstəviyə və siyasi mühitə yerləşdi. Siyasət institutu iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrildi və iqtisadiyyat siyasi məqsədlərin xidmətçisi oldu.

O, Qərb və İslam dünyasından tarixi nümunələrə işarə edərək vurğulayıb: İstər xristian Roma imperiyası dövründə, istərsə də İslam fəthləri zamanında bu dəyişimin izlərini görmək mümkündür. İslam dünyasında fəthlər dövrü “müharibə-mərkəzli iqtisadiyyat” yaratdı. Burada yeni torpaqların fəthi iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilirdi.

Hövzə müəllimi bu dəyişikliyin nəticələrinə toxunaraq əlavə edib: Bu mərhələdə “dayanmadan inkişaf” kimi anlayışlar meydana gəldi və iqtisadiyyat siyasi məqsədlərin həyata keçirilməsi üçün vasitəyə çevrildi. Öməvi və Abbasilər dövründə xərac və cizyə sistemləri bu institusional dəyişikliyin tarixi nümunələri kimi göstərilə bilər.

Üçüncü dövr: Bazarın hakimiyyəti və hər şeyin əmtəələşməsi

Höccətül-İslam vəl-müslimin Qənbəriyan üçüncü dövrü “bazarın hakimiyyəti” adlandıraraq bildirib: Bu gün biz daha əsaslı bir institusional yerdəyişmənin şahidiyik. İqtisadiyyat siyasət institutundan bazara keçmişdir. Bazar artıq sadəcə mübadilə məkanı deyil. O hətta siyasət də daxil olmaqla bütün məsələləri həll edən mərkəzi mexanizmə çevrilmişdir.

O, bu dövrün xüsusiyyətlərini izah edərək əlavə edib: bu mərhələdə hər şey hətta siyasət əmtəəyə çevrilir. Cəmiyyət “ümumi bazar” səviyyəsinə endirilir və ideal insan yalnız gəlir və xərcləri hesablayan bir məxluq kimi təsvir olunur. İqtisadiyyat elmi isə ən səmərəli hesab aparma vasitəsinə çevrilmişdir.

Höccətül-İslam vəl-müslimin Qənbəriyan neo-liberalizmi ciddi tənqid edərək onun üç əsas xüsusiyyətini sadalayıb:

1. Dövlətin iqtisadiyyat üzərində nəzarətinin aradan qaldırılması,


2. Milli bazarların qlobal ticarət və sərmayəyə zorla açılması,


3. İqtisadi təmizlik və özəlləşdirmə yolu ilə dövlətin kiçildilməsi.

O, bu siyasətlərin dağıdıcı təsirlərinə diqqət çəkərək bildirib: Bu proses avtoritarizm və istismara qarşı bütün müdafiə sədlərini demokratiya, vətəndaş cəmiyyəti və azad media daxil olmaqla məhv etmiş və bazarı yeganə həll yolu kimi təqdim etmişdir.

Höccətül-İslam Qənbəriyan platforma kapitalizminin yaranmasına da işarə edərək deyib: Bu gün biz “texno-feodalizm” adlı bir fenomenlə üz-üzəyik. Burada həm işçi, həm işəgötürən virtual mühitin “rəyəti” olmuşdur. Böyük texnologiya şirkətləri Amazon və Google kimi yeni feodallar kimi ortaya çıxmış və alqoritmlərin hökmranlığı qurulmuşdur.

Məruzənin sonunda Höccətül-İslam Qənbəriyan narahatlıqla vurğulayıb: Bu proses iqtisadiyyatın “insansızlaşmasına” və “xalq əleyhinə çevrilməsinə” gətirib çıxarıb. Müasir iqtisadiyyat elmi mədəni və sosial müxtəliflikləri nəzərə almır. İran iqtisadiyyatı ilə Almaniya iqtisadiyyatı arasında heç bir fərq qalmayıb.

O, qeyd edib: Bu gün iqtisadi məsələləri düzgün başa düşmək üçün institusional dəyişiklikləri diqqətlə təhlil etmək lazımdır. Tarixi inkişaf trayektoriyasını nəzərə almadan aparılan hər hansı iqtisadi analiz natamam və yanıltıcı olacaqdır.

Hövzə müəllimi sözünü yekunlaşdıraraq bildirib: Biz iqtisadiyyat tarixini yenidən oxumağa və institusional dəyişiklikləri dərindən başa düşməyə ehtiyac duyuruq. Yalnız bu yolla İran iqtisadiyyatının müasir problemlərinə orijinal və səmərəli həll yolları təqdim etmək mümkündür.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha