bazar ertəsi 31 mart 2025 - 14:12
Əgər Amerika və sionist rejimi şər törətsə, şübhəsiz ki, sərt cavab zərbəsi alacaqlar. Əgər ölkə daxilində fitnə yaratmağa çalışsalar, İran milləti onlara layiqli cavab verəcək.

Bu gün səhər Mübarək Fitr Bayramı namazı, əziz vətənimizin hər yerində imanlı və izzətli millətin sıx iştirakı ilə unudulmaz bir ehtişamla qılındı. Paytaxtda da saysız-hesabsız insan, qəlbləri Allahın lütf və köməyinə olan ümidlə dolu halda, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə Tehran Müsəllasında və ətraf küçələrdə bayram namazını qıldılar.

Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bayram namazının birinci xütbəsində İran xalqını və İslam ümmətini Mübarək Fitr Bayramı münasibətilə təbrik edərək, eyni zamanda Novruz, yeni ilin başlanğıcı və 12 Fərvərdin (İslam Respublikasının xalq tərəfindən seçilmiş idarəetmə sistemi kimi müəyyən edildiyi böyük bayram) münasibətilə də təbriklərini çatdırıb. O, bu ilin Ramazan ayını qəlbi və mənəvi yüksəliş, siyasi səylər və imani hərəkətlilik ayı adlandırıb.

Ayətullah Xamenei Ramazanı Allahın ən böyük nemətlərindən biri, tövhid əlaməti və bəndələr üçün təqva və Allaha yaxınlaşmaq, ruhun və qəlbin paklanması, mənəvi dirçəliş üçün ilahi bir fürsət kimi dəyərləndirib. O, oruc tutmağı, Quranla ünsiyyəti, Qədr gecələrini, duaları, yalvarışları və münacatları Ramazan ayının ən qiymətli və insan tərbiyə edən imkanları arasında qeyd edib.

İnqilab Rəhbəri, İran xalqının Ramazan ayında Quranla bağlılığının artmasını, ehsan və iftar süfrələrinin məscidlərdə, dini mərkəzlərdə və ictimai yerlərdə yayılmasını, xüsusilə gənclərin müxtəlif görkəmlərlə dualar və münacat mərasimlərində kütləvi və həvəsli iştirakını bu müqəddəs ayın mənəviyyatla zənginliyinin təzahürü kimi xarakterizə edib. O, hamını bu mübarək ayda qazandıqları mənəvi dəyərləri növbəti Ramazana qədər qoruyub saxlamağa və onlardan faydalanmağa çağırıb.
O, Müqəddəs Ramazan ayının sonuncu cüməsində keçirilən Beynəlxalq Qüds Günündə İran xalqının izdihamlı və mənalı yürüşünü yüksək dəyərləndirərək bildirib: Xalqın bu möhtəşəm hərəkatı, dünyada İran xalqını tanımalı və anlamalı olanlar üçün müxtəlif mesajlar daşıyırdı və bu mesajlar onlara çatdı.
Fitr bayramı namazının ikinci xütbəsində isə Ayətullah Xamenei sionist rejimin Qəzza və Livanda davam edən soyqırımını və uşaqlara qarşı törətdiyi cinayətləri İslam ümmətinin Ramazan ayında yaşadığı ən acı hadisələrdən biri kimi səciyyələndirib. O, bu vəhşiliklərin ABŞ-ın işğalçı və cinayətkar sionist rejimə verdiyi davamlı dəstək sayəsində baş verdiyini vurğulayıb.

O, sionist rejimini müstəmləkəçilərin bölgədəki muzdlu qüvvəsi adlandıraraq əlavə edib: "Qərblilər cəsur millətləri və bölgənin qeyrətli gənclərini tez-tez muzdlu olmaqda ittiham edirlər. Halbuki, tamamilə aydındır ki, bu bölgədəki yeganə muzdlu qüvvə, müstəmləkəçilərin II Dünya Müharibəsindən sonra bu regiona nəzarət etmək üçün yaratdıqları və od saçaraq soyqırım, işğal və təcavüz yolu ilə onların planlarını həyata keçirən pozğun bir rejimdir."

İnqilab Rəhbəri, dünyaya pul və media vasitəsilə hökm edən müstəmləkəçilərin  anti-terror iddialarına toxunaraq bildirib: Xalqın öz hüquqlarını və torpaqlarını müdafiəsini terrorizm və cinayət adlandıranlar, sionistlərin açıq-aşkar soyqırımı və terror fəaliyyətlərinə ya göz yumurlar, ya da bu cür əməllərə dəstək verirlər.

O, sionist rejimin Fələstində Əbu Cihad, Fəthi Şəqaqi, Əhməd Yasin və İmad Muğniyyə kimi liderlərin, eləcə də İraqın nüvə alimlərinin suiqəsdlər nəticəsində şəhid edilməsinə toxunaraq deyib: ABŞ və bir sıra Qərb dövlətləri bu aşkar terror aktlarını müdafiə edir, qalan dünya isə sadəcə tamaşaçı mövqeyində dayanır.

Ayətullah Xamenei insan haqları iddiasında olanların son iki ildə təxminən 20 min fələstinli uşağın şəhid edilməsinə biganə yanaşmasını sərt şəkildə qınayaraq bildirib: Dünyanın, o cümlədən Avropa və Amerikadakı xalqlar, bu cinayətlərdən nə qədər xəbərdar olurlarsa, sionistlərə və ABŞ-a qarşı bir o qədər etiraz aksiyaları keçirirlər. Əgər tam və geniş şəkildə məlumatlandırma aparılsa, şübhəsiz ki, bu etirazlar daha da böyüyəcək.

O, bu həqiqətləri ümumiləşdirərək vurğulayıb: Bu cinayətkar, fəsad və şər mənbəyi olan qrup Fələstindən və bölgədən kökündən təmizlənməlidir. Allahın izni və qüdrəti ilə bu, baş verəcək. Bu istiqamətdə çalışmaq isə hər bir insanın dini, əxlaqi və insani vəzifəsidir.

İnqilab Rəhbəri, İran İslam Respublikasının bölgəyə dair sabit mövqeyini vurğulayaraq bildirib: Bizim mövqeyimiz dəyişməzdir və ABŞ-ın, eləcə də sionist rejimin düşmənçiliyi də keçmişdə olduğu kimi davam edir.

Fitr bayramı namazının ikinci xütbəsinin sonunda o, ABŞ-ın son təhdidləri ilə bağlı iki mühüm məqama toxunub:

1. Əgər xaricdən hər hansı bir düşmənçilik hərəkəti baş verərsə – hərçənd bunun ehtimalı azdır – şübhəsiz ki, sərt və ağır bir cavab alacaqlar.


2. Əgər düşmən keçmiş illərdə olduğu kimi ölkə daxilində fitnə yaratmaq niyyətindədirsə – İran xalqı həmin illərdə olduğu kimi, fitnəkarları layiqli cavabları ilə susduracaq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha