Hövzə Xəbər Agentliyi / Qum Elmi Hövzəsi İslam dünyasının ən nüfuzlu elmi və dini mərkəzlərindən biri kimi, yüz illik fəaliyyətindən sonra öz missiyasının yeni bir mərhələsinə qədəm qoyur. Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi Yəzdi (r) tərəfindən təqribən yüz il əvvəl yenidən təsis edilən bu mərkəz, bu gün də möhkəm elmi təmələ əsaslanaraq minlərlə tələbə və dini tədqiqatçının ilham mənbəyidir.
Lakin dəyişikliklərin başdöndürücü sürətlə baş verdiyi müasir dünyada Qum Hövzəsinin öz rolunu yenidən tərif etməsinə ehtiyac yaranmışdır. Bu mərkəzin hekayəsi keçmişin irsini qorumaqla bərabər, yeni üfüqlərə doğru irəliləməkdir. Bu yolun mərkəzində isə iman və əzm dayanır.
Çətinliklər: Ənənə ilə zamanın dəyişiklikləri arasında körpü qurmaq
Qum Elmi Hövzəsinin qarşısında duran ən mühüm problemlərdən biri, müasir dünya ilə uyğunlaşma yollarını tapmaqdır. Rəqəmsal texnologiyalar İslamın mesajını dünyanın hər yerinə çatdırmaq üçün böyük fürsətlər yaratsa da, bu imkanlardan səmərəli istifadə köklü dəyişikliklər tələb edir. Sosial şəbəkələrdən istifadə edərək Əhli-Beyt (ə.s) maarifini müxtəlif dillərdə təbliğ edən tələbələrin fəaliyyəti, bu sahədə atılan ümidverici addımların bariz nümunəsidir. Onlar təkcə dini suallara cavab verməklə kifayətlənməyib, həm də ənənəvi dəyərlərlə müasir vasitələr arasında körpü yarada bilmişlər.
Hövzənin qarşılaşdığı başqa bir çətinlik isə müxtəlif ideoloji və mədəni cərəyanlar qarşısında öz kimliyini və orijinallığını qorumaqdır. Bu sahədə "Əl-Mustafa (s) Beynəlxalq Universiteti" kimi beynəlxalq tələbələrlə işləyən qurumların fəaliyyəti, Qum hövzəsinin bu çağırışlara ağıllı və sistemli cavab verməyə çalışdığını göstərir.
İmkanlar: Qlobal transformasiyaya doğru aydın yol
Bütün bu çətinliklərlə yanaşı, Qum Elmi Hövzəsi qarşısında misilsiz imkanlar da dayanır. Məsələn, Ayətullah Üzma Cəfər Subhaninin dini əsərləri müxtəlif dillərə tərcümə edərək yayması, Hövzənin İslam maarifini qlobal səviyyədə yaymaq gücünün bariz təzahürüdür.
Eyni zamanda, "Camətül-Zəhra (s.ə)" kimi qadın tələbələr üçün qurulan təhsil mərkəzləri, yeni bir nəsil dini təbliğatçı və tədqiqatçının yetişməsinə şərait yaradıb. Hövzənin Əl-Əzhər Misir, Almaniya İslam Araşdırmaları Mərkəzi və Vatikanla əlaqələri, o cümlədən Papa Fransisklə görüşlər, dinlər və mədəniyyətlər arasında elmi və mədəni dialoqa zəmin hazırlamışdır. Bu əməkdaşlıqlar Hövzənin yalnız dini deyil, həm də insani və qlobal miqyasda rolu olduğunu sübut edir.
Təkamül Yolu: Keçmişdən gələcəyə
Qum Elmi Hövzəsinin təkamül yolu, keçmişin mənəvi irsini qorumaqla yanaşı, müasir dünyanın ehtiyaclarına cavab vermək üçün yeni vasitə və metodlardan faydalanmağın bir sintezidir. Hövzənin əsas hədəflərindən biri, müasir dünyanın dili və problemləri ilə əlaqə qura bilən yeni nəsil dini alimlərin yetişdirilməsidir. Bütün çətinliklərə baxmayaraq, dəmir iradə ilə irəliləyib mərcəiyyət məqamına çatan bəzi tələbələrin hekayəsi, Qum Hövzəsinin ilhamverici ruhunu yaşatmağa davam edir.
Gələcəyə Baxış: Qlobal təsir üçün fürsət
Yeni əsrə qədəm qoyarkən, Qum Elmi Hövzəsi təkcə texnoloji imkanlardan yararlanmaqla kifayətlənməyəcək, həm də dünya üzrə digər dini mərkəzlər üçün nümunəyə çevrilə bilər. Tədqiqat institutlarının yaradılması, rəqəmsal təhsil proqramlarının inkişafı və elmi əməkdaşlıqların gücləndirilməsi bu mərkəzin yeni əsrdəki aydın perspektivlərinin bir hissəsidir.
Xərərin sonu
Rəyiniz